Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın bütün bölgələrində yeni qazlaşdırma layihələri həyata keçirilir

Azərbaycanın bütün bölgələrində yeni qazlaşdırma layihələri həyata keçirilir

25.07.2018 [09:30]

“Azəriqaz” İB-dən verilən məlumata əsasən, 2018-ci ilin birinci yarısında aparılan tikinti-quraşdırma işləri nəticəsində respublika üzrə bütövlükdə 32 yaşayış məntəqəsi təbii qazla təmin edilib
Respublikamızda Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və 2004-cü ildən bəri uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının həyata keçirilməsinə bölgələrdə müxtəlif təyinatlı infrastruktur obyektlərinin yaradılması ilə start verilib ki, bu da təsadüfi deyil. Zəruri infrastruktur yaradılmadan hər hansı bir sahədə inkişafa nail olmaq mümkün deyil. Eyni zamanda, yaradılan infrastruktur insanların sosial təminatının möhkəmləndirilməsi baxımından da böyük aktuallıq daşıyır.
Beləliklə, son 15 ildə bəhs olunan Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr sayəsində Azərbaycan yüksək infrastruktur təminatına malik ölkəyə çevrilib. Əlamətdar haldır ki, hazırda infrastruktur təminatı baxımından paytaxt Bakı ilə bölgələr arasında, demək olar ki, heç bir fərq yoxdur. Azərbaycanı fərqləndirən həm də o cəhətdir ki, bütün ölkə boyu müasir infrastruktur quruculuğu sırf dövlət vəsaiti hesabına həyata keçirilir. Sonradan özəl qurumlar dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan infrastrukturdan bəhrələnərək öz fəaliyyətlərini genişləndirirlər.
Ölkə üzrə qazlaşdırmanın səviyyəsinin 51 faizdən 93 faizə çatdırılması infrastruktur quruculuğuna yaxşı nümunədir
Son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır. Ölkədə bu istiqamətdə işlərin həyata keçirilməsi üçün dövlət tərəfindən yüksək maliyyə dəstəyi göstərilir. Məhz bunun nəticəsində də 2004-cü ildən ötən dövr ərzində Azərbaycanda qazlaşdırma 51 faizdən 93 faizə çatdırılıb. Respublikanın şəhərlərində isə qaz təchizatı 100 faiz səviyyəsindədir. Artıq proses indiyədək qazlaşdırılmayan və yaxud müəyyən səbəblərdən qaz təminatı dayandırılan kəndləri və kiçik yaşayış məntəqələrini də əhatə edib.
Cari ildə isə regionlarda yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı qarşıya yeni hədəflər qoyulub. Məlum olduğu kimi, Prezident İlham Əliyev 5 mart 2018-ci il tarixində “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında” müvafiq Sərəncam imzalayıb. Sərəncamda vurğulanır ki, son illər əhalinin təbii qaza tələbatının təmin edilməsi istiqamətində bir sıra vacib tədbirlər həyata keçirilmiş, qaz təchizatı infrastrukturu yenidən qurulmuş, təbii qazla təchiz olunmayan yaşayış məntəqələrinə qaz kəmərləri çəkilmiş, əhaliyə verilən təbii qazın dəyərinin tam həcmdə ödənilməsini təşkil etmək məqsədilə sayğaclaşma işləri aparılmışdır. Görülən işlərin davamı kimi 2018-ci ilin sonunadək ölkədə qazlaşdırmanın səviyyəsini 95 faizə çatdırmaq nəzərdə tutulub. Sərəncama əsasən bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə 100,0 (yüz) milyon manat vəsait ayrılıb.
Son 6 ayda respublika üzrə 1520 km uzunluqda yeni qaz kəmərlərinin quraşdırılması təmin edilib
Hazırda dövlət başçısının imzaladığı bəhs olunan Sərəncamın icrasını yüksək səviyyədə təmin etmək üçün bütün ölkə boyu qızğın iş aparılır. Bütövlükdə, 2018-ci ilin əvvəlindən bəri 42 rayonun 83 yaşayış məntəqəsinin qazlaşdırılması davam etdirilib. Yeni qazlaşdırma layihələrinin icra olunduğu ünvanlarda əhali istehlakçılarının mənzillərində istismar müddəti başa çatmış sayğaclar və qaz tənzimləyiciləri yeniləri ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən 2018-ci ilin yanvar-iyun ayları ərzində 1520 km yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 114 km qaz kəməri əsaslı təmir edilib. Cari il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Bərdə, Şəki, Göyçay, Ucar, Xaçmaz, Beyləqan, Lerik, Sabirabad, Salyan, Cəlilabad və Masallı rayonları üzrə bütövlükdə 32 yaşayış məntəqəsi təbii qazla təmin edilib.
Cari ilin əvvəlindən bəri həmçinin ölkə üzrə mavi yanacaq istehlakçılarının sayı da artıb. Verilən məlumata əsasən, 2018-ci ilin yanvar-iyun ayları ərzində “Azəriqaz” İB-də əhali sektoru üzrə 42 965 yeni abonent qeydiyyata alınmıb ki, bunun da 26 689-u Bakı, Abşeron və Sumqayıtın, 16 276-ı isə digər regionların payına düşür. Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması mühüm rol oynayıb. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 138 007-yə çatıb.
Regionlarda yaşayış məntəqələrinin sakinləri ilk dəfə “mavi yanacaq” almalarının sevincini yaşayıblar
“Azəriqaz” İB-dən bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində birlik tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir. Respublikanın digər bölgələrində olduğu kimi, bir qədər bundan əvvəl Xaçmaz rayonunun Dalğalı qəsəbəsinə təbii qazın verilməsi də kənd sakinlərinin böyük sevincinə səbəb olub.
“Azəriqaz”dan verilən məlumatda bildirilir ki, layihəyə uyğun olaraq 83 abonenti olan qəsəbənin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 min 244 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 9 min 148 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Hazırda rayonun Turist qəsəbəsi və Krasnı Xutor kəndində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.
Bu günlərdə həmçinin Bərdə rayonunun Hacıbəyli və Kafarlı kəndlərinin sakinləri də evlərində ilk dəfə “mavi yanacaq” alovlanmasının sevincini yaşayıblar. Qeyd olunan yaşayış məntəqələrinə təbii qazın verilməsi münasibəti ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, yaşayış məntəqələrinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 13 950 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və paylayıcı, eləcə də məhəllədaxili qaz xətləri çəkilib, 200 sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
“Azəriqaz” İstehsalat Birliyi tərəfindən Qusar rayonunun Piral kəndinin isə “mavi yanacaq”la təmin olunması işləri yekunlaşmaq üzrədir. Layihə üzrə tikinti işləri yekunlaşdıqdan sonra yaşayış məntəqəsində 700 abonent ilk dəfə “mavi yanacaq”la təmin ediləcək.
“Azəriqaz” İB-dən verilən məlumata əsasən, qeyd olunan ünvanda qazlaşdırma işlərinə aprel ayından start verilib. Kəndin qazla təmin olunması üçün 38 min metrə yaxın müxtəlif diametrli polad və polietilen borulardan istifadə ediləcək. Ötən müddət ərzində işlərin 80 faizi görülüb. Hazırda məhəllədaxili boruların çəkilişi ilə yanaşı, abonentlər üçün sayğac və fərdi tənzimləyici quraşdırılmasına başlanılıb. Avqustun 20-dək kəndə təbii qazın verilməsi nəzərdə tutulub.
Piralda işlər yekunlaşdıqdan sonra Cibir kəndində də qaz xəttinin çəkilişinə başlanılacaq. Bu yaşayış məntəqəsində 320 abonent ilk dəfə “mavi yanacaq”la təmin ediləcək.
Azərbaycan Prezidentinin “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun olaraq 2018-ci ildə Qubanın Ərməki, Güney məhəllə, Qusarın Piral, Cibir, Xaçmazın Krasnıy Xutor, Məcidoba, Şabranın Sumağa qazmalar, Qorğan, Siyəzən rayonunun isə Qalaaltı və Qozağacı kəndlərində qazlaşdırma işləri yekunlaşacaq.
Son 6 ayda “Azəriqaz” İB “ASAN Xidmət” vasitəsi ilə 106 642 istehlakçıya xidmət göstərib
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata əsasən, qurum 2018-ci ilin yanvar-iyun ayları ərzində ölkə ərazisində fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.
Cari ilin altı ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “ASAN səyyar” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, Masallı, Qəbələ, Quba, Mingəçevir, həmçinin Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 106 642 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin edilib.
Ümumiyyətlə, müştəri məmnunluğunun təmin edilməsi “Azəriqaz”ın hədəflədiyi prioritet məqsədlər sırasında yer alır. Qurumdan bildirilib ki, “Azəriqaz” abonentlərə göstərilən xidmətlərin səviyyəsini yüksəltməyə hesablanan tədbirləri bundan sonra da davam etdirəcək.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1040 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30