Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın hərtərəfli inkişafı regionların timsalında da özünü bariz şəkildə göstərir

Azərbaycanın hərtərəfli inkişafı regionların timsalında da özünü bariz şəkildə göstərir

06.07.2017 [09:46]

Ölkə sahibkarları bölgələrin sosial-iqtisadi inkişafı prosesində yaxından iştirak edirlər
Məlum olduğu kimi, ölkəmizin hərtərəfli inkişafı regionların timsalında da özünü bariz şəkildə göstərir. Bu da səbəbsiz deyil. Belə ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb. Məhz bu sadalananların nəticəsidir ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı davamlı xarakter daşıyır.
Digər tərəfdən, bu da vurğulanmalıdır ki, regionların sosial-iqtisadi inkişafına sahibkarlar da öz töhfələrini verirlər. Təbii ki, bu prosesdə dövlətin sahibkarlara dəstəyi də xüsusi rol oynayır. Belə ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə sahibkarlara güzəştli kreditlər verilir. Bu kreditlər hesabına iş adamlarımız bölgələrdə yeni təsərrüfatlar və müəssisələr yaradırlar. Bu məsələ ilə əlaqədar mütəmadi olaraq regionlarda tədbirlər keçirilir, iş adamlarına güzəştli kreditlər verilir.
Eyni zamanda, hazırda da bölgələrdə bu istiqamətdə tədbirlər uğurla davam etdirilir. Belə ki, iyunun 22-də Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 37 sahibkara 1 milyon manatdan çox güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq və bağçılıq təsərrüfatlarının, istixana kompleksinin genişləndirilməsinə, tikinti materiallarının istehsalına və digər sahələrə yönəldiləcək. Bununla da 70-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq. Kreditlər İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarların maarifləndirilməsi, onlara maliyyə dəstəyinin göstərilməsi məqsədilə Quba rayonunun Timiryazev qəsəbəsində keçirilən işgüzar forum çərçivəsində təqdim olunub.
İşgüzar forumda Quba rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan intensiv bağçılıq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, müasir meyvə-tərəvəz emalı, qablaşdırma materialı istehsalı və meyvəqurutma müəssisələrinin, hotelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Tədbirdə kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Fondun icraçı direktoru Şirzad Abdullayev məlumat verib ki, 2017-ci ilin ötən dövründə 653 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 50 milyon manata yaxın güzəştli kredit yönəldilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2 minə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradır. Ümumilikdə isə indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 min 380 investisiya layihəsinin maliyyələşdirilməsinə 186,2 milyon manat güzəştli kredit verilib.
Forum çərçivəsində Qubanın Timiryazev qəsəbəsində gündəlik istehsal gücü 10 ton olan çörək zavoduna və Dəlləkli kəndində intensiv bağçılıq təsərrüfatına baxış keçirilib. Hər iki investisiya layihəsinin reallaşdırılmasında güzəştli kreditlərdən istifadə edilib. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən son illər 31 çörək istehsalı müəssisəsinin maliyyələşdirilməsinə 55 milyon manat güzəştli kredit ayrılıb. Artıq 29 müəssisə istifadəyə verilib. Bundan əlavə, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 51 logistik mərkəzin yaradılmasına 163 milyon manat və 38 intensiv bağçılıq, tingçilik və üzümçülük təsərrüfatlarının yaradılmasına 56,6 milyon manat güzəştli kredit yönəldilib. Logistik mərkəzlər əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında, ixracın artmasında əhəmiyyətli rol oynayır və regionlarda yeni intensiv meyvə bağlarının salınmasını stimullaşdırır.
Sabirabad rayonunun Ulacalı kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair keçirilən işgüzar forumda isə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Sabirabad və ətraf rayonlardan olan sahibkarlara 3,1 milyon manat güzəştli kredit verilib. Forum çərçivəsində Sabirabad rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, intensiv bağçılıq, istixana, cins heyvandarlıq təsərrüfatlarının, meyvə-tərəvəz və süd emalı müəssisələrinin yaradılması, soya, mərci və noxud əkini üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafında, xüsusilə regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, ümumilikdə indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 13 mindən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 524,4 milyon manat güzəştli kredit verilib. Qeyd edilib ki, bu forumda Sabirabad rayonunda ildə 109 milyon ədəd əmtəəlik yumurta və 1,4 min ton quş əti istehsal etmək gücündə olacaq müəssisənin tikintisinə güzəştli kredit ayrılıb. Müəssisə istifadəyə verildikdən sonra burada 130-a yaxın yeni iş yeri yaradılacaq.
Bildirilib ki, son illər 40 quşçuluq təsərrüfatına 133,3 milyon manat güzəştli kredit verilib. Həyata keçirilən sistemli tədbirlər nəticəsində sənaye quşçuluğunun illik istehsal gücü 130 min tonu ötüb. Quş əti istehsalı artaraq 2016-cı ildə 95,5 min tona, o cümlədən sənaye üsulu ilə istehsal 2,5 dəfə artaraq 53,4 min tona, yumurta istehsalı 1,6 milyard ədədə (36,6 faiz artım), o cümlədən sənaye üsulu ilə istehsal 48,8 faiz artaraq 668,4 milyon ədədə çatıb. Bu məhsullarla özünütəminetmə səviyyəsi yüksəlib, ixrac imkanları artıb.
Ümumilikdə isə verilən kreditlər əsasən pambıqçılıq, quşçuluq, heyvandarlıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 300-dən çox yeni iş yerinin açılmasına imkan yaradacaq.
Forum çərçivəsində Sabirabadda güzəştli kredit ayrılan pambıqçılıq təsərrüfatına baxış keçirilib. Qeyd edək ki, 2017-ci ilin ötən dövründə pambıqçılığın inkişafı məqsədilə 144 sahibkara 7,2 milyon manat güzəştli kredit verilib.
Siyəzən rayonunun Böyük Həmyə kəndində keçirilən tədbirdə isə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 200 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən heyvandarlıq, bağçılıq, quşçuluq sahələrinin inkişafına yönəldiləcək. İşgüzar forumda Siyəzən rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, müasir heyvandarlıq, zeytunçuluq və cins heyvandarlıq təsərrüfatlarının, badam bağlarının salınması və süd emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Bununla yanaşı, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb. Qeyd edək ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Bakı şəhərinin qəsəbələrində də sahibkarlara güzəştli kreditlər verilir. Belə ki, Sahibkarlığa Kömək Milli Fondunun Sabunçu rayonunun Bakıxanov qəsəbəsində keçirdiyi işgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 9,8 milyon manat güzəştli kredit verilib. Kreditlər əsasən tikinti materiallarının istehsalı, istixana kompleksinin yaradılması, mətbəx və məişət mallarının istehsalı, quşçuluq və heyvandarlıq sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 200-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
İşgüzar forumda Sabunçu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan istixana və zeytunçuluq təsərrüfatlarının, badam bağının salınması, corab, qablaşdırma materialı və polietilen paketlər istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1345 investisiya layihəsinin maliyyələşdirilməsinə 377,6 milyon manat güzəştli kredit verilib.
Forum çərçivəsində Balaxanı Sənaye Parkında sürtkü yağlarının təkrar istehsalı müəssisəsinə baxış keçirilib. Bu müəssisədə mühərrik yağının texnoloji və kimyəvi proseslərdən keçirməklə təkrar emalından 80 faizədək həcmdə yenidən istifadəyə yararlı mühərrik yağları istehsal etmək mümkündür. Bu yağlar iritutumlu nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikasının mühərriklərində istifadə üçün bütün standartlara cavab verəcəkdir. Müəssisədə illik 1800 ton sürtkü yağlarının təkrar emalı həyata keçiriləcək. Avtomobil və digər texnikalarda istifadə olunmuş mühərrik və ya sürtkü yağlarının təkrar emalı ətraf mühitin çirkləndirilməsinin qarşısının alınmasına imkan yaradacaq.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 828 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30