Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionların sosial-iqtisadi inkişafı istiqamətində müəyyənləşdirilən tədbirlər uğurla icra olunur

Regionların sosial-iqtisadi inkişafı istiqamətində müəyyənləşdirilən tədbirlər uğurla icra olunur

10.03.2018 [00:50]

Naxçıvan Muxtar Respublikasında ayrı-ayrı sahələrin inkişafı yönündə həyata keçirilən sistemli və məqsədyönlü işlər səmərəli nəticələr verir
Azərbaycan yeni iqtisadi şəraitdə dinamik inkişafı ilə fərqlənir. Həyata keçirilən çoxşaxəli və sistem xarakterli islahatlar qarşıya qoyulan hədəflərə çatmağı mümkün etməklə yanaşı, ölkəmizin qarşısında yeni perspektivlərin yaranmasını şərtləndirib. Ötən müddət ərzində əldə edilən nəticələr Azərbaycanın inkişafının uğurlu dinamikasını əyani şəkildə göstərir. Buna paralel olaraq regionların sosial-iqtisadi inkişafı istiqamətində çoxsaylı nailiyyətlər qazanılıb. Müxtəlif istiqamətləri əhatə edən proqramlar və layihələr yalnız paytaxt Bakıda və ya iri şəhərlərdə deyil, respublikanın bütün bölgələrində uğurla icra olunur. Bunun nəticəsidir ki, Azərbaycanın bölgələri uğurla inkişaf edir, bu isə milli tərəqqinin daha dinamik və intensiv xarakter almasını təmin edir.
Yeri gəlmişkən, ölkədə əldə edilən uğurlardan Naxçıvan Muxtar Respublikasına da pay düşüb. 2017-ci ildə muxtar respublikada ümumi daxili məhsul istehsalı 2 milyard 701 milyon manatdan artıq olub ki, bu da 2016-cı ilin müvafiq gəstəricisindən 1,5 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun dəyəri əvvəlki ilə nisbətən 3,6 faiz artaraq 5 min 990 manat olub. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27,6 faizlik payla sənaye tutub və maddi istehsalın payı 58,7 faiz təşkil edib. Ötən il muxtar respublikada 967 milyon 60 min manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da bir il öncəki göstəricini 1,4 faiz üstələyib. Sənaye məhsulu istehsalının 96,1 faizi malların, 3,9 faizi isə xidmətlərin payına düşüb. Sənayenin dövlət sektorunda 49 milyon 878 min 900 manatlıq, qeyri-dövlət sektorunda isə 917 milyon 181 min 100 manatlıq məhsul istehsal olunub. İstehsal olunan sənaye məhsulunun 94,8 faizi özəl sektorun payına düşüb. 2017-ci ildə muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 60 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 23 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması davam etdirilib. Sənayedə istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərib, 2017-ci ildə 321 milyon 841 min 600 ABŞ dolları dəyərində məhsul ixrac olunub.
Bunlarla yanaşı, ötən il muxtar respublikada bir il öncəyə nisbətən 4 faiz çox, yəni 453 milyon 364 min 500 manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunub. 2017-ci ildə 100 min 116 ton dənli və dənli-paxlalılar, 750 ton dən üçün günəbaxan, 84 min 722,6 ton tərəvəz, 38 min 349 ton ərzaq üçün bostan məhsulları, 53 min 69,4 ton meyvə, 15 min 906,3 ton üzüm toplanıb. 2017-ci ildə muxtar respublikada heyvandarlıq təsərrüfatlarında 9 min 190 baş inək, düyə və camış süni yolla mayalandırılıb və bu dövrdə 5 min 804 baş sağlam bala alınıb. Bu il yanvarın 1-nə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 112 min 371 baş, qoyun və keçilərin sayı 681 min 903 baş olub ki, bu da ötən ilin eyni dövrünə olan göstəricilərdən müvafiq olaraq 1,4 və 1,5 faiz artıqdır. Ötən il muxtar respublikada diri çəkidə 26 min 331,7 ton ət, 82 min 857,3 ton süd istehsal olunub. Bu isə 2016-cı illə müqayisədə müvafiq olaraq 2,2 və 1,8 faiz çoxdur. Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırıb, 2017-ci ildə muxtar respublikadan 101 milyon 478 min 400 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunub.
2018-ci ilin yanvar ayında isə Naxçıvan Muxtar Respublikasında 163 milyon 397 min 300 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur. Bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz artaraq 360,7 manata çatıb. Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye tutur. Sənaye üzrə 89 milyon 940 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricini üstələyib. Həmin dövrdə 7 milyon 929 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz çoxdur. Yanvar ayında muxtar respublika üzrə diri çəkidə 1967 ton ət, 1974 ton süd istehsal edilib, bir il öncəki göstərici ilə müqayisədə ət istehsalı 7,5 faiz, süd istehsalı 1,9 faiz artıb. Muxtar respublikanın ayrı-ayrı rayonlarında görülən işlər də yerli istehsalın artmasına mühüm töhfələr verib. Məsələn, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası Şahbuz rayon əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə geniş imkanlar yaradıb. Həmçinin ərzaq məhsullarının da yerli istehsaldan əldə olunması istiqamətində rayonda mühüm tədbirlərin həyata keçirilməsi daxili bazarda məhsul bolluğuna səbəb olub. Şahbuz rayonunda 2017-ci ildə 2659 hektar sahədə əkin aparılıb. Əkin sahəsinin 1834 hektarını dənli və dənli-paxlalılar (qarğıdalısız), 1 hektarını dən üçün qarğıdalı, 10 hektarını dən üçün günəbaxan, 164 hektarını tərəvəz bitkiləri, 9 hektarını ərzaq üçün bostan bitkiləri, 424 hektarını kartof, 139 hektarını çoxillik otlar, 64 hektarını birillik otlar, 14 hektarını əvvəlki illərdə əkilmiş çoxillik otlar təşkil edib. Əkilən ərazilərin vaxtında suvarılması məqsədilə meliorasiya-irriqasiya sistemlərinin yeniləşdirilməsi ötən il də diqqət mərkəzində saxlanılıb, rayonun Kiçikoba kəndində suvarma boru xətlərinin tikintisi başa çatdırılıb.
Muxtar respublikada özəl sektorun inkişafı da diqqət mərkəzindədir. Hazırda muxtar respublikada istehsal olunan kənd təsərrüfatı məhsulunun hamısı, sənaye məhsulunun 95, tikintidə görülmüş işlərin 79, nəqliyyat xidmətlərinin 78 faizi, rabitə xidmətlərinin 83 faizə yaxını, ticarət və ictimai iaşə xidmətinin 100 faizi özəl sektorun payına düşür. Məqsədyönlü və ardıcıl tədbirlərin qanunauyğun nəticəsi kimi, idxalın həcmi əhəmiyyətli dərəcədə azaldılıb, yeni iş yerləri açılıb. Vaxtilə Naxçıvan Muxtar Respublikasında 15 adda məhsul istehsal olunurdu. Bu gün isə 372 növ məhsul istehsal edilir, 344 növ məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Hazırda muxtar respublikada avtomobil və tikinti materiallarından tutmuş ərzaq və məişət əşyaları istehsalına qədər çoxsaylı sahibkarlıq müəssisələri fəaliyyət göstərir. Məşğul əhalinin 83 faizi özəl sektorda çalışır. Muxtar respublikada sahibkarlığın inkişafını şərtləndirən başlıca amillər vergi və gömrük güzəştlərinin, dövlət qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqi, özəl sektorun inkişafına əlverişli şəraitin yaradılması, torpaq mülkiyyətçilərinin torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad edilməsi, bu sahədə çalışanlara bir sıra güzəştlərin tətbiq olunması, subsidiyaların verilməsi, ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi, xidmət və turizm sektorunun inkişafı istiqamətində, həmçinin muxtar respublikanın Sahibkarlığa Kömək Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlərin verilməsi, idxaldan asılılığın aradan qaldırılması yönündə davamlı tədbirlərin görülməsi və digərləridir.
Son illər muxtar respublikada səhiyyə xidməti sahəsində köklü dəyişikliklər baş verib, səhiyyə müəssisələrinin maddi-texniki bazası gücləndirilib, tibbi kadrların səviyyəsi yüksəldilib. Bu gün muxtar respublikanın səhiyyə müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla müayinə və müalicə işləri, mürəkkəb cərrahiyyə əməliyyatları həyata keçirilir. Ötən il Ordubad rayonunun Üstüpü kəndində həkim ambulatoriyası binasının, Naxçıvan şəhərinin Tumbul və Qaraxanbəyli, Şərur rayonunun Arpaçay, Çəmənli və Qarahəsənli, Babək rayonunun Payız və Gərməçataq kəndlərində feldşer-mama məntəqələrinin tikintisi, Şərur rayonunun Ələkli kəndində feldşer-mama məntəqəsinin yenidən qurulması, Şərur rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirinin başa çatdırılması, Duzdağ Fizioterapiya Mərkəzində yeraltı bölmədə əlavə palata yaradılmaqla çarpayı sayının 280-ə çatdırılması məhz bu çərçivədə həyata keçirilib. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında əsaslı yenidənqurma işlərinin aparılması da görülən işlərin davamıdır. Bu il yanvarın 11-də istifadəyə verilən xəstəxanada yaradılan şərait və quraşdırılan avadanlıqlar, bütövlükdə, mövcud texniki təchizat müasir tələblərə tam cavab verir.
Naxçıvan Muxtar Respublikasının müasir iqtisadiyyatı özünün çoxsahəli strukturu ilə fərqlənir. Bu, əsas etibarilə, yerli tələbatın müvafiq istehsal sahələri yaratmaqla daxili imkanlar hesabına təmin edilməsini zəruri və mümkün edir. Təsadüfi deyil ki, ötən müddət ərzində görülən işlərin nəticəsi kimi, muxtar respublikada yeni istehsal sahələri yaradılıb, təbii ehtiyatlar aşkara çıxarılaraq istismara cəlb olunub, sənaye müasir texnika və texnologiya ilə təchiz edilib. Hazırda bu proses uğurla davam edir, yəni yeni istehsal və xidmət sahələrinin, ixracyönümlü məhsullar istehsal edən emal, sənaye müəssisələrinin yaradılması istiqamətində müvafiq işlər görülür. Bütövlükdə, muxtar respublikada ayrı-ayrı sahələrin inkişafı istiqamətində həyata keçirilən sistemli tədbirlər öz səmərəli nəticələrini verir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 936 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30