Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Ölkəmizdə həyata keçirilən islahatlar bölgələrin sosial-iqtisadi inkişafını təmin edib

Ölkəmizdə həyata keçirilən islahatlar bölgələrin sosial-iqtisadi inkişafını təmin edib

31.10.2018 [08:24]

Regionlarda tikinti-quruculuq və abadlıq işləri, yol infrastrukturunun yaxşılaşdırılması, aqrar sahənin inkişafı, səhiyyə, təhsil sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər bu ilin 9 ayı ərzində də davam etdirilib
Azərbaycanda 2004-cü ildən etibarən böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları nəinki ümumilikdə respublikanın, eyni zamanda, ayrı-ayrı bölgələrin hərtərəfli inkişafını təmin edib. Məhz bunun nəticəsidir ki, regionlarda müasir infrastruktur qurulub, sosial layihələr uğurla həyata keçirilib, yeni iş yerləri yaradılıb, o cümlədən kənd təsərrüfatı sahəsində də uğurlar əldə edilib. Onu da qeyd edək ki, bütün sahələrdə uğurların qazanılması 2018-ci ilin 9 ayı ərzində də davam edib və bu uğurlardan Dağlıq Şirvan iqtisadi rayonuna da pay düşüb. Elə sözügedən iqtisadi rayona daxil olan ayrı-ayrı rayonlar üzrə əldə edilən nəticələr də deyilənləri təsdiqləyir.
Beləliklə, vurğulamaq yerinə düşər ki, ötən illərdə olduğu kimi, bu ilin doqquz ayı ərzində də kənd təsərrüfatının inkişafına göstərilən hərtərəfli dövlət qayğısı, aparılan islahatlar Dağlıq Şirvan iqtisadi rayonuna daxil olan Ağsu rayonunda iqtisadiyyatın bu mühüm sahəsinin dinamik inkişafına imkan yaradıb. Sovetlər birliyi dövründə ənənəvi sahə olan, sonradan, demək olar ki, unudulan bir sıra istiqamətlərin, o cümlədən baramaçılığın, pambıqçılığın yenidən dirçəldilməsi rayonun iqtisadi həyatında böyük canlanmaya səbəb olub. Verilən məlumata əsasən, cari mövsümdə 15 kənd inzibati ərazi dairəsi üzrə 87 ailə bəslədikləri ipəkqurdu toxumundan 10935 kiloqram barama götürüb ki, bu da əvvəlki illə müqayisədə 5443,175 kiloqram çoxdur. Bu il rayonda 2600 hektar sahədə pambıq yetişdirilib və indiyədək qəbul məntəqələrinə 1300 tona yaxın məhsul təhvil verilib. Hazırda yığım davam edir.
Qeyd edək ki, təkcə bu ilin doqquz ayında rayonda ümumi məhsul buraxılışının həcmi 141 milyon 266,4 min manat təşkil edib. Bunun da 51 faizi kənd təsərrüfatının payına düşür. Ümumi məhsul buraxılışı da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artıb. Eyni zamanda, 33 min 382,3 hektar sahədən 99 min 902 ton taxıl istehsal olunub, habelə heyvandarlıqda bütün göstəricilər üzrə dinamik inkişaf təmin edilib. Aqrar sektorda müasir texnologiyanın tətbiqi də xüsusi diqqət mərkəzində saxlanılır.
Kənd təsərrüfatı bölgəyə daxil olan Qobustan rayonunda da iqtisadiyyatın aparıcı sahəsidir və taxılçılıq mühüm strateji məhsul kimi aqrar sektorda önəmli yer tutur. Təkcə bu il rayonda 70 min 236 ton taxıl istehsal edilib ki, bu da rayon tarixində ən yüksək göstərici olmaqla, inişilkindən 17 min ton və ya 31,8 faiz çoxdur. Bu ilin doqquz ayında kənd təsərrüfatının digər mühüm sahəsi olan heyvandarlıqda da uğurlu nəticələr qazanılıb. Mal-qaranın və davarların baş sayı artıb, ət istehsalı 1,4 faiz, süd istehsalı 1,3 faiz, yumurta istehsalı 1,2 faiz, yun istehsalı 1,2 faiz çoxalıb.
Eyni zamanda, əkin sahələrinin, eləcə də yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması istiqamətində lazımi tədbirlər görülür. Rayonda hesabat dövründə tikinti-quruculuq və abadlıq işləri, yol infrastrukturunun yaxşılaşdırılması, səhiyyə, təhsil sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də xeyli işlər görülüb. Dövlət başçısının Sərəncamı ilə ayrılan vəsait hesabına 14,5 kilometr uzunluğunda Bədəlli-Yekəxana avtomobil yolunun tikintisi başa çatmaq üzrədir. Bu yol 5000 nəfərdən artıq əhaliyə xidmət edəcək, bölgənin inkişafına təkan verəcək. Qobustan şəhərində 3 ədəd ictimai yaşayış binasında təmir işləri artıq yekunlaşmaqdadır. Mərkəzi xəstəxana üçün yeni binanın, 624 şagird yerlik təhsil ocağının, 100 yerlik uşaq bağçasının inşasında son tamamlama işləri aparılır.
2018-ci ilin doqquz ayı İsmayıllı rayonu üçün də yaddaqalan hadisələrlə zəngin olub. Rayonda cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilən hesabat yığıncağında bildirildiyi kimi, avqustun 25-26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bölgəyə tarixi səfər ediblər. Səfəri zamanı ölkə Prezidenti Keyvəndi kəndinin ərazisində “AZZA AGRO” MMC-nin istifadəyə verilən müasir heyvandarlıq kompleksinin, Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolunun, Kürdmaşı kəndi ərazisində “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın, “Azərxalça” ASC-nin İsmayıllı filialının, yenidənqurma və bərpadan sonra Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolunun, İsmayıllı şəhərində yenidənqurmadan sonra istifadəyə verilən 110/35/10 kilovoltluq yarımstansiyanın, yeni salınan 22 kilometr uzunluğunda Dəmirçi-Lahıc avtomobil yolunun, Lahıc qəsəbəsində yeni inşa olunan 400 şagird yerlik tam orta məktəb binasının açılışında və Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun hesabat yığıncağındakı məruzəsində, eləcə də çıxışlarda ölkə başçısının bölgələrə, o cümlədən İsmayıllıya göstərdiyi diqqət və qayğı minnətdarlıq hissi ilə qeyd olunub. Məruzə və çıxışlarda vurğulanıb ki, Prezident İlham Əliyevin müəyyən etdiyi sosial və iqtisadi siyasət, tövsiyə və tapşırıqlar 2018-ci ilin ötən dövrü ərzində İsmayıllıda da uğurla həyata keçirilib. Doqquz ay ərzində faktiki qiymətlərlə 193 milyon 33 min manat məbləğində ümumi məhsul istehsal olunub. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 25 milyon 994 min manat çoxdur. İqtisadiyyatın əsas sahələrində, o cümlədən sənayedə 51,5 faiz, kənd təsərrüfatında 2,2 faiz, tikinti-quraşdırma işlərində 55,1 faiz və sair artım əldə edilib.
2018-ci ilin doqquz ayında rayonda dövlət vəsaiti və sahibkarlar tərəfindən geniş miqyasda tikinti-quruculuq və abadlıq işləri görülüb. Belə ki, yaşayış evləri, istehsal və sosial təyinatlı obyektlər inşa olunub, şəhərdaxili küçələr abadlaşdırılıb, yollara asfalt örtüyü vurulub, ictimai yaşayış binalarında təmir işləri aparılıb.
Hesabat yığıncağında rayon iqtisadiyyatının aparıcı sahəsi olan aqrar sektorda uğurlu nəticələr qazanıldığı konkret faktlarla diqqətə çatdırılıb. Bu il hər hektardan 36,6 sentner olmaqla 79 min 286 ton buğda, 29,8 sentner olmaqla 20 min 723 ton arpa məhsulu toplanıb.
Ölkəyə daha çox valyuta gətirən və ixracyönümlü kənd təsərrüfatı məhsulu hesab edilən fındıq istehsalının artırılması istiqamətində rayonda son illərdə müəyyən işlər görülüb. Qarşıya qoyulan əsas vəzifə fındıq bağlarının sahəsini 2 min hektara çatdırmaqdır. Cari ilin yazında 502 hektar sahədə yeni fındıq bağları salınıb. Payız və növbəti ilin yaz aylarında daha 500 hektar sahədə fındıq bağlarının salınması nəzərdə tutulub.
Doqquz ayda heyvandarlıq məhsulları üzrə bütün göstəricilər əvvəlki ilə nisbətən artıb. Heyvandarlığın sənaye təməli üzərinə keçirilməsi və iri heyvandarlıq təsərrüfatının yaradılması istiqamətində son illər rayonda mühüm işlər görülür.
Hesabat dövrü Şamaxı rayonu üçün də uğurlar və yaddaqalan hadisələrlə zəngin olub. Şamaxıda 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda öncə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şamaxıya bu ilin avqust ayının 25-26-da baş tutmuş səfərinin rayon üçün tarixi əhəmiyyətindən danışılıb, səfər zamanı Meysəri kəndində kənd tam orta məktəbinin yeni binasının, “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin, Dəmirçi kəndində Arxeologiya Muzeyinin və yeni Dəmirçi-Lahıc avtomobil yolunun açılışının olduğu qeyd edilib. Bildirilib ki, avqustun 27-də Şamaxı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, “ASAN xidmət” mərkəzinin və rayonun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi avtomobil yolunun tikintisi ilə bağlı sərəncamların imzalanması dövlətimizin başçısının Şamaxıda, ümumən regionlarda sosial-iqtisadi infrastrukturun möhkəmləndirilməsinə, insanlara qarşı diqqət və qayğısına bariz nümunədir.
Çıxışlarda taxılçılıq, heyvandarlıq və üzümçülüyün daha çox inkişaf etdiyi, əhalinin ərzaq təhlükəsizliyi, eləcə də işsizlik probleminin həlli üçün ölkə rəhbərinin tapşırıq və göstərişlərinə əsasən son illər məqsədyönlü işlər aparıldığı, kənd təsərrüfatının bütün sahələrinin inkişafına hərtərəfli dəstək verildiyi, həmçinin iri aqroparkların yaradıldığı bildirilib.
Keçən əsrin 70-80-ci illərində Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmiş Şamaxıda bu sahənin inkişafına xüsusi diqqət göstərildiyini vurğulayan natiqlər rayon fermerləri tərəfindən ötən müddət ərzində yeni üzümlüklər salınaraq bu gəlirli sahənin 1710 hektara çatdırıldığını, bu il plantasiyalardan 9637 ton məhsul yığılaraq emal müəssisələrinə təhvil verildiyini diqqətə çatdırıblar.
Çıxışlarda cari ilin doqquz ayında tarixi şəhər olan Şamaxının abadlaşdırılması və yenidənqurulması, sosial problemlərin həll edilməsi istiqamətində işlərin uğurla davam etdirildiyi, şəhər, qəsəbə və kəndlərdə geniş abaqlıq-quruculuq işlərinin aparıldığı, avtomobil yollarının təmir edildiyi bildirilib. Şamaxıda bütün yaşayış məntəqələrinin tamamilə qazlaşdırılması istiqamətində tədbirlərin davam etdirildiyi də diqqətə çatdırılaraq 2018-ci ilin doqquz ayı ərzində rayonun Ovçulu, Bağırlı, Hacıqədirli, Sabirli və Qonaqkənd kəndlərinin qazlaşdırıldığı, Şamaxı şəhərinin 01b, 02a və 10a saylı yaşayış massivlərinin qazlaşdırılması üçün layihə-smeta sənədlərinin hazırlandığı və yaxın vaxtda həmin ərazilərə təbii qaz xətlərinin çəkilişinin nəzərdə tutulduğu bildirilib.
Qeyd edilib ki, hazırda rayonun 47 yaşayış məntəqəsində 20325 abonent təbii qazla təmin olunur və rayon üzrə qazlaşdırma 95 faizi ötüb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 743 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30