/ / Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə Azərbaycanın neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır
Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə Azərbaycanın neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır
31.05.2018 [08:56]
Prezident İlham Əliyev: Geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə, əminəm ki, gələcəkdə nəinki energetika sahəsində, bütün başqa sahələrdə Avropada və bizim bölgədə əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək
Bu günlərdə inamla inkişaf edən müstəqil Azərbaycanın həyatında daha bir əlamətdar hadisə yaşanıb. Xəbər verildiyi kimi, cari il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib. Öz miqyasına görə kifayət qədər geniş olan Cənub Qaz Dəhlizi çox haqlı olaraq XXI əsrin qlobal layihəsi kimi səciyyələndirilir. Zəngin “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsinə və Azərbaycan qazının Avropa ölkələrinə çatdırılmasına hesablanan bu layihənin təşəbbüskarı rolunda ölkəmiz çıxış edib. Cənub Qaz Dəhlizinin icrasına 4 il bundan əvvəl Bakıda başlanılıb. İlk dəfə idi ki, Azərbaycan belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlıq tələb edən layihəyə start verirdi. Arxada qalan 4 il ərzində layihənin bütün seqmentləri üzrə böyük iş həcmi yerinə yetirilib. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində söylədiyi nitqində görülən işlərdən məmnunluq ifadə edərək vurğulayıb: “Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır”.
Məqsədyönlü neft-qaz siyasəti müstəqillik illərində Azərbaycana böyük uğurlar qazandırıb
Azərbaycanda neft hasilatının tarixi bir neçə əsr bundan qabağa gedib çıxır. Tarixin müxtəlif dönəmlərində məmləkətimizə gələn səyyahlar Abşeronda çoxlu sayda neft çalalarının olduğu və bu çalalardan çıxarılan neftin başqa ölkələrə daşındığı barədə yazmışlar. Dünyada sənaye üsulu ilə neftçıxarmanın, həmçinin açıq dənizdə “qara qızıl” hasilatının tarixi də məhz Azərbaycandan başlayıb. XIX əsrin ikinci yarısında və XX əsrin əvvəlində dünya üzrə neft hasilatının böyük əksəriyyəti respublikamızın payına düşürdü. 1941-1945-ci illər müharibəsi zamanı Azərbaycan keçmiş ittifaqın neftə olan tələbatının 70 faizdən çoxunu ödəyirdi və faşizm üzərində qələbənin təmin olunmasında Bakıda çıxardılan neft müstəsna rol oynamışdı.
Lakin keçmiş dönəmlərdə çıxardılan “qara qızıl” heç də Azərbaycan xalqına xoşbəxtlik gətirməyib, onun rifahının yaxşılaşmasına xidmət etməyib, əksinə, Abşeronda kəskin ekoloji promlemlərə yol açıb. Respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatları yalnız müstəqillik illərində ölkəmizin inkişafına xidmət edib. Bu məqama diqqət çəkən Prezident İlham Əliyev bildirib: “Bu gün müstəqil Azərbaycan və bizim uğurlu neft-qaz siyasətimiz göstərir ki, ancaq müstəqillik şəraitində, müstəqillik dövründə Azərbaycan xalqı öz təbii ehtiyatlarından istifadə edə bilər, ancaq müstəqillik dövründə Azərbaycan uğurla inkişaf edə bilər”.
Müstəqil Azərbaycanın yeni neft strategiyasının təməlini xalqımızın Ümummilli lideri Heydər Əliyev qoyub. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə respublikanın siyasi rəhbərliyinə gələn Ümummilli lider Heydər Əliyev çox böyük uzaqgörənliklə Azərbaycanın yeni neft strategiyasını işləyib hazırladı. Yeni neft strategiyasında ölkənin milli maraqları hər şeydən üstün tutulmuşdu. 1994-cü il sentyabrın 20-də müstəqil Azərbaycanın həyatında tarixi hadisə baş verdi - Ulu öndər Heydər Əliyevin səyləri sayəsində Bakıda dünyada tanınan transmilli şirkətlərin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı neft ehtiyatları ilə zəngin olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi” imzalandı. “Əsrin müqaviləsi”nin imzalanması Ulu öndər Heydər Əliyevin müstəsna xidməti idi. Çünki yuxarıda bəhs olunan çətinliklər fonunda xarici şirkətlər Azərbaycana sərmayə yönəltməkdən çəkinirdilər. Uzaqgörən siyasətçi Heydər Əliyev xarici investorların Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının işlənməsinə irihəcmli sərmayələr yönəltmələrinə nail oldu.
“Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycanın hərtərəfli inkişafı üçün etibarlı zəmin yaranıb. Ölkəmizdə neft-qaz sənayesinin “Əsrin müqaviləsi” ilə başlayan sürətli inkişafı milli iqtisadiyyatımızın və bütövlükdə, ölkənin inkişafının əsas mənbəyi rolunda çıxış edib. “Əsrin kontraktı” Azərbaycana nəfəs verdi, ölkəmizin canlanmasına xidmət göstərdi. İlk dəfə olaraq Xəzər dənizi xarici şirkətlər üçün açıldı. Biz o xarici şirkətləri dəvət etdik və bu gün “Əsrin kontraktı”nın icrası çox uğurla gedir və bu kontraktın imzalanmasından sonra Azərbaycanın yeni neft strategiyası icra olunmağa başlamışdır”, - deyə Prezident İlham Əliyev qeyd edib.
Ötən dövrdə neft gəlirlərindən səmərəli istifadə edilməsi sayəsində respublikamızda bütün sahələrdə müsbət reallıqlar yaranıb. “Əsrin müqaviləsi” ilə təməli qoyulan yeni neft strategiyasının uğurla reallaşdırılması sayəsində Azərbaycan özünün enerji təhlükəsizliyini tam təmin edib. Eyni zamanda, ölkəmiz xarici partnyorlarla uğurlu və kifayət qədər səmərəli əməkdaşlıq modelinə malikdir. Əlamətdar haldır ki, bu gün SOCAR beynəlxalq səviyyəli şirkətə çevrilib. “Əsrin müqaviləsi” və digər kontraktlar çərçivəsində ölkəmizə gələn neft gəlirləri gələcək inkişaf baxımından prioritet sayılan sahələrə, o cümlədən də iqtisadiyyatın diversifikasiya edilməsinə, ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna istiqamətləndirilməsinə yönəldilir ki, bütün bunlar da son nəticədə respublikanın dinamik sosial-iqtisadi inkişafında öz əksini tapır. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə ÜDM-də qeyri-neft sektorunun payı 70 faizi üstələyib.
Bu gün Azərbaycan dünya miqyasında öz hesabına yaşayan, taleyi öz əlində olan azsaylı ölkələrdən biridir. Ölkəmiz üçün belə geniş imkanların yaranmasında hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü neft-qaz siyasətinin böyük rolu var. Yeri gəlmişkən vurğulayaq ki, “Əsrin kontraktı”nın davamı olaraq ötən il imzalanan Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişdə də Azərbaycanın milli maraqları maksimum dərəcədə nəzərə alınıb. Yeni sənəd Azərbaycan üçün daha yaxşı şərtlərlə hazırlanıb. Bəhs olunan Sazişin bir neçə parametrini sadalamaq kifayətdir ki, bu barədə konkret təsəvvür yaransın. Yeni Saziş çərçivəsində “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Sənədə əsasən, xarici investorlar tərəfindən ölkəmizə 3,6 milyard dollar həcmində bonus ödəniləcək və artıq prosesə başlanılıb. Bundan başqa, SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək. Yeni Sazişə əsasən, SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılıb və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək.
Cənub Qaz Dəhlizi marşrutların şaxələndirilməsi və enerji təhlükəsizliyi layihəsidir
Hazırda dünyada yaşanan məlum gərginliklər fonunda ölkələrin milli təhlükəsizliyinə yaranan təhdidlər enerji təhlükəsizliyinin aktuallığını daha da artırıb. Bu baxımdan Cənub Qaz Dəhlizi müstəsna əhəmiyyət daşıyır. Bu layihə Avropanın enerji təhlükəsizliyi üçün möhkəm təminatlar yaradır. Prezident İlham Əliyev enerji təhlükəsizliyini ölkələrin milli təhlükəsizliyinin bir hissəsi kimi səciyyələndirərək vurğulayıb ki, Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyi məsələlərinin həllinə öz köməyini göstərəcək: “Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələlərinin həllinə də kömək göstərəcək. Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi dayanır və ölkələrin milli təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır”.
Enerji təhlükəsizliyi baxımından Azərbaycanın şaxələndirilmiş neft-qaz boru kəmərləri şəbəkəsinin qurulmasına nail olması strateji mahiyyət daşıyır. Məhz şaxələndirilmiş infrastruktur qurması sayəsində Azərbaycan istehsalçı ölkə kimi müstəqil enerji siyasəti həyata keçirməyə və milli maraqlarını maksimum dərəcədə qorumağa nail olur. Şaxələndirilmiş enerji marşrutları, eyni zamanda, istehlakçılar üçün böyük əhəmiyyət daşıyır. Şaxələndirilmiş boru kəməri şəbəkəsi respublikamıza özünün enerji resurslarını müxtəlif istiqamətlərə nəql etməyə imkan verir, paralel surətdə istehlakçılar da tələbatlarını müxtəlif mənbələrdən ödəyirlər. Azərbaycanın ardıcıllıqla davam etdirdiyi neft-qaz siyasətində prinsipial mövqeyi belədir ki, enerji amili heç bir halda digər ölkələrə qarşı təzyiq vasitəsinə çevrilməməlidir. Halbuki Avropa ölkələri bir neçə il bundan əvvəl soyuq qış aylarında təchizatçı dövlətlərin belə təzyiqləri ilə üzləşmişdi. Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına sanballı töhfələr verməklə Azərbaycan özünün bəyan etdiyi ədalətli enerji siyasətinə sadiqliyini bir daha ortaya qoyur. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin enerji resurslarının şaxələndirilməsi işində əvəzolunmaz layihə olduğuna diqqət çəkərək deyib: “Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində də çox önəmli layihədir və hesab edirəm ki, əvəzolunmaz layihədir. Bu layihədə biz həm mənbələrin, həm marşrutların şaxələndirilməsini görürük. Çünki ancaq bu təqdirdə biz tam mənada enerji resurslarının şaxələndirilməsi haqqında danışa bilərik. Sadəcə olaraq, yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Biz isə, sözün əsl mənasında, enerji şaxələndirilməsi layihəsini icra edirik. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Bu da çox önəmlidir. Burada maraqlar balansı gözlənilib”.
Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan TANAP-ın gələn ay istifadəyə verilməsi nəzərdə tutulub. TANAP Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. Yeni dəhliz vasitəsilə Xəzərin qaz ehtiyatları Avropa İttifaqının mərkəzi ölkələrinə çatdırılacaq.
Cənub Qaz Dəhlizi regional və qlobal əməkdaşlığın dərinləşməsinə xidmət edir
Cənub Qaz Dəhlizinin uğurla reallaşmasında regional və qlobal əməkdaşlıq formatlarının rolunu xüsusi qeyd etmək lazımdır. Belə bir nəhəng layihəni ayrı-ayrı ölkələrin hökumətlərinin, transmilli şirkətlərin və iri maliyyə qurumlarının birgə səyləri sayəsində reallaşdırmaq mümkün olub. Son illərdə Azərbaycanın, Türkiyənin və Gürcüstanın iştirakı ilə səmərəli regional əməkdaşlıq platforması yaranıb. Üç ölkənin birgə fəaliyyəti sayəsində regionun inkişafına güclü təkan verən Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji kəmərləri, həmçinin nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib. Cənub Qaz Dəhlizinin reallaşdırılmasında da üç ölkənin qarşılıqlı səyləri mühüm rol oynayır.
Yeni layihənin ərsəyə gəlməsində Amerika Birləşmiş Ştatları hökumətinin böyük köməyi olub. Ümumiyyətlə, ABŞ Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan əksər layihələrə həm siyasi, həm də mənəvi və maliyyə cəhətdən dəstək göstərib. Bu baxımdan Cənub Qaz Dəhlizi layihəsi də istisna təşkil etməyib.
Böyük Britaniyanı təmsil edən BP şirkəti indiyədək Azərbaycanda reallaşdırılan enerji layihələrinin əsas investorlarından biri qismində çıxış edib. Eyni zamanda, irimiqyaslı enerji layihələrinin reallaşdırılmasında Böyük Britaniya hökuməti həmişə Azərbaycanın yanında olub. Keçən ay Londonda Baş nazir xanım Meyin və Prezident İlham Əliyevin iştirakı ilə BP və SOCAR arasında növbəti enerji müqaviləsi imzalanıb. Bu, iki ölkə arasında strateji əlaqələrin yüksək səviyyədə olduğunu əks etdirir. Böyük Britaniya hökuməti Cənub Qaz Dəhlizinin həyata keçirilməsinə də öz dəstəyini göstərib.
Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru çox böyük yer tutur. Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində Avropa İttifaqı önəmli rol oynayıb. Hələ 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanıb. Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə son dörd il ərzində Bakıda hər il Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasları keçirilir. 2015-ci ildən bu günə qədər Avropa İttifaqı bu toplantılarda ən yüksək səviyyədə təmsil olunur. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin əməkdaşlığın dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirərək deyib: “Geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə, əminəm ki, gələcəkdə nəinki energetika sahəsində, bütün başqa sahələrdə Avropada və bizim bölgədə əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək”.
Bütövlükdə, Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkə iştirak edir. Bunlar Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyadır. Eyni zamanda, üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro perspektivdə layihəyə qoşulmaq niyyətlərini bildiriblər. “Cənub Qaz Dəhlizinin qolları olmalıdır. Biz ixrac imkanlarımızı genişləndirmək istəyirik. Bilirik ki, Avropada da Azərbaycan qazına tələbat var. Biz də istəyirik daha çox qazı Avropaya sataq, çünki Avropa bazarı bizim üçün ən əlverişli bazardır”, - deyə Prezident İlham Əliyev bildirib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30

