Azərbaycanın bölgələrində meyvə-tərəvəz istehsalında ciddi artım müşahidə olunur
04.10.2018 [08:30]
Regionlarda fermerlər bol məhsul toplayaraq yerli və xarici bazarlara çıxarırlar
Azərbaycanda bütün sahələrin paralel inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və investisiya qoyuluşunun sürətləndirilməsi sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Məhz həyata keçirilən bu siyasət nəticəsində əldə edilən uğurlar regionların hərtərəfli inkişafını təmin edib. Daha dəqiq desək, sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artmaqdadır. Bu da, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən məqsədyönlü Dövlət proqramları nəticəsində mümkün olur. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən müvafiq Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Belə ki, Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb.
Bu mənada ümumilikdə ölkəmizdə, eyni zamanda regionlarda kənd təsərrüfatının inkişafının da xüsusi diqqət mərkəzində olduğunu deyə bilərik. Bu inkişaf özünü meyvə-tərəvəz istehsalının artımında da göstərir. Bu məqamda qeyd edək ki, hazırda regionda meyvə-tərəvəz yığımı, istehsalı böyük vüsət alıb.
Məsələn, Quba rayonunda alma yığımının qızğın çağıdır. Verilən məlumatlara görə, bu rayonda məhsuldarlığın artmasında xaricdən gətirilən alma sortlarının da rolu var. Qubanın alma bağları üçün Fransadan gətirilmiş tinglər də özünü doğruldub. Bu sortlar məhsuldarlığı ilə seçilir. Rayonun Dəlləkli kəndində yerləşən “D-Fruits” MMC-nin nümayəndəsi Şahin Məmmədov KİV-ə açıqlamasında bildirib ki, bu sortların ən üstün cəhəti tez bar verməsidir. Şahin Məmmədov 10 ilə yaxındır ki, “D-Fruits” MMC-də işləyir. Təsərrüfatda alma bağları üçün tinglər Fransadan gətirilib. Çox məhsuldar sortlardır, artıq ikinci ildən bar verir. Təsərrüfatdakı bağlar avtomatik suvarma sistemi ilə təchiz edilib, suvarmada damcı sistemindən istifadə olunur.
Qubalı bağban bağlarda məhsul yığımı zamanı müasir texnologiyalardan istifadə edildiyini deyib: “Meyvə yığımı ən müasir texnologiya - kombayn vasitəsilə həyata keçirilir. Kombayn ilə yığıma bir qrup işçi cəlb olunur və ən müasir texnika vasitəsilə meyvələr tez, itkisiz və heç bir fiziki zədə almadan çeşidlənərək səbətlərə yığılır. Yığım avqust ayının 15-dən başlayaraq noyabrın 20-dək davam edir. Şirkətimizdə 1 hektar alma bağına 2 min 500-2 min 700 alma tingi əkilir, ancaq yerli sortlar əkildiyi təqdirdə 500 tingdən istifadə olunur. Xarici sortlardan bir ağacdan 20-30 kiloqram, bir hektardan isə 60-70 ton meyvə yığılır”.
Şamaxı rayonunda kartof yığımı başa çatıb və torpaq mülkiyyətçiləri sahələrdən 2390 ton məhsul götürüblər. Rayon Statistika İdarəsindən bildirilib ki, cari mövsümdə istehsal edilən kartof ötən ilki göstəricidən 619 ton çoxdur. Hər hektardan orta məhsuldarlıq 67,6 sentner təşkil edib. Bir sıra ərazilərdə, o cümlədən daha çox kartof əkilən Qızmeydan, İkinci Cabanı, Çuxuryurd, Ərçiman, Şəhriyar qəsəbə ərazi vahidlərində məhsuldarlıq daha yüksək olub.
Cəlilabadlı gənc fermer Samir Bayramov isə Türkiyədən gətirdiyi yeni lobya növündən bol məhsul əldə edib. S.Bayramov bu il təsərrüfatında yerli lobya növləri ilə yanaşı, 2 hektar sahədə yeni növ lobya əkib. Yeni lobya növünün daha məhsuldar, xəstəliyə, istiyə və yağışa davamlı olduğunu söyləyən gənc fermer artıq sahələrdə yığım kampaniyasına başlanıldığını, qış mövsümünədək davam edəcək məhsul yığımına 100-ə yaxın fəhlənin cəlb olunduğunu, əkilən sahədən 1 tona yaxın məhsul götürəcəyini bildirib. Məhsulun satışında heç bir problemin olmadığını deyən fermer növbəti əkin zamanı 3 hektar sahədə yeni lobya növündən istifadə ediləcəyini söyləyib. Qeyd edək ki, hazırda yerli bazarlarda lobyanın satış qiyməti 60-70 qəpikdir.
Tərəvəz istehsalı ilə bağlı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində də mühüm addımlar atılır. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Aqrar Ticarət Şirkətinin (DATŞ) nümayəndə heyəti İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində səfərdə olub. Səfər çərçivəsində DATŞ nümayəndələri Cocuq Mərcanlı kəndində yaradılmış şəraitlə tanış olub, təsərrüfat sahibləri ilə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində istixana və arıçılıq təsərrüfatları yaradılıb. Burada hər biri 160 kvadratmetr sahəyə malik polietilen örtüklü tunel tipli 15 istixana qurulub. On beş ailənin hər birinə 10 arı ailəsi olmaqla, 150 arı ailəsi verilib. Cocuq Mərcanlı fermerlərinə dəstək məqsədilə istixanalarda yetişdirilmiş 1100 kiloqram melit sortundan olan xiyar məhsulu Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən satın alınıb.
Təsərrüfatlardan əldə olunacaq məhsulların satışına dəstək məqsədilə Dövlət Aqrar Ticarət Şirkəti ilə Cocuq Mərcanlı fermerləri arasında gələcək əməkdaşlıq üçün memorandumun imzalanması barədə razılıq əldə olunub.
Azərbaycanda yeganə kollektiv təsərrüfat olan Nikitin adına kolxozda isə şərab istehsalı üçün yüksək keyfiyyətə malik texniki sort “Mədrəsə” üzümünün yığımına başlanılıb. Kolxozda gün ərzində 40-50 ton üzüm yığılır və məhsul respublikamızın şərab zavodlarına göndərilir. Qeyd edək ki, kolxoz İsmayıllı rayonunda ən iri üzümçülük təsərrüfatlarındandır. Burada 296 hektar texniki sort olan üzüm bağı var. Bu bağlar ötən əsrin 70-ci illərində salınıb. Keçən əsrin 90-cı illərində rayonda, demək olar ki, bütün plantasiyalar baxımsızlıq üzündən məhv olsa da, Nikitin adına kolxozda bu bağlar qorunub saxlanıb.
Kolxozda hər il orta hesabla 1000 ton üzüm istehsal edilir. Cari mövsümdə plantasiyalardan 1100 tondan çox məhsul yığılacağı proqnozlaşdırılır.
Üzümçülük Ağstafa rayonu üçün də ənənəvi təsərrüfat sahələrindən olsa da, respublikamızın müstəqilliyinin ilk illərində bu sahəyə lazımi diqqət göstərilmədiyindən rayonun iqtisadiyyatında yerini tədricən itirməyə başlamışdı. Bu gün isə dövlət başçısı tərəfindən qeyri-neft sektorunun inkişafı ilə əlaqədar kənd təsərrüfatının müxtəlif sahələrinə, o cümlədən üzümçülüyə göstərilən diqqət və qayğı, qəbul olunmuş müvafiq Dövlət proqramları ənənəvi üzümçülük rayonları kimi, Ağstafada da əvvəlki üzüm bağlarını bərpa etməyi, yaxud yeni bağlar salmağı zərurətə çevirib.
Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, hazırda rayonda 476 hektar üzüm bağı var. Bunlardan 425 hektarı bar verən, 51 hektarı isə yeni salınan bağlardır. Ötən il rayon üzrə məhsuldarlıq 28 min 280 sentner olub. Bu ilin məhsulu üçün artıq 20 gündən çoxdur ki, sahələrdə üzüm yığımına başlanılıb. Bu vaxta qədər bağlardan 20 min 400 sentner məhsul yığılıb və satışa göndərilib. İlkin nəticələr onu göstərir ki, bu il məhsuldarlıq keçən illə müqayisədə 15-20 faiz çox olacaq.
Qeyd edilib ki, dövlətin aqrar sahəyə ayırdığı güzəştli kredit, gübrələrin 70 faiz güzəştlə verilməsi, eləcə də hər hektar üçün subsidiyaların tətbiq edilməsi fermerləri yeni üzüm bağlarının salınmasına həvəsləndirib. Ağstafa rayonunun ən çox üzüm sahəsi olan yaşayış məntəqələrində - Həsənsuda 131 hektar, Vurğun qəsəbəsində 122 hektar, Pirlidə isə 86 hektar üzüm bağı salınıb.
Göyçay rayonunda isə xurma yığımına start verilib və ilk günlərdən istehsal olunan məhsul Rusiya bazarlarına çıxarılır. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari mövsümdə bağlarda bol xurma yetişdirilib. Rayonda kütləvi yığım kampaniyasına hər il oktyabrın birinci ongünlüyündən başlansa da, artıq bir neçə gündür ki, əksər ərazi vahidlərində xurma yığılır və tədarük olunan meyvə birbaşa Rusiya bazarlarına göndərilir. Hələlik Rusiyaya 50 ton xurma ixrac olunub.
Qeyd edək ki, Göyçayda ümumilikdə 6031 hektar meyvə bağları var. Bunun 1417 hektarı xurma bağıdır. Son illər bu sahəyə maraq artmaqdadır. Belə ki, son iki ildə rayon ərazisində 200 hektarda yeni xurma bağları salınıb. Xurma bağları əsasən Cəyirli, Potu, Qarabaqqal, Mirzəhüseynli, Ərəbcəbirli, Çayarxı, Qızılağac, Məlikkənd, Kürdmaşı və bir sıra digər kəndləri əhatə edir. Ötən il bağlardan 18863,5 ton məhsul götürən bağbanlar cari ildə istehsalın 19 min tondan çox olacağını proqnozlaşdırırlar. Hər il olduğu kimi, bu il də yığılan məhsulun 95 faizi Rusiya, habelə Ukrayna bazarlarına göndəriləcək.
İmişli rayonu isə çuğundur əkini və istehsalı ilə respublikada ön sıralardadır. Belə ki, bu günədək plantasiyalardan 3 min 977 tondan çox çuğundur yığılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 829 ton çoxdur. Rayon Statistika İdarəsindən bildiriblər ki, bu il İmişlidə 109 hektar sahədə çuğundur becərilib. Torpaq mülkiyyətçiləri “Kayota”, “Zeper”, “Radofe” kimi yüksək məhsuldar sortların əkininə üstünlük veriblər və nəticədə plantasiyalarda bol məhsul yetişib.
Fermerlər havaların əlverişli keçməsindən yararlanaraq yığımı tez bir zamanda yekunlaşdırmağa çalışırlar. Məhsul istehsalçısı Nadir Vəliyevin dediyinə görə, yığılmış sahələrin hər hektarının məhsuldarlığı orta hesabla 45 sentnerə çatır ki, bu da ötən ildəkindən 15 sentner çoxdur.
Qeyd edək ki, ötən il imişlili əkinçilər çuğundur sahələrindən 6 min 104 ton məhsul yığıblar.
İqtisadiyyatının əsasını müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edən Samux rayonunda bu il 709,7 hektar sahədə tərəvəz yetişdirilib. Bunun 677,2 hektarı əhali təsərrüfatlarında, 32,5 hektarı isə kənd təsərrüfatı müəssisələrində becərilib. Samux rayon Statistika İdarəsinin rəisi Gündüz Bayramov bildirib ki, təsərrüfatlardan indiyədək 11 min 447 ton məhsul yığılıb. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 min ton və ya 21 faiz çoxdur.
Bu il tarlalardan 5 min 269 ton pomidor, 1836 ton xiyar, 1389 ton badımcan, 609 ton baş sarımsaq, 481 ton bibər, 461 ton baş soğan, 167 ton kələm, 161 ton yaşıl lobya, 83 ton süfrə çuğunduru, 81 ton yerkökü, 910 ton digər tərəvəz növləri yığılıb. Rayonda istehsal olunan tərəvəz əhalinin ərzaq tələbatını ödəməklə yanaşı, bazarlara çıxarılır, eyni zamanda, bir sıra ölkələrə ixrac edilir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

