Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Güclü regionlar - güclü Azərbaycan!

Güclü regionlar - güclü Azərbaycan!

11.08.2023 [10:15]

SAMUX

Azərbaycan öz inkişaf strategiyasını ölkənin qarşısında duran prioritet məsələlərə uyğun qurub. Strateji hədəflər bir qayda olaraq ölkənin imkanları, meydana çıxan yeni qlobal çağırışlar və əlbəttə ki, cəmiyyətdən gələn sosial sifarişlər əsasında müəyyənləşdirilir. Qeyd olunanlar nəzərə alınmaqla respublikamızda regionların tarazlı inkişafı, bölgələrdə yaşayan insanların həyat səviyyəsinin davamlı şəkildə yüksəldilməsi, onlar üçün bütün rahatlıqların təmin olunması, infrastruktur və investisiya təminatını gücləndirməklə yerlərdə iqtisadi potensialdan səmərəli istifadə edilməsi,  fəal məşğul əhalinin əmək bazarına çıxış imkanlarının artırılması dövlət siyasətinin prioritetləri kimi ön plana çəkilib.

Eyni zamanda, qeyd olunan hədəflərə çatılmasını təmin etmək məqsədilə ölkəmizdə 2004-cü ildən etibarən Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları reallaşdırılır. İndiyədək 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən regional inkişaf proqramlarının icrası uğurla təmin edilib. Hazırda isə sayca dördüncü olan müvafiq Dövlət Proqramı reallaşdırılmaqdadır. Prezident İlham Əliyevin müntzəm qaydada regionlara səfərlərə getməsi, layihələrin təməlqoyma və yaxud açılış tədbirlərinə şəxsən qatılması regional inkişaf proqramlarının daha səmərəli şəkildə reallaşdırılmasında mühüm rol oynayır. Ənənəsinə sadiq qalan dövlətimizin başçısı bu günlərdə daha bir neçə bölgədə, o cümlədən də Samux rayonunda səfərdə olub və yeni açılışlara qatılıb.

Kənd təsərrüfatı məhsullarının istehsalında artım

Samux rayonu iqlim şəraitinə və coğrafi mövqeyinə görə respublikamızda kənd təsərrüfatı üçün  ən əlverişli rayonlardan biridir. Rayonun ərazisi 144854 hektar, kənd təsərrüfatına yararlı sahəsi  69296,0 hektar,   balans üzrə əkin sahəsi isə 22661 hektardır.  Kənd təsərrüfatına yararlı torpaq sahələrinin 23744,1 hektarı suvarılan torpaqlardır. Rayonun ərazisindən  5 çay keçir:  Kür, Qabırrı, Qanıx, Gəncəçay və Quşqara çayları. Əkin sahələrinin suvarılmasında bu çaylardan, Şəmkir Maşın Su Kanalından,  həmçinin subartezian quyularından istifadə olunur.

Respublikanın hər yerində  olduğu kimi, Samux rayonunda  da kənd təsərrüfatı məhsullarının istehsalçılarına  dövlət tərəfindən yüksək qayğı göstərilir və bu qayğı ildən-ilə artmaqdadır. Ölkə Prezidentinin müvafiq  Sərancamı ilə 1999-cu ildən kənd təsərrüfatı müəssisələri torpaq vergisindən başqa bütün vergilərdən azaddır. Hazırda əkin sahələrinin  becərilməsində istifadə olunan yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə  görə, pambıq, tütün,  şəkər çuğunduru və  barama istehsalçılarına hər il dövlət büdcəsinin  vəsaitləri hesabına subsidiyalar verilir. Süni mayalanma  yolu  ilə alınmış hər buzova görə və hər arı ailəsinə görə təsərrüfat rəhbərlərinə subsidiyalar ödənilir. Bundan əlavə kənd təsərrüfatı məhsulları istehsalçılarına mineral gübrələr 70 faiz güzəştli qiymətlərlə satılır. Rayonda fəaliyyət göstərən “Aqrolizinq “ açıq səhmdar cəmiyyətinin Samux filialı kənd əməkçilərinə hər cür  aqroservis  xidmətləri göstərir.

Genişlənən dövlət dəstəyinin məntiqi nəticəsi olaraq rayonda kənd təsərrüfatı məhsularının istehsalı getdikcə artır. Ötən il Samux rayonunda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 121765,0 min manat olub ki, bu da 2021-ci illə müqayisədə 5,8 faiz çoxdur.

Rayon iqtisadiyyatında artım dinamikası 2023-cü ilin birinci yarısında da davam edib. Bu ilin yanvar-iyun aylarında Samux rayonu üzrə məhsul buraxılışının həcmi 109622,1 min manat olub. Bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 11864,1 min manat və ya 1,4 faiz çoxdur. Məhsul buraxılışının 74474,9 min manatı və ya 67,9 faizi rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatının payına düşür. O cümlədən, Samuxda bitkiçilik məhsullarının istehsal həcmi 43825,5 min manat, heyvandarlıq məhsullarının istehsal həcmi isə 30649,4 min manat olub. Əvvəlki ilin müvafiq dövrünə nisbətən bitkiçilik məhsullarının istehsal həcmi 9069,8 min manat və ya 14,1 faiz, heyvandarlıq məhsullarının istehsal həcmi isə 3872,5 min manat və ya 3,6 faiz artıb. Məhsul buraxılışının həcmi sənaye üzrə 8,9 faiz, tikinti üzrə 1,4 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 1,5 faiz, informasiya və rabitə üzrə 0,5 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri üzrə isə 19,8 faiz təşkil edib.

Genişlənən infrastruktur quruculuğu

Müasir infrastruktur quruculuğu həm iqtisadi inkişaf, həm də insanların həyat səviyyəsinin yüksəlməsi baxımından müstəsna önəm daşıyır. Böyük iqtisadi və sosial önəmi nəzərə alınaraq infrastruktur quruculuğu regional inkişaf proqamlarının əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Nəticə çox sevindiricidir - qısa zaman kəsiyində respublikamız infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri səviyyəsinə yüksəlib. O cümlədən son 20 ildə Samux rayonunda da bir sıra önəmli infrastruktur obyektləri yaradılaraq əhalinin istifadəsinə verilib. Əlamətdar haldır ki, onların bir çoxunun təməqoyma və yaxud açılış mərasimlərində Prezident İlham Əliyev şəxsən iştirak edib. Bu sırada 500 kv-lıq Samux yarımstansiyasını nümunə göstərə bilərik. Dövlət başçısının iştirakı ilə 2011-ci ilin fevral ayının 3-də istifadəyə verilən yarımstansiya qərb bölgəsinin və Gəncə poladəritmə zavodunun enerji təminatını həyata keçirməklə yanaşı, Gürcüstan və Türkiyə respublikalarının enerji təminatında da mühüm rol oynayır. Yarımstansiyanın ümumi ərazisi 30 hektar təşkil edir.

2017-ci il avqustun 19-da rayon üçün müstəsna əhəmiyyət daşıyan 110/35/10 kV-luq “Yenikənd” yarımstansiyası yenə də dövlət başçısının iştirakı ilə  istifadəyə verilib. “Azərişıq” ASC tərəfindən tam yenidən qurulan yarımstansiyada 16 MVA gücündə iki transformator quraşdırılıb. Fiziki cəhətdən köhnəlmiş 110 kV-luq avadanlıq müasir tipli 110 kV-luq eleqaz açarlar və avadanlıqla əvəz olunub. Yarımstansiyada 2 ədəd 35 kV-luq “1-ci Poylu” və “2-ci Poylu”, 6 kV-luq “Qırmızı Samux”, “Yenikənd”, “Fövqəladə hallar” hava xətləri qurulub. 35 kV-luq “1-ci və 2-ci Poylu” hava xətlərindən budaqlanan Qırmızı Samux kəndi ərazisində 35/6 kV-luq, gücü 2,5 MVA olan “Lüksemburq” adlı müasir qapalı tipli yarımstansiya tikilib.

Yarımstansiyadan ümumi uzunluğu 150 kilometr olan 35 kV-luq dörd kabel xətti çəkilib. Həmin xətlər kənd təsərrüfatı təyinatlı torpaqların suvarılmasında müstəsna əhəmiyyətə malikdir. Belə ki, 9500 hektarda əkiləcək pambıq və qarğıdalı sahələrinin suvarılması üçün nasosların elektrik enerjisi ilə təchiz olunmasını məhz bu yarımstansiya həyata keçirir.

Samux rayonunda 35/10 kV-luq “Qarayeri” yarımstansiyası da tam yenidən qurulub. Bu yarımstansiya ümumilikdə 2545 abonentə xidmət edir. Bu isə 12 min əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına imkan verir.

Bütövlükdə hazırda Samuxun bütün yaşayış məntəqələri fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Rayonun 35 yaşayış məntəqəsindən 27-si qazlaşdırılıb ki, bu da rayon əhalisinin 90 faizinin təbii qazla təmin olunması deməkdir. Samuxun bütün yaşayış məntəqələri stasionar telefonla təmin olunub.

Ölkədə ilk müstəqil enerji poliqonu - Samux Aqroenerji Yaşayış Kompleksi

Hazırda qlobal miqyasda meydana çıxan əsas çağırışlardan biri “yaşıl enerji”yə keçidlə bağlıdır. Bu qlobal çağırış Azərbaycanın gündəliyinə də tam uyğundur. Belə ki, ölkəmizdə həm zəngin “yaşıl enerji” potensialı var, həm də respublikamız müasir dövlət kimi inkişafı hədəfləyib. Əlamətdar haldır ki, Azərbaycanda “yaşıl enerji”yə keçid istiqamətində ilk addımlardan biri məhz Samux rayonunda atılıb. Burada Samux Aqroenerji Yaşayış Kompleksi yaradılır. Prezident İlham Əliyev rayona növbəti səfəri çərçivəsində 2017-ci il 19 avqust tarixində bəhs olunan komplekslə tanış olub. Alternativ və bərpa olunan enerji mənbələri hesabına hibrid tipli günəş, külək, geotermal, enerji və bioenerji istehsalı stansiyasından, enerji təminatlı kənd təsərrüfatı məhsullarının tədarükü, emalı, satışı sahələrindən ibarət olan Samux Aqroenerji Yaşayış Kompleksi özündə yüksək texnologiyaları, müasir idarəetmə sistemlərini birləşdirir. Bu, həm də ölkəmizdə həyata keçirilən üçpilləli Enerji İnkişafı Modelinin tərkib hissələrindən biridir. Layihənin əsas məqsədi Samux rayonunun enerjiyə olan tələbatının tam yerli alternativ və bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi, bununla yanaşı, respublikamızın enerji və kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində iştirak və ixrac potensialının artırılmasıdır.

Bildirildiyi kimi, layihənin 10-12 il müddətinə mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulur. Kompleksdə dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində dövlət tərəfindən alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji istehsalı sahələrinin yaradılması, alternativ və bərpa olunan enerji mənbələrinin yerli iqtisadiyyatın bütün sahələrinə tətbiqinin təmin edilməsi, yerli infrastrukturun inkişafında iştirak, özəl sektor tərəfindən isə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, logistika mərkəzinin və eləcə də burada fəaliyyət göstərən əməkdaşlar üçün müasir tipli yaşayış kompleksinin inşası planlaşdırılıb. Layihə 31 MVt-lıq elektrik və 48 MVt-lıq istilik generasiya gücünə malik hibrid tipli enerji stansiyasından, əkinçilik və bağçılıq sahələri, istixana, iribuynuzlu və xırdabuynuzlu heyvandarlıq, quşçuluq, balıqçılıq kompleksləri, arı ailələrinin yetişdirilməsi mərkəzi, süd və ət kombinatları, yem zavodu, logistika mərkəzindən və yaşayış kompleksindən ibarətdir.

Samux Aqroenerji Yaşayış Kompleksi alternativ və bərpa olunan enerji mənbələri hesabına işləyən hibrid enerji stansiyasında il ərzində istehsal ediləcək 120 milyon kilovat/saatdan artıq elektrik və 100 min heka kaloridən çox istilik enerjisi rayonun enerjiyə tələbatını tam ödəməklə, ildə 60 milyon kubmetr təbii qaza qənaət olunmasına və atmosferə buraxılan karbon qazının həcminin 90 min ton azaldılmasına imkan verəcək. Bununla yanaşı, aqrokompleksin fəaliyyəti ildə on minlərlə ton meyvə-tərəvəz, süd və ət məhsullarının istehsalına, 2000-dən çox daimi yeni iş yerinin açılmasına şərait yaradacaq. Hazırda Aqroenerji Yaşayış Kompleksində birinci mərhələ üzrə işlər başa çatdırılıb, dövlət hesabına 3,8 MVt-lıq günəş-bioenerji elektrik stansiyası, 1,1 MVt-lıq istilik stansiyası, 10/0,4 kV-luq yarımstansiya quraşdırılıb. Həmçinin rezidentlərin iştirakı hesabına Aqroenerji Yaşayış Kompleksinin üçmərtəbəli inzibati binası, heyvandarlıq kompleksi inşa edilib, əkinçilik, bağçılıq, arıçılıq və istixana təsərrüfatları, maşın-mexanizm parkı yaradılıb. Bu layihə çərçivəsində Samux Aqroenerji Yaşayış Kompleksində “Azguntex” zavodunda hazırlanan meyvə quruducuları, soyuducu kameralar və səyyar rejimdə fəaliyyət göstərən günəş işıqlanması ilə təmin olunmuş turist çadırları, günəş əsaslı yol işıqlanma sistemləri tətbiq edilib.

Samux Aqroenerji Yaşayış Kompleksi 50 mindən çox əhalisi olan bölgənin hibrid stansiyalarda istehsal olunan enerji ilə müstəqil rejimdə enerji təchizatını təmin edən ilk eksperimental poliqondur və bu təcrübənin digər rayonlarda və xarici ölkələrdə tətbiqi xüsusən enerji infrastrukturu olmayan bölgələrin enerji təminatı üçün geniş şərait yaradacaq.

Vətəndaş məmnunluğunun daha da artırılması

Azərbaycanın regional inkişaf proqramlarının icrası çərçivəsində hədəflədiyi əsas məqsədlərdən biri ölkə üzrə sosial siyasəti davamlı şəkildə dərinləşdirmək və bu əsasda vətəndaş məmnunluğunu artırmaqdır. Bütün ölkə üzrə sosial təyinatlı infrastrukturun şəbəkəsinin ilbəil genişləndirilməsi də məhz bu məqsədə xidmət edir. Bu siyasətin davamı olaraq Prezident İlham Əliyev regionlara son səfəri çərçivəsində avqustun 7-də Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.

Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 2019-cu ildə başlanılıb. İnşaat işləri bu ilin avqustunda başa çatdırılıb. İki hektar sahədə inşa olunan xəstəxana 90 çarpayılıqdır. Tibb müəssisəsinin üçmərtəbəli binasında əhaliyə ən müasir tələblər səviyyəsində səhiyyə xidməti göstərilməsi üçün lazımi şərait yaradılıb. Belə ki, xəstəxana Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyə istehsalı olan ən müasir avadanlıqla təchiz edilib.

Tibb müəssisəsində cərrahiyyə, terapiya, uşaq xəstəlikləri, nevrologiya, ginekologiya, travmatologiya, LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, doğuş, hemodializ, təcili tibbi yardım şöbələri fəaliyyət göstərəcək. Ərazidə əsas korpusla yanaşı, yoluxucu xəstəliklər korpusu və digər yardımçı sahələr üçün binalar inşa olunub.

Burada yaradılan şəraitdən görünür ki, vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr dövlətimizin başçısının daim diqqətində və nəzarətindədir.

Heydər Əliyev Fondunun böyük töhfələri

Bütün ölkə boyunca aparılan sosial təyinatlı infrastruktur quruculuğuna Heydər Əliyev Fondu da özünün sanballı töhfələrini verir. Prezident İlham Əliyev avqustun 7-də həmçinin Samuxda Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunan Sərkar kənd uşaq musiqi məktəbinin yeni binasının açılışına qatılıb. Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına binada yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, Sərkar kənd musiqi məktəbi 2002-ci ildən 1935-ci ildə inşa olunmuş kolxoza aid birmərtəbəli tikilidə fəaliyyət göstərib. Məktəbin binası ötən müddət ərzində köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü.

Üç yüz şagird yerlik yeni məktəbin inşasına Heydər Əliyev Fondu tərəfindən 2021-ci ilin iyulunda başlanılıb. Tikinti işləri həmin ilin noyabrında yekunlaşıb.

Məktəbin ümumi ərazisi 0,5 hektar, üçmərtəbəli korpusun sahəsi isə 2500 kvadratmetrdir. Bina 8 ballıq zəlzələyə davamlıdır.

Məktəb binasında 29 dərs otağı, orkestr, xor və tibb otaqları, qarderob, kitabxana, yeməkxana və akt zalı var. Təhsil ocağı zəruri mebel, avadanlıq və əyani vəsaitlə tam təchiz edilib. Binanın daxilində və ərazidə videomüşahidə kameraları quraşdırılıb. Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemləri quraşdırılıb.

Prezident İlham Əliyevə Heydər Əliyev Fondu tərəfindən Samux rayonunun Sərkar kəndində görülmüş digər işlər barədə də məlumat verilib. Qeyd edilib ki, burada yeni salınmış park istifadəyə verilib. Parkın ərazisində yaşıllıq zonası salınıb, uşaq əyləncə və idman meydançası quraşdırılıb. Açıq havada idmanla məşğul olmaq üçün əlverişli imkan yaradılıb, ərazidə müxtəlif trenajorlar qoyulub.

Heydər Əliyev Fondunun dəstəyi ilə Sərkar kəndində 6 min nəfərə yaxın sakinə xidmət göstərəcək yeni tibb məntəqəsi də fəaliyyətə başlayıb. Həkim otağı, sarğı otağı və texniki otaqdan ibarət olan tibb məntəqəsi zəruri tibbi avadanlıqla təmin edilib.

Prezident İlham Əliyevə məlumat verilib ki, hazırda Samux şəhərində Heydər Əliyev Fondu tərəfindən 3 saylı körpələr evi-uşaq bağçası üçün də yeni bina inşa olunur.

Xatırladaq ki, Heydər Əliyev Fondu Samux rayonunda bu günədək bir sıra layihələr həyata keçirib. Fond tərəfindən Sərkar kəndində 800 şagird yerlik tam orta məktəb və körpələr evi-uşaq bağçası yenidən inşa edilərək 2020-ci ildə istifadəyə verilib. Eləcə də həmin il rayonun Ziyadlı kəndində 523 şagird yerlik orta məktəb əsaslı təmir olunub, körpələr evi-uşaq bağçası üçün bina inşa edilib.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 654 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30