Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında yüksək səviyyəli sosial infrastruktur quruculuğu uğurla həyata keçirilir

Azərbaycanın regionlarında yüksək səviyyəli sosial infrastruktur quruculuğu uğurla həyata keçirilir

24.10.2017 [10:00]

Təkcə 2017-ci ilin əvvəlindən bəri respublikamızda 100-ə yaxın məktəb, 27 tibb ocağı tikilib və yaxud əsaslı şəkildə təmir edilib
Azərbaycanın regionlarında həyata keçirilən sosial infrastruktur quruculuğu ölkəmizin müasir mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biridir. Respublikamızda 2004-cü ildən bəri uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarında ayrı-ayrı bölgələrdə sosial təyinatlı obyektlərin inşasına dair çoxlu sayda müddəalar öz əksini tapıb. Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin bir çoxu artıq reallaşdırılıb. Hazırda regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində bütün ölkə boyu sosial təyinatlı obyektlərin inşası və yaxud yüksək səviyyədə yenidən qurulması intensiv şəkildə davam etdirilir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində ölkəmizdə sosial infrastruktur quruculuğu siyasətinin uğurla həyata keçirilməsindən məmnunluq ifadə edərək vurğulayıb: “Sosial infrastrukturla bağlı siyasətimiz uğurla aparılır. Bu ilin əvvəlindən 100-ə yaxın məktəb tikilib, təmir edilib. Bu proses davam etdirilir. İyirmi yeddi tibb ocağı tikilib və təmir edilib. Digər sosial infrastruktur layihələri uğurla icra edilir”.
Regionlarda tikilən yeni tibb ocaqlarında əhaliyə yüksəkkeyfiyyətli səhiyyə xidməti göstərilir
Son 13 ildə müvafiq Dövlət proqramları çərçivəsində bütün ölkə boyu 600-dən çox tibb ocağı tikilib və yaxud əsaslı şəkildə təmir edilib. Ən yüksək standartlar səviyyəsində qurulan və müasir avadanlıqla təchiz edilən bu tibb ocaqlarında müxtəlif xəstəlikləri müayinə və müalicə etmək mümkündür. Regionlarda istifadəyə verilən yeni tibb ocaqlarında əhaliyə yüksəkkeyfiyyətli səhiyyə xidməti göstərilir.
Cari ildə yüksək səviyyədə yenidən qurularaq istifadəyə verilən tibb ocaqlarından biri də Neftçala Mərkəzi Rayon Xəstəxanasıdır. Prezident İlham Əliyev 2017-ci ilin sentyabrında regionlara səfəri çərçivəsində bəhs olunan xəstəxananın əsaslı şəkildə yenidən qurulmasından sonra istifadəyə verilməsi mərasimində şəxsən iştirak edib və burada yaradılan şəraitlə tanış olub.
Neftçala Mərkəzi Rayon Xəstəxanasının binası 1989-cu ildə inşa olunub. Ümumi ərazisi 5 hektar olan Mərkəzi Rayon Xəstəxanasının yenidənqurma işlərinə 2013-cü ildə başlanılıb və 2017-ci ildə başa çatdırılıb.
Xəstəxanadakı 11 şöbədə müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi mümkündür. Cərrahiyyə, travmatologiya, terapiya, doğum, qadın məsləhətxanası, pediatriya, intensiv terapiya, infeksion xəstəliklər, anesteziologiya, reanimatologiya, hemodializ, şüa-diaqnostika, fizioterapiya, qəbul şöbələri, poliklinika, təcili tibbi yardım stansiyası tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib. Xəstəxananın bütün infrastrukturu tamamilə yenilənib. Burada 620 tibb işçisi çalışacaq. Onların 82-si həkim, 249-u orta tibb işçisidir.
Bu günlərdə isə Masallı Rayon Mərkəzi Xəstəxanası əsaslı təmirdən sonra qapılarını yerli sakinlərin üzünə açıb. Əsaslı şəkildə yenidən qurulan xəstəxananın istifadəyə verilməsi mərasimində səhiyyə naziri Oqtay Şirəliyev, Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov iştirak ediblər. Nazir Oqtay Şirəliyev məlumat verərək bildirib ki, Masallı Rayon Mərkəzi Xəstəxanası Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə əsaslı təmir olunub.
Masallı Mərkəzi Rayon Xəstəxanasında əsaslı təmir işlərinə 2013-cü ilin avqust ayında başlanılıb. 1986-cı ildə 5,70 hektar ərazidə inşa edilmiş tibb ocağı 10 korpusdan ibarətdir. Bura uşaq xəstəlikləri, yoluxucu xəstəliklər, təcili yardım məntəqəsi, təsərrüfat, mətbəx korpusları, habelə Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Masallı rayon şöbəsinin, Səhiyyə Nazirliyi Təcili Tibbi Yardım Stansiyasının Masallı Regional Məntəqəsinin korpusları daxildir. 206 həkim, 454 orta tibb işçisi, 326 kiçik tibb işçisi olmaqla, ümumilikdə, xəstəxanada 986 tibb işçisi çalışır. Tibb müəssisəsi 223 min əhaliyə lazımi tibbi xidmət göstərəcək.
Yenidən qurulan Gəncə Tibb Kollecində orta ixtisaslı kadrlar hazırlanacaq
Regionlarda tibb ocaqlarının yenidən qurulması ilə paralel şəkildə kadr hazırlığı üçün müvafiq şəraitin yaradılması da diqqət mərkəzində saxlanılır. Bu günlərdə Gəncə Tibb Kolleci əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.
Kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev bildirib ki, Gəncə Tibb Kolleci respublikamızın qərb regionunda orta ixtisaslı tibb kadrları hazırlayan yeganə dövlət təhsil müəssisəsidir. Kollec iki korpusdan ibarətdir. Burada aparılan əsaslı təmir işləri nəticəsində elmi-praktik konfrans zalı müasir üslubda təmir olunub. Dərs otaqları və kabinetlər yeni əyani vasitələrlə təchiz edilib. Əsas korpusun birinci mərtəbəsində tələbələrin müasir biliklərə yiyələnmələri üçün kitabxana fəaliyyətə başlayıb. Yeni kitablar və dərs vəsaitləri ilə təmin olunmuş kitabxanada tələbələr həmçinin elektron kitabxana xidmətlərindən istifadə edə biləcəklər.
Gəncə Tibb Kollecində yaradılan müasir şəraitdən burada təhsil alan 600 tələbə, 59 həkim-müəllim, 24 müəllim, 27 nəfər inzibati və texniki işçi olmaqla ümumilikdə 126 nəfər faydalanacaq.
Bölgələrdə yeni məktəblərin tikintisi geniş vüsət alıb
Bölgələrdə yeni məktəblərin tikintisinin və yaxud əsaslı şəkildə yenidən qurulmasının intensiv hal alması da ölkəmizdə sosial infrastruktur quruculuğuna yaxşı nümunədir. Müvafiq Dövlət proqramlarının icrası nəticəsində son 13 ildə Bakı şəhərində və respublikanın bölgələrində 3000-dən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb.
2016-cı ildən etibarən ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində yeni proqramın icrasına başlanılıb. Belə ki, ötən il 44 rayonu əhatə edən azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəblərinin modul tipli məktəblərlə əvəzlənməsinə start verilib. Nazirlər Kabinetinin qərarı ilə 2016-cı ildə 6 belə məktəbin quraşdırılması üçün Təhsil Nazirliyinə 2 milyon manat vəsait ayrılıb. 2017-ci ilin sonunadək respublikanın regionlarında qəzalı, istismara yararsız və şagird sayı az olan məktəblər üçün 100-dən çox modul tipli məktəb quraşdırılması nəzərdə tutulub. Bu proses 2018-ci ildə də davam etdiriləcək və beləliklə də, ölkə üzrə azkomplektli qəzalı məktəblər problemi birdəfəlik həllini tapacaq.
Əlamətdar haldır ki, respublikamızın regionlarında yeni təhsil ocaqlarının tikilməsi və yaxud yenidən qurulması davamlı prosesə çevrilib. Təkcə 2017-ci ildə Prezident İlham Əliyev regionlara səfərləri çərçivəsində çoxlu sayda yeni məktəb binasının və uşaq bağçasının açılışına qatılıb.
Belə təhsil ocaqlarından biri də Salyan şəhər 2 saylı tam orta məktəbidir. 1954-cü ildən ümumtəhsil məktəbi kimi fəaliyyət göstərən Salyan şəhər 2 saylı tam orta məktəbi 1937-ci ildə tikilmiş ikimərtəbəli uyğunlaşdırılmış binada yerləşirdi. 2003-cü ilədək məktəb binası 26 sinif otağından ibarət idi və tədris iki növbədə aparılırdı. 2003-cü ildə əlavə 14 sinif otağı tikildi və həmin ildən etibarən tədris birnövbəli sistemə keçdi.
2016-2017-ci tədris ilində məktəbin 556 şagirdi müvəqqəti olaraq 3 saylı tam orta məktəbin binasında yerləşdirilmişdi. Dövlətimizin başçısının ötən il imzaladığı Sərəncamla məktəb üçün yeni bina tikildi və bu, bir çox problemləri aradan qaldırdı. İlk növbədə, digər təhsil ocaqlarında yerləşdirilən şagirdlər öz doğma məktəblərinə qayıtdılar. İndi onlar müasir, zəruri avadanlıqla təchiz olunmuş məktəbdə təhsillərini davam etdirirlər.
Üç mərtəbədən ibarət yeni məktəb binasında 48 sinif otağı, 6 laboratoriya, əmək təlimi otaqları, tibb məntəqəsi, kitabxana, 380 yerlik akt zalı, idman və atıcılıq zalları fəaliyyət göstərir.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində ixtisaslı kadr hazırlığı üçün hər cür şərait yaradılıb
Bu günlərdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binasının açılış mərasimi keçirilib. Məlumat verilib ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi iri sənaye mərkəzlərində, regionlarda rasionallaşdırılma və optimallaşdırma prosesinin həyata keçirilməsi, müasir təminatlı peşə təhsil mərkəzlərinin yaradılması çərçivəsində istifadəyə verilib. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi peşə liseyi statusunda olmaqla, Qəbələ Peşə Məktəbi və Qəbələ Turizm və Hotelçilik üzrə Peşə Tədris Mərkəzinin bazasında yaradılıb.
Üç mərtəbədən ibarət mərkəzdə iqtisadiyyatın prioritet istiqamətləri üzrə peşə təhsilində ixtisaslı kadr hazırlığı ilə bağlı hər cür şərait yaradılıb. Mərkəzdə istehsalat təlim dərslərini yüksək səviyyədə həyata keçirmək üçün bütün ixtisaslara uyğun yaradılmış 4 emalatxana lazımi avadanlıqla təchiz olunub.
Yeni tədris korpusunda gözləmə və konfrans zalları, 30 sinif otağı, linqafon, kompüter otaqları, laboratoriyalar, 13 inzibati otaq, mətbəx, yeməkxana, təlim üçün restoran və hotel otağı, oxu zalı olan kitabxana, soyunub-geyinmə otağı, idman zalı mövcuddur. Təhsil ocağının geniş konfrans zalında həm rayon, həm də respublika əhəmiyyətli tədbirlər keçirmək mümkündür. Mərkəzdə yeni tipli mini-stadion şagirdlərin istifadəsinə verilib, idman zalı müxtəlif tədris vasitələri ilə tam təmin edilib. Peşə Təhsil Mərkəzinin balansında əlavə olaraq 75 hektar tədris-təcrübə sahəsi var və 10-dan çox müasir kənd təsərrüfatı texnikası ilə təchiz olunub. Mərkəzdə ümumilikdə 980 nəfərin təhsil alması mümkündür.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 876 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30