Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Bu ilin birinci yarısında regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm nailiyyətlər qazanılıb

Bu ilin birinci yarısında regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm nailiyyətlər qazanılıb

04.08.2017 [10:03]

Lənkəran-Astara iqtisadi-coğrafi rayonuna daxil olan ayrı-ayrı rayonlarda əldə edilən göstəricilər də bunu təsdiqləyir
Mütərəqqi inkişaf modelinə malik olan Azərbaycanda həyata keçirilən sosial-iqtisadi tərəqqi strategiyası bütün sahələrdə müsbət göstəricilərin əldə edilməsini şərtləndirib. Bu dinamik tərəqqi qarşıya qoyulan hədəflərin reallaşmasını təmin etməklə yanaşı, yeni inkişaf perspektivlərinin yaranmasına səbəb olub. Şübhəsiz, hazırda əldə edilən nailiyyətlər deməyə əsas verir ki, Azərbaycan inkişaf yolunda əmin addımlarla irəliləyir.
Həyata keçirilən inkişaf siyasətinin mühüm istiqamətlərindən birini də regionların sosial-iqtisadi inkişafı təşkil edir. Bu istiqamətdə reallaşdırılan tədbirlər, görülən işlər davamlı xarakter daşıyır. Başqa sözlə, ölkəmizdə bölgələrin sosial-iqtisadi inkişafı başlıca prioritetlərdən biri kimi müəyyənləşdirilib, qarşıya qoyulan hədəflərə uyğun olaraq bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi davamlı xarakter daşıyır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, infrastruktur daha da yaxşılaşdırılıb.
Bütövlükdə, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı davamlı xarakter daşıyır və bu ilin birinci yarısında əldə edilən nailiyyətlər bunu təsdiqləyir. Lənkəran-Astara iqtisadi-coğrafi rayonuna daxil olan ayrı-ayrı rayonların timsalında bu ilin birinci yarısının yekunlarına dair əldə edilən uğurlar, eləcə də görülən işlər də belə deməyə əsas verir.
2017-ci ilin 6 ayı Astara rayonu üçün də uğurlu olub. Rayon ərazisində kənd təsərrüfatının inkişaf etdirilməsi, istifadəsiz qalan torpaq sahələrinin dövriyyəyə qaytarılması üçün həyata keçirilən tədbirlər səmərəli nəticə verib. Görülən tədbirlər nəticəsində rayonda ümumi əkin sahəsi 2300 hektara qədər artırılıb, təkcə çəltik əkini 8 dəfədən çox artırılaraq 450 hektara çatdırılıb. Çay, tərəvəz və bostan bitkilərinin yetişdirilməsində də artımlar vardır. Bu il üçün daha çox torpaqlarda əkin aparılması məhsul istehsalında böyük artımların olacağını göstərir.
Bundan başqa, 2017-ci ilin I yarısında iqtisadi və sosial inkişafın əsas keyfiyyət göstəricisi olan ümumi məhsul və xidmətlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 5 faiz artaraq 876 milyon manata çatmışdır. Bunun 7.7 faizi sənayedə, 34.6 faizi kənd təsərrüfatında, 23 faizi tikintidə, 32.5 faizi ticarət və xidmətlər sahəsində, 2 faizi nəqliyyat və anbar təsərrüfatında, 0,5 faizi isə informasiya və rabitədə olub.
Tikinti və abadlıq-quruculuq sahəsində də rayonda xeyli iş görülüb. Bununla yanaşı, Taxtanakəran-Toradi, Taxtanakəran-Miki avtomobil yolunun tikintisinin ikinci mərhələsinə başlanıb, hazırda bu istiqamətdə işlər davam etdirilir. Rayon ərazisindəki magistral və yerli əhəmiyyətli yolların təmiri, abadlaşdırılması işi birinci yarımillikdə davam edib. Ələt-Astara-İran sərhədi avtomobil yolu ölkəmizin əsas avtomobil yollarından biri olmaqla yanaşı, “Şimal-Cənub” nəqliyyat dəhlizinin tərkib hissəsi sayılır. Hazırda bu magistralın Masallı-Astara hissəsinin tikintisində işlər davam etdirilir.
Digər tərəfdən, Astara şəhəri və ətraf qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlər davam etdirilib. Bu günə qədər 2 ədəd 5000 kubmetrlik su anbarı və manevr otağının tikintisi başa çatıb.
Bunlarla yanaşı, birinci yarımildə rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar Astara şəhər 6 saylı, Maşxan kənd tam orta, Deqədi və Ovala kənd əsas məktəblərində cari təmir işləri aparılıb, Ərçivan qəsəbə 1 saylı, Asxanakəran və Hamoşam kənd məktəblərinin cari təmirinə hazırlıq işlərinə başlanılıb.
Rayonda aqrar sahənin inkişafına diqqət artırılıb. İnzibati ərazi nümayəndəlikləri üzrə kənd təsərrüfatı bitkilərinin əkini üçün şum işləri 2016-cı il ilə müqayisədə 842 hektar artırılaraq 2102 hektara çatdırılıb. Şum aparılan sahələrin 447.5 hektarında çəltik, 146.8 hektar buğda, 31.5 hektar arpa, qalan sahələrdə isə tərəvəz, paxlalı bitkilər, bostan bitkiləri və yonca əkilib. Sitrus meyvələrinin istehsalına diqqətin artırılması sayəsində sitrus meyvə bağlarının ümumi sahəsi artaraq 2200 hektarı keçib.
Lənkəran rayonunda da ilin birinci yarısında sosial-iqtisadi inkişaf sahəsində mühüm işlər görülüb, əhəmiyyətli nəticələr əldə olunub. Bu müddət ərzində rayonda ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 1,6 faiz artaraq 163 milyon manata çatıb. Bu dövrdə sənayedə 15,6 milyon manatlıq məhsul istehsal olunub, qeyri-dövlət sektorunda istehsalın həcmi 10,9 milyon manat təşkil edib. Rayonda tərəvəzçilik, çayçılıq və çəltikçilik sahəsində uğurlu nəticələr qazanılıb.
Cəlilabad rayonunda da 2017-ci ilin birinci yarısında sosial-iqtisadi inkişaf sahəsində görülən işlər qarşıya qoyulan məqsədlərə çatmağa imkan verib. Rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, tikinti-abadlıq işlərinin genişləndirilməsi, yeni iş yerlərinin açılması, elektrik enerjisi, qaz və su təchizatının yaxşılaşdırılması, meliorasiya tədbirlərinin həyata keçirilməsi kimi vəzifələr çərçivəsində görülən işlər davam etdirilib.
Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmədə uğurlu nəticələr əldə edilib. Ölkə başçısının tapşırığına əsasən rayonda ənənəvi əkin sahəsi olan pambıqçılığın inkişaf etdirilməsi üçün ardıcıl iş aparılıb, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan əlverişli torpaq sahələri müəyyənləşdirilmiş, sahələrin şumlanması, toxumla təchiz olunması və suvarılması üçün zəruri tədbirlər görülmüşdür. Ötən il rayonda 426 hektar sahədə pambıq əkilib, 798 ton məhsul istehsal edilib. Bu il pambıq əkini 500 hektara çatdırılıb. Kənd təsərrüfatının mühüm sahələrindən olan baramaçılığın inkişafına diqqət artırılıb, bu məqsədlə ilkin olaraq rayonun Təzəkənd kəndində 10 min ədəd tut ağacı əkilib, bu il 243 kiloqram barama istehsal edilib.
Bununla yanaşı, Cəlilabad şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində tədbirlər davam etdirilib. İçməli su şəbəkəsi üzrə 98,9 faiz, su magistral xətti üzrə 99,0 faiz, kanalizasiya şəbəkəsi üzrə isə 97,8 faiz iş başa çatdırılıb.
Digər tərəfdən, əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsindən ötrü Sabirabad kəndində SİP kabelləşmə işlərinə başlanılıb, 1100 metr kabel çəkilib, 200 ədəd yeni sayğac quraşdırılıb, Privolnoye və Alar kəndlərində 3 yeni transformator istehlakçıların istifadəsinə verilib. Bundan əlavə, rayon ərazisindəki qaz xətlərində 1307 paqonmetr təmir-bərpa işləri aparılıb, 61 abonentə yeni qaz xətti çəkilib. Günəşli kəndindəki qazpaylayıcı stansiyasında yeni qaztənzimləyici quraşdırılıb, Gülməmmədli, Xəlilabad kəndlərinin qazlaşdırılması başa çatdırılıb.
2017-ci ilin birinci yarımilində Masallı rayonunda da kənd təsərrüfatının inkişafı, sahibkarlıq fəaliyyətinə dəstək və sahibkarlığın inkişaf etdirilməsinə münbit şəraitin yaradılması istiqamətlərində, eləcə də tikinti, abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının təmiri, əhalinin içməli su ilə təmini, məktəb və xəstəxana tikintisi və digər infrastruktur layihələrinin icrası istiqamətində işlər davam etdirilib.
Cari ilin birinci yarımilində rayon ərazisində tütünçülüyün inkişafına yüksək diqqət göstərilib. Belə ki, əgər 2016-cı ildə rayonda 10 hektar sahədə tütün əkini aparılmışdısa, bu il bəhs olunan işin həcmi 43 hektara qədər olub. Həmin tütün məhsulunun yığılaraq qurudulması və satışı üçün rayonun Urakəran kəndində tütün qurudulma sexi tikilərək istifadəyə verilib.
Rayonda fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı da müvafiq işlər görülüb. Zaqatala rayonundan yüksək məhsuldarlığı ilə seçilən 54 min findıq tingləri gətirilərək rayonda 108 ha findıq bağları salınmışdır.
Eyni zamanda, əhalinin içməli suya olan tələbatının ödənilməsi də mühüm məsələ kimi daim diqqətdə saxlanılıb və bu istiqamətdə işlər davam etdirilib. Vərov, Yolocaq, Bürzünbül, Vərgədüz, Bilnə, Horavar, Əngövül, Əfçədulan, Horoni kəndlərinə su xətti çəkilib, əhalinin içməli su ehtiyacı ödənilib.
Bu müddətdə yaşayış məntəqələrinin qazlaşması işləri də davam etdirilib, hazırda Yardımlı rayon mərkəzi və 10 kənddə istehlakçılar təbii qazla təmin olunub, bununla da qaz abonentlərinin sayı 2017-ci ilin birinci yarısında 2607-yə çatdırılıb. Eyni zamanda, rayon elektrik şəbəkəsi də istehlakçıların elektrik enerjisi ilə təmini üçün lazımi tədbirləri gücləndirib. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə şəbəkəyə 320-yə yaxın elektrik dayaqları daxil oub və xətlərdə təmir işləri aparılıb, sıradan çıxmış elektrik transformatorları yenisi ilə əvəz olunub, eyni zamanda, 10 ədəd tam müasir transformator quraşdırılıb.
Bütövlükdə, 2017-ci ilin 6 ayında rayon üzrə 27 milyon 571 min manatlıq ümumi məhsul istehsal olunub. Bu müddətdə 461 min manatlıq sənaye, 11 milyon 92 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub, əhaliyə 10 milyon 741 min manatlıq ticarət, 644 min manatlıq nəqliyyat, 186 min manatlıq rabitə xidməti göstərilib, 4 milyon 446 min manatlıq tikinti-quraşdırma işləri həyata keçirilib.
Beləliklə, Lənkəran-Astara iqtisadi-coğrafi rayonuna daxil olan ayrı-ayrı rayonlarda əldə edilən göstəricilər də deməyə əsas verir ki, bu ilin birinci yarısında regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm nailiyyətlər qazanılıb.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 957 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30