Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda yeni iş yerlərinin yaradılması istiqamətində mühüm tədbirlər reallaşdırılır

Regionlarda yeni iş yerlərinin yaradılması istiqamətində mühüm tədbirlər reallaşdırılır

16.05.2018 [09:29]

Əhalinin məşğulluq səviyyəsinin artırılması sahəsində həyata keçirilən sistemli və məqsədyönlü işlər səmərəli nəticələr verir
Azərbaycanda həyata keçirilən innovativ - yeni nəsil islahatlar bütün sahələrin dayanıqlı inkişafını şərtləndirib. Əldə edilmiş dinamik inkişaf fonunda Azərbaycanın qüdrətini artıran strateji amillərdən biri müxtəlif sahələri əhatə edən Dövlət proqramlarının və layihələrin uğurla reallaşdırılmasıdır. Xüsusilə də, sosialyönümlü layihələrin uğurlu icrası əhalinin həyat şəraitinin daha da yaxşılaşmasını - insanların rifahının yüksəlməsini təmin edib. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də “Xızı şəhərində və Altıağac qəsəbəsində içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin yekunlaşması ilə bağlı keçirilən mərasimdə çıxışı zamanı qeyd edib ki, Azərbaycan dövləti möhkəm əsaslar üzərində qurulub: “Biz iqtisadiyyatımızı bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdiririk. Ancaq bununla bərabər, sosial məsələlərin həllinə çox böyük diqqət göstəririk. Bunun nəticəsində ölkəmiz uğurla inkişaf edir. Bunun nəticəsində ölkəmizdə sabitlik, əmin-amanlıq hökm sürür, xalq-iqtidar birliyi gündən-günə möhkəmlənir. Bu gün Azərbaycan inkişaf, sabitlik, xalq-iqtidar birliyi baxımından dünya miqyasında nümunəvi ölkəyə çevrilibdir”.
Əlbəttə, sosialyönümlü layihələrin uğurlu icrası əhalinin məşğulluğunun artmasını, işsizliyin azalmasını təmin edib. Xüsusilə də, rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi bu prosesə mühüm töhfələr verib. Müxtəlif istiqamətləri əhatə edən proqramlar və layihələr yalnız paytaxt Bakıda və ya iri şəhərlərdə deyil, respublikanın bütün bölgələrində uğurla icra olunur. Bölgələrdə yeni iş yerlərinin açılması dövlət siyasətinin mühüm prioritetlərindəndir. Bu istiqamətdə görülən tədbirlər və mütəmadi olaraq yüksək əməktutumlu iş yerlərinin yaradılması əhalinin məşğulluğunu təmin edib.
Ümumiyyətlə, mütəmadi olaraq regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində bölgələrdə yeni texnologiyalara əsaslanan müəssisələr yaradılır, yeni iş yerləri açılır, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün sistemli tədbirlər həyata keçirilir. Bunlara paralel olaraq əhalinin işlə təmin olunması istiqamətində ayrı-ayrı bölgələrdə məqsədyönlü işlər görülür. Yeri gəlmişkən, muxtar respublikada cari ilin aprel ayında keçirilən əmək yarmarkalarında 212 nəfər işlə təmin olunub. 2018-ci ilin aprel ayında keçirilən əmək yarmarkalarında 177-si özəl sektor olmaqla, 270 idarə, müəssisə və təşkilatdan 1753 boş iş yeri təqdim edilib. Təqdim olunan boş iş yerlərindən 1442-si dövlət, 177-si qeyri-dövlət müəssisələrinin payına düşüb. Yarmarkalarda 212 nəfər, o cümlədən 134-ü dövlət, 78-i isə özəl sahədə işlə təmin olunub. Onlardan 206 nəfəri fəhlə, 6 nəfəri isə xidmət sahələrinə göndərilib. Gənclərin, qadınların və sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunun təmin olunmasına da ciddi önəm verilib. İşlə təmin olunanların 55 nəfərini 29 yaşadək gənclər, 5 nəfərini sağlamlıq imkanları məhdud olan şəxslər, 33 nəfərini isə qadınlar təşkil edib. Əmək yarmarkalarında kənd xidmət mərkəzlərinin kadrlarla təmin olunması da diqqət mərkəzində saxlanılıb. Ümumilikdə, 6 nəfər kənd xidmət mərkəzlərində fəaliyyət göstərən müəssisələrdə işlə təmin olunub. Keçirilən əmək yarmarkalarının yekunlarının təhlili göstərir ki, Naxçıvan Şəhər Məşğulluq Mərkəzi tərəfindən 25, Şərur Rayon Məşğulluq Mərkəzi tərəfindən 41, Babəkdən 27, Ordubaddan 26, Culfadan 31, Şahbuzdan 15, Kəngərlidən 35, Sədərəkdən isə 12 nəfər müxtəlifyönümlü işlərə göndərilib, ümumilikdə, 10 nəfər peşə hazırlığı kurslarına cəlb edilib. Həmçinin Culfa Rayon Məşğulluq Mərkəzi tərəfindən Bənəniyar, Kəngərli Rayon Məşğulluq Mərkəzi tərəfindən Qarabağlar, Xok və Yurdçu kənd xidmət mərkəzlərində vakant olan yerləri kadrlarla təmin etmək üçün 4 nəfər kursa cəlb olunub.
Mayın 14-də “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılmış tam avtomatlaşdırılmış plastik boru, profil və aksesuarların istehsalı müəssisəsinin fəaliyyətə başlaması ilə ilkin mərhələdə 300-ə yaxın yeni iş yerinin açılması da əhalinin məşğulluğunun təmin olunması baxımından mühüm önəm kəsb edir. Müəssisənin yaradılmasına 27 milyon manat vəsait sərf olunub ki, onun 5 milyon manatı Sahibkarlığa Kömək Fondunun, 22 milyon manatı isə müəssisənin daxili imkanları hesabına ödənilib. 14 min kvadratmetr sahəsi olan müəssisə istehsal sahəsindən, idarəetmə və iş otaqlarından, laboratoriya, hazır məhsul və xammal anbarlarından ibarətdir. İstehsal sahəsində tam avtomatlaşdırılmış avadanlıqlar quraşdırılıb. İstehsal gücü ayda 1500 ton olan müəssisədə müxtəlif qapı-pəncərə profilləri, polipropilen əsaslı kompozit və sadə içməli su boruları, eləcə də polietilen əsaslı sərt sulama boruları, PVC əsaslı lambir, saydinq və aksesuarlar, PVC əsaslı yumşaq rezin suvarma şlanqları, kanalizasiya boruları, müxtəlif boru fitinqləri olmaqla, 7 növdə və 160 çeşiddə məhsul istehsal olunur. İstehsal olunan hər məhsul növünə beynəlxalq sertifikat verilib. Laboratoriyada məhsulların keyfiyyətinə xüsusi diqqət yetirilir. Quraşdırılan müasir avadanlıqlar məhsulların təzyiqə, istiliyə və zərbəyə davamlılığına, o cümlədən xammalın tərkibinin yoxlanmasına imkan verir. Müəssisənin Bakı şəhərində və rayonlarda satış mərkəzləri yaradılıb. Həmçinin məhsullar xarici ölkələrə ixrac olunacaq, gələcəkdə ixracyönümlü məhsulların sayını artırmaqla yeni bazarlara çıxış imkanları yaradılacaqdır. Müəssisənin istehsal gücü ayda 1500 tondur. İstehsal olunan məhsullara olan daxili tələbat isə ayda 250 tondur. Tələbatdan artıq istehsal olunan məhsullar xarici ölkələrə ixrac olunacaq və ölkəmizin digər bölgələrində satışı həyata keçiriləcək. Bu da muxtar respublikanın ixrac potensialının daha da artmasına və idxaldan asılılığın azalmasına imkan verəcəkdir.
Mayın 11-də isə Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi (SEDA) çərçivəsində Saatlı rayonunun Günəşli kəndində inşa edilən süd emalı müəssisəsi fəaliyyətə başlayıb. Yeni süd emalı müəssisəsinin istifadəyə verilməsi heyvandarlıq sahəsinin inkişafına mühüm töhfə olmaqla yanaşı, məşğulluğun artması baxımından da əhəmiyyətlidir. Süd emalı müəssisəsinin fəaliyyətə başlaması nəticəsində Günəşli kəndində təsərrüfatlar istehsal etdikləri südü emal edəcək ki, bu da kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcək. Layihə çərçivəsində 6 ədəd müxtəlif təyinatlı süd emalı avadanlığı quraşdırılıb. Müəssisədə hər gün 20 ton süd qəbul olunacaq ki, nəticədə 500 kiloqram sarı pendir, 400 kiloqram ağ pendir istehsal ediləcək və burada ümumilikdə 20 nəfər çalışacaq.
Bununla yanaşı, dövlət dəstəyi ilə Şəmkirdə balıq istehsalı və emalı müəssisəsi yaradılır. Mayın 11-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirləri çərçivəsində Şəmkir rayonunda keçirilən Forumda bu məsələ diqqət mərkəzində olub. Forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, fond tərəfindən Şəmkir rayonunun iqtisadi potensialına uyğun olaraq, kartof və soğan saxlama anbarının, istixana, intensiv üzümçülük və kartofçuluq təsərrüfatlarının, cins heyvandarlıq kompleksinin, quru meyvə və çörək istehsalı, meyvə-tərəvəz və süd emalı, ət kəsimi və ət emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub. Tədbirdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirib ki, indiyədək Şəmkir rayonundan olan 1100 sahibkara 63,7 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, aqroparkın, iri fermer, istixana, intensiv bağçılıq təsərrüfatlarının, çörək zavodunun, balıq istehsalı və emalı, tikinti materialları istehsalı müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib. Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 32 sahibkara 1,9 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər balıq istehsalı və emalı müəssisəsinin yaradılmasına, bağçılıq, tərəvəzçilik, heyvandarlıq sahələrinin inkişafına və sair yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması hesabına 350-dən çox yeni iş yerinin açılması imkanı yaranacaq. Tədbir çərçivəsində Şəmkirdə dövlətin güzəştli krediti ayrılan ildə 3 min ton balıq istehsal etmək gücünə malik müəssisəyə baxış keçirilib.
Bütövlükdə, regionlarda yeni iş yerlərinin yaradılması istiqamətində mühüm tədbirlər reallaşdırılır. Əhalinin məşğulluq səviyyəsinin artırılması sahəsində həyata keçirilən sistemli və məqsədyönlü işlər isə səmərəli nəticələr verir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 897 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30