Tarixi şəhərlərimiz yenidən dirçəlir
05.10.2023 [12:00]
İndiyədək 2300 keçmiş məcburi köçkün evlərinə qayıdıb
İlin sonuna qədər onların sayı 5500-ə çatdırılacaq
Mübariz ABDULLAYEV
Azərbaycan öz həqiqətlərini dünyaya çatdırmaq üçün müxtəlif platformalarda beynəlxalq əməkdaşlığa böyük önəm verir. Bu baxımdan respublikamızın BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) çərçivəsində əməkdaşlığı da böyük önəm daşıyır. Ölkələrin təcrübəsi göstərir ki, şəhərsalma və şəhərlərin inkişafı davamlı inkişafın təmin olunmasında mühüm rol oynayır. Davamlı qlobal urbanizasiya tendensiyaları fonunda, hər bir ölkənin üzləşdiyi spesifik çağırış və imkanlar bu inkişaf proqramının əhəmiyyətini daha da artırır. Ona görə də işğaldan azad edilmiş ərazilərimizə həyatın geri qaytarılması, dayanıqlı inkişaf, şəhər və digər yaşayış məskənlərinin yenidən qurulması sahəsində həyata keçirilən fəaliyyət, görülmüş işlər, eləcə də Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, Azərbaycanın bu sahədə topladığı təcrübəni beynəlxalq tərəfdaşlarla bölüşməsi məqsədilə Milli Şəhərsalma forumlarının təşkil edilməsi, xüsusilə də tədbirin azad edilmiş ərazilərdə keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Şəhərsalma məsələsinin ölkəmiz üçün prioritetliyini nəzərə alaraq, Azərbaycan BMT-nin Məskunlaşma Proqramı (UN-HABİTAT) ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.
Bu əməkdaşlığın nəticəsində Azərbaycanda ilk dəfə olaraq 2022-ci il oktyabrın 5-6-da BMT-nin Məskunlaşma Proqramı ilə birgə Ağdam və Bakı şəhərlərində 44 ölkədən ümumilikdə 400 nəfər iştirakçının qatıldığı 1-ci Milli Şəhərsalma Forumu təşkil edilib. 2023-cü il sentyabrın 29-da isə BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi baş tutub. Açılış mərasiminə qatılan Prezident İlham Əliyev tədbirdə çıxış edib.
Erməni vandalizminin kədərli izləri - sərhəd tanımayan urbisid və kultursid
Vətən müharibəsində işğaldan azad olunmuş ərazilər dünyada özlərindən “mədəni xalq” mifi uyduran ermənilərin gerçək simalarını bütün cəhətləri ilə açıb ortaya qoyur. Bu ərazilərdə yaşayan azərbaycanlılar öz ev-eşiklərindən zorla çıxarılıb, eyni zamanda ucdantutma hər şey dağıdılıb və yerlə-yeksan edilib. Tədbirdəki çıxışında Ermənistanın işğalçılıq siyasətinə diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, bizə qarşı etnik təmizləmə, işğal və ərazilərimizin məhvi həyata keçirilib. “Otuz il ərzində bir milyondan çox azərbaycanlı evlərindən didərgin salınıb. Onların 200 mindən artığı hazırkı Ermənistan ərazisindən sürgün edilib. Bizim şəhərlərimiz, kəndlərimiz darmadağın edilib. 30 il ərzində işğalçı qüvvələr bizə buraya qayıtmağa imkan vermirdi”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Otuz illik işğal dövründə məqsədli şəkildə viran qoyulan şəhər və kəndlərimizin siyahısı çox uzundur. Bu siyahıda 9 Azərbaycan şəhərinin adı var. Ermənistan eyni zamanda Azərbaycanın yüzlərlə kəndini qəsdən dağıdıb, bütün mədəni və dini abidələrimizi viran qoyaraq, talayaraq, onları əsl urbisid (şəhərlərə qarşı genosid) və kultursid (mədəniyyətə qarşı genosid) nümunələrinə çevirib. Sözsüz ki, İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Ermənistan bu ərazilərdə əsrlər boyu yaşayan Azərbaycan xalqının izini silməyə çalışıb. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, xarici mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırırlar. Füzuli şəhəri işğaldan azad olunanda Azərbaycan Ordusu orada bir dənə də salamat bina tapa bilmirdi ki, onun üzərində bayrağımızı dalğalandırsın. Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb. Hətta qəbiristanlıqlar belə təhqir olunub, dağıdılıb və talanıb.
Ərazilərin 2022-2026-cı illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı
Müharibə başa çatandan sonra ermənilər iddia edirdilər ki, işğaldan azad olunmuş əraziləri bərpa etməyə Azərbaycanın gücü çatmayacaq, bundan ötrü onilliklər lazım gələcək. Ancaq belə olmadı. Müharibə başa çatandan dərhal sonra bütün dünya dövlətimizin və xalqımızın torpaq sevgisinin, gücünün və qüdrətinin bir daha şahidi oldu.
İşğaldan azad olunmuş ərazilərin bərpasına vaxt itirilmədən start verildi. Ölkəmiz bu ərazilərin bərpasını və ora soydaşlarımızın layiqli şəkildə qaytarılmasını özünün beş mühüm prioritetindən biri kimi müəyyənləşdirib. Artıq bəhs olunan ərazilərimizə həyat geri qayıdır. Vətən müharibəsindən sonra Azərbaycan keçmiş məcburi köçkünləri öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün urbisidə məruz qalmış 10 min kvadratkilometrdən çox ərazini sıfırdan yenidən qurur, şəhərlər və kəndlər inşa edir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2022-2026-cı illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”na əsasən ilkin mərhələdə 100 yaşayış məntəqəsinin (8 şəhər, 8 qəsəbə və 84 kənd) bərpa edilməsi nəzərdə tutulub.
Ümumilikdə 2021-2023-cü illərdə dövlətimizin başçısı tərəfindən 105 layihənin təməli qoyulub, 63 müxtəlif təyinatlı tikinti obyektinin açılışı keçirilib. Ərazidə sosial infrastruktur yenidən qurulur, Füzuli və Zəngilanda olmaqla iki hava limanı, çoxlu sayda avtomobil yolları, su elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar və sair tikilib istifadəyə verilib. Hazırda yeni layihələrin icrası sürətlə davam etdirilir. İşğaldan azad edilmiş ərazilərin 97 min hektardan çoxu mina və partlamamış hərbi sursatlardan təmizlənib. İndiyədək 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiq edilib və 30 kəndin təməli qoyulub. Qarşıdan gələn illərdə xüsusilə Şuşa və digər şəhərlərdə çox böyük, iri həcmli yaşayış layihələrinin həyata keçiriləcəyini xatırladan dövlətimizin başçısı deyib ki, bu, bizim Proqramın tərkib hissəsidir.
Eyni zamanda, artıq işğaldan azad olunmuş ərazilərin məskunlaşdırılmasına start verilib. Ötən ilin iyul ayından etibarən ilkin olaraq 2 şəhərə (Laçın və Füzuli şəhərləri) və 3 kəndə (Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux kəndləri) keçmiş məcburi köçkünlərin qayıdışı reallaşdırılıb. Bütövlükdə indiyədək 2300 keçmiş məcburi köçkün evlərinə qayıdıb. İlin sonuna qədər onların sayı 5500-ə çatdırılacaq. “...Bu gün biz şahidiyik ki, Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu, ilk növbədə, onu göstərir ki, Azərbaycan xalqı öz vətəninə nə dərəcədə bağlıdır. Onlar öz vətənlərində, əcdadlarının vətənlərində yaşamaq istəyirlər”, - deyə dövlətimizin başçısı bildirib.
Zəngilanda yeni yaşayış kompleksləri salınır
İşğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin bərpası getdikcə daha geniş miqyas alır. Prezident İlham Əliyev bu günlərdə Zəngilan və Cəbrayıl rayonlarına növbəti səfəri çərçivəsində çoxsaylı infrastruktur obyektləri ilə yanaşı, ayrı-ayrı ünvanlarda layihələndirilən yeni yaşayış komplekslərinin də təməlqoyma mərasimlərinə qatılıb. O cümlədən dövlətimizin başçısının iştirakı ilə Zəngilan şəhərində 2-ci yaşayış kompleksinin təməli qoyulub. Zəngilan şəhərinin Baş planına uyğun olaraq, əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. Şəhərdə daha əvvəl təməli qoyulan 110 mənzildən ibarət ilk yaşayış kompleksinin layihələri hazırdır və yaxın vaxtlarda tikinti işlərinə başlanacaq.
Tədbirdə bildirilib ki, “Böyük Qayıdış” proqramına uyğun olaraq, növbəti yaşayış məhəllələrinin salınması çərçivəsində 410 mənzildən ibarət yeni yaşayış komplekslərinin tikintisi nəzərdə tutulur. İkinci yaşayış
kompleksi Qələbə və Memorial parkların yaxınlığında, şəhərin azsıxlıqlı zonasında yerləşməklə, əsasən “taunhaus” tipli evlərdən ibarət olacaq. Plana əsasən, burada 87 mənzil nəzərdə tutulur.
Zəngilan şəhərində sentyabrın 28-də dövlət başçısının təməlini qoyduğu 3-cü yaşayış kompleksi iki sahəyə bölünüb və hər biri üçün özünəməxsus konsepsiya hazırlanıb. Binaların memarlıq baxımından fərqliliyini təmin etmək məqsədilə onlar müxtəlif üslubda layihələndirilib.
Məlumat verilib ki, ümumi sahəsi iki hektar olan yaşayış kompleksində tikiləcək 3, 4 və 5 mərtəbəli çoxmənzilli binalar 8 blokdan və 192 mənzildən ibarət olacaq.
Zəngilan şəhərində təməli qoyulan 4-cü yaşayış kompleksinin inşa olunacağı ərazi şəhərin ortasıxlıqlı çoxfunksiyalı zonasında, inzibati mərkəzin yaxınlığında yerləşir. Bu yaşayış kompleksinin ərazisi iki hektardır. Şəhərin təsdiq edilmiş Baş planına uyğun olaraq, kompleksdə 3, 4 və 5 mərtəbəli çoxmənzilli binaların inşası nəzərdə tutulur. Konsepsiyaya əsasən, buradakı yaşayış binalarının 131 mənzildən ibarət olması planlaşdırılır.
Cəbrayılda regionlarımızın adı verilən yaşayış kompleksləri
Azərbaycan Prezidenti Cəbrayıl şəhərində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi - Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olub. Bildirildiyi kimi, ümumi sahəsi 7,9 hektar olan yaşayış kompleksi 33 binadan ibarətdir. Dördmərtəbəli və beşmərtəbəli binalarda ümumilikdə 712 mənzil olacaq. Onların 8-nin birotaqlı, 136-sının ikiotaqlı, 8-nin ikiotaqlı studio tipli, 392-nin üçotaqlı, 168-nin isə dördotaqlı olması nəzərdə tutulur. Birotaqlı mənzillərin sahəsi 40-50 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 55-90 kvadratmetr, ikiotaqlı studio tipli mənzillərin sahəsi 98-100 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 90-108 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 110-120 kvadratmetr təşkil edəcək.
Altı kvartaldan ibarət kompleksin inşası sürətlə və keyfiyyətlə həyata keçirilir. Bütün mənzillər tam təmirli olacaq, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz ediləcək. Binalar liftlə və mərkəzləşdirilmiş qazanxana vasitəsilə istiliklə təmin olunacaq.
Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da istifadəyə veriləcək.
Dövlətimizin başçısına Şirvan, Lənkəran və Yevlax Yaşayış kompleksləri barədə də məlumat verilib. Qeyd olunub ki, 8 hektardan çox ərazidə 25 binadan ibarət Şirvan Yaşayış Kompleksinin inşasına başlanılıb. Burada 9 mərtəbəli 14, 12 mərtəbəli 11 bina inşa ediləcək. Kompleksdə 32-si studio tipli, 216-sı ikiotaqlı, 768-i üçotaqlı və 248-i dördotaqlı olmaqla ümumilikdə 1264 mənzil olacaq. Bundan başqa, 960 şagird yerlik orta məktəb binası və 80 yerlik uşaq bağçası da tikiləcək.
Tikintisi yekunlaşmaqda olan Lənkəran Yaşayış Kompleksində doqquzmərtəbəli 5 bina inşa edilib. Binalarda ümumilikdə 240 mənzil var. Mənzillərin 32-si birotaqlı (studio tipli), 36-sı ikiotaqlı, 104-ü üçotaqlı, 68-i isə dördotaqlıdır.
Yeddimərtəbəli 6 binadan ibarət Yevlax Yaşayış Kompleksinin inşasına tezliklə başlanılacaq. Kompleksdə 28-i birotaqlı, 14-ü studio tipli, 84-ü ikiotaqlı, 139-u üçotaqlı, 64-ü isə dördotaqlı olmaqla ümumilikdə 329 mənzil olacaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

