Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Qoca qitə qış imtahanı qarşısında...

Qoca qitə qış imtahanı qarşısında...

10.09.2022 [10:16]

Mübariz ABDULLAYEV

Bəs, Rusiyanı nə gözləyir?

Cari ilin fevralından başlayan və hələ ki, sonu görünməyən Rusiya-Ukrayna müharibəsi həm də sanksiyalar müharibəsi kimi səciyyələndirilir. Bu da onunla bağlıdır ki, müharibə başlayandan bəri Rusiyaya qarşı ABŞ-ın rəhbərliyi ilə Avropa İttifaqı (Aİ) ölkələrindən ibarət “sanksiyalar koalisiyası” formalaşıb. İndiyədək müharibə tərəfi olan şimal qonşumuza münasibətdə yeddi mər?ələdə sanksiyalar işə salınıb. Növbəti sanksiyalar paketi də masadadır və onların da tətbiqinə hazırlıq görülür.

İlk baxışda elə təsəvvür yarana bilər ki, qadağalar yalnız sanksiyalara məruz qalan Rusiyaya təsir göstərir. Ancaq unutmaq olmaz ki, dəyənəyin iki başı var. Təhlillər və proseslər göstərir ki, müharibə fonunda Rusiyaya yönələn sanksiyalar bu ölkənin sosial-iqtisadi durumuna mənfi təsir göstərdiyi kimi, Avropa ölkələri üçün də böyük risklər yaratmaqdadır.

Rusiyanın nəfəsliyi daralır

Qərbin Şimal qonşumuza sanksiyalar tətbiq etməkdə əsas məqsədi bu ölkənin iqtisadi nəfəsliyini daraltmaqla gəlirlərini azaltmaq və beləl?klə də, müharibənin gündəlik xərclərini qarşılamaq imkanlarını məhdudlaşdırmaqdan ibarətdir. Əhatə dairəsi kifayət qədər geniş olan sanksiyaların əsas istiqamətləri sırasında iqtisadi sektoru, o cümlədən də strateji əhəmiyyətli məhsulların ixracının məhdudlaşdırılmasına hesablanan qadağalar diqqəti xüsusi olaraq cəlb edir. Verilən məlumatlara görə, Rusiyanın hazırda mövcudluğu sübut olunan yeraltı sərvətlərinin ümumi dəyəri 30 trilyon dollar həcmində qiymətləndirilir.  Müharibə başlayanadək xam neft və neft məhsulları Rusiya ixracatının 37 faizini (gündəlik 5 milyon barel) təşkil edib. Bu məhsulların 70 faizi ABŞ və Avropa bazarlarına ixrac olunurdu. Şimal qonşumuz qoca qitənin neftə olan tələbatının 25 faizini qarşılayırdı. Ötən il Avropaya neft ixracatından Rusiyanın illik qazancı 104 milyard dollara çatıb. Digər pozisiyalar üzrə də Rusiya oxşar mövqeyə malikdir. Müharibə başlayanadək  Rusiya Avropa İttifaqı məkanına ildə 150-190 milyard kubmetr qaz ixrac etməklə qoca qitənin təbii qaza olan tələbatının 40%-ə qədərini qarşılayırdı. Son vaxtlaradək Rusiyanın ixracının strukturunda bərk yanacaq - kömür də mühüm pozisiyalardan biri olub. Rusiya kömür yanacağı ehtiyatlarına görə dünyada 3-cü, hasilata görə 6-cı yerdə  gəlir. 182 milyard ton daş kömür ehtiyatı olan Rusiya yalnız ABŞ (445 milyard ton) və Çindən (272 milyard ton) geri qalır. Şimal qonşumuz  bərk yanacaq ixracında təxminən 300 milyon ton həcmlə dünyada 3-cü yerdə gəlir. Bu isə o deməkdir ki, Şimal qonşumuzun gəlirlərinin formalaşmasında kömür də xüsusi rol oynayır.

Qeyd olunan resursların ixracı Rusiya üçün əsas gəlir mənbəyi idi. Hazırda sanksiyalar səbəbindən Rusiyadan enerji məhsullarının ixracı üçün ciddi məhdudiyyətlər yaranıb. Sanksiyalar çərçivəsində Avropa ölkələri cari ilin sonunadək Rusiyadan neft idxalını 90 faizdən çox azaldacaqlar. Eyni zamanda, bu ölkədən Aİ məkanına kömür ixracının dayandırılması ilə bağlı sanksiyalar qüvvəyə minib. Bundan başqa, sanksiyalara məruz qalan Rusiya Avropaya mavi yanacaq ixracını da əhəmiyyətli dərəcədə məhdudlaşdırıb və bunu tam dayandırmaq niyyətindədir. Bu ölkəyə məxsus “Qazprom” şirkəti cari ilin ötən dövrü ərzində qaz hasilatını 13,2 faiz və ya 274,8 milyard kubmetrədək azaldıb. Şirkət cari ildə 274,8 milyard kubmetr qaz hasil edib ki, bu da ötən illə müqayisədə 41,7 milyard kubmetr azdır. Daxili bazarda şirkətin məhsuluna tələbat 2,3 faiz, xarici bazarda isə 36,2 faiz azalıb. Uzaq xarici ölkələrə ötən dövr ərzində 2021-ci illə müqayisədə 44,6 milyard kubmetr az - 78,5 milyard kubmetr qaz ixrac olunub.

Neft hasilatında da geriləmə müşahidə olunur. Verilən məlum?tlara görə, əvvəlki ayla müqayisədə avqust ayında neft hasilatı 2 faiz azalıb. Yaxın perspektivdən başlayaraq ölkədə neft hasilatının daha da azalacağı proqnozlaşdırılır. Buna səbəb isə Avropada Rusiya neftinin istehlakının getdikcə azalmasıdır.

Ressesiya digər sahələrdə də müşahidə edilməkdədir. Məsələn, mart-iyul aylarında Rusiyanın reklam bazarında iş yerlərinin kəskin ixtisarı müşahidə edilib. Belə ki, reklam agentliklərinin 57 faizi məcburi tədbir kimi əməkdaşlarının ixtisarına əl atıblar. Bəhs olunan dövrdə qonşu ölkədə metro vaqonlarının istehsalı 40 faizdən çox azalıb. Yeddi ay ərzində müvafiq müəssisələrdə cəmi 152 vaqon istehsal olunub. İyul ayında isə heç bir ədəd də olsun vaqon istehsal edilməyib.

Bütövlükdə, Şimal qonşumuzda bu ilin ikinci rübündə ÜDM 4.3 faiz azalıb. Rusiya Mərkəzi Bankının proqnozuna görə, üçüncü rübdə sanksiyalara məruz qalan iqtisadiyyat daha 7 faiz kiçiləcək. Eyni zamanda, artan təzyiqlər qarşısında bu ölkənin milli valyutası da kəskin dəyər itirməkdədir.

Sanksiyalar səbəbindən Rusiyada yaranan vəziyyəti dəyərləndirən Almaniyanın federal kansleri Olaf Şolts bildirib ki, Qərbin tətbiq etdiyi sanksiyalar düzgündür və səmərə verir. Sanksiyaların tətbiqini məcburi addım kimi dəyərləndirən O.Şolts əlavə edərək vurğulayıb: “Ölkə (Rusiya) qlobal texniki proseslərdən kənarda qalıb. Bu, nə qədər uzun müddətdə davam edəcəksə, Rusiyanın itkiləri bir o qədər çox olacaq”.

“?srafçılığa görə cərimə” cəzası

Sanksiyalarla müharibə tərəfi olan Rusiyanın nəfəsliyini daraltmağı hədəfləyən Avropanın özündə də ciddi narahatlıq doğuran vəziyyət yaranıb. İlk növbədə, onu qeyd edək ki, enerji məhsullarının tədarükünün çətinləşməsi və qiymətlərin artması fonunda qoca qitədə iqtisadi ressesiya müşahidə edilir. Bu, reytinq agentliklərinin dəyərləndirmələrində də öz əksini tapıb. Əvvəllər 2022-ci il üçün 3.7 faiz artım proqnozlaşdırılan avro zonada ÜDM-in il ərzində cəmi 2.8 faiz böyüyəcəyi gözlənilir. Hətta bu rəqəmin kiçiləcəyi ehtimalları da kifayət qədər yüksəkdir. İqtisadi ressesiya fonunda artan inflyasiyanın cilovlanması da mümkünsüz görünür. Hazırda ?vro tədavül tarixində dollara nisbətən ən ucuz məzənnə ilə təklif olunur. Avropa İttifaqında inflyasiya dərəcəsi avqust ayında 9.1 faizə yüksəlib. Bir ay öncə ittifaq ölkələrində orta qiymət artımları səviyyəsi 8.9% idi. Ötən il isə bu rəqəm cəmi 2.2% səviyyəsində olub.

Əsas narahatlıqlar isə enerji təhlükəsizliyi ilə bağlıdır. Rusiyadan enerji məhsullarının tədarükünün azalması fonunda qoca qitə soyuq qış imtahanı qarşısında qalıb. Hazırda Aİ məkanında təbii qaz enerji istehlakının əsas seqmentini təşkil edir (dörddə bir faiz). Qoca qitənin təbii qaza illik tələbatı təxminən 400 milyard kubmetrə bərabərdir. Bu həcmdə istehlakın 90 faizi idxal hesabına qarşılanır.  İndi bu həcmin yarıya qədərini itirmək təhlükəsi və yaxud başqa mənbələrdən əvəzləmək məcburiyyəti qarşısında qalan qoca qitənin ağır durumunu təsəvvür etmək çətin deyil. Rusiya “Şimal axını -1”lə Avropaya qaz ixracını dayandırıb. Bu, texniki səbəblərlə izah olunsa da, siyasi məqsədlər ortadadır. Rusiya Avropanın sanksiyalarına mavi yanacaq açarlarını bağlamaqla cavab verir. Rusiyanın dövlət başçısı V.Putin bu günlərdə birmənalı şəkildə bəyan edib ki, qoca qitə üzümüzə gələn qışda onun ölkəsindən qaz almayacaq.

Yaranan vəziyyət fonunda Avropa ölkələrinin hökumətləri iqtisadiyyatın və əhalinin sərt qənaət rejiminə alışdırılmasına çağırış edirlər. Qışda enerjiyə qənaət rejiminin bəzi detalları da bəlli olub. Verilən məlumatlara görə, əhalini “israfçılığa görə cərimə” cəzası da gözləyir.

Belə vəziyyətdə bir çox ölkələr başlarına necə çarə tapmağın yollarını arayırlar. Çexiyanın paytaxtı Praqada on minlərlə insan Rusiyadan enerji məhsullarının idxalına qoyulan sanksiyalara etiraz mitinqinə qatılıb. Mitinqçilərin əsas tələblərindən biri Rusiya ilə ənənəvi təchizat əlaqələrinin bərpası olub.

Avropada iqtisadi vəziyyətlərini düzəltmək ümidi ilə Rusiyaya qarşı sanksiyalardan möhlət hüququ qazanmağa cəhdlər göstərən ölkələrin və şirkətlərin də sayı artmaqdadır. Bəzi ölkələrdə açıq mətnlə bildirirlər ki, onlar sanksiyaların əsirinə çevriliblər və qandalları sındırmaq lazımdır. Məsələn, Estoniyanın xarici işlər naziri Urmas Reynsalu ölkəsinin 28 şirkətinin onların Avropa Komissiyasının Rusiyaya qarşı sanksiyalarından müvəqqəti qaydada azad edilmələri barədə müraciət ünvanladığını bəyan edib. Həmin şirkətlər Rusiyadan neft məhsullarının ixracının bərpa edilməsini istəyirlər. Euractriv nəşrinin yazdığına görə Niderlandın bir sıra şəhər şuraları da hökumətə Avropa Komissiyasının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların icrasını onların üzərindən müvəqqəti qaydada dayandırılmasını özündə ehtiva edən müraciət yayıblar. Belə şəhər şuralarının sayı səkkizə çatıb. Onlar enerji daşıyıcılarının qiymətlərinin hədsiz dərəcədə yüksək olmasından şikayətlənirlər.

Sadalanan faktlar Avropanın çətin durumu barədə konkret təsəvvür yaradır. Qoca qitənin qış imtahanından necə çıxacağını isə zaman göstərəcək...

Paylaş:
Baxılıb: 660 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30