Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda yeni sənaye mərkəzləri yaradılır

Regionlarda yeni sənaye mərkəzləri yaradılır

02.06.2017 [09:58]

Neftçala Sənaye Məhəlləsində müxtəlif istehsal istiqamətlərini əhatə edən 15 layihənin icrası planlaşdırılır
Yeni şəraitdə Azərbaycanın seçdiyi prioritet iqtisadi inkişaf istiqamətlərindən biri müasir, innovasiyalara əsaslanan sənaye quruculuğu ilə bağlıdır. Belə ki, ölkəmizdə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq qeyri-neft sənayesində istehsal imkanlarının artırılması həm siyasi cəhətdən, həm də investisiya təminatı baxımından dəstəklənir.
Vurğulamaq yerinə düşər ki, son illərdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafına göstərilən diqqət, bu məqsədlə fundamental əsaslar yaradılması öz müsbət nəticələrini verməkdədir. Belə ki, artıq respublikamızda sənaye quruculuğunun müsbət nəticələrindən geniş söhbət açmaq mümkündür. Son 13 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Bəhs olunan dövrdə respublikanın müxtəlif regionlarında 70 mindən çox müəssisə fəaliyyətə başlayıb. Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 100-dən artıq sənaye layihəsi maliyyələşdirilib. Əlamətdar haldır ki, ölkəmizdə sənayeləşmə siyasəti ildən-ilə daha geniş vüsət alır. Ötən il bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilib, neftdənkənar iqtisadiyyat üzrə 410 sənaye müəssisəsi açılıb, bir sıra yeni sənaye obyektlərinin inşasına start verilib. Respublikamızda qeyri-neft sənayesinin inkişaf dinamikasının daha yüksək olması xüsusilə diqqətəlayiqdir. Təsadüfi deyil ki, 2017-ci ilin əvvəlindən milli iqtisadiyyatımızda ən yaxşı göstəricilərdən biri 2 faizdən çox olmaqla məhz qeyri-neft sənayesində qeydə alınıb.
Regionlarda müasir müəssisələrin yaradılması sənayeləşmə siyasətində yeni istiqamətdir
Son illərdə ölkəmizdə sənayeləşmə siyasətində yeni mühüm istiqamətə start verilib. Söhbət regional sənaye quruculuğundan gedir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizin sənaye xəritəsi paytaxtdan regionlara doğru genişləndirilir. Azərbaycanın dövlət başçısı Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimindən sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə regional sənaye quruculuğunun perspektivləri ilə bağlı fikirlərini ifadə edərək bildirib: “...Bakı ilə birlikdə ölkəmizin 4 əsas sənaye mərkəzi olmalıdır. Bu mərkəzlərdə işlər daha da sürətlə getməlidir. Sumqayıt Cənubi Qafqazda sənaye potensialına görə ikinci mərkəzdir. Gəncə və Mingəçevir şəhərlərində ən müasir standartlara cavab verən, ən son texnologiya ilə işləyən yeni müəssisələr yaradılır və yaradılacaq”.
Regionlarda yaradılan yeni müəssisələrdən söhbət açarkən Prezident İlham Əliyevin iştirakı ilə 21 sentyabr 2016-cı il tarixində təməli qoyulan Mingəçevir Sənaye Parkının önəmini xüsusi vurğulamaq lazımdır. Müəssisə ölkə üzrə hazır məhsula olan tələbatın ödənilməsinə, idxaldan asılılığın aradan qaldırılmasına müsbət təsir göstərməklə yanaşı, regionda məşğulluğun təmin olunmasında, iqtisadi fəallığın artmasında, aqrar sektorda istehsalın genişlənməsində də mühüm rol oynayacaq.
Ağstafa rayonunda yeni istehsal və emal müəssisələrinin yaradılması istiqamətində aparılan zəruri işlərin nəticəsi olaraq “Karvan-L” Eko sənaye parkı fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin 19 oktyabr 2016-cı il tarixində açılışında iştirak etdiyi “Karvan-L” Eko sənaye parkında hazırda dörd istehsal sahəsində buraxılan məhsullar daxili tələbatın ödənilməsinə yönəldilir, eyni zamanda, xarici bazarlara ixrac edilir.
Qərb bölgəsində “Qazax Sement Zavodu” MMC-nin fəaliyyəti Azərbaycanda regional sənaye quruculuğu siyasətinin uğurla həyata keçirildiyinə yaxşı nümunədir. İstehsal gücü ildə 1 milyon ton sement təşkil edən müəssisə regionda inşaat sektorunun tələbatının ödənilməsində müstəsna rol oynayır.
10 hektar ərazidə yaradılan Neftçala Sənaye Məhəlləsində indiyədək 9 rezident qeydiyyatdan keçib
Regional sənaye quruculuğu strategiyasında qarşıya qoyulan əsas hədəflərdən biri ölkənin hər bir bölgəsinin iqtisadi potensialından səmərli şəkildə istifadə edilməsinə nail olmaqdan ibarətdir. Prezident İlham Əliyev tərəfindən bəyan olunan bu starteji kursa uyğun olaraq ölkənin bütün regionlarında sənaye məhəllələri yaradılacaq.
İlk belə sənaye məhəlləsi dövlət başçısının 2015-ci il 2 fevral tarixli müvafiq Sərəncamına uyğun olaraq Neftçalada yaradılır. Yeni sənaye məhəlləsində 8 modullaşdırılmış istehsal binası olacaq. İlkin mərhələdə onlardan 4-ü istifadəyə veriləcək. Qalanları sahibkarların sifarişi nəzərə alınmaqla sonradan tikiləcək. Artıq Neftçalada yaradılan sənaye məhəlləsinin birinci mərhələsi çərçivəsində bir sıra işlər uğurla tamamlanıb. Qısa müddətdə inzibati binada, ümumi sahəsi 7779 kvadratmetr olan 4 istehsal blokunda və bütün zəruri infrastrukturun tikintisində işlərin əksəriyyəti başa çatıb.
Təxminən 10 hektar ərazidə yaradılan Neftçala Sənaye Məhəlləsində indiyədək 9 rezident qeydiyyatdan keçib. Sənaye məhəlləsində 8 iyul 2016-cı il tarixində qeydiyyatdan keçən “Sun Rise Production” Məhdud Məsuliyyətli Cəmiyyəti kağız stəkanların istehsalı ilə məşğul olacaq. “Petroqeoqaz” Məhdud Məsuliyyətli Cəmiyyəti kənd təsərrüfatı avadanlığı və metal konstruksiyalar istehsal edəcək. “Providence Doytch Limited” Məhdud Məsuliyyətli Cəmiyyəti modul tipli məktəb binalarının quraşdırılmasını həyata keçirəcək. “Toğrul-2008” Məhdud Məsuliyyətli Cəmiyyəti polietilen boru, “Azproduct” Məhdud Məsuliyyətli Cəmiyyəti balıq konservi məhsulları, “İlk Aqrokom” Məhdud Məsuliyyətli Cəmiyyəti müxtəlif kənd təsərrüfatı avadanlıqlarının, o cümlədən pivot suvarma sistemlərinin, “Metak” Məhdud Məsuliyyətli Cəmiyyəti plastik məmulatların istehsalı ilə məşğul olacaq.
Deyilənlərdən də göründüyü kimi, Neftçala Sənaye Məhəlləsində istehsal çoxistiqamətlidir. Daha bir neçə özəl qurum sənaye məhəlləsində istehsalla məşğul olmaq niyyətini ifadə edib. Ümumiyyətlə, Neftçala Sənaye Məhəlləsində 600-dən çox yeni iş yerinin yaradılmasını təmin edəcək 15 layihənin icrası planlaşdırılır.
Neftçala Sənaye Məhəlləsində illik istehsal gücü 25 min ton olan balıq yemi zavodu tikilir
Neftçala Sənaye Məhəlləsində həmçinin Azərbaycanda ilk dəfə olaraq balıq yemi istehsalı zavodu yaradılır. Zavodun direktoru Zaur Salmanov bildirib ki, müəssisənin yaradılmasında dövlətin geniş dəstək mexanizmlərindən istifadə olunub. Belə ki, ümumi dəyəri 12 milyon manat olan layihənin reallaşması üçün dövlət tərəfindən 5,9 milyon manat güzəştli kredit ayrılıb. “Dövlət başçısının müvafiq Sərəncamına əsasən tətbiqinə başlanılmış investisiya təşviqi sənədi əsasında idxal etdiyimiz mütərəqqi texnika və avadanlıqlara görə əlavə vergi və rüsumlardan azad olunmağımız biz sahibkarların maliyyə yükünün azaldılmasına şərait yaradıb. Bütün bunlar, eləcə də zavodun sənaye məhəlləsində yaradılması ilkin investisiya xərclərimizə təqribən 30 faizədək qənaət etməyə imkan verib”, - deyə Zaur Salmanov bildirib.
Z.Salmanov deyib ki, zavodun illik istehsal gücü 25 min ton balıq yemi təşkil edir. Zavodda tikinti işləri tamamlanıb və Almaniya, Avstriya və Hollandiyanın aparıcı şirkətlərindən alınmış avadanlıqların quraşdırılması işləri aparılır.
“Müasir və keyfiyyətli yemlərdən istifadənin real nəticələri keyfiyyət və kəmiyyət göstəriciləri ilə yanaşı, məhsuldarlığın bir neçə dəfə artmasına səbəb olacaq. Zavodumuzla əməkdaşlıq ölkəmizdə qiymətli balıq növlərinin yetişdirilməsi ilə bağlı layihələrin icrasını mümkün və hətta deyərdim ki, zəruri edib. Ümumilikdə isə balıq məhsullarına tələbatın əsasən daxili istehsal hesabına təmin olunması idxaldan asılılığın azaldılmasına və ixrac imkanlarının genişləndirilməsinə zəmin yaradacaq”, - deyə Z. Salmanov vurğulayıb.
Sənaye məhəlləsində buraxılacaq avtomobillər həm daxili, həm də xarici bazarlarda satılacaq
Azərbaycanın regionlarında həm daxili, həm də xarici bazarlarda satılacaq avtomobil istehsalını bir vaxtlar ancaq xəyallarda canlandırmaq olardı. Neftçala Sənaye Məhəlləsində yaxın vaxtlarda avtomobil istehsalına başlanılması ilə bu arzu da reallığa çevriləcək. Söhbət “Azevrocar” şirkəti ilə “İran Khodro” şirkətinin Neftçala Sənaye Məhəlləsində birgə istehsal edəcəkləri avtomobillərdən gedir.
Neftçala Sənaye Məhəlləsində avtomobil zavodunun təməli ötən il Azərbaycan və İran şirkətlərinin müştərək layihəsi əsasında qoyulub. İstehsal gücü ildə 10 000 ədəd avtomobil olacaq zavodda 300 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Təməlqoyma mərasimində Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun tikintisinə dair Azərbaycanın “Azevrocar” MMC və İranın “İran Khodro” şirkətləri arasında 6 müqavilə imzalanıb. Sənədləri Azərbaycan Respublikasının “Azevrocar” MMC şirkətinin rəhbəri Emin Axundov və İran İslam Respublikasının “İran Khodro” şirkətinin baş direktoru Haşim Yekke Zare imzalayıblar. Müqavilələr distribyutor, lisenziya, avadanlıqların satışı, quraşdırılması və istismara verilməsi, yarımfabrikatların təchizatı, mühəndislik xidmətləri, tədris, mühəndis və texniki dəstək sahələrini əhatə edir.
Zavodda əvvəlcə “İran Khodro” markasına aid 4 modelin - “Runna”, “Dena”, “Samand” və “Soren” avtomobillərinin yığımına başlanılacaq. Avtomobil zavodu ehtiyat hissələrinin istehsalı ilə bağlı Sumqayıt Texnologiyalar Parkı, o cümlədən plastik hissələrin istehsalı üçün SOCAR-ın yeni tikiləcək zavodu ilə əməkdaşlıq etməyi planlaşdırır.
Əlamətdar haldır ki, müəssisədə yığılacaq avtomobillərin 15-20 faizi xaricdə satılacaq. “Azevrocar”dan verilən məlumata görə, xarici bazar olaraq MDB ölkələri və Mərkəzi Asiya ölkələri nəzərdə tutulub.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 886 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30