Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Banklar üçün yeni fürsətlər

Banklar üçün yeni fürsətlər

20.08.2022 [10:30]

Mübariz ABDULLAYEV

Ölkələrin sosial-iqtisadi inkişafı kompleks səciyyə daşıyır. Ümumi daxili məhsul istehsalının genişlənməsi ilə yanaşı, əlverişli investisiya  mühiti, biznes şəraitinin optimallaşdırılması, infrastruktur quruculuğu,  sosial sferanın maliyyə təminatının gücləndirilməsi, xidmət sektorunda keyfiyyət göstəricilərinin yaxşılaşdırılması kimi məqamlar da ölkələrin sosial-iqtisadi inkişafını səciyyələndirən vacib faktorlar qismində çıxış edirlər. Bank sektoru isə, mütəxəssislərin də bildirdikləri kimi, sosial-iqtisadi inkişafda drayver funksiyası yerinə yetirirlər. Eyni zamanda, iqtisadiyyat genişləndikcə bankların özləri də yeni inkişaf fürsətləri qazanırlar.

Bank sektorunda likvidliyin yüksəlməsi

Respublikamızda bank sistemi maliyyə bazarlarına nəzarət orqanı olan Mərkəzi Bankdan və kredit təşkilatlarından ibarətdir. Azərbaycan Mərkəzi Bankının (AMB) təqdim etdiyi reyestr üzrə ölkəmizdə 26 bank fəaliyyət göstərir. Son illərdə respublikamızın bank sistemində Mərkəzi Bank tərəfindən bir sıra sağlamlaşdırma tədbirləri görülüb, o cümlədən tələblərə cavab verə bilməyən ayrı-ayrı banklar fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalıblar. Ötən ayın son ongünlüyündə  Mərkəzi Bankın yeni sədri Taleh Kazımovun kommersiya banklarının rəhbərləri ilə növbəti görüşü baş tutub. AMB-dən “Yeni Azərbaycan”a verilən məlumatda bildirilir ki, görüşün məqsədi bank sektoru üzrə cari ilin birinci yarısının nəticələri, ölkədə və qlobal mühitdə son makroiqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri, iqtisadi inkişafda bank sisteminin rolunun artırılması və digər aktual məsələlərin müzakirə edilməsindən ibarət olub. Ölkədə dayanıqlı makroiqtisadi sabitlik və sosial-iqtisadi inkişafa dair hədəf və vəzifələri xüsusi vurğulayan Mərkəzi Bankın sədri T.Kazımov qeyd edib ki, həyata keçirilən quruculuq islahatları və inkişaf siyasəti nəticəsində ölkədə makroiqtisadi sabitlik və maliyyə dayanıqlılığı təmin olunub. Eyni zamanda, bu istiqamətdə genişmiqyaslı tədbirlərin davam etdiyini diqqətə çatdıraraq vurğulayıb ki, ölkədə maliyyə inklüzivliyinin inkişafında bank sisteminin aparıcı rolunun daha da gücləndirilməsi, müasir bankçılıq üzrə son qlobal çağırışlara çevik uyğunlaşma, maliyyə-bank sektorunun milli iqtisadiyyatın inkişafına davamlı dəstəyi üzrə yeni hədəflərə nail olunması və digər istiqamətlərdə işlər bundan sonra da fəal davam etdiriləcək.

Daha sonra ölkədə və qlobal mühitdə son makroiqtisadi meyillər və proqnozlar, həmçinin bank sektoru üzrə son trendlər və risklər mövzularında təqdimatlar olub, sual-cavab sessiyası keçirilib, həmçinin irəli sürülən məsələlər barədə müzakirələr aparılıb.

Mərkəzi Bankla kommersiya bankları arasında belə sıx əlaqələrin qurulması, nəzarət tədbirlərinin gücləndirilməsi öz növbəsində sektorun likvidliyinin artmasına müsbət təsir göstərir. Bu ilin yanvar-iyun aylarında banklar 400,8 milyon manat xalis mənfəət, 616 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. Mərkəzi Bankın məlumatında bildirilir ki, ilin əvvəlindən banklar tərəfindən 88,3 milyon manat məbləğində mənfəət vergisi ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41 faiz və ya 25,6 milyon manat daha çoxdur.

Bəs qlobal iqtisadiyyat üçün təhdidlərin artdığı indiki şəraitdə Azərbaycanın bank sektorunda likvidliyin yüksəlməsi hansı amillərlə şərtlənir? “Yeni Azərbaycan”ın sorğusunu cavablandıran iqtisadçı-ekspert Aslan Əzimzadə bunun iki amillə bağlı olduğunu qeyd edib. Onun sözlərinə görə, bir tərəfdən postpandemiya dövründə ayrı-ayrı sahibkarlıq subyektlərinin gəlirləri artıb ki, bu da öz növbəsində bankların likvidliyinə müsbət təsir göstərən amillərdəndir. İqtisadçı-ekspert bildirib ki, bankların likvidliyinin yüksəlməsi müəyyən mənada əhalinin gəlirlərinin artması ilə də izah oluna bilər. Belə ki, son 4 il ərzində tətbiq edilmiş sosial paketlər, o cümlədən sosial müdafiə və sosial təminat sahələrində aparılan islahatlar əhalinin gəlirlərini artırıb. Bunun nəticəsi olaraq insanlar müxtəlif bank xidmətlərinə daha tez-tez üz tuturlar. 

Kredit siyasəti

Milli iqtisadiyyatımızın inkişafında və insanların maliyyə resurslarına çıxış imkanlarının genişlənməsində bankların düzgün kredit siyasəti mühüm əhəmiyyətə malikdir. Banklar özlərinin kredit siyasətlərini iki istiqamətdə həyata keçirirlər. Həm real sektora maliyyə vəsaitləri yönəldilir, həm də vətəndaşlara istehlak kreditləri verilir. Hazırda respublikamızda bankların kredit portfeli 18 milyard 320 milyon manat təşkil edir. Bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 57,2 faiz (10 milyard 481,7 milyon manat) səviyyəsindədir. İstehlak kreditlərinin həcmi isə kredit portfelinin 35 faizindən çoxunu təşkil edir. Ümumilikdə, cari ilin 6 ayında kredit portfelinin artımının 45 faizi biznes, 40 faizi istehlak, 15 faizi ipoteka kreditləri hesabına olub.

Təqdim olunan rəqəmlərdə banklar tərəfindən real sektora yönəldilən maliyyə vəsaitlərinin həcminin artdığı görünür. Bankların real sektorun maliyyələşdirilməsinə daha çox vəsait yönəltmələri təqdirəlayiq haldır. Banklarımız bu tendensiyanı daha da gücləndirməlidirlər. İqtisadçı-ekspert Aslan Əzimzadə bankların real sektora yönəltdikləri kreditlərlə bağlı təkliflərini ifadə edib. “Mən düşünürəm ki, maliyyə sisteminin daha dayanıqlı olması və sahibkarlıq fəaliyyətinin yüksək inkişaf etməsi üçün banklar təklif etdikləri faiz dərəcəsini iqtisadiyyatın müxtəlif sektorları üzrə diversifikasiya etdirməlidirlər. Zənnimcə, müxtəlif sektorların rentabelliyinə uyğun olaraq fərqli faiz dərəcələri tətbiq edilə bilər. Məsələn, əgər kənd təsərrüfatı sektorunda rentabellik dərəcəsi 4 faizdirsə, bu sektora 1-2 faizli kreditlər, informasiya texnologiyaları sektorunda rentabellik 11 faizdirsə, bu sektora 8-9 faizli kreditlər verilməlidir. Çünki vahid faizlərin  tətbiq edilməsi müəyyən mənada sahibkarlara bir sıra çətinliklər yarada bilər. Bu səbəbdən düşünürəm ki, sözügedən istiqamətdə faiz dərəcəsinin diversifikasiyası önəmlidir”, - deyə iqtisadçı-ekspert vurğulayıb.

İstehlak kreditlərinin artan həcmi

Rəqəmlər özlüyündə bankların kredit siyasəti barədə konkret təsəvvür yaradır. Bankların kredit portfelində istehlak kreditlərinin payının hələ də yüksək olması müəyyən narahatlıqlar yaradır. Bir neçə il bundan əvvəl Azərbaycanda problemli kreditlərlə bağlı ciddi narahatlıqlar yaşandı. Yalnız dövlətin dəstəyindən sonra problemi yoluna qoymaq mümkün oldu. Bəhs olunan narahatlıqlar istehlak kreditlərinin artması səbəbindən yaranmışdı. Aradan illər ötəndən sonra bankların yenidən əhaliyə cəlbedici vədlərlə istehlak kreditləri təklif etməyə həvəsli görünmələri suallar yaradır. İstehlak kreditlərinin verilmə şərtləri müəyyən qədər sərtləşdirilməli və ilk növbədə, kredit götürən insanların sonradan bunu qaytarmaq imkanları ciddi şəkildə araşdırılmalıdır. Ayrı-ayrı bankların müştəriləri vədlərlə kredit toruna salmalarına yol vermək olmaz. Çünki bu gün vədlərə inanıb imkanlarından artıq həcmlərdə kreditlər götürən insanlar sabah banklara yaranan borclarını ödəyə bilmirlər və məhkəmələr qarşısına çıxmaq, əmlaklarını itirmək təhlükəsi ilə üz-üzə qalırlar.

Bankların vətəndaşlara verilən kreditlərə yüksək faizlər tətbiq etmələri də diqqət çəkir. Bankların açıqladığı məlumatlara əsasən, ən aşağı tarif 12%-ə bərabərdir. Komissiya xərclərini nəzərə alsaq, hazırda ən aşağı tarifi “Xalq Bank” tətbiq edir -12,7%. Amma bu, yalnız əmək haqqı kartı “Xalq Bank”dan olan müştərilərə aiddir. “Rabitəbank” komissiya ilə birgə istehlak kreditini bir il müddətinə 13%-lə, “Azər-Türk Bank” 13,5%-lə təklif edir. “Yelo Bank” isə istehlak kreditləri üzrə tarifi 12% göstərsə də, 2%-dək komissiya tətbiq edir. Bir il müddətinə ən yüksək faizlə istehlak kreditini  “Premium Bank” təklif edir - komissiya daxil 26%. “PAŞA Bank”dan isə tətbiq edilən tarif 25%-dir. Bundan əlavə, fərdi qaydada da komissiya müəyyən edilir.

Ölkə üzrə ən aşağı kredit məbləği 200 manatdan (“Rabitəbank”) başlayır. Ən yüksək məbləğdə istehlak kreditini isə “Ziraat Bank” təklif edir - 250 min manat. “Günay Bank” istehlak kreditini əmək haqqını həmin bankdan alan müştərilərə, “PAŞA Bank” isə yalnız əmək haqqı kartı olanlara verir. “Yapı Kredi Bank” əmək haqqı 250 manatdan, “Access Bank” və “Yelo Bank” 350 manatdan yuxarı olanlara kredit ayırır...

Paylaş:
Baxılıb: 696 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30