Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Bu ilin ilk altı ayında regionların uğurlu inkişafı davam edib

Bu ilin ilk altı ayında regionların uğurlu inkişafı davam edib

10.08.2018 [08:36]

Bu inkişafdan Gəncə-Qazax iqtisadi rayonuna daxil olan rayonlara da pay düşüb
2004-cü ildən etibarən böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikanın bütün bölgələrinin ümumi inkişaf dinamikasını artırmaqla yanaşı, bütün sahələri əhatə edən layihələr sayəsində ən müasir dünya standartları səviyyəsində qurulan infrastruktur təminatına malik olmasına şərait yaradır. Eləcə də uğurlu kənd təsərrüfatı siyasəti son 15 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sırasında bölgələrin hərtərəfli inkişafında əsaslı rol oynayıb. Qeyd edək ki, ölkənin iqtisadi rayonlarının bu ilin ilk altı ayı ərzindəki göstəricilərinə baxdıqda bu, bir daha bəlli olur.
Bu məqamda qeyd edək ki, bu ilin birinci yarısı respublikamızın qərb bölgəsini əhatə edən Gəncə-Qazax iqtisadi rayonu üçün də uğurlu olub. Eyni zamanda, bu iqtisadi rayona daxil olan Ağstafa rayonunda da bu ilin birinci yarısında uğurlu nəticələr əldə edilib. Belə ki, rayonda ümumi məhsul buraxılışının həcmi 7,7 faiz artıb. Keçən ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulunun ümumi həcmi 93,8 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 36,3 faiz artıb, nəqliyyat xidmətində 6,1 faiz, rabitə xidmətində 8,5 faiz, ticarət sahəsində 8,5 faiz artım olub.
2018-ci ilin birinci yarım ili ərzində rayonda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 5,9 faiz, pərakəndə əmtəə dövriyyəsi 4,6 faiz artıb. Rayon üzrə orta aylıq nominal əməkhaqqı 11 faiz artaraq 273,30 manata çatdırılıb. Əsas kapitala yönəldilən investisiyaların həcmi 15,1 milyon manat olub. Ağstafa rayonu üzrə 2018-ci ilin birinci yarım ili ərzində həyata keçirilmiş bir sıra tədbirlər nəticəsində rayonda 602 nəfər işlə təmin olunub. Rayon üzrə işlə təmin olunanların (563 nəfər) 93,5 faizi daimi işlərdə çalışanlardır.
Gəncə-Qazax iqtisadi regionuna daxil olan Daşkəsən rayonunda da bu ilin ilk yarısında istər kənd təsərrüfatı, istər tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işlərində, istərsə də sənayedə inkişaf nəzərə çarpıb. Verilən məlumatlara görə, Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması işlərində son tamamlama işləri yerinə yetirilir. Artıq Daşkəsən şəhərinin çox hissəsi - 90,7 faizi ekoloji cəhətdən təmiz və fasiləsiz olaraq içməli su ilə təmin olunur.
Rayonda kənd təsərrüfatının inkişafı istiqamətində atılan addımlar da davamlı xarakter daşıyır. Belə ki, rayonda 3 kartofçuluq üzrə toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Toxumçuluq təsərrüfatlarının artırılması üçün işlər hazırda da davam etdirilir. Bu ilin ilk yarısında rayon ərazisində 1200,2 hektar sahədə kartof, 59,3 hektar sahədə kələm, 66,1 hektar sahədə lobya, 100 hektar yonca və 45,5 hektar göyərti əkilib. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə Quşçu kəndində süni mayalama məntəqəsi fəaliyyət göstərir. Süni mayalama texniki tərəfindən 2018-ci ilin 6 ayı ərzində 195 baş heyvan süni mayalandırılıb. Mayalandırılmış heyvanlardan 87 baş bala alınıb. Gələcəkdə rayonda məntəqələrin sayının artırılması üçün işlər davam etdirilir.
Məlumat üçün bildirək ki, 2018-ci ilin 6 ayı ərzində Daşkəsən rayon Telekommunikasiya Qovşağı tərəfindən 134800 manat həcmində rabitə xidməti göstərilib. Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb və hazırda həmin işlər davam etdirilir. Cari ilin birinci yarısında əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqsədilə bir sıra təmir-bərpa, yenidənqurma işləri həyata keçirilib.
Hazırda rayonun 49 yaşayış məntəqəsindən cəmi 8 yaşayış məntəqəsi təbii qazla təmin olunur. 2018-ci ilin 6 ayı ərzində rayonun Xoşbulaq kəndində 189 abonent təbii qazla təmin olunub. Vurğulayaq ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş 2018-ci ildə qazlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələri və ərazilərin siyahısında Daşkəsən rayonu üzrə Quşçu və Bayan kəndləri də nəzərdə tutulub. Quşçu kəndində təbii qaz xəttinin çəkilişinə başlanılıb və hazırda həmin işlər davam etdirilir. Bayan kəndində isə təbii qaz xəttinin çəkilməsi üçün hazırlıq işləri görülür.
Gəncə-Qazax iqtisadi rayonuna daxil olan Goranboy rayonu üçün də 2018-ci ilin birinci yarımili uğurlarla yadda qalıb. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 5-də Goranboy rayonuna səfəri çərçivəsində Bayraq Muzeyinin, 14 km uzunluğunda Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout və uzunluğu 20 km olan Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yollarının, “Region Aqropark”ın, hər biri 40 meqavolt amper olan iki transformatorun quraşdırıldığı 110/35/10 kilovoltluq “Dəliməmmədli yarımstansiyası”nın və Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək Yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı 4,95 kilometrlik hissəsinin açılışı baş tutub. Rayonda istifadəyə verilən yollar 20 yaşayış məntəqəsini birləşdirir və 20 min nəfər əhaliyə xidmət edəcək. Bu yolların inşası rayon mərkəzi ilə əlaqələri yaxşılaşdırmaqla bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.
Rayonda tikinti, abadlıq və quruculuq işləri də yüksək səviyyədə davam etdirilib. Sahəsi 750 kv.metr olan Bayraq muzeyinin tikintisi başa çatdırılıb, 72 metr hündürlüyündə Dövlət Bayrağı ucaldılıb. Ərazidə 18 ədəd yeni işıq dirəyi quraşdırılıb, 950 kv.metr tomet düzülüb, yeni gül kolları əkilib, yaşıllıq salınıb. Eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inzibati binasının tikintisi başa çatmaq üzrədir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış vəsait hesabına rayon Mərkəzi xəstəxanası üçün yeni binanın tikintisi aparılır, yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, rayonda Olimpiya İdman Kompleksinin tikintisi üçün 3 milyon manat vəsait ayrılıb, tikintiyə başlanılıb. Növbəti ildə kompleksin istifadəyə verilməsi nəzərdə tutulur.
Ötən il rayonda aqrar bölmədə də ciddi uğurlar əldə edilib. Pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramları aqrar sahənin inkişafına ciddi təkan verib. Cari təsərrüfat ilində 5 min hektarda pambıq, 8 hektarda tütün səpilib. Bu il rayonda 9,8 ton barama istehsal edilib. Bu ilin məhsulu üçün 18 min 774 hektarda taxıl, o cümlədən 7 min 6 hektarda buğda, 12 min 148 hektarda arpa səpilib. Artıq 17 min 67 hektar sahə biçilib, məhsuldarlıq 30,06 sentner olub.
Gəncə-Qazax iqtisadi regionuna daxil olan Qazax rayonu üzrə 2018-ci ilin yerli gəlir və xərclərinin proqnozu 9363000 manat məbləğində müəyyənləşdirilib. 2018-ci ilin birinci yarımilində yerli daxilolmalar 4243312 manat proqnoza qarşı 5449314 manat və ya 128,42 faiz yerinə yetirilərək büdcəyə 1206002 manat artıq vəsait mədaxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcəyə 1160105 manat və ya 27,05 faiz çox vəsait daxil olub. Eləcə də müvafiq dövrdə yerli gəlirlər cəmi 4689034 manat proqnoza qarşı 5895036 manat, yəni 125,72 faiz yerinə yetirilib. Hesabat dövrü ərzində əhalinin elektrik enerjisi və təbii qazla təmin olunması sahəsində əsaslı işlər görülüb. Rayon üzrə Qazax Elektrik şəbəkəsi tərəfindən 23876 abonentə xidmət göstərilir. 2018-ci ilin birinci yarımilində Qazax Elektrik şəbəkəsi tərəfindən rayonu elektrik təchizatı ilə təmin edən 110/35/6 kv-luq Daş Salahlı və Şıxlı yarımstansiyalarında, eləcə də 35/10 kv-luq yarımstansiyalarda olan avadanlıqlarda cari təmir işləri aparılıb. Qazax rayonunun bütün yaşayış məntəqələri təbii qazla təmin olunub. Rayonun “Su Kanal” idarəsi tərəfindən 2018-ci ilin 6 ayı ərzində 6240 əhali abonentə xidmət göstərilib, 227037 manat vəsait toplanıb. Bundan başqa, Qazax şəhəri Osman Sarıvəlli küçəsində 100 mm-lik dəmir boru vasitəsilə uzunluğu 250 metr olan su xətti və Ürkməzli kəndində 1500 metr uzunluğunda içməli su xətti çəkilib.
Rayonda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri ötən ildə olduğu kimi, 2018-ci ilin birinci yarımilində də uğurla davam etdirilib. Bu il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə Qazax şəhəri “Hərbi şəhərcik”də yerləşən 4 çoxmənzilli yaşayış binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
2018-ci ilin əvvəllərində rayonda olan körpələr evi-uşaq bağçalarının maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülüb. Belə ki, Qazax şəhərində fəaliyyət göstərən bütün uşaq bağçaları yeni bərk və yumşaq inventarlarla, elektrik cihazları və digər avadanlıqlar ilə təmin olunublar. Rayonda yeni 145 çarpayılıq Mərkəzi Rayon Xəstəxana Kompleksinin tikintisi sürətlə davam etdirilir.
Ümumi uzunluğu 7 km olan Ermənistanla sərhəddə yerləşən Cəfərli strateji əhəmiyyətli avtomobil yolunun tikinti işləri yekunlaşdırılıb. Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ olaraq ikinci yolun çəkilişi işləri başa çatmaq üzrədir. Rayon İcra Hakimiyyəti tərəfindən Məzəm kəndində 12 ailənin həyətində ümumi uzunluğu 238 p/m olmaqla, 714 kv.m istinad divarının çəkilişi davam edir. “İnvestel GROUP” MMC tərəfindən İkinci Şıxlı kəndində aqropark yaradılıb.
Bu ilin birinci yarısında rayonda 11 yeni müəssisə yaradılıb, 274-ü daimi olmaqla 427 yeni iş yeri açılıb.
2018-ci ilin birinci yarımilliyi ərzində Qazax rayonunda kənd təsərrüfatı məhsullarının artırılması məqsədi ilə də bir sıra səmərəli işlər görülüb və müsbət nəticələr əldə olunub.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 888 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30