Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Yeni müəssisələr regionlarda iqtisadi aktivliyin artmasında mühüm rol oynayır

Yeni müəssisələr regionlarda iqtisadi aktivliyin artmasında mühüm rol oynayır

11.02.2017 [10:21]

Bölgələrdə açılan istehsalatlarda əsasən yerli xammaldan istifadə olunur ki, bu da aqrar sektorun stimullaşdırılmasına, əhalinin məşğulluğunun təmin olunmasına müsbət təsir göstərir
Ölkəmizdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə əsasında regionların tarazlı inkişafının təmin edilməsi strateji kurs kimi müəyyən edilib. Bu strateji kursa uyğun olaraq müxtəlif istiqamətləri əhatə edən layihələr yalnız paytaxt Bakıda və yaxud iri şəhərlərdə deyil, respublikanın bütün bölgələrində reallaşdırılır. Azərbaycanın dövlət başçısının müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrasına start veriləndən etibarən Azərbaycanın bölgələrində 70 mindən çox müəssisə fəaliyyətə başlayıb. Yaradılan yeni müəssisələr isə öz növbəsində regionlarda iqtisadi aktivliyin artmasında mühüm rol oynayır. Təsadüfi deyil ki, son illərdə regionlarda ümumi məhsul buraxılışı əhəmiyyətli dərəcədə artıb. Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Belə ki, son illərdə regionlardan vergi ödənişləri 14 dəfədən çox artıb. Artıq 6 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir.
Beləliklə, yeni iqtisadi şəraitdə də regionların yüksək inkişaf dinamikası qorunub saxlanılır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ötən il regionlarda böyük işlər görülməsindən məmnunluq ifadə edərək bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də regionların inkişaf dinamikasının yüksək olmasını xüsusi nəzərə çatdırıb: “...Hesab edirəm ki, 2016-cı ildə ümumi iqtisadi inkişaf müsbət qiymətləndirilməlidir. Xüsusilə bölgələrdə aparılan işlər də öz dinamikasını saxlamışdır. Keçən il bölgələrdə çox böyük işlər görülmüşdür”.
Mingəçevir Sənaye Parkında əsasən yerli xammaldan istifadə olunacaq
Regionlarda yaradılan yeni müəssisələrdən söhbət açarkən Prezident İlham Əliyevin iştirakı ilə 21 sentyabr 2016-cı il tarixində təməli qoyulan Mingəçevir Sənaye Parkının önəmini xüsusi vurğulamaq lazımdır. Güclü kadr potensialına və sənaye ənənələrinə malik olan Mingəçevirdə yeni sənaye nəhəngi yaradılır.
Mingəçevir Sənaye Parkının texniki göstəriciləri kifayət qədər yüksəkdir. Bəhs olunan istehsalat 120 min kvadratmetr ərazidə qurulur. Yaradılan yeni sənaye parkı təyinatına görə çoxfunksiyalı olacaq. Müəssisə ölkə üzrə hazır məhsula olan tələbatın ödənilməsinə, idxaldan asılılığın aradan qaldırılmasına müsbət təsir göstərməklə yanaşı, regionda məşğulluğun təmin olunmasında, iqtisadi fəallığın artmasında, aqrar sektorda istehsalın genişlənməsində də mühüm rol oynayacaq.
Yeni sənaye layihəsinin Mingəçevirdə yaradılması konseptual əsaslarla davam etdirilən regional inkişaf strategiyasına göstərilən böyük diqqətin daha bir təzahürüdür. Prezident İlham Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimindən sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışında bununla bağlı fikirlərini nəzərə çatdıraraq deyib: “Bu Sənaye Parkı Mingəçevirdə yaradılır. Bizim regional inkişaf proqramımız orada öz əksini tapır”.
Yeni Sənaye Parkında qurulacaq müəssisələr əsasən yerli xammal hesabına fəaliyyət göstərəcək ki, bu da regionlarda aqrar sektorda pambıqçılıq, baramaçılıq kimi strateji əhəmiyyətli sahələrin inkişafına daha güclü stimul yaradacaq. Məlum olduğu kimi, ötən ilin əvvəlindən etibarən respublikamızda yeni ixrac imkanları yarada biləcək texniki bitkilərin becərilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Ölkənin ayrı-ayrı bölgələrində ənənələr dirçəldilərək pambıqçılığın şöhrəti geri qaytarılır. 2016-cı ildə respublikanın 24 rayonunda 50 min hektardan artıq sahədə pambıq becərilib və təxminən 90 min ton məhsul tədarük olunub. Gəlirli sahə olan baramaçılıqla bağlı da eyni sözləri demək mümkündür. 2016-cı ilin əvvəlindən həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində ölkədə barama istehsalı artıb. Əgər 2015-ci ildə ancaq bir rayonda - Şəkidə 200 kiloqramdan bir qədər çox barama istehsal edilibsə, ötən il 25 rayonda qısa müddətdə 70 ton barama tədarük olunub.
Ölkə daxilində istehsal olunan bu qəbildən məhsullardan Mingəçevir Sənaye Parkında xammal kimi istifadə olunacaq. Prezident İlham Əliyev bu amili yeni Sənaye Parkının əsas üstünlüyü kimi səciyyələndirərək deyib: “Bu Sənaye Parkının digər üstünlüyü ondan ibarətdir ki, burada fəaliyyət göstərəcək müəssisələrin əksəriyyətində yerli xammaldan istifadə olunacaq”.
Ağstafada yaradılan sənaye parkı region iqtisadiyyatına böyük töhfə verir
Son illərdə Ağstafa rayonunda da bir sıra yeni istehsalatlar fəaliyyətə başlayıb. Azərbaycanın dövlət başçısının yerlərdə investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması barədə tapşırığına uyğun olaraq Ağstafa rayonunda yeni istehsal və emal müəssisələrinin, istixana komplekslərinin yaradılması istiqamətində aparılan zəruri işlərin nəticəsi olaraq rayonda “Karvan-L” Eko sənaye parkı fəaliyyətə başlayıb. Rayon İcra Hakimiyyətinin məlumatında bildirilir ki, Prezident İlham Əliyevin 19 oktyabr 2016-cı il tarixində açılışında iştirak etdiyi sənaye parkında bir-birinin ardınca yeni istehsal müəssisələri işə salınır.
“Karvan-L” Eko sənaye parkında hazırda dörd istehsal sahəsində buraxılan məhsullar daxili tələbatın ödənilməsinə yönəldilir, eyni zamanda, xarici bazarlara ixrac edilir. Parkın mozaik daş emalı sahəsində Ağstafa rayonunun Tatlı kəndində yerləşən mədəndən təbii daşlar xüsusi kəsici qurğularla kəsilərək blok halına salınıb müəssisəyə gətirilir. Blok halına salınmış təbii daşlar daş emalı sahəsində xüsusi texnika və vasitələrlə kəsilərək onlardan mozaik daşlar hazırlanır.
Dəmir dam örtükləri istehsalı müəssisəsində İngiltərənin “Corus-Tata Steel” şirkətinin məhsulu olan metaldan istifadə olunur. Şirkət tərəfindən istehsal edilən dam örtüklərinə 25 il zəmanət verilir.
Plastik qapı-pəncərə və şüşə-metal konstruksiya istehsalı sahəsində plastik profillərdən müxtəlif ölçüdə və müxtəlif rəngdə qapı və pəncərələr, eyni zamanda, paket şüşələr istehsal olunur. Qranul istehsalı müəssisəsində isə polietilen tullantı xammal xüsusi qurğulardan keçirilərək yuyulur, sonra doğranaraq yenidən emala verilir.
Modern Mebel Fabriki həm daxili, həm də xarici bazarlara yüksəkkeyfiyyətli məhsullar çıxardır
Ağstafa Rayon İcra Hakimiyyətindən verilən məlumatda bildirilir ki, Prezident İlham Əliyevin ötən il Ağstafa rayonuna səfəri zamanı istifadəyə verilən Modern Mebel Fabrikində də işlər uğurla davam etdirilir. Bəhs olunan fabrik “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılıb. Fabrik 7 əsas istehsal sahəsindən ibarətdir. Burada yumşaq mebellər yığılır. Fabrikdə yumşaq mebellərin taxta-karkas hissələrinin, metal və yay hissələrinin hazırlanması, süngər kəsilməsi və qəlibə salınması, üzlüklərin tikişi sahələrində, eləcə də divan və kresloların yığılması sahəsində ən müasir avadanlıqlar quraşdırılıb. Yumşaq mebellər 3 konveyer xətti üzrə yığılır ki, bu da eyni zamanda bir neçə modelin istehsalına imkan verir. Fabrikdə gündəlik 60 dəst yumşaq mebel və 120 ədəd oturacaq stullar hazırlanır. Fabrikin istehsal etdiyi “İstanbul,” “Alleqro,” “Titanik” adlı yumşaq mebel dəstləri və “Buqatti”, “Diva” və “İspanyol” adlı oturacaq stullar təkcə daxili bazara deyil, xarici ölkələrə də ixrac edilir.
“Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində həmçinin “Venzana” mebel fabrikinin yaradılması istiqamətində iş aparılır. Bu fabrik 4 istehsal sahəsindən ibarət olacaq. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Almaniyaya, Belçikaya, Fransaya, Hollandiyaya, İtaliyaya, İspaniyaya və İsveçə ixracı nəzərdə tutulur. İşçilərin istirahəti, onların məişət şəraitinin yaxşılaşdırılması üçün burada körpələr evi-uşaq bağçasının, əyləncə və ticarət mərkəzlərinin inşası planlaşdırılır. Bundan başqa, ərazidə mebel mərkəzi ilə yanaşı, “Yaşıl Bazar” satış kompleksi və mehmanxana da tikiləcək. Layihə üzrə inşaat işlərinin 2017-ci ilin dekabrında başa çatdırılması nəzərdə tutulub. Layihənin icrası nəticəsində 2500 nəfər daimi işlə təmin ediləcək.
Qazax Sement Zavodu perspektivdə istehsalı illik 3 milyon ton sementə çatdırmağı hədəfləyib
Qərb bölgəsində “Qazax Sement Zavodu” MMC-nin fəaliyyəti Azərbaycanda regional sənaye quruculuğu siyasətinin uğurla həyata keçirildiyinə yaxşı nümunədir. İstehsal gücü ildə 1 milyon ton sement təşkil edən müəssisə regionda inşaat sektorunun tələbatının ödənilməsində müstəsna rol oynayır. Müəssisə hazırda sulfatadavamlı sement, həmçinin qalaq və kisə şəklində müxtəlif növ sement məhsulları istehsal edir. Zavod 2015-ci və 2016-cı illərdə istehsal etdiyi məhsulların keyfiyyəti ilə yüksək müştəri məmnuniyyətinə və 25 faizədək bazar payına nail olub. Şirkətin əsas məqsədi Azərbaycanda və bütövlükdə regional miqyasda tikinti sektorunun aparıcı qüvvəsi olmaq və ölkənin milli rifahına öz töhfəsini verməkdir. Perspektiv planlar da kifayət qədər genişdir. 2018-ci ilə qədər zavodun istehsal həcminin genişləndirilərək illik 3 milyon tona çatdırılması, ixrac potensialının artırılması, o cümlədən iri istehsal texnoparkının yaradılması nəzərdə tutulur.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 941 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30