Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Meydan savaşımız - “Qorxutmadı bizləri yollardakı əngəl”

Meydan savaşımız - “Qorxutmadı bizləri yollardakı əngəl”

26.09.2026 [12:11]

Dəyərli yazıçı, özü də şəhid atası olan Sabir Əhmədli “Axirət sevdası” əsərində yazırdı ki, “Hər şey yerini alacaq. Dağılmış şəhərlər, kəndlər yenidən qurulacaq, əzəlkindən də abad olacaq. Qaçqın-köçkün yurda qayıdacaq. Bircə şəhidlər qayıtmayacaq. Onlar biryolluq köçüblər”.

Böyük bir acı olsa da, həqiqətdir. Amma bu yerdə həm də Alber Kamyunun fikrini xatırlamadan ötə bilmirəm: “Yalnız azadlıq uğrunda ölməyin mənası var. Çünki bu zaman insan inanır ki, o, heç zaman ölmür”!

Bütün yaşayan, əbədi diri qalan şəhid ruhlarına salam olsun!

***

Böyük zəfəri bizə qazandıran 44 günlük müharibənin başlandığı nöqtədir 27 sentyabr. Azad olunan Qarabağ, fəth olunan Şuşa, işğalçıdan təmizlənən Vətən torpağı! Xəyallarımızın gerçəkləşdiyi möhtəşəm 2020-ci il! Bu bir il ərzində bizə “yuxu əhvalı” kimi görünən zəfər müjdəmizin bəlkə də ən ağlasığmaz tərəfi budur: 30 ilin həsrət alovunun 44 gün məcrasında bitməsi... Güclü, təşkilatlanmış müzəffər ordu, azadlıq amalını uca tutan, məfkurə sevdasına sığınıb meydana atılan Vətən oğulları! Böyük Hadinin dediyi zaman yetişmişdi:

Qorxutmamalı bizləri yollardakı əngəl,

Məfkurəyə doğru yürü, qoş, durma, çapuq gəl!

Millət tikəcək namına ölsən dəxi heykəl,

Qoyma toxuna yurduna naməhrəm olan əl.

Bizlərdə bu gün olmalı bir məqsədi-əkməl,

Bir məqsədi-əkməl və bir ümmidi-mübəddəl.

Amalımıza doğru şitaban olalım, gəl,

Millətlə vətən rahinə qurban olalım, gəl!

Yazıçı İlqar Kamilin 44 günlük müharibəyə həsr etdiyi “9-cu mərtəbə və ya Muradın iztirabları” əsərindəki daim zəfər nidasına köklənmiş, bu yolda ölümü belə gözə almış, son əzmi və gücü ilə təğyiri-libas olub vətənə can nisar etməyə hazır olan qəhrəmanlar: “...ya Allah, çox şükür, bu gün də dayanmadıq! Biz Şəms sevdasına yola çıxmışıq, abi! Biz əlisilahlı Rumilər artıq yalançı xoş xəbər deyil, Şəmsin özünü istəyirik”.           

Elə dünyanın gözləri önünə sərdikləri Müharibə obrazı da apardıqları savaşın mahiyyətinə uyğun oldu: daha humanist, mərd, əxlaqlı, dəyərləri itirmədən yaşanan müharibə mənzərəsi və həqiqəti!

***

27 sentyabr başlanğıc üçün bir an idi. Amma nəzərə alanda ki, bura gətirən yolun məfkurə mücadilələri, ideoloji savaşları zaman-zaman Ali Baş Komandan İlham Əliyevin dövləti təfəkkür, siyasi səriştə və intellekt miqyasının gücü sayəsində daim diri qalmışdı, fəhm etmək o qədər də çətin olmaz. O anın gəlişini gerçəkləşdirən əməllər sırası var tarixdə və yüzillər keçsə də, tarix hər zaman bu gerçəklərin üslubunda danışacaq bizimlə. Hansı gerçəklər?

İlham Əliyevin 2008-ci ildə Bakıda İstiqlal Bəyannaməsini abidələşdirməsi, Azərbaycanda türk qanlı, islam imanlı, Avropa fikirli bayrağımız üçün Bayraq meydanlarını qurması, 2018-ci ili Azərbaycanda “Cümhuriyyət ili” elan etməsi onun beynəlxalq siyasi platformasının mükəmməl humanitar təməlləri kimi böyük əməl cizgiləri kəsb eləyir. Qələbəmizin genetik kodlarını daşıyan bu sıranı istənilən qədər artırmaq olar. Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarının ziyarətgah halına gətirməsi, Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli Xan Xoyskinin, böyük ideoloq, bayrağımızdakı triadanın müəllifi Əli bəy Hüseynzadənin ölkə miqyasında və dövlət səviyyəsində yubileylərinin keçirilməsinə, Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının nəşrinə rəvac verməsi də həmin humanitar düşüncə strategiyasının gerçəkləri sırasındadır. Bunlar Prezident İlham Əliyevin fikir həyatımızda oynadığı müstəsna məqamlardır. Ümummilli lider Heydər Əliyevin varisi olaraq bir mühüm qaydanı dərindən bilirdi İlham Əliyev: millət öz istiqlalını qoruduğu müddətdə içindəki hürr duyğusu sönmür. Buna görə nə qədər gərəkli idi bu fərmanlara imza atmaq! Xalqa istiqlal təlimi ilə aşılanan yurd sevgisini ötürüb lazımı anda onu milli varlığımızın xilası hərəkatında orduya çevirmək!

***

Millət olmağın, bütöv yaşamağın yaddaşda və amalda keçdiyi yolun müxtəlif mərhələləri olur. 1990-cı illərdə bir xalq olaraq bu yolu Ümummilli lider Heydər Əliyevlə keçdik. O mərhələ ki, görünməmiş mənəvi, əxlaqi-siyasi deqradasiyadan sonra xilaskar kimi yetişib zamanın ahəngi ilə mənəvi-əxlaqi dəyərlərin sabitliyi arasında harmoniya yaratmışdı. Son otuz ilə yaxın dövrdə dünyada çox şey məhvərindən çıxdı: texnogen sivilizasiya özünü tükətdi, qlobal zor və şər stixiyası, anti insani düşüncə meydan suladı, irqçi fəlsəfələr, vulqar qərbçi “humanizm” oyunları, məzhəbçi müharibələr kamalın təntənəsinin heç bir nəticə verməyəcəyinin sübutu oldu. Gözəllik dünyanı xilas etmədi, elm bəhrə vermədi, kamal qalib gəlmədi.

Belə bir qlobal və geopolitik maraqların toqquşduğu seysmik zonada, antitəbiət və antiinsani dünya kultunun hakimi-mütləq olduğu bir zamanda, üstəlik Qarabağ kimi problemə az qala apokalipsis baxışın gücləndiyi bir dönəmdə toparlanıb millətimizin taleyində tarixi bir dönüşə imza atmaq İlham Əliyevin siyasi səriştəsinin, dövləti təfəkkürünün və intellektinin ifadəsi idi. O, hər cür süni, qondarma qanun və stereotiplərin, perspektivdən məhrum bəyanatların qarşısına milli müqəddəratın meyarını qoydu. Bütövlüyünü qanı ilə qazanmağa layiq Orduya, milli miqyasda düşüncə və təşkilati iş vüsətinə sahib olduğunu dünyaya təqdim etdi. Müstəqillik mentaliteti və statusunu həmişə uca tutub qoruyan Ali Baş Komandan İlham Əliyevin bu gün dünyanın gözü qarşısında nümayiş etdirdiyi məğrur lider obrazı isə onun məqsəd və mövqeyinə real-əməli mündəricə qazandıran əsas rəmzlərdən oldu.

***

Milli-xroniki və tarixi anomaliyaya çevrilmiş erməni məkrinin klassik modeli bu illər ərzində heç dəyişmədi. Son yüz ildə dəfələrlə qabaran bu məkrin fəsadları - ardınca gətirdiyi bəlalar, qan və göz yaşları aramsız oldu. Həm də ona görə oldu ki, yaddaşdan nəticə çıxara bilmədik. Əsrin sonunda yenə eyni ssenari, eyni təcavüz və işğal prosesləri. 30 ilə yaxın aciz bir durumda buraxılıb gözləmə mövqeyi seçməyə məhkum edilmiş bizlər! Əvəzində, dəfələrlə pozulan atəşkəs, öldürülən uşaqlar, əsgərlər, dağıdılan yurd yerləri! Nəhayət, ard-arda qalibiyyət nidamız! Aprel döyüşləri, Lələtəpə qalibiyyəti, Tovuz hadisələri! Bitib-tükənməyən ittihamlar, yalanlar, atəşkəsin dəfələrlə pozulması və s. bizim üçün səbrin sonu, onlar üçün sonun başlanğıcı oldu.

***

44 günlük savaş bütün mənalarda Vətən müharibəsi oldu. Millət kükrəyən emosiyası, əsgərlər fədai ruhu, Ali Baş Komandan səriştə və diplomatik əzmi ilə meydanda idi. Ölkədəki siyasi partiyalar da bu ali məram ətrafında ilk dəfə idi ki, birləşmişdi. M.Ə.Rəsulzadənin müstəqilliklə bağlı təmsil eydiyi siyasi təmayülə münasibətdə həssaslıqla ifadə etdiyi belə bir fikri var: “Azərbaycan dövri-istiqlalına bolşeviklər müsavat dövrü deyirlər. Fəqət xalq bu dövrə Azərbaycan dövrü deyir”.

Bəli, 44 günlük müharibə də bizim üçün ayrılıqda hansısa partiyanın deyil, onların birgəliyinin gücündən hasilə gələn Azərbaycan dövrüdür. Yalnız ölkə daxilində deyildi bu birlik. Bütün türk dünyası bu savaşda yanımızda idi. Bu qələbə türk milli şüurunun qələbəsi idi.

İlham Əliyev Müzəffər orduya ancaq qələbə sonucunu simvolizə edən bir hökmü bəyan edib onu irəli ruhlandırmışdı: “Qarabağ Azərbaycandır”! Bu hökmdən sonra nidanı əsgər qoymalı idi. Qoydu da.

***

Bu 44 gündə Azərbaycan öz bütövlüyünü qanı ilə qazanmağa layiq orduya, milli miqyasda düşüncə və təşkilati iş vüsətinə sahib olduğunu dünyaya sübut etdi. Müstəqillik mentaliteti və statusunu hər zaman qoruyan Ali Baş Komandan İlham Əliyevin dünyanın gözü qarşısında nümayiş etdirdiyi məğrur lider obrazı isə onun məqsəd və mövqeyinə real-əməli mündəricə qazandıran əsas rəmzlərdən oldu. Bu Müzəffər Liderliyi türk tarixinə iz salmış, onun coğrafiyasından tutmuş mənəvi ərazilərin vəhdətinə qədər bütöv silsilə yaradan, hünər meydanında ad çıxaran, türk intibahının yaranmasında misilsiz rol oynayan fatehlərin milli taleyin iştirakındakı əvəzsiz xidmətləri ilə eyni müştərək müstəvidə kəsişdirmək olar.

1918-ci ildə qazandığı müstəqilliyini qoruya bilməyən Azərbaycan neçə onillikdən sonra yenidən istiqlalına qovuşdu, Azərbaycan beynəlxalq arenada tanındı, rəhbəri dünya liderləri ilə bir araya gəldi. 30 il əvvəl torpaqlarını itirən Azərbaycan altı il əvvəl, 44 günlük müharibə ilə ərazi bütövlüyünü, üç il əvvəl isə birgünlük antiterror əməliyyatları nəticəsində suverenliyini bərpa etdi. Bütün bu qələbələr ilk növbədə, bütövlük amalına sadiqliklə, bütün təzahürlərində bu amala sadiq qalmaqla qazanıldı. Diqqət eləsək görərik ki, Ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün zaman kəsimlərində Azərbaycan idealını tam vurğusu ilə qoruyub yaşada biləcəyi qutsal anlayışa çevirmişdir. Onun yolunu ləyaqətlə davam etdirən İlham Əliyev də energetik passionarlıqla həm tarixi-kulturoloji, həm də hərbi-siyasi kontekstdə həmin idealı tarixin ən dramatik və xaotik dalğalarından zədəsiz çıxarmağa müvəffəq oldu. Ən yeni Azərbaycanın modeli, onun modern fəlsəfəsinin idrakı addım-addım gedilən bu yolların üfüqündə idi. Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan indi Ali Baş Komandanın əzmi ilə özünü yenidən yaratmaqla, qurmaqla, dünyanın qlobal siyasət meydanında fundamental strateji mövqeyi ilə görünməklə yeniliklərə imza atmaqdadır. Bu, artıq öz tarixinin və taleyinin sahibi olan ölkə liderinin açdığı meydan savaşıdır. Türkün böyük şairlərindən olan Niyazi Yıldırım Gənçosmanoğlu demiş, “dövlət mənim, ordu mənim, yurd mənim”!

Bu fərqli nizam və rakurslarla, cəsarət və düşüncə dalğası ilə yeni siyasi və milli-mənəvi arxitekturanın əsası qoyulacağı mütləqdir!

Elnarə AKİMOVA,

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü,

filologiya elmləri doktoru

Paylaş:
Baxılıb: 141 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30