Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın bölgələri uğurla inkişaf edir

Azərbaycanın bölgələri uğurla inkişaf edir

01.04.2017 [09:07]

Dövlət proqramlarına uyğun olaraq regionlarda aparılan tikinti, abadlıq-quruculuq işləri davamlı xarakter daşıyır
Məlum olduğu kimi, Azərbaycanın hərtərəfli inkişafı regionların timsalında da özünü bariz şəkildə göstərir. Bu da səbəbsiz deyil. Belə ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb. Məhz bu sadalananların nəticəsidir ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı davamlı xarakter daşıyır.
Hər halda ayrı-ayrı rayonların timsalında ötən ilin yekunlarına dair əldə edilən uğurlar, həmçinin bu ilin arxada qalan ayları ərzində görülən işlər də bunu təsdiqləyir.
Təsadüfi deyil ölkəmizin bütün regionları kimi, qərb bölgəsinə daxil olan rayonlar da ötən ili uğurlarla başa vurub. Sözügedən bölgəyə daxil olan Ağstafada ötən il ərzində əldə edilən uğurlardan danışarkən öncə onu vurğulayaq ki, Prezident İlham Əliyevin yerlərdə sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması barədə tapşırığına uyğun olaraq rayonda yeni istehsal və emal müəssisələrinin yaradılması, istixana komplekslərinin tikintisi istiqamətində zəruri işlər görülüb. Bunun nəticəsi olaraq, Ağstafa rayonundan olan iş adamının özəl investisiyası hesabına rayonda “Karvan-L” Eko Sənaye Parkı yaradılıb. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Sənaye parkının tikintisinə 12,5 hektar torpaq sahəsi ayrılıb. Parkda müəssisələrin tikintisi və istixana kompleksinin quraşdırılmasına 12,5 milyon manat investisiya yatırılıb və 370 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. “Karvan-L” Eko Sənaye Parkında gücü sutkada 500 kvadratmetr olan keramika dam örtüklərinin istehsalı müəssisəsinin də artıq təməli qoyulub. Həmçinin 200 hektar sahədə meyvə bağının salınması istiqamətində hazırlıq işləri aparılıb.
Ötən il ərzində ayrı-ayrı sahələr üzrə əldə edilən uğurlara gəlincə 2016-cı ildə rayonun sosial-iqtisadi inkişafı sahəsində artan dinamika qeydə alınıb, ümumi məhsul buraxılışının həcmi 7,7 faiz artaraq 131,2 milyon manata çatıb. Məlum olduğu kimi, Ağstafa rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir və ötən il ərzində rayon üzrə kənd təsərrüfatı məhsullarının həcmi 587 min manat artıb. Belə ki, 2016-cı ilin məhsulu üçün rayon üzrə 10519 hektar sahədə taxıl əkilib və 31603,6 ton məhsul istehsal olunub. Kənd təsərrüfatında ənənəvi məşğuliyyət növlərinin bərpası və məşğulluğun artırılması istiqamətində ötən ildə rayonda 1,9 ton barama istehsal edilib. Gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsi üçün rayon ərazisində 10 mindən artıq tut tingi əkilib. 2016-cı ildə rayonda quruculuq-abadlıq işlərinin aparılması, həmçinin əhalinin fasiləsiz içməli su, təbii qaz və elektrik enerjisi ilə təminatı istiqamətində mühüm addımlar atılıb.
Eyni zamanda, bu il Köhnəqışlaq kənd orta məktəbinin yeni binasının tikintisi, Ağstafa şəhər 3 saylı tam orta məktəbin binasının əsaslı təmiri başa çatdırılmalıdır. Rayon ərazisində 4 ədəd avtomobil körpüsünün tikintisi də yekunlaşmalıdır. Həmçinin Dağ Kəsəmən kəndinə sel təhlükəsinin qarşısının alınması üçün bəndlərin tikintisi də sürətlə aparılır və işlər bu il yekunlaşacaq. Bundan əlavə, cari ildə yeni sənaye müəssisələrinin inşası, xalça fabrikinin işə salınması, xidmət və ticarət obyektlərinin açılması, Ceyrançöl ərazisində 13 min hektar torpaq sahəsinin əkin dövriyyəsinə qatılması üçün suvarma suyunun çəkilməsi və həmin ərazidə fındıq, nar, zeytun bağlarının salınması, iri taxılçılıq təsərrüfatının yaradılması da qarşıda duran mühüm işlərdəndir.
Ötən il Göygöl rayonu üçün də uğurlu olub. Belə ki, 2016-cı ildə Göygöl rayon büdcəsinin gəlirləri 4 milyon 359 min manata qarşı 101,2 faiz olub, xərcləri isə 98 faiz icra edilib. Əsas kapitala yönəldilən 5 milyon 785,2 min manat investisiyadan 5 milyon 535 min manatı tikinti-quraşdırma işlərinə sərf olunub. Rayonda sahibkarların sayı artaraq, 2894-ə çatıb. 2016-cı ildə Göygöl rayonunda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq-quruculuq işlərinin aparılması istiqamətində tədbirlər davam etdirilib, iqtisadiyyatın dinamik inkişafı təmin olunub.
İl ərzində 85,2 kilometr kənddaxili yollar təmir edilib, Kənd Təsərrüfatı İdarəsi və laboratoriyalar üçün yeni bina tikilib, rayonun Firuzabad qəsəbəsində yerləşən Süni Mayalanma Mərkəzinin maddi-texniki bazasını möhkəmləndirmək üçün müasir tələblərə cavab verən 40 başlıq kompleksin inşası başa çatdırılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Göygöl rayon şöbəsi üçün inzibati binanın və müasir tipli hotelin tikintisi isə davam etdirilir. Kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyinin nəticəsi olaraq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 39 sahibkara 398,5 min manat güzəştli kredit verilib.
Hesabat ilində rayon iqtisadiyyatının əsas sahələrində istehsal olunan məhsul və xidmətlərin ümumi həcmi faktiki qiymətlərlə 125 milyon 762,9 min manata çatıb. Bunun 61,4 faizini istehsal, 38,6 faizini isə xidmət sahələri təşkil edib. Ümumi məhsul istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi 86 faiz olub. Rayonda fəaliyyət göstərən 22 sənaye müəssisəsi tərəfindən bütövlükdə 19 milyon 23,8 min manat dəyərində məhsul istehsal edilib. Sənaye məhsulunun həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 51,3 faizə çatıb. 2016-cı ildə istehsal olunan 45 milyon 722,5 min manat dəyərində kənd təsərrüfatı məhsulunun 99,4 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Ötən il rayonda əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə 207 subartezian quyusu təmir edilib, bitkiçilik məhsullarının istehsalında artım qeydə alınıb. Heyvandarlıq sahəsi də inkişaf edib. Belə ki, iribuynuzlu mal-qaranın sayı 20 min 249 başa, xırdabuynuzlu mal-qaranın sayı isə 155 min 715 başa çatıb.
Onu da bildirək ki, ötən il respublikamızın qərb bölgəsində ən çox turist qəbul edən məhz Göygöl rayonu olub. 2016-cı ildə bu rayona 11 mini xarici olmaqla, ümumilikdə 77 min turist gəlib. Həmçinin Göygöl Milli Parkı və onun istirahət məkanları 195 min turist qəbul edib. Bu məqamda vurğulamaq yerinə düşər ki, 1819-cu ildə alman koloniyaçıları tərəfindən Helenendorf kimi əsası qoyulan Göygöl şəhəri bu gün hər bir evində, küçəsində Avropa mədəniyyətinin izlərini yaşadan açıq səma altında muzeydir. Elə bu amil də avropalılarda Göygölü görməyə maraq yaradır. Turistlərin şəhərə olan marağını daha da artırmaq üçün vaxtilə alman ailələrinin yaşadığı evlər əvvəlki görkəmi saxlanılmaqla təmir edilib, alman Lüteran kilsəsi yenidən qurularaq tarix-diyarşünaslıq muzeyinə çevrilib. Həmçinin rayonda 31 yerli və ölkə əhəmiyyətli tarixi abidə dövlət qeydiyyatına götürülüb, həmin abidələrdə mühafizə və bərpa işləri aparılıb. Rayonda turizm axınına səbəb olan digər amil isə ötən il Göygöl Milli Parkının hər kəs üçün açıq elan edilməsi olub.
Göygöl Milli Parkında turizmi inkişaf etdirmək, eləcə də buraya gələn qonaqların rahatlığını təmin etmək məqsədilə infrastruktur yenidən qurulub, mövcud istirahət məkanlarında əsaslı təmir-bərpa işləri aparılıb, daha bir istirahət mərkəzi isə istifadəyə verilib.
Qeyd edək ki, bölgələrin digər rayonları kimi Qazax rayonunda da ötən il müsbət nəticələr əldə edilib. Belə ki, Qazax rayonu üzrə 2016-cı ilin yerli gəlir və xərclərinin proqnozu 19 670 799 manat məbləğində müəyyənləşdirilib. Büdcənin mədaxil hissəsinin 6 614 000 manatını yerli daxilolmalar, 13 056 799 manatını isə mərkəzləşdirilmiş xərclərdən alınacaq dotasiya təşkil edib. Mədaxil hissədə yerli daxilolmalar 33,6 faiz, dotasiya isə 66,4 faiz təşkil edib.
Ötən il Qazaxa səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə Qazax şəhərində müasir tələblərə cavab verən 940,8 kvadratmetr sahəsi olan 3 mərtəbəli “Tarix-Diyarşünaslıq” muzeyinin, yeni tikilmiş uzunluğu 10 kilometr olan Qazax-Kosalar avtomobil yolunun, 110/35/6 kilovoltluq Daş Salahlı yarımstansiyasının və “Birinci Şıxlı kəndli fermer təsərrüfatı” binasının açılışında iştirak edib.
2016-cı ildə yerli daxilolmalar 6 614 000 manat proqnoza qarşı 6 799 163 manat və ya 102,8 faiz yerinə yetirilərək büdcəyə 185 163 manat, yəni 2,8 faiz çox vəsait mədaxil olub. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə büdcəyə 92 186 manat və ya 1,3 faiz az vəsait daxil olub.
Rayon ərazisində 7 özəl bank filialı, 1 özəl bank şöbəsi, 1 kredit ittifaqı və 4 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. Ötən il ərzində 75 sahibkarlıq subyektinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9.715.100 manat verilmiş kreditlər hesabına 2016-cı ildə 432 yeni iş yeri açılıb. Hesabat ilində rayon üzrə əsas kapitala yönəldilən investisiyaların miqdarı 15.908.000 manat olub. Ümumi məhsul buraxılışının həcmi 176 134 000 manat olub ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 3 faiz çoxdur. 2015-ci illə müqayisə etdikdə kənd təsərrüfatı məhsulunun həcmi 3,1 faiz, sənaye məhsulunun həcmi isə 7,3 faiz artıq olub. Rayon üzrə adambaşına düşən ümumi məhsulun həcmi 1 841 manat, orta aylıq əmək haqqı 263 manat təşkil edib. Əhali tərəfindən rayonun yaşayış məntəqələrində 192 fərdi yaşayış evləri tikilib. Rayonda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri ötən ildə olduğu kimi 2016-cı ildə də uğurla davam etdirilib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 920 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30