Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Son 13 ildə Azərbaycanın regionlarında 70 mindən çox müəssisə fəaliyyətə başlayıb

Son 13 ildə Azərbaycanın regionlarında 70 mindən çox müəssisə fəaliyyətə başlayıb

13.05.2017 [10:53]

Müəyyənləşdirilən strateji hədəflərə uyğun olaraq respublikanın bütün bölgələrində sənaye məhəllələri yaradılacaq və ölkə üzrə 4 əsas sənaye mərkəzi formalaşdırılacaq
Azərbaycanın strateji inkişaf kursunda sənaye quruculuğu siyasəti mühüm yer tutur. Bu da ölkəmizdə innovasiyalara, yeni texnologiyalara əsaslanan sənayenin inkişafı üçün hərtərəfli potensialın olması ilə bağlıdır. Respublikamızda sənaye quruculuğu sahəsində tarixən zəngin ənənələr, kadr ehtiyatı formalaşıb. Ölkə boyu müxtəlif təyinatlı müəssisələrin səmərəli fəaliyyəti üçün böyük həcmlərdə xammal bazası var.
Böyük əmək tutumuna malik sənaye sektorunu inkişaf etdirməklə həm ölkənin müxtəlif məhsullara olan daxili tələbatını yerli istehsal hesabına tam təmin etmək, həm də yeni ixrac imkanları yaratmaq mümkündür. Qeyd edək ki, son illərdə ölkəmizdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə əsasında qeyri-neft sənayesinin inkişafı üçün fundamental əsaslar yaradılıb və artıq sənaye quruculuğunun müsbət nəticələrindən geniş söhbət açmaq mümkündür. Son 13 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Bəhs olunan dövrdə respublikanın müxtəlif regionlarında 70 mindən çox müəssisə fəaliyyətə başlayıb. Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 100-dən artıq sənaye layihəsi maliyyələşdirilib. Əlamətdar haldır ki, ölkəmizdə sənayeləşmə siyasəti ildən-ilə daha geniş vüsət alır. Respublikamızda qeyri-neft sənayesinin inkişaf dinamikasının daha yüksək olması xüsusilə diqqətəlayiqdir. Təsadüfi deyil ki, 2017-ci ilin əvvəlindən milli iqtisadiyyatımızda ən yaxşı göstəricilərdən biri 2 faizdən çox olmaqla məhz qeyri-neft sənayesində qeydə alınıb.
Regionlarda müasir müəssisələrin yaradılması sənaye quruculuğunda yeni istiqamətdir
Son illərdə Azərbaycanda sənaye quruculuğunda yeni istiqamət başlayıb. Bu da regional sənaye quruculuğu ilə bağlıdır. Prezident İlham Əliyevin siyası iradəsi əsasında ölkənin sənaye xəritəsinin əhatə dairəsi paytaxtdan, iri şəhərlərdən regionlara doğru genişlənir. Dövlət başçısı bəyan edib ki, hər bölgədə sənaye məhəllələri yaradılmalıdır. Azərbaycanın regional sənaye quruculuğu ilə bağlı strateji hədəflərinə uyğun olaraq respublikamızda 4 sənaye mərkəzi formalaşdırılacaq. Prezident İlham Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimindən sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə bəhs olunan strateji hədəf barədə fikirlərini ifadə edərək bildirib: “...Bakı ilə birlikdə ölkəmizin 4 əsas sənaye mərkəzi olmalıdır. Bu mərkəzlərdə işlər daha da sürətlə getməlidir. Sumqayıt Cənubi Qafqazda sənaye potensialına görə ikinci mərkəzdir. Gəncə və Mingəçevir şəhərlərində ən müasir standartlara cavab verən, ən son texnologiya ilə işləyən yeni müəssisələr yaradılır və yaradılacaq”.
Artıq regional sənaye quruculuğunda əldə olunan müsbət nəticələr barədə məmnunluqla söhbət açmaq mümkündür. Balaxanı Sənaye Parkında qeydiyyata alınmış rezident şirkətlər tərəfindən tullantı yağlarından 120 adda müxtəlif növ məhsul istehsalının və plastik məmulatların təkrar emalının təşkilinə başlanılıb. Şəmkir rayonunda “Zəyəm Texnologiyalar Parkı”nın fəaliyyəti ölkəmizdə ənənəvi sənaye sahələri ilə yanaşı, yeni istiqamətlərin də uğurlu inkişafına daha bir nümunədir. “Zəyəm Texnologiyalar Parkı” ASC-nin əsas fəaliyyəti neft çənlərinin, metro tunellərinin tikintisində istifadə olunan əyri metal təbəqələrin, qalın boruların, yeraltı və yerüstü çənlərin, habelə böyük qabaritli metal konstruksiyaların, istilik qazanlarının, qaldırıcı qurğuların, müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıqlarının, müasirtipli istixana komplekslərinin metal konstruksiyalarının istehsalından ibarətdir.
Hazırda Mingəçevirdə “Yüksək Texnologiyalar Parkı”nın yaradılması istiqamətində işlər davam etdirilir. Prezident İlham Əliyevin Fərmanı ilə Mingəçevir şəhərində 1,3 hektar torpaq sahəsində “Yüksək Texnologiyalar Parkı”nın yaradılması qərara alınıb. Park innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin tətbiqi üzrə işləri həyata keçirəcək. Mingəçevirdə həmçinin müasir Sənaye Parkı yaradılır.
Neftçala Sənaye Zonasında balıq yemi zavodunun yaradılmasına 5,9 milyon manat güzəştli kredit ayrılıb
Prezident İlham Əliyevin 2015-ci il 2 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən yaradılan Neftçala Sənaye Məhəlləsində ümumi investisiya qoyuluşu 49 milyon manatdan çox olan və 600-dən çox yeni iş yerlərinin yaradılmasını təmin edəcək 15 layihənin icrası planlaşdırılır. Sənaye Məhəlləsində karton stəkan istehsal edən “Sun Rise Production”, polietilen boru istehsal edən “Toğrul-2008”, kənd təsərrüfatı təyinatlı qurğuların istehsalı müəssisəsi “Petroqeoaz”, modul tipli məktəb binalarının istehsalı ilə məşğul olan “Providence Doytch Limited”, avtomobil istehsal edən “Azeurocar” kimi müəssisələr fəaliyyət göstərəcək.
Neftçala Sənaye Zonasında həmçinin Azərbaycanda ilk olaraq balıq yemi istehsalı zavodu yaradılır. Zavodun direktoru Zaur Salmanov bildirib ki, müəssisənin yaradılmasında dövlətin geniş dəstək mexanizmlərindən istifadə olunub. Belə ki, ümumi dəyəri 12 milyon manat olan layihənin reallaşması üçün dövlət tərəfindən 5,9 milyon manat güzəştli kredit ayrılıb. “Dövlət başçısının müvafiq Sərəncamına əsasən tətbiqinə başlanılmış investisiya təşviqi sənədi əsasında idxal etdiyimiz mütərəqqi texnika və avadanlıqlara görə əlavə vergi və rüsumlardan azad olunmağımız biz sahibkarların maliyyə yükünün azaldılmasına şərait yaradıb. Bütün bunlar, eləcə də zavodun sənaye zonasında yaradılması ilkin investisiya xərclərimizə təqribən 30 faizədək qənaət etməyə imkan verib”, - deyə Zaur Salmanov bildirib.
Z.Salmanovun məlumatına əsasən, zavodun illik istehsal gücü 25 min ton balıq yemi təşkil edir. Zavodda tikinti işləri tamamlanıb və Almaniya, Avstriya və Hollandiyanın aparıcı şirkətlərindən alınmış avadanlıqların quraşdırılması işləri aparılır. Bu zavod Azərbaycanda ekstruder texnologiyası ilə təchiz olunmuş və balıq yemi istehsalı üzrə ixtisaslaşan ilk yem zavodu olacaq. Bu da Neftçala rayonunda tarixən ənənəvi istehsal sahəsi olan balıqçılığın digər rayonlarda da sənaye üsulu ilə inkişafına təkan verəcək.
“Müasir və keyfiyyətli yemlərdən istifadənin real nəticələri keyfiyyət və kəmiyyət göstəriciləri ilə yanaşı, məhsuldarlığın bir neçə dəfə artmasına səbəb olacaq. Zavodumuzla əməkdaşlıq ölkəmizdə qiymətli balıq növlərinin yetişdirilməsi ilə bağlı layihələrin icrasını mümkün və hətta deyərdim ki, zəruri edib. Ümumilikdə isə balıq məhsullarına tələbatın əsasən daxili istehsal hesabına təmin olunması idxaldan asılılığın azaldılmasına və ixrac imkanlarının genişləndirilməsinə zəmin yaradacaq”, - deyə Z. Salmanov vurğulayıb.
Zavodda quraşdırılacaq avadanlıqların əlavə imkanları hesabına balıq yemi ilə yanaşı, illik 10 min ton iribuynuzlu mal-qara və quş yemi istehsalı da həyata keçiriləcək. Bu da regionda sənaye üsulu ilə quşçuluğun, ətlik və südlük istiqamətli cins heyvandarlığın, ümumilikdə, kiçik və orta sahibkarlığın inkişafına dəstək olmaqla, istehsal edilən məhsulların maya dəyərinin aşağı düşməsinə, rəqabətqabiliyyətliliyin artmasına gətirib çıxaracaq.
Sumqayıtda yaradılan Karbamid zavodunun məhsulları xarici bazarlara çıxardılacaq
Ölkəmizdə başlanan yeni sənaye quruculuğundan söhbət açarkən Sumqayıtda yaradılan müasir müəssisələrin önəmini də xüsusi qeyd etmək lazımdır. Hazırda Sumqayıt şəhərində paralel şəkildə tikinti materialları, kimya məhsulları istehsalı və digər təyinatlı çoxlu sayda yeni müəssisənin tikintisi, avadanlıqlarla təchizatı işləri davam etdirilir. Sumqayıt Kimya Sənaye Parkı (SKSP) isə şəhərin sənaye potensialını daha da gücləndirəcək.
Bir qədər bundan əvvəl Prezident İlham Əliyev Sumqayıtda inşa edilən daha bir müəssisədə - karbamid zavodunda tikinti işlərinin gedişi ilə tanış olub. Yeni müəssisə ölkəmizin daxili tələbatının ödənilməsində və yeni ixrac imkanlarının yaradılmasında mühüm rol oynayacaq.
Karbamid zavodunun təməli 2011-ci ilin dekabrında dövlətimizin başçısı tərəfindən qoyulub. Ümumi ərazisi 40 hektara yaxın olan zavod ammonyak, karbamid istehsalı və karbamidin qranulyasiyası sahələrindən ibarət olacaq. Azot gübrələrinin istehsalı üçün əsas xammal qismində təbii qazdan istifadə ediləcək. Zavod gündəlik 1200 ton ammonyak və 2000 ton karbamid istehsal edəcək. Layihənin icra edilməsi iqtisadiyyatın əsas sektorlarından biri olan kənd təsərrüfatına böyük dəstək verəcək. Zavodda il ərzində təxminən 650-660 min ton karbamid istehsal ediləcək ki, bu da daxili tələbatı tam ödəyəcək. Bununla yanaşı, məhsulun dəmir yolu ilə Türkiyə, habelə Qara Dəniz limanları vasitəsilə dünya bazarlarına ixracı nəzərdə tutulur. Layihənin “Samsung Engineering” şirkətinin iş həcminə daxil olan hissəsinin təxminən 95 faizi icra edilib. Əsaslı layihələndirmə, mühəndislik və satınalma işləri 100 faiz tamamlanıb, tikinti işlərinin isə təxminən 82 faizi icra edilib. Zavodun qaz, elektrik enerjisi, texniki və içməli su təchizatı, kanalizasiya sistemi, həmçinin telekommunikasiya xətlərinin quraşdırılması, inzibati və digər binaların, o cümlədən emalatxana və anbarların inşası, dəmir yolu və avtomobil yollarının tikintisi üzrə də işlər gedir. Layihənin icrasında təxminən 3200 nəfər çalışır ki, onların da 3100-ü Azərbaycan vətəndaşıdır. Zavod işə düşəndən sonra burada 350-400 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır. Layihənin ümumi dəyəri təxminən 750 milyon avro təşkil edir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 825 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30