Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanda bu il ərzində 2 milyon 918 min ton taxıl tədarük olunub

Azərbaycanda bu il ərzində 2 milyon 918 min ton taxıl tədarük olunub

20.12.2017 [09:54]

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, regionlarda taxıl əkilən sahələrdə məhsuldarlıq hər hektardan buğda üzrə 30,6 sentner, arpa üzrə isə 25,6 sentner təşkil edib
Son illərdə respublikanın bölgələrində taxılçılığın inkişafına xüsusi diqqət göstərilir ki, bu da təsadüfi deyil. Belə ki, taxılçılığın inkişafı ölkədə əhalinin ərzaq təhlükəsizliyinin yerli istehsal hesabına təmin olunması baxımından müstəsna əhəmiyyət daşıyır. Digər tərəfdən, dənli və dənli paxlalı bitkilər quşçuluq və maldarlıq üçün mühüm yem bazası qismində çıxış edir. Prezident İlham Əliyev bu sahənin strateji baxımdan önəmini nəzərə alaraq qarşıya ölkə üzrə taxıla olan tələbatın 100 faiz həcmində yerli istehsal hesabına ödənilməsi ilə bağlı vəzifə qoyub. Azərbaycan bu hədəfə, necə deyərlər, addım-addım yaxınlaşır - bölgələrdə həm istehsal həcmləri artır, həm də müasir taxıl anbarları, emal müəssisələri yaradılır.
Cari ildə Cəlilabad və Şəki rayonlarında daha çox taxıl tədarük olunub
“Respublikamızda aqrar sektorun strateji əhəmiyyətli sahələrindən olan taxılçılığın inkişafına dövlət tərəfindən həm siyasi, həm də maddi cəhətdən güclü dəstək verilməsi öz növbəsində aidiyyəti üzrə mütəxəssislərin, fermerlərin məsuliyyətini artırıb. Məlumdur ki, respublikamızın torpaq fondu məhduddur. Buna görə də Kənd Təsərrüfatı Nazirliyi mövcud əkin sahələrindən daha səmərəli istifadə olunmasına, məhz daha mütərəqqi metodlardan bəhrələnməklə taxıl istehsalı həcmlərinin artırılmasına nail olmağa çalışır. Taxıl istehsalında digər aqrotexniki proseslər kimi, biçin, məhsulun saxlama məntəqələrinə çatdırılması da mühüm mərhələdir. Min bir zəhmət hesabına araya-ərsəyə gətirilən məhsulun itkisiz yığılmasını təmin etmək, havayı bir dənin də torpağa düşməsinə imkan verməmək üçün vaxtında lazımi hazırlıq tədbirləri görülməlidir. Bu baxımdan məmnunluq hissi ilə vurğulamaq istərdim ki, cari mövsümdə bütün respublika üzrə fermerlərin taxıl biçininə hazırlığı yüksək səviyyədə olub, ələlxüsus da texnika ilə təchizat gücləndirilib. Bunun da sayəsində sahələrdə yetişdirilən bol məhsulu qısa müddətdə və itkisiz yığmaq mümkün olub”. Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov söyləyib.
Nazirlik rəsmisi bütövlükdə respublika üzrə məhsul tədarükünün uğurla aparıldığını bildirib. Onun məlumatına əsasən, 2017-ci ilin məhsulu üçün ölkə üzrə 940 min hektar sahəyə dənli və dənli paxlalı bitkilər əkilib. Bunun 590 min hektarını buğda, 318 min hektarını isə arpa təşkil edib. Operativ keçən biçin mövsümündə respublika üzrə 2 milyon 918 min ton taxıl, o cümlədən 1805 min ton buğda, 812 min ton arpa tədarük olunub. “Məhsuldarlıq hər hektardan buğda üzrə 30,6 sentner, arpa üzrə isə 25,6 sentner təşkil edib. Respublika miqyasında taxıl tədarükündə Cəlilabad rayonu liderlik edir. Bu bölgədə 72 min hektar ərazidə dənli və dənli paxlalı bitkilər əkilib və məhsuldarlıq 26,2 sentner olmaqla bütövlükdə 189 min ton məhsul yığılıb. İkinci pillədə Şəki rayonu gəlir. Bu bölgədə 67 min hektar sahədən 215 min ton məhsul tədarük edilib. Məhsuldarlıq isə hər hektar üzrə 30 sentnerdən yuxarı olub”, - deyə İ.Cümşüdov bildirib.
Ölkədə taxılçılıq intensiv metodlarla inkişaf etdirilir
Azərbaycanda aqrar sektorun digər istiqamətləri kimi, taxılçılıq da intensiv metodlarla inkişaf etdirilir və bu zaman qabaqcıl dünya təcrübəsi nəzərə alınır. Respublikanın bölgələrində taxılçılığın inkişafında Prezident İlham Əliyevin tapşırığına əsasən yaradılan iri fermer təsərrüfatlarının rolunu xüsusi qeyd etmək lazımdır. Ölkə üzrə iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir. İndiyədək dövlət başçısının tapşırığına uyğun olaraq 20 rayonda 44 min hektardan çox sahədə 22 sahibkarlıq subyekti tərəfindən 32 iri fermer təsərrüfatı yaradılıb. Ümumi dəyəri 181 milyon manat olan bu təsərrüfatların yaradılmasına 72,4 milyon manat dövlət güzəştli kreditləri verilib.
İri fermer təsərrüfatlarından biri Cəlilabad rayonunda keçmiş dövlət kənd təsərrüfatı istehsalı müəssisəsinin bazasında 1300 hektar torpaq sahəsi üzrə müsabiqənin qalibi olmuş “Avanqard” MMC tərəfindən yaradılıb. Təsərrüfatın investisiya layihəsinin ümumi dəyəri 5,9 milyon manat təşkil edir. İnvestisiya layihəsi güzəştli kreditlər və sahibkarın şəxsi vəsaiti hesabına reallaşdırılıb. Ərazidə yeraltı qrunt sularının axıdılması məqsədilə 4860 metr uzunluğunda drenaj qazılıb, ABŞ-ın “Lindsay” şirkətinin istehsalı olan süni yağış yağdırma üsulu ilə müasir suvarma sistemləri quraşdırılıb. Təsərrüfatın fasiləsiz su ilə təminatını həyata keçirmək üçün 3 kilometr uzunluğunda mövcud kanal təmizlənib, tutumu 50 min kubmetr olan süni göl yaradılıb, 2,3 kilometr uzunluğunda yeni elektrik xətti çəkilib. Təsərrüfat “Aqrolizinq” ASC vasitəsilə Almaniyanın “Claas” şirkətinin istehsalı olan texnika və aqreqatlar ilə təchiz edilib.
Beyləqan rayonunda “Qarabağ Taxıl” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən özəl pilot taxılçılıq təsərrüfatının yaradılması dövlət-özəl sektor əməkdaşlığına yaxşı nümunədir. Təsərrüfat Ağcabədi və Beyləqan rayonlarının ərazisində müasir suvarma sistemlərinin tətbiqi ilə 4800 hektar sahədə yaradılıb. Burada tutumu 20 min ton olan taxıl anbarı kompleksi, gücü saatda 100 ton olan qurutma sistemi və tutumu 6 min ton olan logistik mərkəz istifadəyə verilib.
Dövlət tərəfindən yaradılan infrastrukturdan geniş şəkildə istifadə edən təsərrüfatda qarğıdalı və digər dənli bitkilər, soya əkilir. Burada yetişdirilən soya paxlasının 85-90 faizi yem və bitki yağına çevrilir. Yem tamamilə heyvan qidası üçün istifadə edilir. Quşçuluqda qidalanmada soyanın xüsusi çəkisi 32-35 faiz, dəyər çəkisi isə 48-53 faizdir. Heyvandarlıqda isə bu göstəricilər müvafiq olaraq 18-20 faiz və 53-58 faiz təşkil edir. Bütövlükdə qarğıdalı və ondan alınan məhsullar üzrə respublikanın illik tələbatı təxminən 600 min ton, soyada isə 160 min ton təşkil edir. Bu məhsulların idxalının əvəzlənməsi üçün əlavə olaraq 50 min hektar qarğıdalı, 40 min hektar soya əkilməsinə ehtiyac var.
Dövlətin hərtərəfli dəstəyi ilə yaradılan iri fermer təsərrüfatları çox haqlı olaraq ölkədə taxılçılığın inkişafında yeni mərhələ sayılır. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, iri fermer təsərrüfatlarında məhsuldarlıq hər hektardan arpa və buğda üzrə 58-60, qarğıdalı üzrə isə təxminən 120 sentner təşkil edir.
Regionlarda gələn ilin məhsulu üçün taxıl səpini uğurla davam edir
Yaxşı deyiblər ki, bol məhsulun əsası şum və səpinlə qoyulur. İ. Cümşüdovun məlumatına əsasən, bölgələrdə gələn ilin məhsulu üçün taxıl səpini uğurla davam etdirilir. Bütövlükdə cari ilin yanvar-noyabr aylarında təmiz herik şumu daxil olmaqla payızlıq əkinləri üçün 1034,5 min hektar sahədə şum qaldırılıb. Gələn ilin məhsulu üçün 864,6 min hektar sahəyə dən üçün payızlıqlar, ondan 584,1 min hektar sahəyə buğda, 280,4 min hektar sahəyə isə arpa səpilib.
Hazırda respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında 2018-ci ilin məhsulu üçün payızlıq taxıl səpini müvəffəqiyyətlə başa çatmaq üzrədir. Cari mövsümdə rayonda 65,5 min hektar sahədə payızlıq taxıl səpini proqnozlaşdırılsa da, fermerlər son günlərədək 44 min 532 hektarı buğda, 21 min 985 hektarı arpa olmaqla, ümumilikdə 66 min 517 hektar sahəyə toxum səpiblər.
Kürdəmir rayonunda isə payızlıq taxıl səpini yekunlaşıb. Cari mövsümdə rayonun təsərrüfatlarında 43208 hektarda səpin aparılıb. Bu isə ötən ilin müvafiq göstəricisindən 3848 hektar çoxdur. Əkin sahələrinin 14196 hektarı buğda, 29012 hektarı arpadır. Rayonun əksər ərazilərində, o cümlədən taxılçılıqla daha çox məşğul olunan Qarasu, Qarasaqqal, Muradxan, Ərəbqubalı, Köhünlü və bir sıra digər ərazi vahidlərində bu mühüm kampaniya yüksək mütəşəkkilliklə aparılıb.
Qeyd edək ki, bu il Kürdəmir rayonunda taxıl əkini sahələrinin artımı yeni aqroparkların yaradılması, əkin üçün əlavə torpaq sahələrinin ayrılması nəticəsində mümkün olub. Artıq əksər ərazilərdə normal çıxış alınıb. Hazırda əkin sahələrində zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilir.
Qobustan rayonunda da gələn ilin məhsulu üçün payızlıq taxıl əkini başa çatıb və 30 min hektarda səpin aparılıb. Əkin sahələri ötən ildəkindən 4251 hektar çoxdur. Sahələrin 19 min 619 hektarı buğda, qalanı isə arpadır. Səpin kampaniyasına 120-dən çox texnika cəlb edilib.
Taxılçılıqda mühüm amillərdən biri də toxumçuluqdur
Taxılçılıqda bir sıra digər amillərlə yanaşı, toxumçuluğun rolunu da xüsusi qeyd etmək lazımdır. Yeni sortların yaradılması, onların rayonlaşdırılması, bütövlükdə toxumçuluğun inkişafı taxıl əkilən sahələrdə məhsuldarlığın artmasına müsbət təsir göstərir. Məlum olduğu kimi, Prezident İlham Əliyev 2015-ci il 2 mart tarixində “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu yaradılıb.
Yeni buğda sortlarının yaradılmasında, ümumiyyətlə, toxum istehsalı sahəsində Qobustan Bölgə Təcrübə Stansiyasında böyük işlər görülür. Son illərdə burada buğdanın “Ruzi 84”, “Qızıl buğda”, “Ləyaqətli 80”, arpanın “Dəyanətli”, “Qüdrətli 48”, ərzaq noxudunun “Sultan” sortları yaradılıb. Bunlar əvvəlki sortlardan fərqli olaraq tez yetişir, xəstəliyə və quraqlığa davamlıdır. Məhsuldarlıqları isə orta hesabla 7-10 sentner çoxdur. Mərkəzdə həm də müasir texnologiya ilə həmin sortların elit toxumları istehsal olunur. Hər il stansiyadan kənd təsərrüfatı bölgüsü əsasında toxumçuluq fermer təsərrüfatlarına orta hesabla 300-350 ton toxum satılır.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 909 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30