Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda heyvandarlığın inkişafına hərtərəfli dəstək göstərilir

Regionlarda heyvandarlığın inkişafına hərtərəfli dəstək göstərilir

10.10.2018 [08:35]

İndiyədək İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 27 müasir cins heyvandarlıq kompleksinin yaradılmasına 111,7 milyon manat güzəştli kredit ayrılıb
Dünyada yaranan çağırışlara uyğun olaraq Azərbaycan özünün etibarlı ərzaq təhlükəsizliyini təmin etməyi strateji hədəf kimi qarşıya qoyub. Bu məqsədlə regionlarda aqrar sektorun ahəngdar inkişafını təmin etmək, ərzaq məhsulları, o cümlədən də heyvandarlıq məhsullarının istehsalını artırmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Heyvandarlıq təsərrüfatlarında intensiv metodların tətbiqi, yem bazasının möhkəmləndirilməsi, səmərəli satış mexanizminin qurulması, fermerlərə subsidiyaların verilməsi, ayrı-ayrı bölgələrdə pilot layihələrin reallaşdırılması bu qəbildən olan tədbirlər sırasında yer alır.
İri təsərrüfatlar ölkədə heyvandarlığın inkişafına müsbət təsir göstərir
Dünyanın bir sıra qabaqcıl ölkələrinin təcrübəsindən də bəlli olduğu kimi, iri təsərrüfatlar heyvandarlığın inkişafında mühüm rol oynayır. Azərbaycan da bu təcrübədən geniş şəkildə bəhrələnir. Son illərdə respublikanın müxtəlif bölgələrində Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə yeni heyvandarlıq kompleksləri yaradılır və bu işə dövlət tərəfindən hərtərəfli kömək göstərilir. İndiyədək İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 264,1 milyon manat olan 49,9 min başlıq 27 müasir cins heyvandarlıq kompleksinin yaradılmasına 111,7 milyon manat güzəştli kredit ayrılıb. Bu müəssisələrin illik istehsal gücü 150 min ton süd və 6 min ton ət təşkil edir. Cari ilin sonunadək respublikanın müxtəlif bölgələrində 6600 başlıq 4 heyvandarlıq kompleksinin istifadəyə verilməsi planlaşdırılıb. Həmin müəssisələrin illik istehsal gücü 11 min ton süd, 2 min ton ət olacaq. Yeni yaradılan komplekslərdə xaricdən gətirilən yüksək məhsuldarlığa malik cins heyvanlar bəslənilir. Qeyd edək ki, 2009-cu ildən indiyədək ölkəyə “Aqrolizinq” ASC vasitəsilə 29,9 min baş yüksək məhsuldarlığa malik cins heyvanlar gətirilib.
Respublikada ərzaq təminatında mühüm istiqamətlərdən biri olan heyvandarlığın inkişafı məqsədilə həyata keçirilən bu və ya digər tədbirlər artıq öz müsbət nəticələrini verir. Bunun təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, hazırda ölkədə heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi 100 faizə yaxınlaşıb. Əlamətdar haldır ki, respublikada heyvandarlıq məhsullarının istehsalında ildən-ilə daha yaxşı göstəricilər əldə olunur. 2018-ci ilin əvvəlindən bəri ölkədə heyvandarlıq məhsullarının istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artıb.
Gələcəkdə “AZZA AGRO” MMC-yə məxsus kompleksdə heyvanların baş sayını 1600-ə çatdırmaq nəzərdə tutulub
Ölkəmizdə yeni yaradılan heyvandarlıq təsərrüfatlarından biri də İsmayıllı rayonunun Keyvəndi kəndi ərazisində cari ilin avqust ayında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “AZZA AGRO” MMC-nin müasir heyvandarlıq kompleksidir. İqtisadiyyat naziri Şahin Mustafayevin məlumatına əsasən, müasir texnologiyaların tətbiqinə əsaslanan kompleksin birinci mərhələsi üzrə işlərin görülməsinə 9,5 milyon manat investisiya qoyulub ki, bunun da 3,5 milyon manatı İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılıb. Bundan əlavə, kompleksə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib və nəticədə xeyli vəsaitə qənaət olunub. Kompleksin tərkibinə 1000 başlıq ferma binaları, doğum, sağım və buzovluq bölmələri, yem istehsalı sahəsi, əkinçilik təsərrüfatı və digər köməkçi sahələr daxildir.
Kompleksə gətirilmiş 99 baş “Holstein Friesian” cinsindən olan boğaz düyədən əlavə, bu ilin dekabr ayınadək daha 201 baş cins düyənin gətirilməsi və gələcəkdə heyvanların baş sayının 1600-ə çatdırılması nəzərdə tutulur. Heyvandarlıq kompleksində bu sahədə dünya liderlərindən olan İsveçin “DeLaval” şirkətinin ferma və sağım sistemi avadanlıqları quraşdırılıb. Bu sistem hər bir cins heyvana fərdi yanaşmaqla, onların yaşı, çəkisi, yem rasionu, süd verimi, sağlamlıq vəziyyəti və digər məlumatları xüsusi çiplərdə toplayaraq kompleksin səmərəli idarə olunmasına imkan verir. Belə ki, heyvanların yemlənməsi və sağılması zamanı çiplər vasitəsilə yığılan məlumatlar xüsusi proqramda toplanılaraq hər bir heyvan üzrə gündəlik yem norması müəyyən olunur, sağlamlıq vəziyyəti təhlil edilir. Sistemin daha bir xüsusiyyəti hər bir cins heyvan üçün qüvvəli yemin müəyyən olunmuş vaxtda və miqdarda avtomatlaşdırılmış qaydada verilməsidir. Ferma binalarında quraşdırılmış pərdələr havanın temperaturuna, rütubətlilik səviyyəsinə və günəşin düşmə bucağına görə avtomatik olaraq tənzimlənir. Bundan başqa, fermaların daxili temperaturunun tənzimlənməsi məqsədilə su ilə sərinləşdirilən avtomatik idarə olunan pərlər quraşdırılıb. Bütün bunlar cins heyvanların südünün kəmiyyətinin və keyfiyyətinin artırılmasına imkan verir.
Kompleksdə qüvvəli və qaba yemə olan tələbatın ödənilməsi üçün cari ildə 500 hektar sahədə arpa və yonca əkilib, 2,1 min ton silos ehtiyatı yaradılıb. Gələcəkdə əkin sahələrinin 800 hektara çatdırılması nəticəsində kompleksin yem tələbatının tam daxili imkanlar hesabına təmin edilməsi, eləcə də ət və süd məhsullarının emalı sahələrinin yaradılması nəzərdə tutulur. Kompleksin daha mənfəətlə fəaliyyət göstərməsi məqsədilə gündəlik emal gücü 10 ton süd və 1 ton ət olan emal sahələrində istehsal ediləcək ekoloji təmiz məhsullar “AZZA” brendi adı altında şirkətə məxsus mağazalar şəbəkəsində satışa çıxarılacaq.
Ötən 9 ayda ayrı-ayrı bölgələrdə heyvandarlıq məhsulları istehsalında yüksək artım qeydə alınıb
2018-ci ilin əvvəlindən bəri respublikanın ayrı-ayrı bölgələrində heyvandarlığın inkişafında daha yaxşı göstəricilər əldə olunub. Məsələn, Ağsu rayonunda son doqquz ayda heyvandarlıq məhsulları üzrə bütün göstəricilər ötən ilin müvafiq dövrünə nisbətən xeyli artıb.
Rayon Statistika İdarəsindən bildirilib ki, Ağsuda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda dinamik inkişaf davam edir. Belə ki, cari ilin doqquz ayında təkcə ət istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21 ton artaraq 3746 tona çatıb. Süd istehsalında isə artım 55 ton olub. Doqquz ayda rayonda 21 min 282 ton süd istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə, habelə yumurta istehsalı 1 milyon 527 min ədəd artaraq 7 milyon 602 min ədəd, yun istehsalı isə 2 ton çoxalaraq 308 ton olub.
2018-ci ilin ötən 9 ayı Balakən rayonunun heyvandarları üçün də uğurlu olub. Həmin dövrdə rayonda bütün növ heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb. Ən çox artım ət istehsalında olub. Belə ki, 9 ayda rayonda diri çəkidə ət istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 289,8 ton və ya 8,1 faiz artaraq 3 min 861,6 ton olub. Doqquz ayda rayonun təsərrüfatlarında 15 min 729 ton süd istehsal olunub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 199 ton çoxdur. Heyvandarlıq məhsulları istehsalının artmasında cins maldarlığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər xüsusi rol oynayıb. Bəhs olunan dövrdə rayonda 7 milyon 46 min ədəd yumurta, 76,8 ton yun istehsal olunub.
Şəkidə mal-qaranın cins tərkibi yaxşılaşdırılır
Cari ilin ötən dövründə Şəki rayonunda 4432 baş inək, camış və düyə süni yolla mayalandırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 568 baş çoxdur. Süni mayalanma yolu ilə alınan buzovların sayı isə 1553 baş olub.
Bu barədə KİV-ə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun baş məsləhətçisi Nazim Rəcəbov məlumat verib. Mərkəzin təmsilçisi deyib ki, heyvanların süni yolla mayalandırılması heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına təsir göstərən ən mühüm amillərdəndir. Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamının icrası olaraq, süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat məbləğində subsidiya ödənişi tətbiq olunduqdan sonra Şəki rayonunda süni mayalandırılan heyvanların sayı əvvəlki illərə nisbətən 2,2 dəfəyə yaxın artıb.
Nazim Rəcəbov bildirib ki, ötən il Şəki rayonu üzrə 1005 nəfər heyvan sahibinə süni mayalama yolu ilə alınan 1356 baş buzova görə 135 min 600 manat subsidiya ödənilib. 2018-ci ilin ötən dövründə isə 1284 nəfər heyvan sahibinə 1553 baş buzova görə subsidiyanın ödənilməsi təmin edilib.
İribuynuzlu heyvanların sağlamlığı diqqət mərkəzində saxlanılır
Regionlarda heyvandarlıq məhsulları istehsalının artımına nail olmaq üçün mal-qaranın sağlamlığına da xüsusi diqqət göstərilir. Hazırda respublikanın digər bölgələrində olduğu kimi, Qusar rayonunda da heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan profilaktik tədbirlərin səmərəliliyini təmin etmək məqsədi ilə növbəti peyvəndləmə və müayinə işləri davam etdirilir. Rayon baytarlıq idarəsinin mütəxəssisləri tərəfindən qısa müddətdə 22 mindən çox iribuynuzlu heyvan dabaq xəstəliyinə qarşı vaksinasiya olunub.
Ümumilikdə, rayon üzrə 42 mindən çox heyvan peyvənd olunacaq. Vaksinasiya prosesini vaxtında başa çatdırmaq üçün idarənin sahə baytarlıq məntəqəsinin baytar-həkimləri səfərbər olunublar. Dekabr ayınadək davam edəcək vaksinasiya işləri həm iri fermer, həm də fərdi təsərrüfatlarda aparılır.
Dabağa qarşı peyvəndləmə ilə yanaşı, iribuynuzlu heyvanlarda brüselyoz xəstəliyinə qarşı seroloji müayinələr də aparılır. Ötən müddət ərzində 9 minə yaxın iribuynuzlu heyvandan qan nümunələri götürülüb. Qusar rayon Baytarlıq İdarəsinin rəisi Vidadi Mamaliyev bildirib ki, rayonda xüsusi təhlükəli xəstəliklərə görə epizootik vəziyyət sabitdir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 859 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30