Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 33 il öncə, bu gün...

33 il öncə, bu gün...

30.04.2026 [12:19]

BMT TŞ-nin qəbul etdiyi 822 saylı qətnaməni 27 il sonra Azərbaycan öz gücünə yerinə yetir?i

Bu gün BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin qəbul olunmasından 33 il ötür. Təşkilatın 30 aprel 1993-cü ildə keçirilən iclasında qəbul olunmuş bu sənəd Azərbaycanın erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonunun dərhal azad edilməsini ehtiva edir.

Kəlbəcərin işğalı...

Xatırladaq ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal edilib. O dövrdə mərkəzi hakimiyyətdən kömək almayan kəlbəcərlilər 1993-cü il mart ayının 23-dən aprel ayının 2-dək özlərindən qat-qat yaxşı təchiz olunmuş erməni hərbi birləşmələrinə qarşı mərdliklə vuruşublar. 1993-cü ilin qiymətlərinə görə, işğal nəticəsində Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub. İşğal nəticəsində Kəlbəcərdən 53340 nəfər adam qovulub, 511 dinc əhali öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb.

Kəlbəcərin uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazidə bioloji müxtəlifliyə, o cümlədən flora və faunaya, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub, ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, qiymətli ağac növləri ilə zəngin meşələrin, eləcə də təbiət abidələrinin, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulub. Kəlbəcər rayonunda 968 hektar ərazini əhatə edən “Qırmızı kitab”a daxil edilmiş ayıfındığı ağacları da kütləvi şəkildə qırılıb. Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik 7 relikt göl, o cümlədən Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl ciddi antropogen təsirə məruz qalıb.

822 saylı qətnamədə nələr yazılmışdı?

BMT Təhlükəsizlik Şurası da həmin il aprelin 30-da keçirdiyi iclasda Ermənistan ilə Azərbaycan arasında münasibətlərin pisləşməsi ilə əlaqədar ciddi narahatlığını ifadə edib, silahlı hərbi əməliyyatların genişlənməsini və xüsusilə, erməni qüvvələrinin Azərbaycan Respublikasının Kəlbəcər rayonuna sonuncu hücumunu “həyəcanla” qeyd edərək, belə vəziyyətin regionda sülh və təhlükəsizliyə təhlükə yaratması ilə əlaqədar xəbərdarlıq edib. İclasda, həmçinin böyük sayda mülki şəxslərin öz yurdlarından qovulması və regionda, xüsusilə Kəlbəcər rayonunda fövqəladə humanitar vəziyyətlə bağlı “həyəcan təbili” çalınıb.

BMT Təhlükəsizlik Şurasının üzvləri regionda bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini  təsdiqləyərək, beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha bəyan ediblər.  Eyni zamanda, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (indiki ATƏT-red.) çərçivəsində həyata keçirilən sülh prosesini dəstəkləndiyi vurğulanıb və silahlı hərbi əməliyyatların genişlənməsinin bu proses üçün dağıdıcı nəticə verə biləcəyindən dərin narahatlıq ifadə olunub.

Müzakirələrdən sonra BMT Təhlükəsizlik Şurası 5 bənddən ibarət 822 saylı qətnamə qəbul edib. Sənəddə təşkilat aşağıdakıları bəyan edib:

“1. Möhkəm atəşkəsin əldə edilməsi məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik aktlarının dərhal dayandırılmasını, həmçinin bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər bu yaxınlarda işğal olunmuş rayonlarından dərhal çıxarılmasını tələb edir;

2. Münaqişənin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Minsk qrupunun sülh prosesi çərçivəsində həll edilməsi məqsədilə maraqlı tərəfləri danışıqları dərhal bərpa etməyə və problemin sülh yolu ilə həllini çətinləşdirən hər hansı hərəkətlərdən çəkinməyə çağırır;

3. Mülki əhalinin əzablarını yüngülləşdirmək üçün regionda, xüsusilə münaqişəyə məruz qalmış rayonlarda, humanitar yardımın göstərilməsi üzrə beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsinə çağırır, bütün tərəflərin beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət etməyə borclu olduqlarını bir daha  təsdiq edir;

4. Baş Katibdən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Fəaliyyətdə olan Sədri, həmçinin Müşavirənin Minsk qrupunun Sədri ilə məsləhətləşmədə regionda, xüsusilə Azərbaycanın Kəlbəcər rayonunda, vəziyyətin qiymətləndirilməsini aparmağı və Şuraya növbəti məruzəni təqdim etməyi xahiş edir;

5. Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır”.

Sənəd iclasda yekdilliklə qəbul olunub. Həmin dövrdə təşkilatın beş daimi üzvü ilə yanaşı, qeyri-daimi üzvü olan Braziliya, Kabo-Verde, Cibuti, İspaniya, Macarıstan, Yaponiya, Mərakeş, Yeni Zelandiya, Pakistan və Venesuela qətnaməyə səs veriblər.

Kəlbəcərdə üçrəngli bayrağımız qürurla dalğalanır

Məlumdur ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası məcburi xarakter daşıyır. Lakin təşkilat Azərbaycana münasibətdə ikili standartlar nümayiş etdirib və bu səbəbdən 822 saylı sənədin icrası məsələsi 27 il kağız üzərində qalıb. Ona görə də, Azərbaycan dövləti sözügedən qətnaməni özü yerinə yetirdi. Belə ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünə özünün müzəffər ordusunun şanlı qələbəsi sayəsində nail oldu. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Silahlı Qüvvələrimiz XXI əsrin müharibəsini apardı və düşməni ağır məğlubiyyətə uğratdı. Düşmən ordusu cəmi 44 gün ərzində bütün döyüş qabiliyyətini itirdi. Ağır məğlubiyyət acısı yaşayan Ermənistan noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Həmin sənədə əsasən, məğlub Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarından döyüşsüz çıxmaq öhdəliyi götürdü. Razılaşmaya əsasən, Kəlbəcər noyabrın 25-də tamamilə boşaldılaraq Azərbaycana təhvil verildi. Həmin tarixdə Azərbaycanın Silahlı Qüvvələri rayon ərazisinə daxil olaraq burada nəzarəti ələ aldı. Prezident İlham Əliyevin sərəncamı ilə 25 noyabr Kəlbəcər Şəhər Günü elan edilib.

Artıq ötən ildən Kəlbəcər şəhərinə Böyük Qayıdış başlayıb. Hazırda keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmək üçün davamlı tədbirlər həyata keçirilir. 

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 94 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30