Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Ölkəmizin bölgələrinin inkişafı dinamik xarakter alıb

Ölkəmizin bölgələrinin inkişafı dinamik xarakter alıb

06.05.2017 [12:06]

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bu inkişafa böyük təkan verib
Məlum olduğu kimi, Azərbaycanın hərtərəfli inkişafı regionların timsalında da özünü bariz şəkildə göstərir. Bu da səbəbsiz deyil. Belə ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb. Məhz bu sadalananların nəticəsidir ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı davamlı xarakter daşıyır. Hər halda ayrı-ayrı rayonların timsalında bu ilin birinci rübünün yekunlarına dair əldə edilən uğurlar, həmçinin hazırda görülən işlər də bunu təsdiqləyir. Təsadüfi deyil ki, ölkəmizin bütün regionları kimi, Qazax, Ağstafa və Tərtər rayonları da ötən rübü uğurlarla başa vurub. Faktlara diqqət yetirək.
2017-ci ilin birinci rübü Qazax rayonu üçün uğurlu olub. Bununla əlaqədar keçirilən hesabat yığıncağında rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bildirib ki, 2017-ci ilin birinci rübü ərzində Qazax rayonunda kənd təsərrüfatı məhsullarının artırılması məqsədilə bir sıra səmərəli işlər görülüb və müsbət nəticələr əldə olunub. Kənd təsərrüfatı bitkilərini normal suvarma suyu ilə təmin etmək məqsədi ilə Qazax Suvarma Sistemləri İdarəsi və Melioservis İdarəsi tərəfindən birinci rübdə plana uyğun olaraq arxlarda 112 min kubmetr lildən təmizləmə işləri aparılıb. Rayon İcra Hakimiyyətinin bilavasitə rəhbərliyi ilə 269 kilometr uzunluğunda arx və kanallar lildən təmizlənərək vegetasiya suvarmasına tam hazır vəziyyətə gətirilib. Bu istiqamətdə işlər davam etdirilir. Hesabat dövründə bitkiçilik sahəsində olduğu kimi, heyvandarlıq sahəsində də uğurlar əldə olunub. Heyvandarlıq sahəsində zoobaytar tədbirlərinin planlı surətdə həyata keçirilməsinin nəticəsidir ki, məhsul istehsalı dinamik surətdə artmaqdadır. 2017-ci ilin birinci rübündə Qazax Elektrik şəbəkəsi tərəfindən 110/35/6 və 35/10/6 kilovoltluq Daş Salahlı və Şıxlı yarımstansiyalarında, eləcə də 11 ədəd 35/10 kilovoltluq yarımstansiyalarda olan avadanlıqlarda cari təmir işləri aparılıb. Qazax rayonunun bütün yaşayış məntəqələri təbii qazla təmin olunub. 219 ədəd məişət qaz sayğacları yeni qaz sayğacları ilə, 98 ədəd mexaniki qaz sayğacı Smart tipli sayğaclarla əvəz edilib. Məhəmmədəli Pəhləvan adına güləş zalında əsaslı təmir işləri başa çataraq istifadəyə verilib. Qazax şəhəri ərazisində hərbi şəhərcikdə Şəhidlərin xatirəsinə 1 bulaq, Milli Qəhrəman Firuddin Şamoyevin xatirəsinə 1 bulaq tikilib istifadəyə verilib. 3 bulaq yenidən qurularaq müasir görkəmə salınıb. Bu işlərin davamı olaraq rayonun Qazaxbəyli kəndində Milli Qəhrəman Alı Mustafayevin adına yeni bulaq kompleksinin tikintisi başa çatıb.
Hər birinin illik istehsal gücü 50 min ton olan “Mətanət A” şirkəti tərəfindən Daş Salahlı kəndində və “Carçıoğlu” şirkəti tərəfindən Xanlıqlar kəndində 2 yeni Əhəng zavodlarının tikintisi davam edir. Həmin zavodlarda 450-yə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ və şəhid ailələri üçün 2014-cü ilin dekabr ayında tikintisinə başlanılmış 14 fərdi yaşayış evlərindən 8-i istifadəyə verilib, 6-sında işlər yekunlaşıb, 2017-ci ildə isə daha 5 yaşayış evinin tikintisinə başlanılıb.
Bu uğurlar Ağstafa rayonunda da özünü göstərir. Ağstafa rayonunda 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair Ağstafa rayon İcra hakimiyyətinin başçısı yanında Şuranın iclasında icra başçısı Məhərrəm Quliyev bildirib ki, Prezident İlham Əliyev ilin ilk 3 ayı ərzində iqtisadi inkişafımızın, iqtisadi sabitliyin ölkə ərazisində təmin olunduğunu, yerlərdə investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması barədə tapşırığına uyğun olaraq Ağstafa rayonunda bir sıra tədbirlər həyata keçirilib. Özündə istehsal və emal müəssisələrini birləşdirən “Karvan-L” EKO Sənaye Parkı fəaliyyətini uğurla davam etdirir. Bu gün sənaye parkında 7 müəssisə, polietilen örtüklərin istehsalı, plastik kütlələrin təkrar emalı, xüsusi dəmir konstruksiyalar istehsalı, istismara yararsız avtomobil şinlərinin təkrar emalı, dəmir dam örtüklərinin istehsalı, şüşə və şüşə konstruksiyaların istehsalı, plastik qapı-pəncərə və plastik konstruksiyaların istehsalı, yerli xammaldan bəzək və mozaika daşlarının istehsalı müəssisələri, eləcə də kənd təsərrüfatı məhsulları yetişdirilən istixana kompleksi fəaliyyət göstərir. Hazırda sənaye parkının layihəsinə uyğun olaraq istehsal gücü sutkada 500 kv. metr olan keramika dam örtüklərinin istehsalı zavodunun tikintisi işləri davam etdirilir. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində Almaniyanın qabaqcıl şirkətlərinin iştirak etdiyi “Ağstafa Aqroservis” MMC-nin 2-ci mərhələsini təşkil edən Ağstafa taxıl və un məmulatları kombinatının tikintisi işləri sürətlə davam etdirilir. Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatı “Toxumluq taxıl emalı”, “Taxıl emalı və un istehsalı” və “Çörək və yarımfabrikatlar istehsalı” zavodlarından ibarətdir. Saloğlu firmasının nəzdində “Modern Mebel Fabriki” və “Venzena Mebel Fabriki” layihələrin icrası həyata keçirilir. Almaniya və İtaliya avadanlıqlarından istifadə etməklə “Modern Mebel Fabriki” yaradılıb. Həmçinin rayonda xalçaçılığın qədim tarixinin olmasını nəzərə alaraq “Azərxalça” ASC-nin Ağstafa xalça toxuculuğu müəssisəsinin tikintisinə başlanılıb. “Akkord Tekstil” MMC-nin tikiş fabriki yeni avadanlıqlarla təchiz olunmaqla fəaliyyətini davam etdirir. Fabrikin istehsal etdiyi məhsulların Avropa bazarına çıxarılması üçün müqavilələr bağlanıb və ilk partiya mallar İtaliyaya ixrac olunub. Qeyd edək ki, 2017-ci ilin 3 ayı ərzində Ağstafa rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 36.1 faiz artıb. Keçən ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulunun ümumi həcmi 2.2 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 1.7 faiz artmış, nəqliyyat xidmətində 4.1 faiz, rabitə xidmətində 6.2 faiz, ticarət sahəsində 9.9 faiz, tikinti sahəsində 21 dəfə artım olub. Əsas kapitala yönəldilən investisiyaların həcmi 11.3 dəfə, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 3.3 faiz, pərakəndə əmtəə dövriyyəsi 5.0 faiz artıb. Rayon üzrə orta aylıq nominal əməkhaqqı 243.70 manata çatdırılıb.
“Azərbaycan Respublikası regionlarının 2014 -2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası Ağstafa rayonunda tədbirlər planına uyğun həyata keçirilir. Ağstafa rayonu üzrə 2017-ci ilin yanvar-mart ayları ərzində həyata keçirilmiş bir sıra tədbirlər nəticəsində rayonda 572 nəfər işlə təmin olunub. Rayon üzrə işlə təmin olunanların (508 nəfər) 88.8 faizi daimi işlərdə işləyənlərdir.
Ağstafa şəhərinin abadlaşdırılması küçə və meydanların yenidən qurulması çoxmənzilli yaşayış binalarının təmiri işləri də ön plana çəkilib. C.Cabbarlı, İ.Rəhimov və Qaçaq Kərəm adına küçələrdə abadlıq-yenidənqurma işlərinə başlanılıb və Aşıq Ələsgər, Mehdi Mustafayev, H.Aslanov və Nizami küçələrində abadlıq işləri üçün hazırlıq işləri aparılır, zəbt olunmuş səkilər açılıb və ağaclar budanıb. Şəhərin C.Cabbarlı küçəsində 17 və 19 saylı yaşayış binalarının dam örtüyü dəyişdirilib, pilləkən boşluqları və həyətlərində təmir-bərpa işləri görülüb və binaətrafı ərazilərdə bu işlər davam etdirilir. Yol infrastrukturunun yaxşılaşdırılması sahəsində Vurğun-Köçəsgər-Qırılı avtomobil yolunun əsaslı təmiri işləri aparılır, bu günlərdə Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan-Poylu avtomobil yolunun tikintisi üçün hazırlıq işlərinə başlanılıb və Vurğun-Köhnəqışlaq avtomobil yolunun tikintisinə başlanılması nəzərdə tutulub. Düzqışlaq-Kolayır, Molla Cəfərli - Kolxəlfəli və Köçvəlili Qarayazı, Tatlı-Köhnəqışlaq yerli əhəmiyyətli və Ağstafa-Poylu-Gürcüstanla dövlət sərhədi avtomobil yollarında cari təmir işləri aparılıb.
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da aqrar sahənin inkişafı diqqət mərkəzindədir. Cari ilin məhsulu üçün 9871 hektarda dənli bitkilər, 1539 hektar sahədə şəkər çuğunduru, 267 hektarda günəbaxan, 459 hektarda kartof, 413 hektarda tərəvəz, 27 hektarda qarğıdalı əkilib. Bu il 3068 hektar sahədə pambıq becərməyi qarşıya məqsəd qoyan tərtərli fermerlər hazırda çiyid səpinini davam etdirirlər. Bu barədə Tərtər rayonunda 2017-ci ilin birinci rübünün yekunlarına həsr olunan hesabat yığıncağında məlumat verilib. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun məruzəsində bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə martın 28-də Saatlıda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində və aprelin 17-də Yevlax rayonunda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə bağlı verdiyi tapşırıqlar və “Made in Azerbaijan” brendini dünyada tanıtdırmaq üçün praktiki addımlar atılması ilə bağlı fikirləri tərtərli sahibkarlarda böyük ruh yüksəkliyi yaradıb, onlar məhsullarını bu brendin tələblərinə uyğun istehsal etməyi qarşılarına məqsəd qoyublar.
İlin üç ayında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib. Bu dövrdə rayonda ümumi məhsul buraxılışının həcmi 26,6 milyon manat olub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 12,8 faiz çoxdur. Əvvəlki ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı məhsulları istehsalı 7,9 faiz, sənaye məhsulları istehsalı 22,4 faiz artıb. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 4 milyon 298,1 min manat investisiya yönəldilib, 3 milyon 698,4 min manatlıq tikinti-quraşdırma işləri aparılıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 821 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30