Azərbaycan yüksək investisiya cəlbediciliyinə malik ölkəyə çevrilib
26.07.2019 [08:25]
Prezident İlham Əliyev: Biz xarici və daxili sərmayəni cəlb etməklə ölkəmizi inkişaf etdiririk
Azərbaycanda 2019-cu ilin əvvəlindən bəri müşahidə edilən və özlüyündə çox böyük önəm daşıyan tendensiyalardan biri də ondan ibarətdir ki, bəhs olunan dövrdə xarici dövlətlərin, nüfuzlu beynəlxalq təşkilatların ölkəmizə səfər edən yüksək səviyyəli rəsmiləri, həmçinin ayrı-ayrı transmilli şirkətlərin və maliyyə qurumlarının rəhbərləri respublikamızla iqtisadi sahədə əməkdaşlığı dərinləşdirməkdə, müxtəlif istiqamətlərə investisiyalar yönəltməkdə maraqlı olduqlarını bildirirlər. Məsələn, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari il iyulun 10-da Fransa Sahibkarlar Təşkilatına - MEDEF-ə üzv olan şirkətlərin nümayəndələrini qəbul edib. Qəbulda xüsusi olaraq vurğulanıb ki, 170 min şirkətin birləşdiyi MEDEF-in böyük tərkibdə nümayəndə heyətinin Azərbaycana gəlməsi fransız biznes ictimaiyyətinin ölkəyə olan marağının göstəricisidir. Respublikamıza belə böyük maraq həmçinin mayın 31-də Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-Polşa biznes forumunda və digər tədbirlərdə ifadə olunub.
Dünyanın iqtisadi nəhənglərindən olan Çinin şirkətləri də Azərbaycanda reallaşdırılan müxtəlif layihələrdə fəal iştirak etmək istəyindədirlər. Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələri inkişaf edir, əlverişli biznes mühitinə malik Azərbaycanda müxtəlif sahələr üzrə Çin şirkətləri fəaliyyət göstərir, birgə layihələr reallaşdırılır. Çin şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağının artmasının nəticəsi olaraq, bu ilin aprelində “China CAMCE Engineering Co. Ltd.” şirkəti və müvafiq sahələrdə fəaliyyət göstərən Azərbaycan şirkətləri arasında əməkdaşlıq barədə sənədlər imzalanıb. Bu günlərdə şirkəti təmsil edən nümayəndə heyəti respublikamıza gəlib. İqtisadiyyat Nazirliyində aparılan müzakirələrdə “China CAMCE Engineering Co. Ltd.” şirkətinin vitse-prezidenti V.Yuhanq Çin iş adamlarının Azərbaycandakı əlverişli biznes və investisiya mühitinə maraq göstərdiyini diqqətə çatdırıb, təmsil etdiyi şirkətin fəaliyyəti, ölkəmizdə həyata keçirilməsi nəzərdə tutulan layihələri barədə məlumat verib. Görüşdə “China CAMCE Engineering Co. Ltd.” şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda aqrar-sənaye parkının yaradılması, birgə emal müəssisələrinin təşkili, sənaye parklarında və məhəllələrində iştirak, kənd təsərrüfatı və məişət texnikasının istehsalı sahələrinin yaradılması barədə müzakirələr aparılıb.
Azərbaycan iqtisadiyyatına böyük həcmlərdə investisiyalar yönəldilməsi ölkəmizin müsbət reallıqları ilə bağlıdır
Yuxarıda deyilənlər Azərbaycandakı əlverişli investisiya mühiti barədə konkret təsəvvür yaradır. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, son 16 ildə respublikamıza müxtəlif mənbələrdən təxminən 260 milyard dollar həcmində sərmayələr yönəldilib. 2018-ci ildə milli iqtisadiyyatımıza daxili və xarici mənbələrdən yönəldilən sərmayələrin həcmi 10 milyard dolları ötüb. 2019-cu ilin arxada qalan ayları ərzində də respublikamıza sərmayə qoyuluşunda yüksək artım dinamikası müşahidə edilib. Prezident İlham Əliyev yuxarıda xatırlatdığımız Azərbaycan-Polşa biznes forumundakı nitqində Azərbaycanda sərmayə qoyuluşu üçün əlverişli biznes mühiti olduğuna diqqət çəkərək vurğulayıb: “Azərbaycanda ümumiyyətlə biznes mühiti müsbətdir və son illər ərzində bu istiqamətdə böyük irəliləyiş var. Dünya Bankı da bunu qeyd edir. Dünya Bankının “Doing Business 2019” hesabatında biznes mühitinin səviyyəsinə görə Azərbaycan 25-ci yerdədir və 10 ən islahatçı ölkə arasındadır. Ona görə sərmayə qoyuluşu məsələləri ilə bağlı çox böyük işlər görülür. Həm neft-qaz sektoruna, həm qeyri-neft sektoruna on milyardlarla dollar sərmayə qoyulmuşdur”.
Ayrı-ayrı ölkələrin sərmayə cəlbediciliyi baxımından ciddi problemlərlə üzləşdiyi bir vaxtda respublikamıza bəhs olunan həcmlərdə sərmayələr yönəldilməsi ilk növbədə Azərbaycanın müsbət reallıqları ilə bağlıdır. Əvvəlki illərdə yaradılan güclü iqtisadi potensial, müasir infrastruktur təminatı, nəqliyyat dəhlizləri, Avropaya və Asiyaya çıxış imkanlarının eyni bir məkanda cəmləşməsi və əlbəttə ki, möhkəm daxili sabitlik yerli və xarici iş adamlarının çəkinmədən ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr yönəltmələrinə güclü stimul verir.
Deyilənlərlə yanaşı, onu da qeyd edək ki, yeni iqtisadi şəraitdə dövlət həmçinin investisiyaların təşviqinin hüquqi bazasının möhkəmləndirilməsinə böyük siyasi iradə nümayiş etdirir. Respublikamızda Prezident İlham Əliyevin imzaladığı bir sıra mühüm sənədlər əsasında investisiyaların səmərəli təşviqi mexanizmi formalaşdırılıb və hazırda uğurla fəaliyyət göstərir.
Son illərdə milli iqtisadiyyatımıza yönəldilən investisiyaların təxminən yarısını daxili mənbələr təşkil edir. Yüksək səviyyəli infrastruktur quruculuğu daxili investisiya qoyuluşunun çox mühüm istiqamətlərindən birini təşkil edir. Son 16 ildə paytaxt Bakıda və bölgələrdə dövlət investisiya qoyuluşu hesabına yaradılan müasir sosial və iqtisadi təyinatlı infrastruktur sayəsində Azərbaycan dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlib. Bu istiqamətdə işlər perspektivdə də davam etdiriləcək.
Qlobal miqyasda Azərbaycana inamın ifadəsi olaraq son illərdə ölkəmizə həmçinin xarici sərmayə qoyuluşu əhəmiyyətli dərəcədə artıb. Qonşu ölkələrdən Rusiya, İran və qardaş Türkiyə Azərbaycan iqtisadiyyatına investisiyalar yönəltməyə böyük maraq nümayiş etdirirlər. Bunun təsdiqi olaraq vurğulayaq ki, hazırda Azərbaycan bazarında təxminən 700 birgə müəssisə var ki, onlardan da üçdəbiri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir.
Azərbaycana yönəldilən investisiyaların böyük bir qismi Avropa İttifaqı ölkələrinin payına düşür. Almaniya, Fransa, İtaliya və digər ölkələri təmsil edən şirkətlər Azərbaycana böyük məmnuniyyətlə iri həcmlərdə sərmayələr yönəldirlər. Qeyd edək ki, respublikamız Aİ məkanında olan 9 dövlətlə strateji tərəfdaşlıq müqavilələri imzalayıb.
Bütövlükdə, Azərbaycana böyük həcmlərdə investisiyalar yönəldən xarici ölkələrin coğrafiyası kifayət qədər genişdir. Öz növbəsində getdikcə iqtisadi və maliyyə imkanları genişlənən Azərbaycan da xarici ölkələrə investisiya qoyuluşunun həcmini ildən-ilə artırır. Respublikamız qonşu Gürcüstanda genişmiqyaslı investisiya layihələri həyata keçirir. Azərbaycan 2012-ci ildən etibarən Gürcüstana sərmayə qoyan xarici ölkələrin arasında birinci yeri tutur.
Hazırda Azərbaycan Rusiyada müxtəlif investisiya layihələri reallaşdırır. İndiyədək respublikamız tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox sərmayələr yönəldilib.
Azərbaycan qonşu Türkiyədə də bir sıra investisiya layihələri həyata keçirir. Ötən il oktyabrın 19-da Türkiyənin İzmir şəhərində Azərbaycanın 6 milyard dollardan çox investisiya qoyuluşu hesabına inşa edilən “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib.
Qeyri-neft sektoruna böyük həcmlərdə sərmayə qoyuluşu ölkənin iqtisadi potensialını artıran əsas amillərdən biri qismində çıxış edir
Respublikamızda həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq qeyri-neft sektoruna sərmayə qoyuluşu getdikcə artır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bunu xüsusi nəzərə çatdırıb. “Ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub. Bu sərmayənin 2 milyardı ölkəmizin qeyri-neft sektoruna yatırılıb. Biz burada da müsbət dinamikanı görürük. Çünki bizim əsas məqsədimiz, əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır. Sərmayənin cəlb edilməsi, əlbəttə ki, hər bir ölkə üçün çox önəmli məsələdir, o cümlədən bizim üçün. Əgər əvvəlki illərdə daha çox neft-qaz sektoruna sərmayə qoyuluşu təmin edilirdisə, hazırda biz bunu qeyri-neft sektorunda görürük və bu da aparılan işlərin nəticəsidir. Çünki Azərbaycanda biznes mühiti yaxşılaşır, sərmayə qoyuluşu üçün daha yaxşı şərait yaradılır, həm yerli, həm xarici sərmayələr dövlət tərəfindən lazımi səviyyədə qorunur. Beləliklə, biz xarici və daxili sərmayəni cəlb etməklə ölkəmizi inkişaf etdiririk”, - deyə dövlət başçısı vurğulayıb.
Mütəxəssislərin qənaəti belədir ki, qeyri-neft sektoruna böyük həcmlərdə sərmayə qoyuluşu ölkənin iqtisadi potensialını artıran əsas amillərdən biri qismində çıxış edir. Deyilənlər baxımından respublikamızda reallaşdırılan sənaye layihələrinin önəmini ayrıca vurğulamaq lazımdır. Son illərdə respublikamızda uğurla reallaşdırılan iri sənaye layihələrindən biri “SOCAR Polymer”dir. Layihənin reallaşdırılmasına həm daxili, həm də xarici mənbələrdən investisiyalar yönəldilib. Müəssisəyə cəlb olunan investisiyaların 60 faizi Rusiyanın “Gazprombank”, qalan hissəsi isə müvafiq olaraq “SOCAR”, “Vitol”, “Paşa Holdinq”, “Gilan Holdinq” və “Azərsun Holdinq” tərəfindən təmin edilib. İlkin qiymətləndirmələrə görə, “SOCAR Polymer” zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 15 faiz, Abşeron iqtisadi regionunun ümumi daxili məhsulunun həcmini isə 14 faizdən çox artıracaq.
Respublikamızda 2019-cu ildə istifadəyə verilən “SOCAR karbamid” zavodunun tikintisi də xarici şirkətlərin yaxından iştirakı ilə həyata keçirilib. Dəyəri təxminən 800 milyon avro təşkil edən “SOCAR karbamid” zavodunun istehsala başlaması azot gübrəsi idxalına ehtiyacı aradan qaldıracaq, bununla da ölkənin xarici valyuta xərcləri azalacaq. Eyni zamanda, istehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan verəcək.
Hazırda Pirallahı Sənaye Parkında investisiya dəyəri 100 mln. ABŞ dollarından artıq olan müxtəlif təyinatlı istehsal müəssisələrinin yaradılması işləri aparılır. Bir qədər bundan əvvəl Sənaye Parkında investisiya dəyəri 9,5 milyon manat olan şpris zavodu işə salındı. Müəssisənin illik istehsal gücü 150 milyon şprisdir. Burada istehsal edilən məhsullar yerli bazarın tələbatını ödəməklə yanaşı, Rusiya, Gürcüstan, İran və Orta Asiya ölkələrinə ixrac ediləcək. Bu isə “Made in Azerbaijan” brendi ilə ixrac olunan məhsulların çeşidini və həcmini artırmağa imkan verəcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20

