Nə yeyib, nə içirik?
13.04.2022 [09:38]
Qida təhlükəsizliyi ilə bağlı yeni qaydalar gəlir
Yeyib-içdiyimiz qidaların tərkibi hər kəsin maraq dairəsində olan bir məsələdir. Son vaxtlarda ticarət şəbəkələrində istifadə müddəti bitən məhsulların alıcılara təklif olunması faktlarının üzə çıxması, müxtəlif qidalardan zəhərlənmə hallarının artması mövzunun aktuallığını daha da artırıb. Bu və digər neqativlər istehlakçılar tərəfindən qınaqla qarşılanır. Ümumi qənaət belədir ki, ərzaq məhsullarının istehsalı və satışı zamanı keyfiyyət göstəricilərinə nəzarət gücləndirilməli, vətəndaşların aldadılması hallarına birdəfəlik son qoyulmalıdır. Yeri gəlmişkən, hazırda Milli Məclisin müzakirəsində olan “Qida təhlükəsizliyi haqqında” Qanun layihəsində qida məhsullarının izlənmə sisteminin tətbiq edilməsi, qida zəncirində fəaliyyət göstərən subyektlərin (obyektlərin) qeydiyyatı və təsdiqi prosesinə yeni baxış, ümumilikdə istehlakçı hüquqlarının müdafiəsinə dövlət nəzarətinin daha da gücləndirilməsinə hədəflənib.
İctimai iştirakçılıq
Bəhs olunan qanun layihəsində ərzaq məhsullarının keyfiyyətinə dövlət nəzarətinin gücləndirilməsinin hədəflənməsi öz yerində. Əslində, müvafiq qurumlar tərəfindən ərzaq məhsullarının keyfiyyətinə belə nəzarət həmişə həyata keçirilib. Ancaq reallıq ondan ibarətdir ki, nəzarət qurumlarının və onların əməkdaşlarının sayı artsa da, piştaxtalara çıxardılan məhsulların keyfiyyət göstəriciləri yenə də arzuedilən səviyyədən çox uzaqdır.
Bəs hansı yolla insanlarda onlara təklif olunan ərzaq məhsullarının keyfiyyətinə inam formalaşdırmaq mümkündür? İctimai iştirakçılığın genişləndirilməsi bu sahədə ən optimal variant hesab oluna bilər. Hər kəs ərzaq məhsullarının istehsalı, saxlanması, ticarəti mərhələlərində şahidi olduğu nöqsanları müvafiq qurumların diqqətinə çatdırmaqdan çəkinməməlidir. Bu çatışmazlıqlar tək bir istehlakçının deyil, hamımızın, bütün cəmiyyətin mənafeyinə aid olan bir məsələdir. Hər birimiz ticarət şəbəkələrində vaxtı ötmüş malların piştaxtalara düzüldüyünün şahidi olmuşuq. Belə hallara qarşı etiraz edənlər çoxmu olub? Təəssüf ki, yox, əksər hallarda “bu, mənə aid olan məsələ deyil” deyib yan keçmişik. Halbuki, belə olmamalıdır. Nə qədər ki, rastlaşdığımız neqativlərə qarşı etiraz səsimizi vaxtında qaldırmayacağıq, başqa bir marketdə işbazlar bizim özümüzə də keyfiyyətsiz məhsulları satmağa cəsarət tapacaqlar.
Bundan sonra respublikamızda ictimai iştirakçılıq həm də qanunla tənzimlənəcək. “Qida təhlükəsizliyi haqqında” Qanun nəzarət və tənzimləmədə hər bir vətəndaşın iştirakını təmin etməklə yeni yanaşmanı özündə ehtiva edir. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən “Yeni Azərbaycan”a verilən məlumatda bildirilib. Vurğulanır ki, ictimaiyyət nümayəndələri tərəfindən verilən dəstək ümumi işin xeyrinə olmaqla, qida təhlükəsizliyinin təmin olunması sahəsində daha təkmil və sağlam mexanizmlərin formalaşmasına gətirib çıxaracaqdır. Dövlət və vətəndaş cəmiyyətinin qarşılıqlı münasibətlərini müəyyənləşdirən ictimai nəzarət icraçılıq proseslərində, o cümlədən qanunvericilikdə nəzərdə tutulan bütün müddəaların həyata keçirilməsində şəffaflıq və səmərəliliyin artırılması ilə nəticələnəcəkdir. Bu proses qanunun aliliyinin təmin olunması ilə yanaşı, hər bir vətəndaşın istehlakçı olaraq, ictimai nəzarətin təşkilində iştirakının gücləndirilməsinə şərait yaradacaq.
Məhsullara “pəhriz”, “müalicəvi” kimi adların verilməsinə son
Məhsulların müasir tələblər əsasında etiketlənməsi də vacib məsələlərdən biridir. “Yeni Azərbaycan”a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bir sıra hallarda piştaxtalardakı məhsulların etiketlərində yazılanlarla onların tərkibi arasında fərqlər müşahidə edilir. Etiketlərdə bəzən reklam xarakterli sözlər yazılır ki, bu da rəqabət prinsiplərinə ziddir. “Nə üçün marketlərdə satılan məhsullardan birinin üstündə cəlbedici, çağırış mahiyyəti daşıyan sözlər yazılmalıdır? Belə sözlər bir sıra hallarda müştəriləri digər məhsulları almaqdan yayındırır”, - deyə Eyyub Hüseynov vurğulayıb.
Qida Məhsulları Agentliyindən redaksiyamıza daxil olan məlumatda bu kimi məqamlara da aydınlıq gətirilib. Məlumatda vurğulanır ki, qida məhsullarının etiket məlumatları (markalama) ilə bağlı yeni tələblər müəyyənləşdirilib. Etiketləmə tələblərinə dair əlavə müddəalar “Qida təhlükəsizliyi haqqında” qanunda yer alıb. İstehlakçıların qavrama və informasiya ehtiyaclarının fərqliliyi nəzərə alınaraq hazırlanan müddəalar qida məhsulları haqqında məlumatların düzgün təqdim edilməsi yolu ilə istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədi daşıyır.
Qanuna əsasən, məhsulun etiketi üzərində həmin qida məhsuluna xas olmayan təsir və ya xassələr göstərilməməlidir. Çünki qida məhsulu üzərində yanlış məlumatların yerləşdirilməsi istehlakçıların aldadılması, dolayısı ilə onların hüquqlarının pozulması ilə nəticələnə bilər.
Aparılan müşahidələr istehlak bazarında bu kimi halların mövcudluğunu üzə çıxarıb. Belə ki, bütün analoji qida məhsulları ilə eyni xassələrə sahib olduğu halda müəyyən bir qida məhsulunun xüsusi xassələrə malik olduğuna, tərkibində xüsusi inqrediyentlərin, qida maddələrinin mövcudluğu və ya olmamasına dair ifadələrin yer aldığı məhsullara rast gəlinir. Bu hal həmin məhsulların digər analoji məhsullardan daha üstün olması təəssüratı yaratmaqla, istehlakçılarda yanlış fikrin formalaşmasına gətirib çıxarır. “Qida təhlükəsizliyi haqqında” qanunda yer alan müvafiq tələb məhz bu kimi halların mövcudluğunu aradan qaldırmağa xidmət edir. Qanuna əsasən, sahibkarlıq subyektləri tərəfindən eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələr xüsusi xassələr kimi təqdim edilməməlidir.
Eyni zamanda, qanunun qəbulu ilə qida məhsullarına “müalicəvi”, “pəhriz” kimi adların verilməsi ləğv ediləcək. Belə ki, hər hansı bir qida məhsulunun etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməsi və ya bu cür təəssürat yaradan ifadələrin qeyd edilməsi yeni qanunla qadağan edilib.
İstehsaldan satışadək nəzarət
Alıcılara təklif olunan ərzaq məhsullarının keyfiyyətinə hansı mərhələdə - istehsal prosesində, yoxsa satış zamanı daha çox ziyan vurulur? Eyyub Hüseynov bildirdi ki, biz bütöv bir zəncirdən söhbət açmalıyıq. Məhsulun keyfiyyətli və yaxud keyfiyyətsiz olması ayrılıqda götürülmüş bir mərhələdə baş vermir. Burada xammal təchizatı, istehsal zamanı normaların gözlənilməsi və əlbəttə ki, satış şəraiti ayrı-ayrılıqda mühüm rol oynayır. Fikirlərinə davam edən ekspert vurğulayıb: “Qanunda da nəzərdə tutulduğu kimi, bütün mərhələlərdə keyfiyyət amili nəzarətdə saxlanılmalıdır. Hansı mərhələdə nöqsanlara yol verildiyinə aydınlıq gətirilməli və nöqsanlara cavabdehlik daşıyanlar cəzalandırılmalıdırlar. Ərzaq təhlükəsizliyi milli təhlükəsizliyin vacib bir hissəsini təşkil edir. Buna görə də bu məsələ hər zaman diqqətdə saxlanılmalıdır”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

