Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda pambıq yığımına start verilib

Regionlarda pambıq yığımına start verilib

12.09.2018 [08:41]

Bu il pambıq tarlalarından ötən illə müqayisədə daha çox məhsul tədarük olunması gözlənilir
Ölkəmizdə aqrar sektorun inkişafı istiqamətində aparılan uğurlu siyasət öz bəhrəsini verməkdədir. Belə ki, kənd təsərrüfatında innovativ metodların, qabaqcıl təcrübənin tətbiqi, ixracyönümlü məhsul istehsalının təşviq edilməsi, azad sahibkarlığın hərtərəfli şəkildə dəstəklənməsi, fermerlərə subsidiyalar, güzəştli kreditlər verilməsi, texnika və gübrələrlə təminatın gücləndirilməsi, bölgələrdə dövlət vəsaiti hesabına müasir infrastrukturun yaradılması, həmçinin regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsi son nəticədə respublikamızda aqrar sektorun keyfiyyətcə yeni inkişaf mərhələsinə çıxmasını təmin edib. Respublikamızdan ənənəvi bazarlara və Körfəz ölkələrinə yüksək rəqabət qabiliyyətinə malik meyvə-tərəvəz ixracının artması, eləcə də ölkədə bir sıra istiqamətlər üzrə ərzaq məhsullarına olan tələbatın sırf daxili istehsal hesabına təmin edilməsi bunu bir daha təsdiqləyir.
Son illərdə bütün ölkə üzrə aqrar sektorun inkişafından söhbət açarkən pambıqçılıq sahəsində əldə olunan uğurları da xüsusi qeyd edə bilərik. Azərbaycanın bir sıra bölgələri üçün ənənəvi təsərrüfatçılıq sahələrindən olan pambıqçılıqda torpaq mülkiyyətçilərinin gəlir imkanları kifayət qədər böyükdür. Bu məhsulun satışı ilə bağlı hər hansı bir problem yoxdur. Dünya bazarlarında pambıq birjalarda satılır və istehsalçı ölkələrə böyük həcmlərdə valyuta qazandırır. Azərbaycan da Prezident İlham Əliyevin təşəbbüsü ilə regionlarda pambıqçılıq sahəsində ənənələri dirçəltməklə yeni iqtisadi şəraitdə ölkədən qeyri-neft məhsullarının ixracının genişləndirilməsini hədəfləyib.
Artıq bölgələrdə kütləvi surətdə pambıq yığımına başlanıb. Bununla bağlı rayonlarda yığıncaqlar keçirilir. Məsələn, bir neçə gün öncə Beyləqan şəhərindəki Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyevin iştirakı ilə 2018-ci il martın 26-da Bərdədə keçirilən “Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndə verilən tapşırıqların icrası ilə bağlı müşavirə keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin, rayonun aidiyyəti idarə və təşkilatlarının nümayəndələrinin, pambıqçılıqla məşğul olan fermerlərin, torpaq mülkiyyətçilərinin, kənd inzibati ərazi nümayəndələri və bələdiyyə sədrlərinin iştirak etdiyi toplantıda Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev çıxış edərək, pambıqçılığın inkişafı istiqamətində rayonda görülən işlərdən danışıb. Bildirib ki, Beyləqan rayonunda aqrar sektorun ənənəvi sahəsi olan pambıqçılıq son illərdə inkişaf etdirilir. Rayonun iqlim şəraiti, sakinlərin pambıqçılıq sahəsində təcrübəsi pambıq istehsalını artırmaq üçün stimul yaradır. Odur ki, rayonda pambıq əkinləri ildən-ilə genişləndirilir. Əgər rayon ərazisində 2016-cı ildə 4035 hektarda pambıq əkilmişdisə, 2017-ci ildə bu rəqəm 8550 hektara, 2018-ci ildə isə 9560 hektara çatdırılıb. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Pambıq yığımı üçün texnikalar hazır vəziyyətə gətirilib, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir.
Tədbirdə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov “Azərbaycanda pambıqçılığın inkişafı - hədəflər və perspektivlər” mövzusunda çıxış edərək, nazirlik tərəfindən bu sahədə görülmüş işləri və qarşıda duran hədəfləri diqqətə çatdırıb. Bildirib ki, bu gün ixracyönümlü məhsulların istehsalının, o cümlədən pambıqçılığın inkişafı istiqamətində ölkədə ardıcıl tədbirlər görülür. Bu sahədə potensial imkanlar səfərbər edilib. Prezident İlham Əliyev Bərdədə keçirilən müşavirədə məhsuldarlığın yüksəldilməsini mühüm vəzifə kimi qarşıya qoyub. Pambığın satınalma qiymətinin artırılması, texnika ilə, mineral gübrələrlə təminat və bu sahələrdəki güzəştlər, müasir texnologiyaların tətbiqi fermerlərə geniş imkanlar verir. Odur ki, qarşıda duran əsas məqsəd becərmə işlərini intensiv yolla, düzgün və vaxtında aparmaqla pambıq istehsalında yüksək məhsuldarlığa nail olmaqdır.
Müşavirədə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov “Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi”, Respublika Bitki Mühafizə Mərkəzinin rəisi Damət Sultanov “Bitki mühafizə vasitələrindən səmərəli istifadənin təşkili”, “Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsmayılov “Texnika və gübrə ilə təminatın vəziyyəti”, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktor əvəzi Azad İbrahimov “Pambığın yüksək aqrotexniki şəraitdə becərilməsi” mövzularında çıxış ediblər. Fermerlərə Azərbaycanda becərilən pambıq sortları, pambıqçılıqla bağlı torpağın səpinə hazırlanması, növbəli əkin, dondurma şumu, arat, mineral və üzvi gübrələrin verilməsi, toxumluq çiyidin səpinə hazırlanması, səpinin aparılması qaydaları, pambığın becərilmə texnologiyası, zərərvericilərlə mübarizə, pestisitlərdən istifadə və sair haqqında ətraflı məlumat və məsləhətlər verilib.
Salyanda da pambıq yığımına hazırlıqla bağlı Baş Dövlət Texniki Nəzarət Xidmətinin (BDTNX) Salyan regional bölməsi tərəfindən pambıqyığan maşınlara və digər nəqliyyat vasitələrinə baxış keçirilib. Cari təsərrüfat ilində Salyanda 7055 hektar sahədə pambıq əkilib. Becərmə işləri aqrotexniki qaydada həyata keçirildiyindən tarlalarda bol məhsul yetişib. İndi əsas məsələ min bir əziyyətlə yetişdirilən məhsulu vaxtında və itkisiz toplamaqdan ibarətdir. Odur ki, pambıq yığımına hazırlığın vəziyyəti ilə bağlı Baş Dövlət Texniki Nəzarət Xidmətinin Salyan regional bölməsinin əməkdaşları “Aqrolizinq” ASC-nin Salyan filialındakı pambıq yığımına cəlb ediləcək texnikalara baxış keçirib. Baxış zamanı, ilk növbədə, pambıqyığan və digər maşınların sazlığı, eyni zamanda, qeydiyyat məsələləri və istismara hazırlıq vəziyyəti yoxlanılıb.
BDTNX-nin Salyan bölməsinin rəisi Avdı Həsənov bildirib ki, yoxlamanın keçirilməsində əsas məqsəd yığım zamanı texnikanın nasazlığı səbəbindən ləngimələrə yol verilməsinin qarşısını almaq, məhsulun optimal müddətdə yığılıb daşınması və digər məsələlərlə bağlıdır.
Yoxlama zamanı, həmçinin pambıq yığımı dövründə təhlükəsizlik qaydalarına düzgün əməl olunmasının vacibliyi nəzərə alınaraq, qoşqulu traktorla fəhlə daşınmasına qadağa qoyulması və digər məsələlərlə bağlı da mexanizatorlara tövsiyələr verilib. Qeyd edək ki, bu mövsüm rayonda pambıq yığımına 15 ədəd pambıqyığan kombayn, 20-yə yaxın qoşqulu traktor və digər nəqliyyat vasitələri cəlb olunacaq.
Ağsu rayonunda isə bir neçə gündür ki, kütləvi pambıq yığımına başlanılıb və sentyabrın 10-da ilk pambıq karvanı qəbul məntəqələrinə yola salınıb. Lafet karvanının yola salınması təntənəli mərasimlə qeyd edilib. Rayon rəhbərlərinin, fermerlərin, torpaq mülkiyyətçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, “P.Aqro” MMC-nin baş aqronomu Çingiz İsrafilov, fermer Hacağa Hüseynov və başqaları mühüm strateji sahə olan pambıqçılığın inkişafı ilə əlaqədar Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələrlə bağlı görülən işlərdən, qarşıda duran vəzifələrdən, bu sahəyə göstərilən dövlət dəstəyindən danışıblar. Bildirilib ki, cari ildə rayonda 2600 hektarda pambıq yetişdirilib. Məhsulun təqribən 70 faizi maşınlarla yığılacaq. Bu məqsədlə hələlik 6 ədəd pambıqyığan kombayn hazır vəziyyətə gətirilib. Məhsulun qalan hissəsi isə əllə toplanacaq. Bunun üçün ilk günlərdən tarlalara 3000 nəfərədək işçi qüvvəsi cəlb olunub.
Rayonda pambıqçılıqla məşğul olan 160 fermer təsərrüfatı var. Əksər ərazilərdə, o cümlədən Ərəbmehdibəy, Bozavand, Rəhimli, Kəndoba, Çaparlı və bir sıra digər ərazi vahidlərində məhsuldarlıq daha yüksəkdir. Mütəxəssislər cari mövsümdə rayonda hər hektardan azı 20 sentner məhsul götürüləcəyi qənaətindədirlər.
Zərdab rayonunda da kütləvi pambıq yığımına başlanılıb. Rayon İcra Hakimiyyətindən bildirilib ki, cari mövsümdə Zərdabda 3232 hektarda bol məhsul yetişdirilib. Hər yerdə yığıma ciddi hazırlıq görülüb. Ağır zəhmət bahasına yetişdirilən “ağ qızıl”ın toplanmasına 5000 nəfərdən çox işçi qüvvəsi cəlb olunub. Məhsulun daşınması üçün kifayət qədər texnika ayrılıb. “Ağ qızıl”ın 50 faizinin pambıqyığan maşınlarla toplanması nəzərdə tutulub. Bu məqsədlə sahələrin kənarları hamarlanıb, texnikanın rahat hərəkəti üçün şərait yaradılıb.
Zərdablı pambıqçılar ilk günlərdə 61 tondan çox məhsul yığıblar. Əksər ərazilərdə, o cümlədən Bəyimli, Körpükənd, Şahhüseynli, Alıcanlı və bir sıra digər ərazi vahidlərində məhsul toplanışı daha mütəşəkkil təşkil olunub. Qeyd edək ki, Zərdab pambıqçıları bu mövsümdə hər hektardan orta hesabla 20 sentnerdən çox məhsul götürmək əzmindədirlər.
Kürdəmir rayonunda da pambıq yığımı prosesi başlayıb və qısa vaxtda 100 tona yaxın “ağ qızıl” toplanıb, bundan 65 tondan çoxu qəbul məntəqələrinə təhvil verilib. Məhsul yığımına 600 nəfərədək işçi qüvvəsi cəlb olunub. Hazırda yığım kampaniyası sürətlə davam edir. Muradxan, Mehdili, Karrar kənd, Qocalı, Qarasaqqal, Carlı, Şilyan, Ərəbqubalı, Qarasu və bir sıra digər ərazi vahidlərində tarlalardan bol məhsul gözlənilir.
Qeyd edək ki, bu il rayonda 5030 hektarda pambıq yetişdirilib. Sahələrin 3500 hektarında məhsul maşınlarla yığılacaq. Yığımda 12 pambıqyığan maşının qüvvəsindən istifadə olunacaq. Pambıqyığan maşınlardan 4-ü “MKT-İK” MMC-yə, 8-i isə “Kürdəmir Kənd təsərrüfatı” MMC-yə məxsus tarlalarda işləyəcək.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 971 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30