Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilir

Regionlarda kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilir

13.09.2018 [09:07]

2018-ci ilin sonunadək ümumilikdə 21 rayonun 46 yaşayış məntəqəsində yeni su layihələrinin reallaşdırılması nəzərdə tutulub
Azərbaycanda son 15 il ərzində həyata keçirilən siyasət bütün sahələrin inkişafına təkan verib ki, bu istiqamətdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində görülən işləri xüsusi vurğulamaq yerinə düşər. Məlum olduğu kimi, sözügedən Dövlət proqramları çərçivəsində bölgələrdə infrastruktur layihələri də uğurla icra edilib ki, bu sırada da içməli su və kanalizasiya layihələrini xüsusi olaraq qeyd etmək lazımdır. Daha doğrusu, son 15 ildə bütün ölkə boyu intensiv şəkildə həyata keçirilən genişmiqyaslı infrastruktur quruculuğu, o cümlədən paytaxtda və regionlarda reallaşdırılan yeni su və kanalizasiya layihələri nəticəsində respublikanın onlarla şəhər və qəsəbəsinin, kəndlərin içməli su təchizatının yaxşılaşması əhalinin kommunal xidmətlərlə təminatında çox ciddi keyfiyyət dəyişiklikləri yaradıb. Və bu istiqamətdə həyata keçirilən layihələr davamlı xarakter daşıyır.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq içməli su çatışmazlığının müşahidə edildiyi kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilir. Kəndlərdə yeni içməli su təchizatı sistemlərinin yaradılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 9 aprel 2018-ci il tarixli Sərəncamı, eləcə də dövlət investisiya proqramı çərçivəsində həyata keçirilməklə ümumilikdə 21 rayonun 46 yaşayış məntəqəsini əhatə edir. Belə ki, müvafiq Sərəncama əsasən, respublikanın 13 rayonunun 30 yaşayış məntəqəsində içməli su layihələrinin icrası nəzərdə tutulur. Eyni zamanda, dövlət investisiya layihələri çərçivəsində 8 rayonun 16 yaşayış məntəqəsində su layihələri icra edilir. Ümumilikdə cari ildə 21 rayonun 46 yaşayış məntəqəsində 65 minədək sakinin içməli su təchizatı yaxşılaşdırılacaq. Artıq 10-a yaxın kənddə layihələrin icrası başa çatıb.
Beləliklə, layihələrə əsasən, bu kəndlərdə 386 km müxtəlif diametrli su xətlərinin tikintisi, əhalinin ümumi istifadəsi üçün 1272 ədəd bulağın quraşdırılması və digər su təchizatı infrastrukturlarının yaradılması nəzərdə tutulub. Qısa müddətdə həyata keçirilən tikinti-quraşdırma işləri nəticəsində 203 km su xətti çəkilib və 400-dək bulaq quraşdırılıb. Artıq Oğuz rayonunun Astarxanovka, Vladimirovka, Qarabulaq, Ağstafa rayonunun Yeni Gün, Masallı rayonunun Məmmədxanlı, Göyçay rayonunun İkinci Ərəbcəbirli, Şəmkir rayonunun Tatarlı, Qusar rayonunun Aşağı Ləyər və Xızı rayonunun Yeni Yaşma kəndlərində içməli su təchizatı layihələrinin icrası yekunlaşıb. Bununla da həmin kəndlərdə 15 minə yaxın sakin keyfiyyətli içməli suya çıxış imkanı qazanıb. Xatırladaq ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Prezident Sərəncamına uyğun olaraq 2017-ci ildə 28 rayonun 170 kəndində layihələr icra olunub. Bu layihələr çərçivəsində 530 km-ə yaxın magistral və paylayıcı su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 1432 bulaq quraşdırılıb. Bununla da 271 min nəfərin keyfiyyətli içməli suya çıxışı təmin edilib.
Dövlət başçısının sözügedən Sərəncamı çərçivəsində hazırda Tovuz rayonunun 5 kəndində içməli su layihələri həyata keçirilir. Verilən məlumata görə, Tovuz rayonunda icra olunan içməli su layihələri rayonun Qədirli, Xatınlı, Çilovdarlı, Əlimərdanlı və Qaraxanlı kəndlərini əhatə edir. Bu kəndlərin içməli su problemini həll etmək məqsədilə cari ilin iyun ayında yeni layihənin icrasına başlanılıb. Layihəyə əsasən, kəndləri keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə 2 ədəd subartezian quyusu qazılacaq. Buradan götürülən su həcmi 250 kubmetr olan mövcud su anbarına ötürüləcək. Layihə çərçivəsində həmin su anbarı əsaslı təmir olunacaq və suyun kəndlərə təzyiqlə ötürülməsini təmin etmək üçün nasos stansiyası quraşdırılacaq.
Ümumilikdə Tovuz rayonunun 5 kəndində 40 km su xətlərinin tikintisi və əhalinin ümumi istifadəsi üçün 175 ədəd bulağın quraşdırılması nəzərdə tutulub. Artıq kəndlərdə su xətlərinin tikintisi intensiv qaydada davam etdirilir və indiyədək 20 km su xətti çəkilib. Layihənin icrası tam başa çatdıqdan sonra Tovuz rayonunun Qədirli, Xatınlı, Çilovdarlı, Əlimərdanlı və Qaraxanlı kəndlərinin 12 mindən çox sakini keyfiyyətli içməli su ilə təmin ediləcək. Qeyd edək ki, indiyədək bu kəndlərdə içməli su şəbəkəsi mövcud olmayıb və əhali suya olan tələbatını uzaq məsafələrdən daşıyaraq ödəyir. Xüsusilə yay aylarında kəndlərin su təminatında çətinliklər yaranır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 9 aprel 2018-ci il tarixli Sərəncamı çərçivəsində eyni zamanda, Bərdə rayonunun Hacılar və Arabaçılar kəndlərində yeni içməli su infrastrukturu yaradılır. Bərdə rayonunun kəndlərində içməli su layihələrinin icrasına 2018-ci ilin iyun ayında başlanılıb. Kənd sakinlərini içməli su ilə təmin etmək üçün su mənbəyi subartezian quyuları seçilib. Layihəyə əsasən, bu kəndlərdə 2 subartezian quyusunun qazılması, 11,3 km uzunluğunda su xətlərinin, əhalinin ümumi istifadəsi üçün 54 ədəd su bulağının tikintisi nəzərdə tutulub.
Hazırda kəndlərdə subartezian quyularının qazılmasına başlanılıb. Arabaçılar kəndində layihədə nəzərdə tutulan 5,4 km uzunluğunda su xətlərinin tikintisi, əhalinin ümumi istifadəsi üçün 27 ədəd su bulağının quraşdırılması işləri yekunlaşıb. Hacılar kəndində isə 5,9 km su xətlərinin və 27 ədəd su bulağının quraşdırılması işləri davam etdirilir.
Bərdə rayonunun Arabaçılar və Hacılar kəndlərində icra olunan layihələr ümumilikdə 2500-dək sakinin içməli su təminatının yaxşılaşdırılmasına imkan yaradacaq. İndiyədək Arabaçılar və Hacılar kəndlərinin sakinləri içməli suya olan tələbatlarını daşıma yolu ilə və ya quyu sularından istifadə etməklə ödəyirdilər. Bu da içməli su təminatında çətinliklərə səbəb olurdu.
Yuxarıda da qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən, respublikanın 13 rayonunun 30 yaşayış məntəqəsində içməli su layihələri icra olunacaq ki, bu layihələrdən də 30 kəndin 45 min nəfər sakini faydalanacaq.
Sözügedən sərəncama uyğun olaraq cəbhəyanı bölgədə yerləşən Tərtər rayonunun 4 kəndində isə yeni içməli su təchizatı infrastrukturu yaradılır. “Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, layihə 5 minədək sakinin yaşadığı Mamırlı, Poladlı, Təzəkənd və Evoğlu kəndlərini əhatə edir. “Azərsu” ASC tərəfindən bu kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihə hazırlanıb və cari ilin iyun ayından tikinti-quraşdırma işlərinə başlanılıb.
Layihəyə əsasən, sakinləri içməli su ilə təmin etmək üçün hər kənddə bir subartezian quyusu olmaqla 4 quyunun qazılması nəzərdə tutulub. Eyni zamanda, kəndlərdə 22 kilometr uzunluğunda magistral su xətlərinin, əhalinin ümumi istifadəsi üçün 106 ədəd su bulağının tikintisi nəzərdə tutulub. Qısa müddət ərzində bu kəndlərdə 2 subartezian quyusu qazılıb, 18 kilometr su xətti çəkilib, 90 ədəd bulaq quraşdırılıb. Artıq Mamırlı və Poladlı kəndlərində layihənin icrası yekunlaşıb, digər kəndlərdə yeni infrastrukturun yaradılması işləri cari ilin sentyabr ayının sonunda tam başa çatdırılacaq.
Bu məqamda qeyd edək ki, hazırda respublikamızda əkin sahələrinin suvarma suyu ilə təminatı istiqamətində də davamlı addımlar atılır. Bu sahəni diqqət mərkəzində saxlayan dövlət başçısının imzaladığı müvafiq sərəncamlara əsasən ayrı-ayrı bölgələrdə işlər görülür. Yeri gəlmişkən, Prezident İlham Əliyev avqustun 31-də “Cəlilabad rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sözügedən Sərəncama əsasən, Cəlilabad rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə “İncəçay”, “Cəfərxanlı”, “Üçtəpə”, “Bəylər” və “Alıcı” su anbarlarında zəruri təmir-bərpa işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Cəlilabad Rayon İcra Hakimiyyətinə 4,5 milyon manat ayrılıb.
Ağdaşda isə dövlət əsaslı vəsait qoyuluşu hesabına həyata keçirilən üç layihə 15 min 800 hektar sahənin suvarma suyu ilə təmin olunmasına imkan verəcək. Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu gün Ağdaşda pambıqçılığın inkişafı prioritet vəzifədir və son illər bu istiqamətdə ardıcıl tədbirlər görülür. Pambıq əkinləri üçün əlavə torpaq sahələri ayrılır ki, bu sahələrin su təchizatı artıq ümdə məsələyə çevrilib. Bunun üçün ötən ilin iyul ayından bölgədə üç layihə həyata keçirilir. Layihələrdən biri - Yuxarı Şirvan kanalından Qaradeyin kəndinədək yeraltı borularla çəkilən 15,3 kilometrlik su kəmərində işlər artıq yekunlaşmaq üzrədir. Digər layihələr - Türyançayda su anbarının tikintisi və Kür çayında nasos stansiyasının qurulması işləri davam etdirilir.
Beləliklə, yuxarıda sadalananlar da bir daha onu deməyə əsas verir ki, respublikamızda içməli su və kanalizasiya layihələrinin reallaşdırılması, həmçinin əkin sahələrinin suvarma suyu ilə təminatı istiqamətində işlər davamlı xarakter daşıyır. Və cari ilin geridə qalan ayları ərzində atılan addımlar da deyilənləri təsdiqləyir.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 859 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30