Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Kriptovalyuta: virtual pul kimə və nəyə lazımdır?

Kriptovalyuta: virtual pul kimə və nəyə lazımdır?

14.02.2024 [11:10]

Dünyada rəqəmsal texnologiyaların inkişafı nağdsız ödənişlər sisteminin və onlayn pul bazarının gəlirli sahələri sırasında olan kriptovalyutaya da tələbatı artırmaqdadır. Kriptovalyuta virtual pul vahidi olduğundan əsas etibarilə dünyada fəaliyyət göstərən kriptovalyuta birjaları, mübadilə servisləri vasitəsilə əldə edilir. Yəni, ölkələrin mərkəzi bankları vasitəsilə tədavül vasitəsi kimi rəsmi ödəniş aləti deyil. Bu, virtual pullara sahib olmaq üçün müxtəlif  şirkət və birjaların, mübadilə servislərinin müvafiq sistemlərində qeydiyyatdan keçmək lazımdır. Sistemdə qeydiyyatdan keçdikdən sonra virtual aləmin üzvünə çevrilən istənilən şəxs özünün kart hesabındakı məbləğə uyğun olaraq istənilən həcmdə kriptovalyuta ala bilər, əməliyyatlar apara bilər. Bunun üçün beynəlxalq ödəniş sistemlərinin iki nəhəngi olan - “MasterCard” və “VisaCard” olması kifayətdir.

Xatırladaq ki, sistemdə qeydiyyat üçün heç bir sənəd yükləmək tələb olunmur, bu baxımdan kriptoaləmin üzvü olmaq asandır.

Kriptovalyuta ödəniş vasitəsi kimi bir çox əməliyyatlarda istifadə olunur və qlobal bazar bu pulu mübadilə aləti kimi tanıyır. Ona görə də qeyri-nağd ödəniş aləti kimi kriptopullarla iri birja və səhmdarların investisiyalarının artması halları da artıb. Ancaq, məsələ ondadır ki, bu, virtual ödəmə vasitəsi dayanıqlı və mərkəzləşdirilmiş tədavül aləti deyil və istər bank, istərsə də maliyyə-kredit institutları kriptovalyutanı iqtisadiyyatın, daha doğrusu, ölkənin maliyyə sabitliyinin təmin edilməsində iqtisadi dövriyyə vəsaiti kimi qəbul etmir. Yaxud, heç bir ölkənin mərkəzi bankının pul siyasətində kriptovalyuta dayanıqlı institisional maliyyə aləti hesab olunmur. Çünki rəqəmsal valyutalar banknot deyil və mərkəzi banklar tərəfindən emissiya olunmur.

Azərbaycana gəldikdə, ölkəmizdə kriptovalyuta bazarı ilə bağlı hüquqi mexanizm yoxdur, qanunvericilikdə bu virtual pulun tədavülülünü rəsmi təmin edən əsaslar təsbit olunmayıb. Doğrudur, Mərkəzi Bank blokçeyn texnologiyalarının inkişafına şərait yaratmaq üçün təşəbbüsləri dəstəkləyir, ancaq bu, kritovalyutaya keçid üçün əsas vermir. Digər məsələ, vergi tənzimlənməsidir. Vergi qanunvericiliyində rezidentlərin onlayn əməliyyatlar və rəqəmsal ödənişlər üzrə vergiyə cəlb edilməsi öz əksini tapsa da, bu sahədə hədsiz vergidən yayınma halları müşahidə edilir, əsas səbəb vergitutmanın mürəkkəb olmasıdır. Ona görə də kriptovalyuta kimi mürəkkəb əməliyatlara vergi nəzarəti daha çətindir. Onu da nəzərə alsaq ki, Azərbaycanda kriptovalyuta alışı üçün 10 % komissiya haqqı və 18 % əlavə dəyər vergisi nəzərdə tutulub, onda bu valyuta üzrə mübadilənin istifadəçilər üçün nə qədər çətin olması bir daha meydana çıxmış olur.

Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, kriptovalyutanın ölkə iqtisadiyyatına böyük ölçüdə heç bir təsiri yoxdur. Bu, rəqəmsal pullar  sadəcə olaraq müasir maliyyə piramidasının bir formasıdır. Kriptovalyutalar və onların qlobal maliyyə sisteminə təsiri inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə daha çox maraq doğurur. Çünki milyonlarla insanın  ənənəvi bank xidmətlərinə çıxışı yoxdur, onlar pul saxlamaq və köçürmək üçün kriptovalyutalardan istifadə edirlər.

E.Əmirov bildirir ki, kriptovalyuta ilə bağlı fırıldaqçılıq halları da çoxdur, belə hallara saxta ödəniş profillərində və veb-səhifələrində daha çox rast gəlinir. Bununla belə, xakerlər və maliyyə dələduzları yeni üsullarla çıxış edirlər. Bu sahə ilə məşğul olan şəxs  maksimum diqqətli olmalıdır.

Kriptovalyutalar üzrə təlimçi və ekspert, “ATC Launchpad” kriptovalyutasının yaradıcısı Ömər Qurbanəli isə qəzetimizə açıqlamasında bildirdi ki, “Bitcoin”in sayının az olması onun dünyada məşhurluğu ilə dəyərinin artması ilə nəticələnir. “Bitcoin”dən sonrakı illərdə yaranmış kriptopullar isə bir növ startap şirkətlərin hissələridir. Təsadüfi deyil ki, “Bitcoin”ə internetin qızılı, “Ethereum”a isə gümüşü deyirlər. Yəni, müharibələrin, iqtisadi böhranların artdığı, pandemiyaların yayıldığı müasir dünyada heç nəyə güvənməyən insanlar özlərinə qızıl, gümüş kimi “Bitcoin” və “Ethereum” də toplamağa çalışırlar. Digər kriptopullara isə insanlar sanki gələcəyin “Apple”, “Tesla”, “Meta”sı kimi baxırlar. “Altcoin”lər adlanan bu qrup isə həm “start- up” şirkətlərə, problemlərin həlli yolunda ortaya atılmış lahiyələrə yeni imkanlar yaradır, həm də yatırımçılara fürsətlər açır. Heç bir yerdən maddi dəstək ala bilməyən komandalar öz tokenlərini yaratmaqla özlərinə cəlbedici dairə yarada və layihələrini həyata keçirə bilirlər. Təbii ki, bu layihələrlə onlar müştərilərini özlərindən əvvəlki texnoloji, iqtisadi, sosial problemlərin həlli istiqamətində uğurlara imza atacaqlarına inandırmağı bacarmalıdır. Çünki “altcoinlər”ə yatırım edənlər komandaya, layihəyə, onun yol xəritəsinə və sosial şəbəkələrdəki aktivliyə ciddi fikir verirlər. Ancaq bununla yanaşı, onlayn bazarda saxta  virtual maliyyə seqmentləri də nəzərə alınmalıdır, hazırda onlayn platformalarda yalançı maliyyə piramidaları (ponzilər və şitkoinlər) də çoxdur. Bu qrup çox zaman süni şəkildə ciddi yükşəliş əldə edərək, müştərilərin diqqətini çəkə bilirlər. Bunun bir sübutu kimi bu yaxınlarda “Trump2024” adlı “MEXC” birjasında baş verən manipulyativ virtual maliyyə sxemini qeyd edə bilərik.

Bir məqamı da nəzərə almaq lazımdır ki, kripto və virtual notların emissiyasında əsas məqsədlərdən biri kimi dünyadakı iri maliyyə bosslarının dolların hökmranlığına son qoymaq istəyi də istisna olunmur, eləcə də siyasi amillərin rolu təsadüfi xarakter daşımır. ABŞ tərəfindən sanksiyalara məruz qalan Rusiya vətəndaşlarının hazırda İran, Türkiyə, BƏƏ və bir çox ölkələrlə ticarətlərdə kriptovalyutalara üstünlük verməsi də buna işarə edir. Bunun qarşısını almaq üçün isə Ukrayna müharibəsinin ilk günlərindən dünyanın ən böyük birjası Binance (artıq bir neçə aydır ki, ABŞ tərəfindən idarə edilir) Rusiyada fəaliyyətini dayandırmalı oldu.

Ö. Qurbanəlinin fikrincə, 2024-cü ilin sentyabr ayından buğa deyilən, “altcoin”in geniş mübadiləsinin baş verəcəyi gözlənilir. Belə ki, “Bitcoin”in önümüzdəki 2 il ərzində 100-250K dollar dəyərinə qədər yüksəlməsi gözlənilir.

Ekspert onu da bildirir ki, kriptopullardan istifadədə bir sıra qaranlıq məqsədlər güdənlər də az deyil, xüsusilə də, “çirkli pullar”ın yuyulması, saxta investisiya layihələri ilə investorları üzərində manipulyasiyalar və s. Ona görə də, Azərbaycanda bu kriptopullarla bağlı maarifləndirici tədbirlərə ehtiyac vardır.

Havar Şəfiyeva

Paylaş:
Baxılıb: 780 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30