Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Ötən 13 ildə uğurla fəaliyyət göstərən BTC Ulu Öndər Heydər Əliyevin böyük səyləri sayəsində həyata vəsiqə qazanıb

Ötən 13 ildə uğurla fəaliyyət göstərən BTC Ulu Öndər Heydər Əliyevin böyük səyləri sayəsində həyata vəsiqə qazanıb

13.07.2019 [10:07]

Prezident İlham Əliyev: Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən böyük bir infrastruktur layihəsidir və bu gün bu kəmərlə, eyni zamanda, Xəzərin şərq hissəsindən də neft nəql edilir
Düz 13 il bundan əvvəl xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanın milli maraqlarını əsas götürərək böyük uzaqgörənliklə işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılması yolunda daha bir mühüm addım atıldı - 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihələrindən biri olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Bununla da obrazlı şəkildə “Üç dənizin əfsanəsi” adlandırılan layihə tamamlandı. Hazırda Azərbaycan BTC vasitəsilə Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verir. Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimindəki çıxışında bəhs olunan enerji dəhlizinin önəminə diqqət çəkərək vurğulayıb: “Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən böyük bir infrastruktur layihəsidir və bu gün bu kəmərlə, eyni zamanda, Xəzərin şərq hissəsindən də neft nəql edilir”.
Azərbaycan enerji marşrutlarının şaxələndirilməsi istiqamətində ardıcıl siyasət aparır
Məlum olduğu kimi, Azərbaycanın yeni neft strategiyasında enerji resurslarının ixracı üçün diversifikasiya edilmiş nəql marşrutlarının yaradılması prioritet hədəflərdən biri kimi müəyyənləşdirilib. Hazırda qlobal miqyasda müşahidə edilən geosiyasi proseslər respublikamızın zamanında düzgün seçim etdiyini bir daha təsdiqləyir. Son illərin təcrübəsindən də göründüyü kimi, ayrı-ayrı dövlətlər bir sıra hallarda enerji amilindən siyasi təzyiq vasitəsi kimi istifadə edirlər. Azərbaycan belə yanaşmanın əleyhinədir. Respublikamız o mövqedən çıxış edir ki, enerji sektorunda əməkdaşlıqdan bütün tərəflər fayda götürməlidirlər. O cümlədən marşrutların şaxələndirilməsi bu gün Azərbaycanın müstəqil enerji siyasəti həyata keçirməsini və öz partnyorları ilə qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurmasını şərtləndirən çox mühüm amil qismində çıxış edir. Şaxələndirilmiş dəhlizlərin yaradılması həm təchizatçı, həm də istehlakçı ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Prezident İlham Əliyev cari il mayın 29-da Bakı Sərgi Mərkəzində XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının, həmçinin IX Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında söylədiyi nitqində şaxələndirilmiş nəql marşrutlarının yaradılmasının ölkələrin enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıdığına diqqət çəkərək bildirib: “Bu gün Azərbaycan nefti və qazı dünya bazarlarına müxtəlif yollarla ixrac edilir. Enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi məsələləri bu gün çox böyük əhəmiyyət daşıyan məsələlərdir. Ölkəmizin bu sahədəki rolu qiymətləndirilir. Azərbaycan bu məsələlərlə bağlı ardıcıl və uğurlu siyasət aparır”.
İndiyədək Azərbaycan güclü siyasi iradə nümayiş etdirərək bir neçə nəql marşrutunun yaradılmasına nail olub. Ötən əsrin 90-cı illərinin sonlarında Xəzər və Qara dənizləri birləşdirən Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi enerji resurslarının nəqli və şaxələndirilməsi baxımından çox mühüm əhəmiyyət daşıyan hadisə idi. Daha sonra 2006-cı ildə bəhs olunan Bakı-Tbilisi-Ceyhan kəməri istifadəyə verildi. 2007-ci ildə daha bir nəql marşrutu - Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara buraxıldı.
Bakı-Tbilisi-Ərzurum istifadəyə verilsə də, “Şahdəniz” yatağının zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyük həcmli yeni dəhlizin yaradılmasına ehtiyac var idi. Yeni, daha böyük həcmli marşrut kimi Cənub Qaz Dəhlizi seçildi. 2018-ci il 29 may tarixində Bakıda Cənub Qaz Dəhlizinin açılışı təsdiqlədi ki, Azərbaycan zamanında nə qədər müdrik addım atıb. Yeni dəhlizlə Azərbaycan qazının Avropaya nəqlinə 2020-ci ildən etibarən başlanılması nəzərdə tutulub.
Bakı-Tbilisi-Ceyhan həm təchizatçı, həm də istehlakçı ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır
1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan sonra Xəzərin Azərbaycan sektorundan hasil ediləcək enerji resurslarının hansı marşrutla dünya bazarına çıxarılması gündəlikdə duran əsas məsələlərdən biri idi. Müxtəlif təkliflər səsləndirilirdi. Ən optimal və səmərəli marşrutu isə xalqımızın Ümummilli Lideri Heydər Əliyev seçdi. Ulu Öndər bütün geosiyasi və geoiqtisadi məqamları nəzərə alaraq Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaracaq Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ideyasını irəli sürdü. Ulu Öndərin əsaslandırmaları, vəziyyəti düzgün qiymətləndirməsi maraqlı tərəfləri bir araya gətirdi. 1998-ci il oktyabrın 29-da Ulu Öndər Heydər Əliyev Ankarada Türkiyə və Gürcüstanın prezidentləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşa edilməsi haqqında ilk Bəyannaməni imzaladı. 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbulda keçirilən sammitində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ilə bağlı Bəyannamə imzalandı. Ulu Öndər Heydər Əliyev 1999-cu il dekabrın 29-da “Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisi və istismara verilməsi tədbirləri haqqında” Sərəncam imzaladı və layihənin həyata keçirilməsi üzrə komissiya təşkil etdi. Beləliklə də, Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsi üçün hüquqi baza yaradıldı.
2002-ci il avqustun 1-də Londonda Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə kəmərin tikilməsi və gələcəkdə onu istismar etmək üçün “BTC Co.” şirkəti təsis olundu. BP şirkəti layihənin operatoru seçildi. Onun səhmdarları BP (30,1 faiz), SOCAR (25 faiz), “Chevron” (8,9 faiz), “Statoil” (8,71 faiz), “TPAO” (6,53 faiz), “Eni” (5 faiz), “Total” (5 faiz), “Itochu” (3,4 faiz), “Inpex” (2,5 faiz), “ConocoPhillips” (2,5 faiz) və “Amerada Hess” (2,36 faiz) şirkətləri oldu. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Bakı-Tbilisi-Ceyhan layihəsində iştirak etmək məqsədilə “AzBTC Co.” törəmə şirkətini təsis etdi və bu qurum layihənin iştirakçıları olan neft şirkətlərinin konsorsiumu tərəfindən yaradılmış “BTC Company” şirkətində 25 faizlik iştirak payı əldə etdi.
Ulu Öndər Heydər Əliyev 2002-ci il iyulun 30-da “Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi haqqında” Fərman imzaladı. Həmin il sentyabrın 18-də Bakıda - Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin təməli qoyuldu və tikintisinə start verildi. Prezident İlham Əliyev Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən təntənəli mərasimdə söylədiyi nitqində Ulu Öndərin Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ərsəyə gəlməsində müstəsna rol oynadığını xatırladaraq bildirib: “Bizim dünyadakı rolumuz, gücümüz artır və bunun təməlində Heydər Əliyev neft strategiyası dayanır. 1990-cı illərdə neft sənayesi ilə bağlı bir çox tarixi hadisələr baş verdi. Mən xüsusilə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsini qeyd etməliyəm. Ulu Öndər Heydər Əliyev Öz əlləri ilə bu kəmərin təməlini qoydu və 2006-cı ildə biz bu kəməri istifadəyə verdik”.
Bakı-Tbilisi-Ceyhan neft kəməri üzrə tikinti işləri 2005-ci ilin aprelində yekunlaşdırıldı. Həmin il mayın 25-də Səngəçal terminalında xam neftin BTC-yə vurulması ilə bağlı rəsmi tədbir keçirildi. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. İyunun 14-də “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neftin ilk partiyası Ceyhan dəniz terminalında “British Hawthorn” tankerinə yüklənərək dünya bazarına yola salındı. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Prezident İlham Əliyev Türkiyənin Qars vilayətinin Selim rayonunda Trans-Anadolu qaz boru kəməri - TANAP-ın təməlinin qoyulması münasibətilə keçirilən təntənəli mərasimdəki çıxışında Bakı-Tbilisi-Ceyhanı enerji təhlükəsizliyi dəhlizi kimi səciyyələndirib. “Bu gün artıq bu layihəsiz bölgənin və qitənin enerji təhlükəsizliyini təsəvvür etmək mümkün deyil. Bakı-Tbilisi-Ceyhan əslində bir yol açdı, bir enerji dəhlizi yaratdı”, - deyə Azərbaycanın dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, 1768 km-lik uzunluğa malik BTC-nin 443 km-i Azərbaycandan, 249 km-i Gürcüstandan və 1076 km-i Türkiyədən keçir. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG neftini və Şahdəniz kondensatını daşıyır. Bundan əlavə, dəhliz vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti də nəql olunur. 2018-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 417 milyon tondan artıq (3,12 milyard bareldən çox) xam neft nəql edilib və Ceyhanda 4085 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2019-cu ilin ilk 4 ayında Azərbaycandakı magistral neft kəmərləri ilə 12 milyon 950,1 min ton neft nəql olunub. Nəqletmənin 81 faizi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ilə həyata keçirilib və yanvar-aprel aylarında bu kəmərlə 10 milyon 483,7 min ton neft nəql edilib. Dörd ayda BTC ilə 1 milyon 523,4 min ton tranzit nefti də ötürülüb.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 877 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30