Respublikamızda yeni mövsümdə sahələrdən 201 min tondan çox pambıq yığılıb
06.11.2018 [08:35]
Azərbaycanın bir sıra bölgələri üçün ənənəvi təsərrüfatçılıq sahələrindən olan pambıqçılıqda torpaq mülkiyyətçilərinin gəlir imkanları kifayət qədər böyükdür
Azərbaycanda aqrar sektorun inkişafı istiqamətində aparılan uğurlu siyasət öz bəhrəsini verməkdədir. Belə ki, kənd təsərrüfatında innovativ metodların, qabaqcıl təcrübənin tətbiqi, ixracyönümlü məhsul istehsalının təşviq edilməsi, azad sahibkarlığın hərtərəfli şəkildə dəstəklənməsi, fermerlərə subsidiyalar, güzəştli kreditlər verilməsi, texnika və gübrələrlə təminatın gücləndirilməsi, bölgələrdə dövlət vəsaiti hesabına müasir infrastrukturun yaradılması, həmçinin regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsi son nəticədə respublikamızda aqrar sektorun keyfiyyətcə yeni inkişaf mərhələsinə çıxmasını təmin edib.
Respublikanın kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, son 15 ildə kənd təsərrüfatı məhsullarının ixrac həcmi 6,3 dəfə, o cümlədən meyvə-tərəvəz məhsullarının ixracı 10,4 dəfə, cari ilin səkkiz ayında isə tərəvəz ixracı 8,4 faiz, meyvə ixracı 32,5 faiz və pambıq xammalı ixracı 2,2 dəfə artıb. Nazirin sözlərinə görə, ölkədə uğurla aparılan aqrar siyasət nəticəsində kənd təsərrüfatında əlverişli bazar şərtləri formalaşıb və biznes fəallığı xeyli yüksəlib. Bunlar özünü aqrar sektorda muzdla çalışan işçilərin sayının və investisiya qoyuluşunun həcminin artmasında da büruzə verib. Yerli istehsal üzrə potensialın güclənməsi və rəqabətqabiliyyətliliyin yüksəlməsi hesabına ölkədə ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi də əsaslı şəkildə artıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrlərdə ət və süd məhsulları üzrə bu göstərici 30-35 faiz olduğu halda, hazırda 90 faizə yaxındır. Bütün növ tərəvəz və meyvə ilə özünütəminetmə səviyyəsi 100 faizdən çoxdur.
“Ayrı-ayrı sahələr üzrə özünütəminetmə səviyyəsinin yerli istehsal hesabına artırılması, inkişaf və idarəetmə məsələlərinin daha çevik tənzimlənməsi, dövlət dəstəyini gücləndirməklə müvafiq sahələr üzrə proqram yanaşmasının tətbiq edilməsi və ünvanlı siyasət tədbirləri mexanizminin yaradılması məqsədilə dövlətimizin başçısının tapşırığına əsasən “Heyvandarlığın intensiv inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı”, “Taxılçılığın inkişafına dair Dövlət Proqramı” və “Toxumçuluğun inkişafına dair Dövlət Proqramı”nın hazırlanması istiqamətində aparılan işlər yekun mərhələsindədir”, - deyə İnam Kərimov qeyd edib.
Son illərdə bütün ölkə üzrə aqrar sektorun inkişafından söhbət açarkən pambıqçılıq sahəsində əldə olunan uğurları da xüsusi qeyd etməliyik. Azərbaycanın bir sıra bölgələri üçün ənənəvi təsərrüfatçılıq sahələrindən olan pambıqçılıqda torpaq mülkiyyətçilərinin gəlir imkanları kifayət qədər böyükdür. Bu məhsulun satışı ilə bağlı hər hansı bir problem yoxdur. Dünya bazarlarında pambıq birjalarda satılır və istehsalçı ölkələrə böyük həcmlərdə valyuta qazandırır. Azərbaycan da Prezident İlham Əliyevin təşəbbüsü ilə regionlarda pambıqçılıq sahəsində ənənələri dirçəltməklə yeni iqtisadi şəraitdə ölkədən qeyri-neft məhsullarının ixracının genişləndirilməsini hədəfləyib. Məlumat üçün bildirək ki, artıq sentyabrın əvvəlindən bölgələrdə kütləvi surətdə pambıq yığımına başlanıb. Təbii ki, pambığın alış qiymətinin artırılması fermerlərdə bu sahəyə marağı daha da artırıb.
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən pambıq istehsalı ilə məşğul olan fermerlərin məhsul istehsalına həvəsləndirilməsi, onların maddi rifahının daha da yaxşılaşdırılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin məsul işçilərinin iştirakı ilə pambıq istehsalı və emalı ilə məşğul olan şirkət rəhbərləri ilə görüş keçirilib. Görüşdə cari ildə görülən işlər, pambıq yığımının gedişi, tədarükü və emalı vəziyyəti, eləcə də qarşıya qoyulan hədəflərə nail olunması üçün həyata keçirilməsi vacib olan məsələlər müzakirə edilib. Pambıq əkən fermerlərin məhsul istehsalına, yığımına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2018-ci ilin məhsulu üçün 1-ci növün 600-dən 650 manata, 2-ci növün 580-dən 630 manata, 3-cü növün 540-dan 590 manata, 4-cü növün 500-dən 550 manatadək artırılması barədə razılıq əldə edilib. Bütün bunlar isə pambıqçılığın inkişafının dövlətin, xüsusilə də Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir. Yeri gəlmişkən, oktyabrın 9-da keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu məqama toxunan Prezident İlham Əliyev bildirib ki, biz pambıqçılığı daha səmərəli şəkildə inkişaf etdirməliyik. Dövlətimizin başçısı deyib: “2016-cı ildə Azərbaycanda 90 min ton pambıq tədarük edilmişdir, - 2015-ci ili mən demirəm, o illərdə, ümumiyyətlə, məhsuldarlıq çox aşağı idi, - keçən il 207 min ton, yəni 2 dəfədən çox. Bu il təqribən 250-260 min ton pambığın tədarükü nəzərdə tutulur. Yəni artım dinamikası çox müsbətdir. Onu da qeyd etməliyəm ki, hazırda ölkəmizdə pambıqçılıqda 190 mindən çox insan işləyir. Bax, biz pambıqçılığı inkişaf etdirməyə başlayandan sonra bu insanlar işlə təmin olundular. Biz pambığın alış qiymətini bir neçə dəfə artırmışıq. Bu yaxınlarda son dəfə artırdıq ki, pambıqçılıqla məşğul olanlar daha çox pul qazansınlar. Bu gün 190 min insanın işi var”.
Bu sahədə müasir texnologiyaların, elmi yanaşmanın tətbiq olunduğunu vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, məhsuldarlığı böyük dərəcədə artıra bilərik: “Məhsuldarlıq hektardan minimum 20 sentner olmalıdır. Ancaq indi biz bilirik ki, müasir texnologiyaların tətbiq olunduğu, düzgün aqrotexniki xidmət göstərildiyi bir vaxtda məhsuldarlıq daha da artır. Mən rəqəm səsləndirmək istəmirəm, ancaq hesab edirəm ki, burada inkişaf üçün çox böyük potensial var”.
Qeyd edək ki, bu il respublika üzrə 132 min hektardan artıq ərazidə pambıq əkilib. Ümumilikdə 2018-ci ildə Azərbaycanın 22 bölgəsində pambıq əkilib. 2018-ci ildə sahələrdən ümumilikdə 260 min ton pambıq yığılacağı proqnozlaşdırılır. Noyabrın 6-na olan məlumata görə, Azərbaycanda yeni mövsümdə sahələrdən 201 min tondan çox pambıq yığılıb. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, sahələrdə orta məhsuldarlıq 14,6 sentner təşkil edir. Yığılan pambığın 108641 tonu MKT İstehsalat Kommersiya MMC-nin, 43880 tonu “Azərpambıq ASK” MMC-nin, 25936 tonu “P-Agro” MMC-nin, 9960 tonu “Aqro-Az MMC” və “Goran Cotton” MMC-nin, 5474 tonu isə fərdi əkinlərin payına düşür.
Bu günədək ən çox pambıq Saatlı rayonunda (25857 ton) yığılıb. Ötən il pambıq əkini ilə məşğul olan rayonlar arasında ən çox məhsul tədarük edən saatlılı fermerlər bu mövsüm də öndə gedirlər. Pambıqçılar hər gün sahələrdən 380-400 ton “ağ qızıl” toplayaraq tədarük məntəqələrinə göndərirlər. İndiyədək yığılan məhsulun 80 faizindən çoxu maşınların köməyi ilə toplanıb. Hazırda tarlalarda 41 ən müasir pambıqyığan kombayn işləyir və bu maşınların köməyi ilə gün ərzində 320-330 ton məhsul yığılır. Rayon statistika idarəsindən bildiriblər ki, bu il rayonda 15 min 815 hektar sahədə pambıq əkilib. Bunun da 350 hektarı Qaraqlı kənd inzibati ərazi dairəsinin payına düşür. Kənddə fəaliyyət göstərən sahibkarlar becərdikləri 350 hektar sahədən indiyədək 750 tondan çox məhsul tədarük ediblər. Hər hektarın məhsuldarlığı 25-30 sentner təşkil edir.
Bərdə rayonu isə pambıq yığımına görə ikinci yerdə gedir. Son statistik məlumata görə, Bərdədə 20472 tondan çox pambıq yığılıb. Qeyd edək ki, “Azərpambıq ASK” MMC tərəfindən Bərdə rayonunda təcrübə məqsədilə Türkiyənin “Set Tohum” toxumçuluq şirkətinə məxsus ADN-123 tezyetişən pambıq sortu becərilib. ADN-123 pambıq sortunun yetişdirildiyi Lək kəndi ərazisində keçirilən tarla günündə Kənd Təsərrüfatı Nazirliyinin, “Azərpambıq ASK” MMC-nin, “Aqrolizinq” ASC-nin, Türkiyənin “Set Tohum” toxumçuluq və CANSA şirkətlərinin nümayəndələri, eləcə də fermer və sahibkarlar iştirak edib.
“Azərpambıq ASK” MMC-nin direktoru Bəhruz Camalov, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdir müavini Fərman Kərimov, “Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsmayılov və “Set Tohum” şirkətinin nümayəndələri çıxış edərək, ölkəmizdə kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu istehsal sahələrindən olan pambıqçılığın dirçəldilməsi ilə bağlı atılan addımlardan, əldə olunan uğurlardan, məhsuldarlığın artırılması yollarından danışıblar. Bildirilib ki, pambıqçılıqda yüksək məhsuldarlığa nail olmağın əsas şərtlərindən biri yüksək reproduksiyalı, yerli şəraitə uyğun məhsuldar toxumlardan istifadədir. Yüksək məhsuldarlıq keyfiyyətli toxumdan başlayır. Diqqətə çatdırılıb ki, “Azərpambıq ASK” MMC ilə əməkdaşlıq edən fermerin sahəsində becərilən tezyetişən ADN-123 sortu məhsuldarlığı ilə seçilir. Digər pambıq sortlarından xeyli gec - may ayının 23-də 2 hektar sahədə əkilən ADN-123 pambıq sortu yüksək məhsul verib. Bu sort Azərbaycanın torpaq-iqlim şəraitinə tam uyğundur.
Tədbirdə həmçinin Türkiyənin CANSA şirkətinə məxsus pambıqyığan maşının sınağı aparılıb. Bu texnikanın digərlərindən fərqli cəhəti odur ki, tam açmış pambıq sahəsinə bir dəfə girməklə tarladakı bütün pambığı yığır.
Ağcabədi rayonu isə pambıq yığımına görə respublika üçüncüsüdür (20227 ton). Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə məhsul yığımı uğurla davam edir. Bu il 10 min hektarda pambıq becərən ağcabədili “ağ qızıl” ustaları gərgin zəhmət hesabına yetişdirilmiş məhsulun toplanışını da nümunəvi təşkil edirlər. Əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunması nəticəsində tarlalarda bol məhsul yetişib. Hazırda bütün qüvvələr mühüm strateji məhsul olan pambığın tez və itkisiz yığılmasına səfərbər edilib. Pambıq yığımına 41 ədəd pambıqyığan kombayn, 108 ədəd traktor, 200-dən artıq qoşqu cəlb olunub. Hər hektarın məhsuldarlığı orta hesabla 19,92 sentner təşkil edir.
Hələ tarlalarda yığılmamış məhsul çoxdur. Ağcabədili “ağ qızıl” ustaları təsərrüfat ilini uğurla başa vurmaq, 25 min tondan artıq pambıq istehsal edərək, strateji məhsulun tədarükündə respublikanın qabaqcılları sırasında durmağı hədəfləyiblər. “Respublikamızda kənd təsərrüfatının ənənəvi sahələrindən biri də pambıqçılıqdır. Ona həmişə “ağ qızıl” demişik. Bu sahəni inkişaf etdirməli, daha çox əkib becərməliyik. Bu, məşğulluğun artmasına, kənd sakinlərinin rifah halının yaxşılaşmasına təsir göstərən amildir”. Bu sözləri Ağcabədi rayon sakini, pambıqçı Möhübbət Zeynalov deyib. Fermer kənd təsərrüfatı məhsullarının istehsalçılarına göstərilən dövlət dəstəyi sayəsində bol məhsul yetişdirdiyini bildirib: “Aqrolizinq” bizi həmişə texnika ilə təmin edib. Lazım olan mineral gübrəni də güzəştli şərtlərlə almışıq. Becərmə işlərində, mexaniki işlərdə vaxtlı-vaxtında köməklik olunub. Odur ki, tarlalarda məhsulumuz çoxdur. Pambığı son qozasına kimi yığıb təhvil verəcəyik”.
Son illər dövlətimiz tərəfindən pambıqçılığın inkişafına göstərilən hərtərəfli dəstək Salyanda aqrar sektorun bu sahəsinə marağı xeyli artırıb. Fermerlər pambıq istehsalından yaxşı mənfəət götürdüklərindən rayonda pambıq sahələri ilbəil genişlənir, məhsuldarlıq isə çoxalır. Rayonda xarici ölkələrdən gətirilən pambıq sortları ilə yanaşı, yerli sortların əkininə də üstünlük verilir və məhsuldarlıq heç də az olmur. Bu il Salyanda 7055 hektar pambıq əkilib ki, bunun da 7 hektardan çoxu Salyan Regional Elm və Aqrar İnnovasiya Mərkəzinin payına düşür. İkinci ildir ki, mərkəzin təcrübə sahəsində xarici və yerli sortların qarışıq, yəni çarpaz əkini aparılır.
Salyan Regional Elm və Aqrar İnnovasiya Mərkəzinin direktoru Sədrəddin İbrahimov bildirib ki, bu il Mərkəzə məxsus sahədə Yunanıstan və Türkiyədən gətirilən 10 sort, eləcə də 4 sort yerli pambıq əkilib. Bunda məqsəd yerli iqlim şəraitinə yaxşı uyğunlaşan daha məhsuldar sortların müəyyənləşdirilməsi və həmin sortlardan geniş istifadə olunmasıdır. Artıq təcrübə sahəsində pambıq yığımına başlanılıb. Xarici sortlarla yanaşı, yerli sortların əkildiyi sahələrdə də məhsuldarlıq yüksəkdir və bu sortların bir sıra üstün cəhətləri var. “Alimlərimizin yetişdirdiyi “Gəncə-110”, “Gəncə-160”, “Gəncə-8”, “Aznixi” sortları xarici sortlara nisbətən 8-10 gün tez yetişir. Həmçinin yerli sortda hər qozada olan pambığın çəkisi 4-4,5 qramdırsa, xarici sortlarda 3-3,5 qrama çatır. Yerli sortlar xəstəlik və ziyanvericilərə daha davamlıdır. Bu üstünlüklərinə görə yerli pambıq sortları iqtisadi cəhətdən daha səmərəlidir”, - deyə Sədrəddin İbrahimov vurğulayıb. Direktor onu da qeyd edib ki, yerli pambıq sortlarının hər hektarından 40-50 sentner məhsul götürülür. Hədəf isə yaxın gələcəkdə yerli sortların xarici sortlarla seleksiyası nəticəsində hər hektardan 60 sentner məhsul götürməkdir.
Sabirabadlı fermerlər də hər gün pambıq plantasiyalarından 200 tondan çox məhsul toplayaraq qəbul məntəqələrinə göndərirlər. Məhsulun 100-105 tonu maşınların köməyi ilə toplanılır. Pambıqçıların gərgin əməyi nəticəsində indiyədək sahələrdən 15 min tondan çox pambıq yığılıb. Sabirabadlı pambıqçılar bu il 13 min 55 hektar sahədə pambıq yetişdiriblər. Ötən il 18 min tondan çox məhsul istehsal edən torpaq mülkiyyətçiləri bu il də sahələrdə bol məhsul becəriblər. Dövlətin aqrar sektorun, xüsusilə pambıqçılığın inkişafına göstərdiyi dəstək sahibkarların bu ənənəvi sahəyə marağını daha da artırıb. İndi rayonda yüzlərlə fermer pambıq istehsalı ilə məşğul olur və yetişdirdikləri məhsulu son qozasınadək toplamaq üçün bütün qüvvələrini sərf edirlər. Yığım kampaniyası rayonun Moranlı, Şəhriyar, Qaratəpə və Yolçubəyli inzibati ərazi dairələri üzrə nümayəndəliklərində daha nümunəvi təşkil olunub. Nümayəndəliklərdə fəaliyyət göstərən məhsul istehsalçıları becərdikləri sahələrin hər hektarından 25-35 sentner məhsul götürürlər.
Qeyd edək ki, sabirabadlı pambıqçılar ötən il sahələrdən 18 min 169 ton pambıq toplayıblar.
Zərdab rayonunda da strateji məhsul olan pambıq yığımı davam edir və hələlik emal müəssisələrinə 4000 tondan çox “ağ qızıl” təhvil verilib. Rayon İcra Hakimiyyətindən verilən məlumatda bildirilir ki, cari mövsümdə 3232 hektarda pambıq yetişdirilib. Bu il məhsul toplanışında texnikanın qüvvəsindən daha çox istifadə olunur. Bu günədək yığılan “ağ qızıl”ın 1969 tonu məhz pambıqyığan maşınların qüvvəsi ilə toplanıb. Əksər yerlərdə, xüsusilə Bəyimli qəsəbə, İsaqbağı, Şahhüseynli, Qoşaoba və bir sıra digər ərazi vahidlərində fermerlər və fiziki şəxslər texnikanın qüvvəsindən daha səmərəli istifadə edirlər.
Qeyd edək ki, pambıq sahələrində işləyən texnikalar arasında “Aqrolizinq” ASC-nin ölkəyə gətirərək güzəştli şərtlərlə fermerlərə verdiyi “John Deer” şirkətinin müasir kombaynları da var. Keyfiyyəti və səmərəliliyi ilə seçilən “John Deer” şirkətinin “9970” markalı pambıqyığan kombaynları yüksək məhsuldarlığa malikdir. Bu kombaynlar dörd cərgənin (cərgəarası 60-90 santimetr) pambığını qozalar 70-80 faiz açıldığı halda belə, bir dəfəyə yığa bilir. Nəticədə yığılan pambığın maya dəyəri də aşağı düşür. Bu texnikalar, eyni zamanda, pambığı başqa kombaynlarla müqayisədə daha təmiz yığır. “John Deer” şirkətinin pambıqyığan kombaynlarının idarəetməsi asan, manevretmə qabiliyyəti isə yüksəkdir.
Yevlaxlı fermerlər isə bu il 2500 hektar ərazidə pambıq becəriblər. Yevlax şəhər İcra Hakimiyyətindən bildiriblər ki, pambıq əkinlərinin 1281,3 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 826 hektarı “P-Aqro” MMC ilə müqavilə əsasında, 392,7 hektarı isə fərdi qaydada becərilib. Pambığın tez və itkisiz yığılması üçün rayonda bütün qüvvələr səfərbər olunub. Tarlalardan məhsul həm kombaynlar vasitəsilə, həm də əl əməyindən istifadə edilməklə toplanır. Məhsul yığımına hər gün 7 kombayn, 500 nəfərdən çox işçi qüvvə cəlb edilir. Tarlalardan gün ərzində 25 tondan artıq pambıq yığılır.
Bu günədək hər hektardan orta hesabla 18,62 sentner məhsul götürülüb. Hələ tarlalarda yığılmamış məhsul çoxdur. Bu il Yevlax rayonunda beş min tondan çox “ağ qızıl” istehsal ediləcəyi gözlənilir.
Tərtər rayonunda da cari ilin məhsulu üçün 3300 hektar sahədə pambıq becərən tərtərli fermerlər və torpaq mülkiyyətçiləri hazırda məhsul yığımını davam etdirirlər. Ötən il hektarın orta məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sırada dayanan tərtərlilər bu ili də yüksək göstəricilərlə başa vurmağı qarşıya məqsəd qoyublar. Tərtər rayon İcra Hakimiyyətindən bildiriblər ki, bu günə qədər tarlalardan 6300 tondan çox məhsul toplanıb. Hər hektardan orta hesabla 18,8 sentner məhsul götürülüb. Hələ tarlalarda yığılmamış məhsul çoxdur. Tərtər pambıqçıları havaların əlverişli keçməsindən istifadə edərək, hər gün orta hesabla 130 tondan çox məhsul toplayırlar. Yığılan pambıq “MKT İstehsalat Kommersiya” MMC və “Azərpambıq” MMC-yə təhvil verilir.
Ötən il 3123 hektarda pambıq becərən Tərtər pambıqçıları tarlalardan 8419 ton məhsul tədarük ediblər. Bu, orta məhsuldarlığa görə ötən il respublika üzrə ən yüksək göstərici olub.
Ağdam rayonunda isə cari ilin məhsulu üçün 3100 hektar sahədə pambıq becərən ağdamlı fermerlər və torpaq mülkiyyətçiləri hazırda məhsul yığımını davam etdirirlər. Tarlalardan hər gün 240 tondan çox “ağ qızıl” toplanır. Ağdam rayon Statistika İdarəsindən bildiriblər ki, bu günə qədər tarlalardan 4454,6 tondan çox məhsul yığılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 131,8 ton və ya 3 faiz çoxdur. Pambığın 85 faizindən çoxu maşınlarla yığılıb. Yığılan pambıq “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq” MMC, “P-Aqro” MMC-yə və fərdi qaydada olan pambıq qəbulu məntəqəsinə təhvil verilir.
Qeyd edək ki, ötən il 3005 hektarda pambıq becərən Ağdam pambıqçıları tarlalardan 6173,26 ton məhsul tədarük ediblər.
Bu mövsüm imişlili pambıqçılar 13 min 645 hektar sahədə pambıq yetişdiriblər. Yığıma mütəşəkkil başlayan fermerlər indiyədək plantasiyalardan gün ərzində 400-450 ton xam pambıq toplayırlar. Məhsul istehsalçıları yetişdirdikləri pambığı qısa müddətdə və itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Dövlət başçısı tərəfindən hər hektarda məhsuldarlığın ən azı 20 sentnerə çatdırılmasının hədəf kimi qarşıya qoyulması torpaq mülkiyyətçilərinin məsuliyyətini daha da artırıb. Onlar bu tövsiyəyə layiqincə əməl etmək üçün becərmənin bütün mərhələlərində bitkiyə aqrotexniki tələblər səviyyəsində qulluq ediblər. Bunun nəticəsində də sahələrdə bol məhsul yetişib.
Rayon pambıqçıları ötən illərdən fərqli olaraq bu mövsüm məhsulun maşınlarla yığılmasına üstünlük veriblər. Hazırda plantasiyalarda 10-dan artıq “Aqrolizing” ASC-nin ölkəyə gətirdiyi “John Deer” şirkətinin “9970” markalı kombaynı işləyir və hər gün tədarük olunan məhsulun 69 faizi bu maşınların köməyi ilə toplanılır.
Aranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əlhümbət Əlkişiyev bildirib ki, Aranlı kəndində fəaliyyət göstərən 55 fermer bu il 1990 hektar sahədə pambıq becərib və indiyə kimi sahələrdən 2600 tondan çox pambıq toplayıb. Məhsuldarlıq orta hesabla 30 sentnerdən çox olur. Hələ sahədə məhsul çoxdur. Təxmini hesablamalara görə sahibkarlar bundan sonra sahələrdən daha 1400 ton pambıq toplaya biləcəklər. Tədarük olunan məhsulun, demək olar ki, hamısı maşınların köməyi ilə yığılıb.
Qeyd edək ki, imişlili pambıqçılar bu il sahələrdən 20 min tondan çox məhsul toplamağı qarşıya məqsəd qoyublar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

