Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İxracda yeni istiqamət

İxracda yeni istiqamət

09.09.2022 [10:04]

Azərbaycan xidmətlərinin dünyaya təqdimatı

MÜBARİZ

Dinamik inkişaf templərinə malik olan Azərbaycanın ixracının əsasını ənənəvi olaraq neft və qaz sektoru təşkil edib. İqtisadiyyatımızın bu aparıcı sahəsi ölkənin ixracında öz dominantlığını hazırda da saxlamaqdadır. Bununla belə, respublikamız ixracın strukturunda qeyri-neft sektorunun xüsusi çəkisini tədricən artırmağı hədəfləyib. Bu məqsədlə aparılan yeni nəsil islahatlar çərçivəsində qanunvericilik bazası möhkəmləndirilir və güclü tədbirlər görülür. Son vaxtlarda respublikamızda qeyri-neft sektorunda ixracın yeni istiqamətinin formalaşması isə xüsusi diqqət çəkir. Söhbət ölkədə xidmət ixracının artmasından gedir.

Xidmət ixracı dünyada

Cəlbediciliyi getdikcə artan xidmət ixracının strukturu ölkələrin coğrafi yerləşməsi, iqtisadi potensialı, insan kapitalının inkişafı, texnoloji yeniliklərin tətbiqi kimi amillərdən asılı olaraq dəyişir. Dünya Ticarət Təşkilatının beynəlxalq xidmət bazarı ilə bağlı hesabatında yeni növ koronavirus pandemiyasından əvvəlki 10 ilin müəyyən statistikası təqdim olunub. Dünya üzrə xidmət ixracının turizm, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, biznes əməliyyatları kimi üstün istiqamətləri fərqləndirilir. O cümlədən dünya xidmət bazarında turizmin payı 25-26, nəqliyyat sektorunun çəkisi 20-25 faiz arasında dəyişir. Bu seqmentdə informasiya-kommunikasiya texnologiyalarının və  biznes əməliyyatlarının payı isə cəmi 10 faizə bərabərdir.

Əmtəə ixracı ilə müqayisədə rəqəmlər, əlbəttə ki, xeyli kiçikdir. ÜTT-nin hesabatına əsasən, 2017-ci ildə dünya üzrə ümumi xidmət ixracının həcmi (4.8 trln. ABŞ dolları) əmtəə ixracının (16 trln. ABŞ dolları) üçdə biri qədər olub. Bütün xidmət ixracının yarıdan çoxu 10 top  ölkənin payına düşdüyü bildirilir. ABŞ, Çin, Cənubi Koreya, İsveçrə, Almaniya, Kanada, Yaponiya, Sinqapur kimi ölkələr bu sahədə üstün mövqeyə malikdirlər. Qeyd olunan ölkələrin xidmət ixracının strukturuna nəzər saldıqda aydın olur ki, onlar xüsusilə intellektual xidmətlərin ixracının həcminə görə ön mövqeyə sahibləniblər. Burada söhbət ən müxtəlif  xidmətlərdən, o cümlədən tədqiqatlardan, hüquq, mühasibatlıq, idarəetmə üzrə məsləhətlərdən, ictimai əlaqələrdən, reklam və bazar araşdırmalarından, ictimai rəyin öyrənilməsindən, memarlıq və mühəndislik fəaliyyətindən, mədənçıxarmadan, məişət tullantılarının emalı və nəqlindən, ticarətin təşkilindən və informasiya-kommunikasiya texnologiyaları üzrə xidmətlərdən gedir. Bundan əlavə, beynəlxalq xidmət bazarında maliyyə xidmətlərinin (pensiya və investisiya fondlarının, bank sektorunun, sığorta şirkətlərinin təqdim etdiyi xidmətlər) rolu artan dinamikaya malikdir.

Diqqəti çəkən ən mühüm məqamlardan biri ondan ibarətdir ki, dünya üzrə ayrı-ayrı ölkələrdə xidmət ixracından əldə olunan gəlirlər əmtəə ixracının gəlirlərini üstələyir. Burada ölkələrin resurslarının azlığı və insan kapitalının inkişafı amillərinin önəmini xüsusi qeyd etmək lazımdır. Məsələn, məhdud resurs ehtiyatlarına malik olan İsrail və Estoniyanın cəmi ixrac gəlirlərinin 35-45%-i məhz xidmətlərin qeyri-rezidentlərə satışından formalaşır. Ayrı-ayrı inkişaf etmiş iqtisadiyyatlarda da xidmət ixracı ölkənin məcmu ixrac gəlirlərində əhəmiyyətli paya malikdir.  Eləcə də  pandemiyadan əvvəlki 10 ildə ümumi ixrac gəlirlərinin İsveçdə 31, Fransada 33, ABŞ-da 34, Danimarkada 35, Böyük Britaniyada 45 faizi məhz xidmətlərin ixracı hesabına formalaşıb.

Azərbaycanda vəziyyət

Qeyd etdiyimiz kimi, Azərbaycanda xidmət ixracı yeni bir istiqamət kimi formalaşmaqdadır. Ölkəmizdə xidmət ixracı ilə əmtəə ixracının həcmlərində kəskin fərq olsa da, son illərdə yüksələn dinamika perspektivə nikbin baxmağa əsas verir. Hazırda respublikamızda xidmət ixracında peyk xidmətləri xüsusi çəkiyə malikdir. Azərbaycan beynəlxalq kosmik ailədə ləyaqətlə təmsil olunur. 2022-ci ilin yanvar-iyun aylarında “Azərkosmos” ASC tərəfindən 13,1 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında dərc olunan məlumata əsasən, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizini təşkil edib. Təkcə cari ilin iyun ayında “Azərkosmos” ASC dünyanın 32 ölkəsinə 2,3 milyon dollar dəyərində xidmət ixrac edib.

İntellektual məhsul ixracı

Azərbaycanın bir çox sahələrdə, o cümlədən nəqliyyat-logistika üzrə xidmət ixracı imkanlarının potensialı kifayət qədər böyükdür. Respublikamız son illərdə nəqliyyat sektoruna böyük həcmlərdə investisiyalar yatırmaqla və ölkə ərazisində müxtəlif dəhlizlər üzrə müasir infrastruktur yaratmaqla özünün tranzit cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb. Avrasiyada nəqliyyat habına çevrilən Azərbaycan üzərindən Şərq-Qərb, Şimal-Cənub və Trans-Xəzər marşrutları üzrə daşımaları asan və təhlükəsiz şəkildə həyata keçirmək mümkündür.

Əlamətdar haldır ki, Azərbaycan həm də “ASAN xidmət” nümunəsində intellektual məhsul ixracına start verib. Təxminən 10 illik fəaliyyət təcrübəsinə malik olan “ASAN xidmət” idarəçilikdə bir inqilab sayılır. Təsadüfi deyildir ki, paytaxtda və bölgələrdə yaradılan “ASAN xidmət” mərkəzlərində müştəri məmnunluğu 100 faizə yaxındır. Qürurverici haldır ki, Azərbaycana məxsus “ASAN xidmət”in beynəlxalq səviyyədə populyarlığı da getdikcə artır. Azərbaycan brendi olan “ASAN xidmət”  BMT səviyyəsində dəstəklənərək xüsusi mükafata layiq görülüb. Eyni zamanda, ayrı-ayrı ölkələrdə “ASAN xidmət” adı ilə müxtəlif xidmət strukturları formalaşdırılıb. Prezident İlham Əliyev bundan məmnunluğunu ifadə edərək vurğulayıb: “Azərbaycanda idarəçilikdə ciddi islahatlar, xoşagəlməz hallara qarşı mübarizə aparılır. Korrupsiya, rüşvətxorluq bizim uğurlu inkişafımızı əngəlləyən əsas bəlalardır. Bu istiqamətdə də institusional tədbirlərin görülməsi öz gözəl nəticəsini verməkdədir. Biz artıq dünyaya intellektual məhsul təqdim edirik, hətta ixrac edirik. “ASAN xidmət” bizim məhsulumuzdur”.

Paylaş:
Baxılıb: 598 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30