Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanda yol tikintisi geniş vüsət alıb

Azərbaycanda yol tikintisi geniş vüsət alıb

20.08.2019 [09:14]

Prezident İlham Əliyev: Son 15 il ərzində 15 min kilometr yol çəkilib. Bu il də kənd yollarının, şəhərlərarası yolların çəkilişi nəzərdə tutulur
Son 15 ildə respublikamızda yol-nəqliyyat infrastrukturunun əsaslı şəkildə yenilənməsi, bu sahədə böyük həcmlərdə dövlət investisiya qoyuluşu hesabına çoxlu sayda layihələrin reallaşdırılması öz növbəsində Azərbaycanın gücünü və inkişafını təcəssüm etdirir. Ümumiyyətlə, respublikamızda 2004-cü ildən bəri yol infrastrukturunun yenilənməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Bu gün paytaxtımızdan ölkənin bütün regionlarına doğru rahat, müasir standartlara yüksək səviyyədə cavab verən yollar uzanır. Son 15 ildə ölkə ərazisində 443 körpü istifadəyə verilib. Prezident İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədəki çıxışında dövlət başçısı ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenilənməsindən məmnunluğunu bildirərək deyib: “Yol tikintisi də Azərbaycanda geniş vüsət alıb. Son 15 il ərzində 15 min kilometr yol çəkilib. Bu il də kənd yollarının, şəhərlərarası yolların çəkilişi nəzərdə tutulur”.
Ölkə ərazisində magistral yolların yenidən qurulması Avropa ilə Asiya arasında əlaqələrin möhkəmlənməsində Azərbaycanın rolunu artırıb
Avropa ilə Asiya arasında əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan özünün bu üstünlüyündən bəhrələnərək ölkə ərazisindən tranzit daşımaların həcminin artırılmasına nail olmaq üçün müvafiq infrastruktur qurulmasına yüksək siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyev V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində söylədiyi nitqində ölkəmizin nəqliyyat mərkəzinə çevrilməsini təmin etmək üçün çox böyük işlər görüldüyünü xüsusi nəzərə çatdırıb. “Biz nəqliyyat infrastrukturuna - dəniz limanları, dəmir yolları, hava limanları və magistral yollara böyük sərmayə yatırdıq. Beləliklə, bu gün coğrafi və nəqliyyat mərkəzi olmaq baxımından Azərbaycan tərəfdaşlarına çoxlu imkanlar təklif edir”, - deyə Azərbaycanın dövlət başçısı vurğulayıb.
Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, son 15 ildə ölkəmizin Avropa ilə Asiya arasında mühüm tranzit məkana çevrilməsini təmin etmək məqsədilə bir sıra önəmli layihələr reallaşdırılıb. Bu gün Azərbaycanın çox böyük yük təyyarəsi parkı var. Azərbaycan Xəzər dənizində ən güclü dəniz donanmasına malikdir - 260 gəmidən ibarət donanma Xəzərdə yükdaşımalarının təşkili üçün xüsusi rol oynayır. Hazırda ölkə ərazisində altı beynəlxalq hava limanı fəaliyyət göstərir. Əlamətdar haldır ki, Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” Beynəlxalq Nəqliyyat Reytinq Agentliyi tərəfindən ən yaxşı regional hava limanı kateqoriyasında beş ulduza layiq görülüb. Eyni zamanda, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında respublika ərazisində beynəlxalq yük və sərnişin daşımalarının mexanizmi dünya təcrübəsi əsasında daha da optimallaşdırılır və bu sahədə müvafiq hüquqi baza yaradılır.
Azərbaycan öz ərazisindən qonşu ölkələrə doğru uzanan magistral yolları yüksək səviyyədə yenidən qurmaqla həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinin funksionallığının artmasına sanballı töhfələr verir. Məlumdur ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin yaradılmasına 10-dan çox ölkə qoşulub. Ancaq bu ölkələrdən heç biri eyni zamanda hər iki dəhlizin yaradılmasında iştirak etmir. Azərbaycan isə yeganə ölkədir ki, həm Şərqdən Qərbə, həm də Şimaldan Cənuba doğru uzanan dəhlizlər boyunca müasir, beynəlxalq tələblərə cavab verən infrastruktur qurulmasında fəal iştirak edir. İndiyədək respublikamız qədim İpək Yolunun bərpası ilə bağlı müxtəlif məsələlərin müzakirə edildiyi bir sıra beynəlxalq səviyyəli tədbirə uğurla ev sahibliyi edib. Bu tədbirlərdə iştirakçı tərəflər ölkəmizin geniş tranzit imkanları barədə məlumat alıblar. O cümlədən indiyədək respublikamızda İpək Yolunun Azərbaycandan keçən hissəsinin yenidən qurulması, bütövlükdə Şərq-Qərb marşrutu üzrə böyük iş həcmi yerinə yetirilib.
Respublikamızın ərazisində həmçinin Şimal-Cənub dəhlizinin ayrı-ayrı seqmentlərini təşkil edən magistralların yenidən qurulması da uğurla həyata keçirilir. İndiyədək respublikamız istər Rusiya sərhədinə, istərsə də İran sərhədinədək olan magistralların yenidən qurulmasına böyük həcmlərdə maliyyə vəsaiti yönəldib.
Ölkə ərazisində magistral yolların yenidən qurulması, həmçinin reallaşdırılan ayrı-ayrı meqa layihələr Avropa ilə Asiya arasında əlaqələrin möhkəmlənməsində Azərbaycanın rolunu artırıb. Deyilənlər kontekstində ölkəmizin güclü siyasi iradəsi və böyük maddi dəstəyi ilə inşa edilərək 2017-ci il oktyabrın 30-da Azərbaycanın, qardaş Türkiyənin, Gürcüstanın, Özbəkistanın, Qazaxıstanın dövlət və hökumət başçılarının, həmçinin Tacikistanın və Türkmənistanın yüksək səviyyəli rəsmilərinin iştirakı açılış mərasimi keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu da böyük aktuallıq daşıyır.
İstifadəyə verilməsindən az vaxt ötsə də, beynəlxalq miqyasda Bakı-Tbilisi-Qars dəmiryoluna böyük maraq yaranıb. Artıq bu yoldan yalnız iştirakçı dövlətlər deyil, həmçinin Qazaxıstan da istifadə edir. Özbəkistan bəhs olunan marşrutun imkanlarından istifadə etməklə bağlı niyyətini ifadə edib. Əfqanıstan da Azərbaycandan keçməklə “Lapis Lazuli” nəqliyyat marşrutu ilə Avropaya yük daşımalarına böyük maraq göstərir. Beləliklə, Türkmənistandan keçən yüklər Bakı-Tbilisi-Qarsla Avropaya daşınacaq.
Xəzər sahilində - Ələt qəsəbəsində tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkəmizin tranzit imkanlarının genişləndirilməsi məqsədilə icra olunan ən böyük infrastruktur layihələrindən biridir. Respublikamız Xəzərdə ən böyük liman tikməklə növbəti dəfə liderlik keyfiyyəti nümayiş etdirib. Hazırda limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Ümumiyyətlə isə bütün inşa işləri bitdikdən sonra liman mövcud 17 körpüsü ilə 25 milyon ton yük, o cümlədən 500 min konteyner yük aşıra biləcək.
Ölkəmizin ərazisində Şimal-Cənub və Şərq-Qərb dəhlizləri üzrə infrastrukturun yenilənməsi istiqamətində işlər 2019-cu ildə də davam etdirilir. Belə ki, ilin sonunadək Astaradan İran sərhədinədək yeni yolun çəkilməsi nəzərdə tutulub. Beləliklə, yük maşınları Astara şəhərinə girmədən İranın sərhədinədək gedə biləcəklər. Cari ildə həmçinin yeni Sumqayıt-Rusiya sərhədi avtomobil yolunun tikintisi də davam etdirilir. Layihəyə görə, bu, sahil boyu ilə Rusiya sərhədinə gedən tamamilə yeni bir yoldur. Prezident İlham Əliyev Azərbaycan-Polşa biznes forumunda söylədiyi nitqində respublikamızda Şərq-Qərb və Şimal Cənub marşrutları üzrə yaradılan müasir nəqliyyat infrastrukturunun həm ölkə daxilində iqtisadi aktivliyin artması, həm də regional əməkdaşlıq baxımından böyük önəm daşıdığına diqqət çəkərək vurğulayıb: “Azərbaycanda yaradılmış müasir nəqliyyat infrastrukturu həm ölkə daxilində, həm də regional çərçivədə əhəmiyyətlidir. Son illər ərzində Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində atılmış addımlar artıq öz səmərəsini verir. Biz müasir nəqliyyat və logistika infrastrukturu yaratmışıq. Əlbəttə ki, bunun biznes dairələri üçün çox böyük əhəmiyyəti, çox böyük faydası var. Çünki nəqliyyat infrastrukturu olmadan biznesin inkişafından söhbət gedə bilməz”.
Respublika ərazisində kənd yollarının tikintisi intensiv şəkildə davam etdirilir
Azərbaycanın qarşıya qoyduğu hədəflər sırasında kənd yollarının abadlaşdırılması mühüm yer tutur ki, bu da təsadüfi deyil. Müasir infrastruktur, o cümlədən də yüksək səviyyəli yollar olmadan respublikanın bölgələrində iqtisadi aktivliyin artmasını heç təsəvvürə gətirmək belə mümkün deyil. Dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan rahat yollardan bəhrələnən sahibkarlar regionlarda aqrar sektora, emal sənayesinə böyük həcmlərdə sərmayələr yönəldirlər.
Məsələnin iqtisadi tərəfi ilə yanaşı, sosial önəmi də böyükdür. Ölkə əhalisinin təxminən yarısı regionlarda yaşayır. Rahat yolların çəkilməsi o deməkdir ki, regionlarda kənd yerlərində yaşayan insanlar, xüsusilə də gənclər doğma yurd yerlərinə daha möhkəm tellərlə bağlanırlar və gələcək həyatlarını əsasən yaşadıqları yerlərdə qururlar. Son illərdə respublikamızda insanların bölgələrdən paytaxta və digər şəhərlərə axınının səngiməsi deyilənləri bir daha təsdiqləyir.
Ölkəmizdə kənd yollarının yenidən qurulması istiqamətində işlər 2019-cu ilin birinci yarısında da intensiv şəkildə davam etdirilib. Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı Onun yanında keçirilən müşavirədəki çıxışında çəkilən yolların keyfiyyətindən razılığını bildirərək vurğulayıb ki, bütövlükdə 2019-cu ildə respublika ərazisində min kilometrə yaxın yolun tikintisi planlaşdırılıb. “Təxminən min kilometrə yaxın yolun çəkilişi nəzərdə tutulur. Məndə olan məlumata görə, altı ayda təxminən 400 kilometrə yaxın avtomobil yolu çəkilib. Bu, demək olar ki, Azərbaycanda yol infrastrukturunun tamamilə yenilənməsinə gətirib çıxardı. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir. Əminəm ki, bizim yerimiz daha da irəliləyəcək. Çünki bu sahəyə doğrudan da çox böyük investisiyalar qoyulur və bundan sonra da qoyulacaq”, - deyə dövlət başçısı vurğulayıb.
Onu da qeyd etmək yerinə düşər ki, ölkəmizdə kənd yollarının yenidən qurulması ilə bağlı layihələrin icrası respublikanın bütün bölgələrini əhatə edir. Hazırda Qusar rayonunun Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolda yenidənqurma işləri həyata keçirilir. Cibir-Həzrə-Mucuq-Sudur marşrutu üzrə 14 yaşayış məntəqəsini əhatə edən yolun uzunluğu 46 km-dir. Bəhs olunan avtomobil yolunun tikintisi sakinlərin rahat gediş-gəlişini təmin edəcək, 8 min əhalinin yaşadığı 14 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şabran rayonunda 25 km uzunluğunda avtomobil yolunun yenidən qurulması işləri də yüksək keyfiyyətlə aparılır. Söhbət Surra-Düz Bilici-Qorğan-Çinarlar avtomobil yolundan gedir. Yol IV texniki dərəcəyə uyğun yenidən qurulur. Bəhs olunan avtomobil yolu 9 yaşayış məntəqəsini əhatə etməklə 4 minə yaxın vətəndaşın rayon mərkəzinə, ordan da respublikanın istənilən nöqtəsinə rahat gediş-gəlişini təmin edəcək, marşrut boyu kənd təsərrüfatı və turizmin daha da inkişaf etməsinə, yeni turizm marşrutlarının yaranmasına şərait yaradacaq.
Əlbəttə, bir yazı daxilində ölkə boyunca reallaşdırılan yeni yol layihələrinin hamısı barədə ətraflı söhbət açmaq imkan xaricindədir. Hesab edirik ki, yuxarıda söhbət açdığımız layihələr ölkədə yol infrastrukturunun yenilənməsi barədə konkret təsəvvür yaratmaq üçün kifayətdir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 886 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30