Azərbaycanın regionlarında yeni xalçaçılıq müəssisələri yaradılır
20.07.2018 [09:06]
Yaxın perspektivdə bölgələrdə xalça emalatxanalarının sayının 30-a çatdırılması nəzərdə tutulub
Son illərdə Azərbaycanın regionlarında qeyri-neft sektoru üzrə istehsal imkanlarının genişləndirilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Respublikamızın bölgələri üçün ənənəvi olan sahələrin dirçəldilməsi, o cümlədən də xalçaçılığın inkişafına böyük diqqət göstərilməsi buna nümunədir. Azərbaycanın bölgələrində xalçaçılığın inkişaf etdirilməsi təşəbbüsünü Prezident İlham Əliyev irəli sürüb. Dövlət başçısının 5 may 2016-cı il tarixli Sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Prezident İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə isə may ayının 5-i Azərbaycanda “Xalçaçı günü” peşə bayramı təsis edilib.
Respublikanın bölgələrində daha 10 xalçaçılıq emalatxanasının tikintisi aparılır
Hazırda respublikamızda qədim tarixə və zəngin ənənələrə malik xalçaçılıq özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq qısa müddətdə respublikanın 10 rayonunda, o cümlədən 2016-cı ildə Horadiz qəsəbəsində, 2017-ci ildə Şəmkir, İsmayıllı və Quba rayonlarında, 2018-ci ildə isə Xaçmaz rayonunda xalça emalatxanaları açılıb.
Respublikanın bölgələrində yeni xalça emalatxanalarının yaradılması perspektivdə də davam etdiriləcək. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının verdiyi tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən geniş kollegiya iclasında məlumat verilib. Bildirilib ki, daha 10 emalatxananın tikintisi aparılır. “Azərxalça” ASC tərəfindən yeni xalçaçılıq müəssisələri Bakı və Naxçıvan şəhərlərində, Abşeron, Kürdəmir, Goranboy, Tərtər, Şabran, Biləsuvar, Lənkəran, Qobustan rayonlarında inşa edilir. Bundan başqa, Sumqayıt Kimya Sənaye Parkında yunəyirici boyaq fabriki inşa olunur. Boyaq fabrikinin təməli 2017-ci ilin dekabrında qoyulub. Bütün işlərin 2019-cu ildə başa çatdırılması planlaşdırılır. Fabrikdə yerli xammal əsasında iplik istehsal ediləcək. Paralel şəkildə müəssisəni xammalla təmin etmək məqsədilə 5 yun və boyaq maddələrinin tədarükü məntəqəsinin tikintisi aparılır.
Kollegiya iclasında bildirilib ki, 2019-cu ildə 10 xalça emalatxanasının tikintisi tamamlanacaq, həmin dövrə emalatxanaların sayı 30-a çatdırılacaq. İclasda iqtisadiyyat naziri Şahin Mustafayev ənənəvi istehsal sahələrindən olan xalçaçılığın inkişafına İqtisadiyyat Nazirliyi tərəfindən dəstəyin gücləndirilməsi barədə göstərişlər verib.
Biləsuvarda məcburi köçkünlər üçün xalça emalatxanasının tikintisi uğurla davam etdirilir
Daha bir xalçaçılıq müəssisəsi Biləsuvar rayonunda Cəbrayıldan olan məcburi köçkünlərin məskunlaşdıqları ərazidə inşa olunur. Bəhs olunan ərazidə Cəbrayıl rayon sakinlərinin məskunlaşdığı 11 qəsəbə salınıb. Xalça emalatxanası 2 saylı qəsəbədə yaradılır.
“Azərxalça” ASC-dən verilən məlumatda bildirilir ki, “EL-SEYM İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşası aparılan emalatxana binasının tikintisinə bu ilin aprel ayında başlanılıb. Binada dəmir-beton işləri yekunlaşmaq üzrədir. Yaxın günlərdə hörgü işlərinə başlanılacaq. Hazırda binanın tikintisi ilə yanaşı, ərazinin abadlaşdırılması işləri də həyata keçirilir. Xalça istehsalı emalatxanasının bu ilin noyabr ayında təhvil verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, məcburi köçkünlər arasında da peşəkar xalçaçılar, ömrünü bu sənətə bağlayanlar çoxdur. “Azərxalça” dövlət başçısının tapşırığına uyğun olaraq həm Qarabağ qrupundan olan Azərbaycan xalçalarını yaşatmaq, həm də məcburi köçkün soydaşlarımızı işlə təmin etmək məqsədilə sərhəd bölgələrində, doğma yurd-yuvalarından didərgin düşən insanların məskunlaşdıqları şəhər və rayonlarda xalça istehsalı emalatxanalarının tikintisinə üstünlük verir. Təsadüfi deyil ki, ASC-nin ilk filialı məhz Füzuli rayonunun Horadiz qəsəbəsində yaradılıb. Bundan sonra Ağdam rayonunun Quzanlı qəsəbəsində xalça emalatxanası fəaliyyətə başlayıb. Hazırda isə Biləsuvar rayonu ərazisində məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlər üçün xalça emalatxanası inşa olunur. Bu proses 2019-cu ildə də davam etdiriləcək. Belə ki, gələn il Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində “Azərxalça”nın “Xocalı”, Ağcəbədi rayonunun Taxtakörpü qəsəbəsində isə “Laçın” filialları yaradılacaq.
“Azərxalça” Günnüt xalçalarını təqdim edib
İyulun 18-də Naxçıvan Dövlət Xalça Muzeyində Günnüt xalçalarının təqdimatı olub. Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək muxtar respublikada xalçaçılıq sənətinin inkişafı istiqamətində ardıcıl tədbirlər görüldüyünü diqqətə çatdırıb. Nazir bildirib: “Bu gün keçirilən tədbir bir daha sübut edir ki, Azərbaycan xalqı öz tarixi köklərinə və mədəniyyətinə sahib çıxan xalqdır. Naxçıvan Dövlət Xalça Muzeyinə hədiyyə edilən Günnüt xalçaları bu kənddə yaradılmış mədəni irsimizin bir parçası olmaqla yanaşı, həm də tariximizi yaşadan eksponatdır”.
AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev bildirib ki, Naxçıvanda xalça sənətinin tarixi olduqca qədimdir. Bu sənət ibtidai formada olsa da, neolit və erkən eneolit dövrlərində formalaşıb. I Kültəpə, Naxçıvantəpə və digər arxeoloji abidələrdən tapılmış maddi-mədəniyyət nümunələri insanların xalçaçılıq sənəti ilə neolit dövründən məşğul olmasını göstərir.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov təqdimat mərasimində çıxış edərək deyib ki, Günnüt Azərbaycanın qədim yurd yerlərindən biridir. Tarixən bu kəndin yerləşdiyi ərazidə oğuz türkləri yaşayıblar. Bunu son günlər aşkara çıxardığımız Günnüt xalçaları da sübuta yetirir.
Vidadi Muradov deyib: “Naxçıvanda xalçaçılığın inkişaf etdirilməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirilir, tədqiqatlar aparılır, yeni nəşrlər hazırlanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” bu işlərin uğurla həyata keçirilməsinə öz töhfəsini verir. Bu günə qədər Naxçıvanın 69 kəndindən 254 xalçaçı haqqında məlumatlar toplanılıb. Aparılan tədqiqatlardan sonra belə qənaətə gəlinib ki, Naxçıvan tarixən Azərbaycanın əsas xalçaçılıq mərkəzlərindən biri olub, burada özünəməxsus orijinal xalçalar toxunub. Tədqiqatların nəticəsi kimi, Azərbaycan, ingilis və rus dillərində “Naxçıvan xalçaçıları”, “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabları, 6 dildə “Azərbaycan xalçaları - Naxçıvan qrupu” broşürü nəşr olunub, “Naxçıvan xalçaları” sənədli filmi hazırlanıb. Bu nəşrlər müxtəlif ölkələrin 103 universitet, kitabxana və muzeylərinə göndərilib, dünyanın nüfuzlu kitabxanalarının elektron bazalarına yerləşdirilib. İngilis dilində olan kitablar Nyu-Yorkda, rus dilindəki nəşrlər isə Moskvada çap edilib”.
Təqdimat mərasimində Şərur rayonunun Günnüt kəndindən olan xalçaçı Solmaz Məmmədova çıxış edərək deyib: “Azərbaycanın qədim yurd yeri olan Günnüt kəndində xalçatoxuma sənəti qədimdən mövcud olub. Təəssüflər olsun ki, 26 il əvvəl ermənilər Günnüt kəndini işğal etdikdən sonra sakinlər Şərur rayonunun digər kəndlərində məskunlaşdılar. Kəndimiz işğalda olsa da, günnütlülər öz qədim adət-ənənələrindən uzaq düşmədilər. Günnüt kəndinə məxsus zəngin mədəni irsi, xüsusilə də xalçaçılıq sənətini qoruyub saxladılar. Bu ilin may ayında Günnüt kəndi işğaldan azad olundu. Biz günnütlülər öz ata-baba yurdumuza qovuşmuşuq. Əzəli yurd yerimizə qovuşmağın sevincini yaşamaqla yanaşı, həm də xoşbəxtik ki, kəndimizin adətləri, ənənələri, dəyərləri də özünə qaytarıldı. Dövlətimizə, ordumuza bütün günnütlülər adından minnətdarlıq edirəm. Çünki təkcə doğma kəndimiz deyil, həm də mədəni irsimiz özümüzə qaytarılıb”.
Sonra Günnüt xalçalarına və muzeyin ekspozisiyasına baxış olub. Məlumat verilib ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən vaxtilə Günnüt kəndində toxunmuş 6 ədəd xovlu və xovsuz xalça, xalça məmulatı aşkarlanıb. Bu xalçaların üzərində qədim oğuz türklərinə məxsus naxışlar öz əksini tapıb. Bu xalçalar 19-cu əsrin sonlarına və 20-ci əsrin əvvəllərinə aiddir.
Yeni xalçaçılar nəslinin yetişdirilməsi də vacib məsələlərdəndir
Yeni xalçaçılar nəslinin yetişdirilməsi də vacib məsələlərdəndir. “Azərxalça” ASC respublikamızın bölgələrində yaratdığı filiallar fəaliyyətə başlamamışdan öncə ənənəvi olaraq xalçaçılıq üzrə tədris-hazırlıq kursları təşkil edir. ASC tərəfindən 2016-2017-ci illərdə yaradılan filiallarında çalışan toxucular bu kurslarda xalçaçılığın sirlərinə yiyələniblər. Qeyd olunan dövrdə tədris-hazırlıq kurslarına 1500 nəfər cəlb olunub.
“Azərxalça” 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan daha 10 filialında çalışacaq toxucular üçün də tədris-hazırlıq kursları təşkil edib. Bir neçə gün bundan əvvəl “Azərxalça” ASC İdarə Heyətinin sədri, professor Vidadi Muradov Abşeron rayonunun Qobu qəsəbəsində təşkil olunan tədris-hazırlıq kursuna cəlb edilən qadınlarla görüşüb.
Məlumat verilib ki, tədris-hazırlıq kursu hanalarla, avadanlıqlarla, xammalla, eyni zamanda, xalçaçılıq sənətinə dair müvafiq ədəbiyyatlarla, dərsliklərlə təmin edilib. İndiyədək hazırlıq kursuna 50 nəfər cəlb olunub. Tədris-hazırlıq kursunda iştirak etmək üçün təkcə Qobu qəsəbəsindən deyil, yaxınlıqdakı Hökməli və Güzdək qəsəbələrindən də müraciətlər olunub.
Görüşdə qeyd edilib ki, Goranboy, Tərtər, Kürdəmir, Şabran, Qobustan rayonlarında, Lənkəran şəhərində də belə kurslar təşkil olunub. Bu kurslar başa çatdıqdan sonra “Azərxalça” tərəfindən sertifikat verilən toxucular ASC-nin filiallarında işlə təmin ediləcəklər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

