Bölgələrdə kümçülərdən 214 ton 500 kiloqram yaş barama qəbul olunub
21.06.2017 [09:30]
Baramaçılıq həm əhalinin məşğulluğunun təmin olunmasında, həm də ölkədə yüngül sənayenin xammalla təchizatında mühüm rol oynayır
Prezident İlham Əliyev tərəfindən ölkənin aqrar sektorunun inkişafına göstərilən qayğı və dəstək kənd təsərrüfatının bütün sahələrində və kənd əməkçilərinin sosial həyatında öz müsbət töhfələrini verməkdədir. Dövlətimizin başçısının ölkədə ipəkçiliyin sürətli inkişafı ilə bağlı tapşırıqlarına uyğun olaraq 2016-cı ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikada ipək istehsalının müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının möhkəmləndirilməsi, barama toxumçuluğunun təşkili və digər istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Məlum olduğu kimi, ölkəmizin bölgələrində istehsal və ixrac imkanlarının genişləndirilməsi baxımından perspektivli sahələrdən biri də baramaçılıqdır. Yeni şəraitdə bölgələrdə baramaçılığın inkişafı bir çox cəhətdən böyük əhəmiyyət daşıyır. Belə ki, baramaçılıq həm əhalinin məşğulluğunun təmin olunmasında, həm də ölkədə yüngül sənayenin xammalla təchizatında mühüm rol oynayır. Eyni zamanda, baramanın dünya birjalarında satışı ilə bağlı hər hansı problem yoxdur. Bu məhsula hər zaman böyük tələbat var. Onun satışından ölkəmiz böyük məbləğdə valyuta qazana bilər.
Azərbaycanın əlverişli coğrafi iqlim xüsusiyyətləri kifayət qədər gəlirli sahə olan baramaçılığın qarşısında geniş inkişaf perspektivləri açır. Önəmli məqamlardan biri də ondan ibarətdir ki, respublikamızda tarixən baramaçılıq sahəsində zəngin ənənələr formalaşıb. Bir sıra bölgələrdə, o cümlədən də Şəki-Zaqatala, Kür-Araz, Yuxarı Qarabağ və Naxçıvanın düzən və dağətəyi zonalarında ta qədimdən yerli əhalinin məşğulluğunun təmin olunmasında baramaçılıq mühüm rol oynayıb. Yeni şəraitdə bu ənənələr dirçəldilir və baramaçılıq 37 rayonda inkişaf etdirilir. Ötən ildən başlayaraq respublikamızda baramaçılığın inkişafı məqsədilə davamlı tədbirlər həyata keçirilir. Dövlət bu gəlirli sahədə istehsalın artırılmasına həm siyasi, həm də maddi dəstək göstərir. 2016-cı ildən bəri respublikamızda yaş baramanın tədarük qiyməti üç dəfə artırılaraq 3 manatdan 9 manata qaldırılıb. Bundan başqa, ötən il İrandan və Çindən gətirilən ipəkqurdu toxumları Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya edilərək respublikanın ayrı-ayrı rayonlarından olan fermerlərə pulsuz paylanılıb. Bütün bu və ya digər tədbirlər fermerlərdə, ailə təsərrüfatlarında baramaçılığa böyük maraq oyadıb.
Baramaçılığın inkişafı baxımından respublika üzrə zəruri yem bazasının yaradılmasının da böyük önəmi var. İpəkçiliyin gələcək inkişafı üçün baramaçılığın yem bazasının bərpa olunmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından 1,5 milyon ədəd calaq edilmiş tut tingləri tədarük edilib, əvvəlcədən tərtib edilmiş bölgü əsasında əvəzi ödənilmədən 37 baramaçılıq rayonuna paylanılıb və bu rayonların ərazilərində nazirliyin və nazirlik tərəfindən respublikaya dəvət edilmiş Çin Xalq Respublikasının mütəxəssislərinin nəzarəti altında 150 hektara yaxın sahədə yeni intensiv tipli tut bağlarının salınması təmin edilib. Yeni salınmış bağlarda əkilmiş tinglərdən 95-100 faiz səviyyəsində çıxış əldə olunub və hazırda bu bağlarda aqrotexniki qulluq işləri davam etdirilir.
Ölkədə barama istehsalının əvvəlki illə müqayisədə azı iki dəfədən çox artırılması ilə bağlı ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasından 6000 qutu yüksəkkeyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) gətirilib və Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. İpəkqurdu toxumlarından 99-100 faiz səviyyəsində yüksəkkeyfiyyətli barama qurdları əldə edilib və respublikanın 31 rayonunun 739 kəndini əhatə edən 3013 kümçü ailəsi tələb olunan miqdarda keyfiyyətli barama qurdları ilə təmin olunub.
İpəkqurdlarının bəslənilməsində kümçülərə metodiki köməklik göstərilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Çin Xalq Respublikasından dəvət olunmuş mütəxəssislərlə birlikdə baramaçılıq rayonlarına ezam olunub, kümçülərə ipəkqurdlarının bəslənilməsi ilə bağlı müvafiq tövsiyələr verilib, onlara qarşılaşdığı çətinliklərin həll olunmasında əməli və metodiki köməklik göstərilib. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, hazırda bölgələrdə tut ipəkqurdlarının bəslənilməsi prosesi davam edir və artıq bir sıra rayonlarda yaş barama məhsulunun tədarükünə başlanılıb. “Şəki-İpək” ASC-dən alınmış operativ məlumatlara əsasən, 2017-ci il 31 may tarixinə müəssisə tərəfindən respublikanın 8 rayonundan 8,5 tona yaxın yaş barama məhsulu qəbul edilib və hazırda bu proses davam edir.
“Şəki-İpək” ASC İdarə Heyətinin sədri Nizami Qəribovun verdiyi məlumata görə, ASC tərəfindən respublikanın baramaçılıqla məşğul olan rayonlarında istehsalçılardan barama tədarükü mütəşəkkil qaydada davam etdirilir. Bu günədək kümçülərdən 214 ton 500 kiloqram yaş barama qəbul olunub. Rayonlardan tədarük olunan barama əvvəlcə müəssisənin xammal şöbəsinə gətirilir, çeşidlənir, baramanın boğulması prosesi aparılır və yaş barama qurudulmaq üçün yenidən tərəcələrə yığılır. Səhmdar Cəmiyyətin rəhbərinin bildirdiyinə görə, iyulun əvvəlindən etibarən müəssisənin baramaaçan istehsalatı fəaliyyətə başlayacaq.
Xatırladaq ki, kümçülərə istehsal etdikləri yaş barama məhsulunun hər kiloqramına görə dövlət tərəfindən subsidiya şəkilində 5 manat, “Şəki-İpək” ASC tərəfindən isə 4 manat olmaqla, ümumilikdə 9 manat ödənilir.
Hazırda bölgələrdə bu proses uğurla davam etdirilməkdədir. Faktlara diqqət yetirək. Sabirabadlı kümçülər bəslədikləri 100 qutu (1900 qram) ipəkqurdu toxumundan əldə etdikləri məhsulun tədarükünü başa çatdırıblar. Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu mövsüm rayonda 56 ailə ipəkqurdu bəsləyib. Kümçülər “Şəki-İpək” ASC-yə 5 ton 35 kiloqram məhsul təhvil veriblər ki, bu da nəzərdə tutulduğundan 35 kiloqram çoxdur. Barama tədarükündə rayonun Şəhriyar, Qaralar və Nizami kəndlərinin kümçüləri fərqləniblər. Sabirabad üzrə ən yüksək nəticə göstərən isə Nizami kənd sakini Teymur Bəhramov olub. Baramaçı bəslədiyi 10 qutu ipəkqurdu toxumundan 700 kiloqramdan çox barama tədarük edib ki, bunun da dəyəri 6 min 300 manatdan artıqdır. Qeyd edək ki, ötən il rayonda 22 ailə barama istehsalı ilə məşğul olub və tədarük məntəqəsinə 3 ton 70 kiloqram barama təhvil verilib.
Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızda ipəkçiliyin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi Oğuz rayonunda da ənənəvi sahələrdən olan baramaçılığa marağı xeyli artırıb. Uzun illər fasilədən sonra 2017-ci ildə rayonda yenidən barama yetişdirilməsinə başlanılıb. Rayon İcra Hakimiyyətindən bildiriblər ki, ilk mövsümdə rayonda barama istehsalının 4 tona çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirilməsi ilə əlaqədar 38 kümçü ilə müqavilə bağlanılıb, onlara 1 kiloqram 556 qram ipəkqurdu paylanılıb. Artıq istehsalçılardan barama qəbuluna başlanılıb. Oğuzlu kümçülər ilk günlər “Şəki-İpək” ASC-yə 600 kiloqrama yaxın yaş barama məhsulu təhvil veriblər və tədarük prosesi davam edir.
Rayonun Xaçmaz kəndinin sakini Teymur Atakişiyev bu il həmkəndlisi Bəxtiyar Nəbiyevlə birlikdə 140 qram ipəkqurdu bəsləyib. Atakişiyevlər ailəsi cari mövsümdə 300 kiloqram barama istehsal etməyi planlaşdırır. Kümçü AZƏRTAC-a müsahibəsində baramaçılığın çox sərfəli və gəlirli sahə olduğunu, bu il barama istehsalından ailə büdcələrini ən azından 2500 manat artıracaqlarını bildirib.
Baramaçılığın gələcək inkişafını təmin etmək və onun yem bazasını möhkəmləndirmək məqsədi ilə ötən ilin payızında Oğuz rayonunun ərazisində 9 hektar sahədə yeni tut (çəkil) bağları salınıb, əraziyə 33 min ədəd tut tingi əkilib. Yeni salınan bağların məhsuldarlığı artdıqca, rayonda barama istehsalının daha da yüksələcəyi gözlənilir.
Ağstafa rayonunda da barama tədarükü davam edir. Bu il Ağstafada 1330 qram ipəkqurdu bəslənilib. On beş kümçü tərəfindən yetişdirilən barama hazırda “Şəki-İpək” ASC-yə təhvil verilir. İndiyədək 2825 kiloqram barama tədarük olunub. Mövsümün sonunadək daha 600 kiloqram baramanın təhvil verilməsi gözlənilir.
Ağsu rayonunda isə cari mövsümdə 54 ailəyə inkubasiya olunan 140 qutu (2660 qram) ipəkqurdu toxumu verilib. Artıq yetişdirilən məhsul qabaqcadan bağlanan müqaviləyə əsasən “Şəki-İpək” ASC tərəfindən qəbul olunur. Hələlik 5436 kiloqram barama təhvil verilib. Ən çox məhsul Qaraqoyunlu, Muradlı, İlxıçı ərazi vahidlərində yetişdirilib.
Qazaxlı kümçülər isə artıq ikinci ildir ki, barama yetişdirirlər. Rayonda bu il baramaçılar ötən ildəkindən xeyli çox məhsul əldə ediblər. Kümçü Nizami Əliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “55 qram ipəkqurdu götürmüşdüm. İndiyədək 220 kiloqram barama təhvil vermişəm. Yetərincə gəlir götürə biləcəm. Çəkdiyimiz zəhmətə dəyər”.
“Şəki-İpək” ASC-nin nümayəndələri kümçülərin məhsullarını elə yerindəcə qəbul edirlər. Məhsul hər kəsin yanında tərəzi ilə çəkilir, qeyd aparılır və maşınlara yığılır. Qazax rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həmid Pənahov deyib: “Baramaçılıq çox gəlirli sahədir. Təhvil verilən məhsulun hər kiloqramına görə 5 manat subsidiya ayrılıb. Bundan başqa “Şəki-İpək” ASC də hər kiloqrama görə vətəndaşlara 4 manat ödəyir. Beləliklə 1 kiloqram baramaya 9 manat verilir. Bu, təbii ki, insanların da marağını artırır”.
Rayonda 5 tondan çox məhsul əldə ediləcəyi proqnozlaşdırılır.
İmişlidə də barama tədarükü uğurla davam edir. Dövlətimiz tərəfindən baramaçılığın inkişafına göstərilən dəstəkdən bəhrələnən rayon kümçüləri qısa müddətdə 6 ton 116 kiloqram barama tədarük ediblər. Məhsul “Şəki-İpək” ASC tərəfindən qəbul olunur. Rayon İcra Hakimiyyətindən bildiriblər ki, bu mövsüm rayonda 125 kümçü ilə müqavilə bağlanılıb, onlara 334 qutu (5 kiloqram 700 qram) ipəkqurdu toxumu paylanılıb. Kümçülər artıq bir neçə gündür ki, əldə etdikləri məhsulun tədarükü ilə məşğuldurlar. Barama tədarükündə rayonun Göbəktala, Telişli kəndləri xüsusilə fəallıq göstərirlər. Tədarük olunan baramanın hər kiloqramı 9 manata alınır. Bunun 4 manatı 10 gün ərzində kümçülərə ödənilir. Qalan 5 manat isə barama istehsalçılarına subsidiya şəkilində veriləcək. Qeyd edək ki, bu il rayonda 15 ton barama tədarük etmək nəzərdə tutulub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

