Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan-Qazaxıstan: Ortaq dəyərlər, ortaq maraqlar

Azərbaycan-Qazaxıstan: Ortaq dəyərlər, ortaq maraqlar

08.04.2023 [10:20]

Mübariz FEYİZLİ

Azərbaycan və dost Qazaxıstan müstəqillik illərində qarşılıqlı münasibətlərini uğurla inkişaf etdirərək yüksək səviyyəyə çatdırıblar. Bu da ilk növbədə onunla bağlıdır ki, yaxınlaşmağa, inteqrasiyanı genişləndirməyə həm dövlətlər səviyyəsində güclü siyasi iradə göstərilir, həm də cəmiyyətlərdə buna böyük istək var. Azərbaycan və qazax xalqlarını tarixi bağlar, adət-ənənə oxşarlığı, etiqad eyniliyi və coğrafi qonşuluq kimi fundamental amillər birləşdirir. Bütün bunlar da dövlətlərimiz arasında münasibətlərin səmimiliyini və davamlılığını şərtləndirir.

Türk birliyinə doğru

Böyük Türk dünyasının ümumi maraqları Azərbaycan və Qazaxıstanı ortaq məxrəcə gətirən ən mühüm amillədən biri qismində çıxış edir. Dost Qazaxıstan qısa müddətdə nüfuzlu beynəlxalq təşkilata çevrilən Türkdilli Dövlətlər Təşkilatının (TDT) əsasını qoyan ölkələrdən biridir. Qazaxıstan Mərkəzi Asiyada böyük coğrafiyaya malikdir. Zəngin təbii resurslara və əmək ehtiyatlarına malik olan bu ölkə TDT-nin institusional qurum kimi möhkəmlənməsinə, funksionallığının artmasına, regional və qlobal proseslərə təsir imkanlarının genişlənməsinə davamlı töhfələr verir. Qazaxıstan TDT-da birləşən bütün ölkələrlə xoş mərama əsaslanan dinamik siyasi-iqtisadi münasibətlər qurub. Bu ölkənin rəsmiləri TDT-nin qərarlarının icrasının yüksək səviyyədə təmin olunmasına davamlı səylər göstərirlər. TDT-nin mart ayında baş tutan Ankara Sammitindən az sonra Prezident Kasım-Jomart Tokayevin Türk İnvestisiya Fondunun yaradılması haqqında saziş layihəsini təsdiqləməsi buna son nümunədir. Onu da vurğulayaq ki, Azərbaycan, Türkiyə və Qazaxıstanın iştirakı ilə üçtərəfli platforma formalaşıb. Ötən il Bakıda Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Türkiyə Respublikasının xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin ilk üçtərəfli görüşü keçirilib. Görüşdə yaranan yeni geosiyasi reallıqlar və müasir çağırışlar kontekstində aktual müzakirələr aparılıb və yekun olaraq Bakı Bəyannaməsi imzalanıb.

Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi ,həmçinin Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı deyib: “Təsadüfi deyil ki, hətta mənim səfərlərimin və qardaş ölkələrin dövlət başçılarının səfərlərinin son xronologiyasına baxsaq, bizim bu məsələyə əlavə dinamizm verdiyimizi görmək olar. Bütün Türkdilli ölkələrlə münasibətlər bizim üçün prioritetdir. Xüsusən indiki geosiyasi vəziyyətdə biz qarşılıqlı dəstəyin, dövlətlərimizin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsinin, əməkdaşlığımıza konkret məzmun verməyin zəruriliyini nəzərə alaraq ümumi maraqlar ətrafında daha sıx birləşməliyik”.

Son vaxtlarda Türkdilli ölkələr arasında keyfiyyətcə yeni əməkdaşlıq münasibətlərinin qurulmasının şahidi oluruq. Xəzər-Qara dəniz hövzələri regionunda geniş coğrafiyada yerləşən Türkdilli ölkələr arasında birliyin möhkəmlənməsində Azərbaycanın rolunu xüsusi qeyd edə bilərik. Xatırladaq ki,

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsası 2009-cu il 3 oktyabr tarixində Naxçıvanda məhz Azərbaycan Prezidenti İlham Əliyevin böyük səyləri sayəsində qoyulub. Azərbaycan indiyədək Türkdilli ölkələri bir araya gətirən müxtəlif tədbirlərə məmnuniyyətlə ev sahibliyi edib. Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi pandemiya dövrünə düşsə də, ölkəmiz vəziyyətə adekvat reaksiya verərək uğurlu bir sədrlik həyata keçirib. 2020-ci ildə Azərbaycan təşkilatın dövlət və hökumət başçılarının onlayn Zirvə görüşünü təşkil etdi. Bu, pandemiya dövründə dövlət və hökumət başçıları səviyyəsində təşkil edilən ilk beynəlxalq onlayn tədbir idi.

TDT-nin Baş katibi Bağdad Amreyev ötən il oktyabrın 21-də Prezident İlham Əliyev tərəfindən qəbul olunub. Görüş zamanı Prezident İlham Əliyev Türk dünyası ilə bağlı yeni baxış ortaya qoyub və qeyd edib ki, Türk dünyası yalnız Türk dövlətlərindən ibarət deyil və Türk dövlətlərindən kənarda yaşayan Türk mənşəli insanların hüquqları, təhlükəsizliyi qorunmalıdır. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın hüquq və azadlıqları ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir.

Ölkəmizin liderliyi sayəsində reallaşan Bakı-Tbilisi-Ceyhan boru kəməri 17 ildir Azərbaycan, Türkmənistan və Qazaxıstan neftini dünya bazarlarına fasiləsiz çatdırır. Yenə də ölkəmizin moderatorluğu ilə ərsəyə gələn və inşası 2020-ci ildə tamamlanan  Cənub Qaz Dəhlizi sayəsində Türk dövlətləri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar. Prezident İlham Əliyevin təşəbbüsü ilə mart ayında Ankarada Türkdilli Dövlətlər Təşkilatının Dövlət Başçılarının fövqəladə Zirvə görüşünün keçirilməsi dövlətimizin başçısının Türk dünyasının birliyinə verdiyi daha bir töhfədir.

Azərbaycan-Qazaxıstan: Siyasi dialoqun yüksək səviyyəsi

Müstəqil Azərbaycanla müstəqil Qazaxıstan arasında siyasi dialoq yüksək dinamizmi ilə səciyyələnir. Hər iki ölkənin yüksək səviyyəli rəsmiləri müntəzəm qaydada qarşılıqlı səfərlər edərək əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparırlar. Prezident İlham Əliyevin Qazaxıstana ilk rəsmi səfəri 2004-cü ildə baş tutub. Ölkələrimiz arasında hökumətlərarası birgə komissiya fəaliyyət göstərir. Milli Məclisdə Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Qrup parlamentlərarası münasibətlərin genişləndirilməsində mühüm rol oynayır. Azərbaycan

Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müxtəlif auditoriyalardakı çıxışlarında qarşılıqlı münasibətlərin dərinləşməsindən məmnunluq ifadə edərək əməkdaşlığın perspektivləri ilə bağlı fikirlərini diqqətə çatdırıblar.

Bütövlükdə, indiyədək Azərbaycanla Qazaxıstan arasında 120-dən çox sənəd imzalanıb. İki ölkə arasında yaxın dostluq münasibətləri 1 mart 2004-cü ildə Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 24 may 2005-ci ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə möhkəmləndirilib.

Ölkələrimiz ikitərəfli formatda olduğu kimi, beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirlər. Bu sırada Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, TDT, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq qurumları qeyd edə bilərik.

Qazaxıstan dövləti və xalqı hər iki Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək nümayiş etdirib. Böyük qazax mütəfəkkiri Oljas Süleymenov 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında rus-erməni şovinizminə qarşı çıxış edərək Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olan qazax şəhidi Yerbol Barımbekovun xatirəsi daim anılır. 

Vətən müharibəsi dövründə isə Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib. Təsadüfi deyil ki, Qazaxıstanın ölkəmizdəki səfirliyi Qarabağda yaradılacaq kitabxanalara kitab dəstəyi verməyə hazır olduğunu qeyd edib. Bir qədər bundan əvvəl  Füzuli şəhərində Qazaxıstan Respublikası tərəfindən ianə və inşa olunacaq Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin təməlqoyma mərasimi keçirilib.

Layihəyə əsasən incəsənət məktəbi Füzuli şəhərində ümumi sahəsi 1,5 hektar olan ərazidə yerləşəcək. Tikinti sahəsi 2708 kvadratmetr, ikimərtəbəli binadan ibarət olacaq məktəbdə hər biri 300 nəfər olmaqla, növbəli şəkildə 600 şagirdin təhsil alması üçün lazımi şəraitin yaradılması nəzərdə tutulur.

Orta Dəhliz üzərində iki mühüm ölkə

Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq çoxvektorludur. Bura enerji, sənaye və kənd təsərrüfatı kimi istiqamətlərdə əməkdaşlıq əlaqələri daxildir. Bu gün Azərbaycana Qazaxıstandan buğda, təbii barium sulfatı (barıt), bir sıra neft məhsulları idxal olunur. Öz növbəsində ölkəmiz Qazaxıstana ağ şəkər və kimyəvi cəhətdən təmiz olan digər saxaroza, meyvə, meyvə şirələri, mebellərin ixracını həyata keçirir. Hazırda Azərbaycanda 165 Qazaxıstan şirkəti fəaliyyət göstərir. Qeyri-neft sektorunda Azərbaycandan Qazaxıstana indiyə qədər 204.3 milyon ABŞ dolları dəyərində sərmayə yatırılıb. Qazaxıstandan Azərbaycana isə bu sahə üzrə 98,8 milyon ABŞ dolları həcmində investisiya qoyulub.

Azərbaycan və Qazaxıstanı, həmçinin Orta Dəhlizdə ortaq maraqlar birləşdirir. Hər iki ölkə Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan sərmayəsi ilə inşa edilən “Aktau İstehsal və Logistika Mərkəzi” ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Məlumdur ki, indiki gərginliklər fonunda Avrasiya məkanından keçən bir sıra marşrutlar üçün ciddi təhdidlər yaranıb. Hazırda müharibə səbəbindən Qara dənizin Ukrayna sahillərindəki limanlarda təhlükəli vəziyyət hökm sürür və əslində, onların fəaliyyəti dayanıb. Müharibənin digər tərəfi olan Rusiyadan keçən marşrutlara təhlükəsizlik nöqteyi-nəzərindən və bir sıra başqa səbəblərdən diqqət azalıb. Belə heç də adi olmayan bir şəraitdə Orta Dəhlizin cəlbediciliyi artıb və bu maşrut üçün yeni fürsətlər yaranıb. Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan,  Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların  sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat  marşrutdur.

Bu marşrutun ən vacib hissəsi isə təbii ki, Zəngəzur dəhlizi olacaq. Heç şübhəsiz, Zəngəzur dəhlizi, ilk növbədə, bölgənin inkişafında xüsusi əhəmiyyət kəsb edəcək, regionda yeni əməkdaşlıq formatının yaranmasına, sülhün və tərəqqinin təmin olunmasına xidmət göstərəcək. Ən əsası isə odur ki, bu dəhliz coğrafi baxımdan bütün Türk dünyasını birləşdirəcək. Azərbaycanın və Qazaxıstanın marağı bu tranzit xəttinin imkanlarından maksimal dərəcədə faydalanmaqdır. 2017-ci ilin 30 oktyabr tarixində istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Yeni Bakı Beynəlxalq Dəniz Limanı, Qazaxıstanın qərb və şərq sərhədlərini birləşdirən dəmir yolu xətləri və Kurık dəniz limanı ölkələrimizin tranzit potensialının daha da artırılmasına xidmət edir. Artıq biz Çin-Avropa istiqamətində region üzərindən yükdaşımalarının çox sürətlə artdığını görürük.

Paylaş:
Baxılıb: 525 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30