Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan istehsalı, yoxsa xarici brend...

Azərbaycan istehsalı, yoxsa xarici brend...

19.04.2022 [10:11]

Öz avtomobillərimizə niyə etibar etmirik?

Mübariz ABDULLAYEV

Hazırda maşınqayırma bütün dünya üzrə sənayenin ən dinamik inkişaf templərinə malik istiqamətlərindən biri sayılır ki, bu da təsadüfi deyil. Avtomobil sənayesi həm ölkələrin tanıtımı, imicinin möhkəmlənməsi, həm də gəlirlərinin artması baxımından cəlbedicidir. “Mersedes”, “BMV”, “Porsche” kimi markaların Almaniyaya gətirdiyi şöhrəti nə ilə müqayisə etmək mümkündür? İstehlak bazarlarında populyarlığı getdikcə artan “Daewoo”, “Nissan”, “Toyota”, “Hyundai”, son illərdə isə hybrid və elektriklə işləyən avtomobillər Koreyaya, Yaponiyaya, Çinə böyük nüfuz qazandırıb. Bu sıralamanı istənilən qədər genişləndirmək mümkündür. Eyni zamanda, sözügedən ölkələr daxili və xarici bazarlarda avtomobil satışından böyük həcmlərdə gəlirlər əldə edirlər.

Milli avtomobil brendləri - niyə də yox?

Azərbaycanda da avtomobillərə maraq böyükdür. Bunu ölkədə minik avtomobillərinin sayının ilbəil atması da təsdiqləyir. Əlbəttə, biz də çox istərdik ki, Azərbaycanın milli avtomobil brendləri yaradılsın və bu brendlər dünyanı gəzib dolaşsın. Niyə də yox? Mütəxəssislər bunu tam real sayırlar. “Yeni Azərbaycan”a açıqlama verən müvafiq sahə üzrə ekspert Elməddin Muradlı bildirdi ki, vaxtilə respublikamızda bir neçə avtomobil müəssisəsi fəaliyyət göstərib, orada yerli mütəxəssislər çalışıblar. Həmin kadrlardan indi də bəhrələnmək mümkündür. Gənclərimiz texnoloji yeniliklərə açıqdırlar. “Müstəqil respublikamız çox qısa müddətdə müdafiə sənayesini təşkil etməyə nail oldu. Hazırda müdafiə sənayesi müəssisələrində bir neçə adda hərbi təyinatlı nəqliyyat vasitələri istehsal olunur, həmin texnika hətta xarici bazarlara da çıxardılır. Əgər belə mürəkkəb sahədə uğurlar qazana bilmişiksə, deməli  milli avtomobil sənayemizi də qura bilərik”, - deyə ekspert vurğulayıb.

Dövlətin siyasi iradəsi

Azərbaycanda avtomobil istehsalı ilə bağlı cəmiyyətin və dövlətin maraqları üst-üstə düşür. İnsanlarımız milli avtomobil brendləri arzuladıqları kimi, hökumət də bu sahənin inkişafını hədəfləyən müxtəlif tədbirlər həyata keçirir. Son illərdə respublikamızın ayrı-ayrı regionlarında yaradılan sənaye məhəllələrində bütün rezidentlər kimi, avtomobil istehsalçılarına da çoxsaylı güzəştlər verilir. Dövlətin dəstəyi ilə yaradılan bu ərazilərdə sahibkarlar uzunmüddətli dövrdə müxtəlif vergilərdən azad edilirlər. Sənaye məhəllələri üçün infrastrukturun yaradılması bir qayda olaraq dövlət əsaslı vəsait qoyuluşu hesabına reallaşdırılır. Bundan başqa, maşınqayırma sənayesi üçün zəruri olan avadanlıq və hissələr  əksər hallarda respublikaya idxal rüsumları ödənilmdən gətirilir. 2020-ci ilin fevralında Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərar qəbul edib. Qərarla minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün istehsal prosesində istifadə olunan ehtiyat hissələrinin Azərbaycana idxalı gömrük rüsumlarından azad olunub. Hökumət bunu ölkədə istehsal olunan minik avtomobillərinin yerli və xarici bazarlarda rəqabət qabiliyyətinin daha da artırılması məqsədilə etdiyini açıqlayıb.

Artan istehsal

Respublikamızda maşınqayırma sənayesində artıq ilk addımlar atılıb.  Son iyirimi ildə ölkədə avtomobil istehsalını təşkil etmək üçün müxtəlif cəhdlər göstərilib. İlk olaraq Gəncə avtomobil zavodunda “OKA” markalı azlitrajlı minik avtomobillərinin istehsalına başlanıb. Sonradan Neftçala və Hacıqabul sənaye məhəllələrində, Naxçıvanda, Şamaxıda “NAZ Lifan”,  “Khazar”, “Azsamand” və digər markalardan olan avtomobillər istehsal olunub. Rəqəmlərə diqqət yetirdikdə, görürük ki, istehsalda da artımlar var.  Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ildə Azərbaycanda 2043 ədəd minik avtomobili istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 5 faizədək artım deməkdir. İstehsalda artım tendensiyası 2022-ci ilin əvvəlindən də davam edib. Ümumilikdə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2022-ci ilin yanvar-mart aylarında 124,0 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 6,6 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, maşın və avadanlıqların istehsalı isə 23,0 faiz artıb.

Cəlbediciliyin aşağı olması

Avtomobil istehsalında müəyyən artım qeydə alınsa da, ölkədə istehsal olunan avtomobil brendlərinə marağın hələ də zəif olması suallar yaradır. Biz niyə hələ də milli brendlərdən olan avtomobillərin sükanı arxasına keçməyə tələsmirik, əksinə xarici istehsala üstünlük veririk? Səbəblər, əlbəttə ki, çoxdur. Yol hərəkəti üzrə ekspert və hüquqşünas Ərşad Hüseynov milli brendlərə inamın az olmasını, ilk növbədə, keyfiyyətlə əlaqələndirdi. Fikirlərinə davam edən ekspert vuğulayıb: “Hazırda avtomobillərin həm texniki göstəricilərinə, həm də dizaynına verilən tələblər çox yüksəkdir. Bir neçə on il bundan əvvəlin parametrləri ilə indiki rəqabət şəraitində insanların zövqünü oxşamaq sadəcə mümkün deyil”.

İstehsalda üstünlük tanınan brendlərə verilməlidir

Ölkəmizdə istehsal olunan avtomobillərə alıcı marağının aşağı olmasını şərtləndirən digər amillər də var. “Alıcı marağının artmasında brendlər də mühüm rol oynayır. İndiyədək respublikamızda avtomobillərin istehsalı bütün hallarda xarici şirkətlərin iştirakı ilə təşkil olunub. Ölkəmizdə avtomobil istehsalına dünyada tanınan, özlərini təsdiqləyən şirkətləri cəlb etmək lazımdır. Əks halda, alıcı marağını artırmaq mümkün olmayacaq. Digər bir vacib məsələ, indiyədək respublikamızda buraxılan avtomobillərin bütün hissələrinin xaricdən gətirilməsi ilə bağlıdır. Bununla biz maşınqayırma sənayemizi inkişaf etdirə bilməyəcəyik. Məsələn, ölkədə avtomobil şinlərinin istehsalı üçün bütün imkanlar var, biz isə onları valyuta xərcləyərək xaricdən alırıq”. Bu fikirləri “Yeni Azərbaycan”a danışan Elməddin Muradlı ifadə edib. Onun sözlərinə görə, maşınqayırma sənayesindən danışırıqsa, heç olmasa onların hissələrinin 30 faizi ölkəmizdə istehsal olunmalıdır. “Biz gələcəyə doğru addımlar atmalıyıq. Əgər bu gün biz avtomobillərin hansısa hissələrinin istehsalı qayğısına qalmırıqsa, sabah yenə də eyni yerdə, eyni başlanğıc nöqtəsində olacağıq”, - deyə ekspert vurğulayıb.

Güzəştli satış

Ekspertlər güzəştli satışın da ölkə daxilində avtomobil istehsalına müsbət təsir göstərəcəyi qənaətindədirlər. Son illərdə maşınqayırma sənayesinin əhəmiyyətli dərəcədə inkişafına nail olan  Özbəkistan yerli istehsalı təşviq edir. Belə təşviq vasitələrindən biri də güzəştli satış sisteminin tətbiqi ilə daxili bazarın qorunmasıdır. “Yerli istehsal olan avtomobillər daxili bazarda alıcılara daha aşağı qiymətlərlə təklif olunmalıdır. Dövlət büdcəsindən maliyyələşən təşkilatların nəqliyyat parkları da yerli istehsal hesabına təzələnməlidir. Bu kimi tədbirlər ölkəmizdə avtomobil istehsalının artmasına öz müsbət təsirini göstərə bilər”, - deyə ekspet Ərşad Hüseynov vurğulayıb.

Paylaş:
Baxılıb: 820 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30