Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda taxıl sahələrində bol məhsul yığılır

Regionlarda taxıl sahələrində bol məhsul yığılır

04.07.2018 [09:32]

Respublikamızın bölgələrində taxıl biçini uğurla davam edir
Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət digər sahələrdə olduğu kimi, kənd təsərrüfatının inkişafında da əsaslı nailiyyətlərin qazanılmasını şərtləndirib. 2004-cü ildən başlayaraq uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bu gün ölkəmizdə aqrar sahənin inkişafının yeni mərhələyə qədəm qoymasını təmin edib. Bu məqsədlə bölgələrimizdə əsaslı tədbirlər görülür, yeni əkin sahələri salınır. Bunun nəticəsidir ki, artıq ölkəmizin bir sıra rayonlarında məhsuldarlıq yüksək səviyyədədir.
Kənd təsərrüfatının ayrı-ayrı sahələrində əldə olunan uğurlu nəticələr bu gün həm ölkəmizin ərzaq təhlükəsizliyinin təminində, həm də ekoloji təmiz məhsulların yetişdirilməsində əsaslı rol oynayır. Ölkəmizdə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı üçün fermerlərə göstərilən dəstək də öz sözünü deyir. Məhz bu dəstək nəticəsində aqrar sahə dinamik inkişaf edir.
Prezident İlham Əliyev Goranboy rayonunda “Region Agropark”ın açılışındakı çıxışında bildirib ki, Azərbaycanda prioritet sahələrdən olan kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən siyasət ən müasir texnologiyalar və elmi əsaslar üzərində aparılacaq. Aqroparkda məhsuldarlığın çox yüksək olduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Arpada hektardan məhsuldarlıq 50 sentnerdir, hesab edirəm ki, buğda da ən azı bu qədər olmalıdır. Yəni burada ən müasir texnologiyalar tətbiq olunur, o cümlədən müasir suvarma texnologiyaları, pivot suvarma sistemləri quraşdırılır. Bu sistemlərin tətbiqi Azərbaycanda geniş vüsət alacaq. Bu məqsədlə artıq bu sistemlərin istehsalı ölkəmizdə təşkil edilibdir ki, xaricdən asılılıq azalsın və xaricə valyuta getməsin”.
“Beləliklə, aqroparkların yaradılması və fəaliyyəti nəticəsində ərzaq təhlükəsizliyi məsələləri öz həllini tapacaq, işsizliyin azaldılması ilə bağlı əlavə addımlar atılacaq, yerli istehsal inkişaf edəcək, ixrac imkanlarımız genişlənəcək. Çünki burada yetişdiriləcək məhsullar ixracyönümlü məhsullardır. Ölkəmizdə kənd təsərrüfatı ilə bağlı siyasətimiz uğurla icra ediləcəkdir. Kənd təsərrüfatına böyük diqqət göstərilir. Azərbaycanda kənd təsərrüfatı prioritet sahələrdən biridir. Bundan sonra biz bu siyasəti ancaq ən müasir texnologiyalar və elmi əsaslar üzərində aparacağıq”, - deyə Prezident İlham Əliyev bildirib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1770,4 milyon manat təşkil edib ki, onun da 1462,7 milyon manatı heyvandarlıq, 307,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 8,5 faiz, o cümlədən bitkiçilik məhsulları 52,0 faiz, heyvandarlıq məhsulları isə 2,5 faiz artıb.
Qeyd edək ki, bölgələrdə hazırda taxıl biçini uğurla davam edir. Şimal regionunun əsas taxılçılıq rayonlarından sayılan Xaçmazda biçin kampaniyası sürətlə davam edir. Məhsulun sahələrdən vaxtında və itkisiz yığılmasını təmin etmək məqsədilə bu il biçinə yeni kombaynlar cəlb olunub. Ümumilikdə, rayon üzrə biçin kampaniyası 50-dən çox taxılbiçən kombaynın qüvvəsi ilə aparılır. Rayonda arpa biçini artıq başa çatdırılıb və buğda biçini davam edir. Ümumilikdə, rayon üzrə 3 min 607 hektar ərazidə buğda, 4 min 971 hektar sahədə isə arpa biçini yekunlaşıb.
Xaçmazlı təsərrüfatçılar taxılın builki məhsuldarlığının qənaətbəxş olduğunu bildirirlər. Fermerlər əsasən yerli iqlim şəraitinə uyğun taxıl sortlarını becərməyə üstünlük verirlər. Xaçmazda bu ilin məhsulu üçün ümumilikdə 23 min 797 hektar ərazidə taxıl əkilib. Bunun 5 min 892 hektarını arpa, 17 min 905 hektarını isə buğda zəmiləri təşkil edir. Hava şəraiti əlverişli olarsa, biçinin yaxın 10 gün ərzində başa çatdırılması nəzərdə tutulub.
Ağcabədi rayonunda da taxıl biçini davam edir. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub. Rayon statistika idarəsindən bildiriblər ki, bu günədək 4245 hektarda arpa, 10 min 191 hektarda buğda biçilib, 43 min 968 ton məhsul tədarük edilib. Bunun 30 min 146 tonu buğda, 13 min 822 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla 30,5 sentner təşkil edir. Qeyd edək ki, cari ilin məhsulu üçün Ağcabədidə 29 min 762 hektar sahədə taxıl becərilib. Bunun 25 min 211 hektarı buğda, 4551 hektarı arpa zəmiləridir.
Ağsu rayonunda isə artıq zəmilərin xeyli hissəsi biçilib. Rayon İcra Hakimiyyətindən bölgə müxbirinə bildirilib ki, bölgədə bu ilin məhsulu üçün 32 min 323,8 hektarda taxıl yetişdirilib. Zəmilərin 16 min 426,5 hektarı buğda, qalanı isə arpadır. Hazırda hər gün sahələrə 53 kombayn çıxarılır. Hər yerdə bu mühüm strateji məhsulun tez və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilib. Qeyd edək ki, əldə olunan nəticələr fermerləri və fiziki şəxsləri qane edir. Belə ki, hər hektardan orta hesabla 31,5 sentner məhsul götürülür ki, bu göstərici ötən ildəkindən 7 sentner çoxdur. Bir sıra təsərrüfatlarda, o cümlədən 1080 hektarda taxıl yetişdirən “Süsən-Aqro” MMC-də, 3080 hektarda taxıl əkən Kəndoba, 2400 hektarda məhsul yetişdirən Gəgəli, eləcə də Növcü, Padar və sair ərazi vahidlərində məhsuldarlıq daha yüksəkdir.
Beyləqan rayonunda isə artıq arpa biçini başa çatdırılıb, sahələrdən 4437 ton məhsul əldə edilib. Rayon taxılçıları 3140 hektar buğda sahəsində də biçin aparıb, 10 min 801 ton məhsul tədarük ediblər. Hər hektarın məhsuldarlığı buğda sahələrində 34,4 sentner, arpa zəmilərində isə 29 sentnerdir. Qeyd edək ki, cari ilin məhsulu üçün Beyləqanda 15 min 346 hektar sahədə taxıl becərilib. Bunun 13 min 816 hektarı buğda, 1530 hektarı arpa zəmiləridir.
Bərdə rayonunda da taxıl biçininin qızğın çağıdır. Bütün qüvvələr bu strateji məhsulun itkisiz və optimal müddətdə yığılmasına yönəldilib. Rayon Statistika İdarəsinin rəisi Əlövsət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu günədək 3412 hektar buğda, 2288 hektar arpa zəmilərində biçin aparılıb, 21 min 803,3 ton məhsul əldə edilib. Hər hektardan orta məhsuldarlıq buğda zəmilərində 40,7 sentner, arpa sahələrində isə 34,6 sentnerdir. Hazırda rayonda taxıl biçini sürətlə davam edir. Qeyd edək ki, cari ilin məhsulu üçün Bərdə rayonunda 13 min 658 hektarda taxıl, o cümlədən 11 min 030 hektarda buğda, 2628 hektarda arpa becərilib.
Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da taxıl biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib. Füzuli rayon İcra Hakimiyyətindən bildiriblər ki, bu günədək 21 min 500 hektarda - arpa zəmilərinin hamısında, buğda sahələrinin isə 13 min 475 hektarında biçin aparılıb. Hər hektardan orta məhsuldarlıq buğda zəmilərində 31,2 sentner, arpa sahələrində isə 29,5 sentnerdir. Hazırda rayonda taxıl biçini sürətlə davam edir. Altı ildir 100 min tondan artıq məhsul istehsal edilən Füzuli rayonunda bu il də bol məhsulun tədarük olunacağı gözlənilir.
Qeyd edək ki, cari ilin məhsulu üçün Füzulidə 36 min 419 hektar sahədə taxıl bitkisi əkilib. Bunun 28 min 894 hektarı buğda, 8025 hektarı isə arpadır.
Neftçalanın fərdi fermer təsərrüfatlarında isə arpa biçini uğurla başa çatıb. Rayon statistika idarəsindən bildirilib ki, ötən ilin payızında rayonda 51 min 275 hektar sahədə taxıl əkilib. Bunun 43 min 62 hektarı arpa, 8 min 113 hektarı isə buğdadır. Biçin kampaniyasına mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri qısa müddətdə arpa yığımını başa çatdırıblar. Biçin aparılan arpa sahələrindən 96 min 596 ton məhsul götürülüb. Hər hektarın məhsuldarlığı orta hesabla 22,5 sentnerdən çox olub. Bir neçə gündür ki, buğda sahələrinin məhsulu yığılır. Məhsul yığımına 120 kombayn cəlb olunub və gün ərzində 180-200 hektar sahənin taxılı yığılır. Qısa müddətdə 137 hektar buğda sahəsindən 415 ton məhsul əldə olunub. Biçin aparılmış buğda sahələrinin məhsuldarlığı orta hesabla 30,3 sentnerə çatır.
Qeyd edək ki, ötən il rayonda 51 min 154 hektar taxıl sahəsindən 118 min 550 ton məhsul yığılıb və məhsuldarlıq 23,2 sentner olub.
Qobustan rayonunda da qısa vaxtda 2400 hektardan çox zəminin məhsulu yığılıb. Rayon Kənd Təsərrüfatı İdarəsindən bildirilib ki, cari mövsümdə bölgədə 31 min hektarda mühüm strateji məhsul olan taxıl yetişdirilib. Zəmilərin 20 min 200 hektarı buğda, 10 min 900 hektarı isə arpadır. Hazırda hər gün sahələrə 22 kombayn çıxarılır. Biçinə əlavə kombaynların da cəlb edilməsi üçün tədbirlərə başlanılıb. Biçilən sahələrin 1950 hektarı arpa, 450 hektarı buğdadır. Dəmyə şəraitində hələlik hər hektardan orta məhsuldarlıq 22 sentner təşkil edir. Bu, ötənilki göstəricidən artıqdır. Rayonun bir sıra ərazi vahidlərində, o cümlədən Dərəkənddə, Cəmcəmlidə, Yekəxanada, Təklədə və digər yerlərdə məhsuldarlıq daha yüksəkdir. Ümumiyyətlə, bölgədə məhsuldarlığın daha yüksək olacağı gözlənilir.
İsmayıllı rayonunda isə qısa müddətdə 1800 hektardan çox arpa, 1000 hektaradək buğda zəmisinin məhsulu yığılıb. Rayon kənd təsərrüfatı idarəsindən bildirilib ki, ilkin olaraq biçin bölgənin cənub ərazilərində aparılır. Hazırda hər gün sahələrə 40-dək kombayn çıxarılır. Yaxın günlərdə biçinə respublikanın aran rayonlarından əlavə taxılbiçən kombaynlar cəlb olunacaq.
Qeyd edək ki, iyunun 2-dən 18-dək rayon ərazisinə yağan leysan yağışları və dolu taxıl sahələrinin 4550 hektardan çox hissəsinə ziyan vurub. Bundan əlavə, 10 hektardan artıq sahə sel suları nəticəsində məhv olub.
Biçin aparılan Qubaxəlilli, Kəlbənd, Gəraybəyli, Zərnava, Mollaisaqlı və Kürdmaşı ərazi vahidlərində zəmilərin və biçilən sahələrin yanğından mühafizəsi ilə əlaqədar lazımi tədbirlər görülür.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 840 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30