Azərbaycanın bütün regionlarında yüksək səviyyəli təhsil və səhiyyə infrastrukturu qurulur
26.05.2018 [07:20]
2004-cü ildən bəri ölkə üzrə 642 tibb ocağının, 3 mindən çox məktəbin tikilməsi və yaxud əsaslı şəkildə yenidən qurulması böyük uğurdur
Ölkəmizdə 2004-cü ildən bəri uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində bölgələrdə sosial təyinatlı infrastruktur obyektlərinin tikintisi geniş vüsət alıb. Son 15 ildə bütün respublika boyu sosial infrastruktur quruculuğuna dair statistika kifayət qədər zəngindir. Bəhs olunan dövrdə ölkədə 642 tibb ocağı, 3 mindən çox məktəb tikilib və yaxud əsaslı şəkildə yenidən qurulub. Nəticədə, insanların keyfiyyətli təhsilə, tibb xidmətlərinə əlçatanlığı əhəmiyyətli dərəcədə yüksəlib.
Ölkədə 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb
Ölkə boyu yeni təhsil müəssisələrinin tikilməsi və yaxud mövcud məktəblərin əsaslı şəkildə yenidən qurulması sayəsində 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, o cümlədən də birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb. Respublikamızda təkcə 2017-ci ildə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb.
Ölkədə təhsil infrastrukturunun yenilənməsi ilə bağlı tədbirlər cari ilin əvvəlindən də intensiv şəkildə davam etdirilir. Prezident İlham Əliyev 23 may 2018-ci il tarixində Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında müvafiq Sərəncam imzalayıb. Sənəddə son illərdə ölkədə təhsil müəssisələrinin inkişafı istiqamətində mühüm addımlar atıldığı, müxtəlif şəhər və rayonlarda təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası istiqamətində uğurlu işlər görüldüyü vurğulanıb. Sərəncama əsasən, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.44.1-ci yarımbəndində göstərilmiş məbləğin 40,0 (qırx) milyon manatı Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb.
Respublikamızda təhsil infrastrukturunun müasirləşdirilməsi proqramı çərçivəsində yeni layihə də uğurla icra edilir. Söhbət regionlarda kontingenti az olan təhsil ocaqları üçün modul tipli məktəb binalarının quraşdırılıb istifadəyə verilməsindən gedir. 2017-ci ildə respublikanın 40 rayonunda təxminən beş min şagirdi əhatə edən yüz modul tipli məktəb inşa edilib.
Quraşdırılması asan başa gələn modul tipli məktəblərin inşası cari ildə də davam etdirilir. Cari ildə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında 1332 şagird yerlik modul tipli 22 məktəbin, Lənkəran, Lerik və Astara rayonlarında 860 şagird yerlik modul tipli 16 məktəbin, Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında 824 şagird yerlik modul tipli 12 məktəbin inşası nəzərdə tutulub.
Əlamətdar haldır ki, Prezident İlham Əliyev regionlara səfərləri çərçivəsində tikintisi tamamlanan təhsil ocaqlarının açılışında şəxsən iştirak edir. Dövlət başçısı cari il mayın 16-da Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 480 şagird yerlik 6 saylı tam orta məktəbin açılışında iştirak edib.
Yeni istifadəyə verilən məktəbin binası üçmərtəbəlidir. Binada iki kompüter sinfi, 3 elektron lövhəli sinif, fizika, kimya və biologiya laboratoriyaları, 2 şahmat sinfi, hərbi kabinet, 24 ümumi sinif otağı, müəllimlər otağı və idman zalı var. Məktəbin həyətində qazanxana quraşdırılıb. Bir sözlə, burada şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hərtərəfli imkanlar mövcuddur.
Regionlarda peşə təhsilinin inkişafı da diqqət mərkəzində saxlanılır
Respublikamızda təhsilin hərtərəfli inkişafı hədəflənib. Bu strategiya çərçivəsində ölkə boyu peşə təhsilinin maddi-texniki bazasının möhkəmləndirilməsi də diqqət mərkəzində saxlanılır.
Təhsil Nazirliyinin məlumatına əsasən, cari il mayın 24-də Gəncə şəhərində “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsinin açılış mərasimi keçirilib. Mərasim Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” layihəsi çərçivəsində Gəncə regional komponenti üzrə təşkil olunub. Layihənin məqsədi Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək göstərmək və peşə təhsilinin keyfiyyətini artırmaqdır.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas, BMTİP-nin rezident nümayəndəsinin müavini Alessandro Frakassetti, Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğun Regional Proqramlar üzrə bölmə rəhbəri Vasilis Maragos, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev çıxış edərək təqdim olunan layihənin Gəncə şəhərində və ətraf rayonlarda peşə təhsilinin inkişafında mühüm rol oynayacağını vurğulayıblar.
Layihə rəhbəri Eltəkin Ömərov təqdimatla çıxış edərək tədbir iştirakçılarına layihənin icra mexanizmi, fəaliyyətləri və peşə təhsilinin inkişafı sahəsində əhəmiyyəti barədə geniş məlumat verib. Tədbirdə Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” layihəsinin əməkdaşları, peşə təhsili müəssisələrinin və digər qurumların təmsilçiləri iştirak ediblər.
Peşə təhsilinin perspektivlərinin müzakirə edildiyi daha bir oxşar tədbir mayın 24-də Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyinin və Avropa İttifaqının nümayəndə heyətinin iştirakı ilə Mingəçevir şəhərinə keçirilib. Tədbir çərçivəsində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ilə görüş keçirilib və burada peşə təhsilinin gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Nümayəndə heyəti Mingəçevir şəhərində fəaliyyət göstərən Peşə Məktəbinə gəlib, məktəbin kollektivi, infrastrukturu və maddi-texniki bazası ilə tanış olub. Daha sonra “ASAN Həyat” kompleksinə daxil olan və gələn tədris ilində fəaliyyətə başlayacaq “ASAN Peşə” Təhsil Mərkəzinə baxış keçirilib. “ASAN Peşə” Təhsil Mərkəzi müasir tələblərə cavab verən bütün növ zəruri avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Layihəyə uyğun olaraq, “ASAN Peşə” Təhsil Mərkəzində 4 istiqamət - elektrik, mexanik, santexnik, tikişçi ixtisasları üzrə tədris aparılacaq.
Bölgələrdə bir sıra rayon mərkəzi xəstəxanalarının tikintisi sürətlə davam etdirilir
2018-ci ildə bir sıra rayon mərkəzi xəstəxanalarının inşasının başa çatdırılması nəzərdə tutulub. Bu siyahıya Qazax, Qobustan, Şəmkir, Quba, Naftalan və Goranboy şəhərlərində yeni rayon mərkəzi xəstəxanalarının tikintisi daxildir. Paralel şəkildə Füzuli rayonunda və Qəbələ şəhərində də rayon mərkəzi xəstəxanalarının tikintisi aparılacaq. Prezident İlham Əliyevin cari ilin mart ayında imzaladığı müvafiq sərəncamlarla Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədi ilə 22,35 milyon (iyirmi iki milyon üç yüz əlli min) manat, Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması üçün isə 7,55 milyon (yeddi milyon beş yüz əlli min) manat vəsait ayrılıb.
Hazırda Qazax Rayon Mərkəzi Xəstəxanasının tikintisi sürətlə davam edir. 2,6 hektar sahədə inşa olunan xəstəxana binasında ən müasir avadanlıqlar quraşdırılacaq. 145 çarpayılıq mərkəzi xəstəxana binası 10 korpusdan ibarətdir. Tikintidə əsas işlər, demək olar ki, başa çatıb.
İş icraçısı Cəlal Əfəndiyev bildirib ki, bütün korpuslarda dam örtükləri vurulub, pəncərələr quraşdırılıb. Bundan əlavə, kanalizasiya və su xətti çəkilib. Məlumat verilib ki, binanın daxili ilə yanaşı, çölündə də tikinti işləri aparılır.
Respublikada ilk dəfə Dəmir Yolu Səyyar Klinikası fəaliyyətə başlayıb
Məlumat verildiyi kimi, Azərbaycanda ilk dəfə olaraq Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmir Yolu Səyyar Klinikası fəaliyyətə başlayıb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan humanitar aksiya çərçivəsində Səyyar Klinika ilk səfərini Astara rayonuna edib. Astaranın dəmir yolu stansiyasında yerləşən Səyyar Klinika mayın 8-dən 12-nə kimi pasientlərə tibbi yardım göstərib. Humanitar aksiyada Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımovun rəhbərliyi ilə mərkəzin 17 nəfərdən ibarət yüksək ixtisaslı tibb heyəti iştirak edib. Səyyar Qatarda ümumilikdə 675 Astara sakini müayinə və müalicə olunub, 30-a yaxın pasient əməliyyat edilib. Pasientlər arasında İran vətəndaşları da olub. Onlar Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmir Yolu Səyyar Klinikası haqqında məlumatlı olduqlarını və ona görə də gözlərində yaranan problemin həlli üçün bura gəldiklərini deyiblər.
Qatarda yerləşən Səyyar Klinika müasir oftalmoloji avadanlıqlarla, həmçinin elektrik enerjisi, su, havalandırma və kondisioner sistemləri ilə təchiz edilən tam avtonom vaqondur. Səyyar Klinika texniki hissədən, oftalmolojı müayinə və cərrahiyyə bloklarından ibarətdir.
Dəmir Yolu Səyyar Klinikasının üstünlüyü ondan ibarətdir ki, aksiya Azərbaycanın İran, Gürcüstan və Rusiya sərhədində yerləşən bölgələrində aparıldığı zaman bu ölkələrdə yaşayan azərbaycanlılar da səyyar klinikanın oftalmoloji xidmətlərindən yararlana bilirlər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39

