Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / 2018-ci ilin 9 ayında Azərbaycanın bölgələrində sosial-iqtisadi inkişaf sahəsində yüksək nəticələr əldə olunub

2018-ci ilin 9 ayında Azərbaycanın bölgələrində sosial-iqtisadi inkişaf sahəsində yüksək nəticələr əldə olunub

09.11.2018 [11:08]

Cənub bölgəsində yeni infrastruktur layihələrinin istifadəyə verilməsi, aqrar sektorda istehsal imkanlarının genişlənməsi bunu bir daha təsdiqləyir
2004-cü ildən etibarən böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikanın bölgələrinin ümumi inkişaf dinamikasını artırmaqla yanaşı, bütün sahələr üzrə müsbət nəticələrin əldə olunmasına şərait yaradıb. Məhz bu Dövlət proqramları çərçivəsində reallaşdırılan layihələr sayəsində Azərbaycanın regionlarında tikinti-quruculuq işləri aparılıb, bütün şəhər və rayonlarda ən müasir dünya standartları səviyyəsində infrastruktur qurulub, o cümlədən səhiyyə, sənaye və kənd təsərrüfatı sahəsində də uğurlar əldə edilib. Və bu uğurlar 2018-ci ilin 9 ayı ərzində də davam edib. Elə, ölkənin iqtisadi rayonlarının bu ilin doqquz ayı ərzindəki göstəricilərinə nəzər yetirdikdə deyilənlər bir daha öz təsdiqini tapır. Bu məqamda vurğulamaq yerinə düşər ki, 2018-ci ilin doqquz ayı ümumilikdə respublikamızın cənub bölgəsi, o cümlədən Lənkəran rayonu üçün də uğurlarla yadda qalıb.
Bu ilin 9 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərə həsr olunmuş iclasdakı çıxışında bu məqama toxunan Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayondakı bu uğurların Prezident İlham Əliyevin davamlı diqqəti və qayğısı sayəsində əldə olunduğunu bildirib. Taleh Qaraşov Lənkəranda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərinin, vaxtında icra olunan və rayonun iqtisadi potensialını durmadan artıran irihəcmli layihələrin məhz bu qayğının bəhrələri olduğunu deyib.
Çıxışında Prezident İlham Əliyevin oktyabrın 15-də Lənkəran şəhərinə etdiyi səfərinə də toxunan natiq dövlət başçısının yeni obyektlərin açılış və təqdimat mərasimləri zamanı rayon ictimaiyyətinin nümayəndələri və əmək kollektivləri ilə iş başında səmimi, hərarətli görüşlərinin, həmçinin səfərdən dərhal sonra Lənkəran şəhərində çoxmənzilli binaların dam örtüklərinin təmiri, rayonun Şıxəkəran kənd orta məktəbi üçün yeni binanın və Lənkəran-Lerik yolunun əsaslı təmiri barədə imzaladığı sərəncamların hər bir lənkəranlıya sonsuz sevinc bəxş etdiyini vurğulayıb. İcra Hakimiyyətinin başçısı iclas iştirakçılarının diqqətini həmçinin hesabat dövründə Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərə yönəldərək ötən 9 ay ərzində rayonda ümumi məhsul buraxılışının 9,6 faiz artaraq 326,7 milyon manat təşkil etdiyini, sənayedə 28,4 milyon manatlıq məhsul istehsal edildiyini, sənayenin qeyri-dövlət sektorunda istehsalın həcminin 11,8 faiz artdığını bildirib. Natiq kənd təsərrüfatı sahəsində işlərin sürətlənməsinin, məhsul istehsalının artmasının, yeni çay, çəltik və sitrus plantasiyalarının salınmasının məhz məhsul istehsalçılarına göstərilən dövlət qayğısının və tətbiq olunan güzəştlərin nəticələri olduğunu deyib.
Hesabat dövründə Astara rayonunda da tikinti-quruculuq və abadlıq sahəsində mühüm işlər aparılıb, bütün sahələrdə uğurlar qazanılıb. Eyni zamanda, rayonda bu ilin doqquz ayında mehmanxana və hotellərdə qeydiyyata alınan 2221 nəfər turistdən 1271-i yerli, 950-si isə xarici vətəndaş olub. Rayona gələn turistlərin əksəriyyətinin fərdi yaşayış evlərində kirayədə qalmağa üstünlük verdiyini nəzərə almaqla, yay mövsümündə Astaraya 6000 nəfərdən çox turist gəlib. Bu məlumat Astara rayon İcra Hakimiyyətində keçirilən 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda səsləndirilib. Yığıncaqda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, bu ilin doqquz ayının nəticələri astaralılar üçün də uğurlu olub: “Bu dövrdə ən yaddaqalan hadisə oktyabrın 15-də Prezident İlham Əliyevin cənub bölgəsinə səfəri zamanı Astarada olması və bir sıra obyektlərin açılışında iştirak etməsidir. Dövlətimizin başçısı Taxtanakəran-Toradi, Taxtanakəran-Miki, Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yollarının, Xanbulançaydan Astara şəhərinə çəkilən içməli su xəttinin açılışında iştirak edib. Prezident, eyni zamanda, ərazisi genişləndirilərək 18 hektara çatdırılmış, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksində olub. Rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident görülən işləri yüksək dəyərləndirib, tikinti-quruculuq işlərinin davamlı olması üçün tövsiyə və tapşırıqlarını verib”.
Bu səfərin nəticəsi olaraq Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci kilometrlik hissəsinin və Astaraçay üzərində körpünün tikintisi, sel və daşqın təhlükəsi olan Astaraçay və Pensərçayda sahilbərkitmə işlərinin aparılması, Astara şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün vəsaitin ayrılması ilə əlaqədar sərəncamların imzalanmasını dövlətimizin başçısının astaralılara yüksək diqqət və qayğısının bariz nümunəsi kimi dəyərləndirən Q.Ağayev bütün bunlara görə rayon sakinləri adından Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Diqqətə çatdırılıb ki, sentyabrın 18-də tikintisi başa çatdırılmış Ələt-Astara-İran sərhədi avtomobil yolunun Prezident İlham Əliyev tərəfindən açılışı olub. 15 metr eni və 4 hərəkət zolağından ibarət olan yolun uzunluğu 204 kilometrdir. Əvvəlki avtomobil yolundan 40 kilometr qısa olan yolla rahat və təhlükəsiz şəkildə iki saat yarıma Bakıya çatmaq mümkündür.
Qeyd olunub ki, bu dövrdə rayonda iqtisadi və sosial inkişafın əsas keyfiyyət göstəricisi olan ümumi məhsul buraxılışı və xidmətlərin həcmi 136 milyon təşkil edib. Bunun 7,7 faizi sənayedə, 38,7 faizi kənd təsərrüfatında, 17 faizi tikintidə, 34 faizi ticarət və xidmətlər sahəsində, 2 faizi nəqliyyat və anbar təsərrüfatında, 0,5 faizi informasiya və rabitədə olub. Doqquz ayda rayonda 487 yeni iş yeri açılıb. Bunun 288-i daimi iş yeridir. Astara rayon Məşğulluq Mərkəzində 1189 nəfər işaxtaran qeyri-məşğul vətəndaş qeydiyyata alınıb. Mərkəzə iş üçün müraciət edənlərin 736 nəfəri müxtəlif idarə və müəssisələrdə işlə təmin olunub. Ailə biznesini genişləndirmək məqsədi ilə işaxtaran və işsiz vətəndaşlardan 93 nəfəri özünüməşğulluq layihəsinə cəlb edilərək onların özünüməşğulluğu təmin olunub.
Bildirilib ki, hesabat dövründə Astara şəhərindəki park-bulvarın ərazisində “AAAF Park Astara” layihəsi çərçivəsində atçılıq və maşın yarış meydançasının (kartinq), həmçinin Səncərədi kənd uşaq bağçasının, şəhərin içməli su şəbəkəsinin inşası başa çatıb, “Tuado” hotelinin, 6 istirahət evinin, 360 şagird yerlik Burzubənd kənd tam orta məktəbi üçün yeni binanın, Ərçivan qəsəbəsində çəltik dəyirmanının tikintisi davam etdirilir.
Doqquz ayda rayonda 262 evin qazlaşdırılması həyata keçirilib, 10400 paqonmetr müxtəlif diametrli qaz xətlərində təmir-bərpa işləri aparılıb. Astara şəhərinin qaz xətlərinin əsaslı təmiri və birpilləli sistemə keçirilməsi ilə əlaqədar 3140 paqonmetr müxtəlif diametrli qaz xətləri yenisi ilə əvəz edilib, 262 ədəd fərdi qaz tənzimləyici quraşdırılaraq istifadəyə verilib.
Diqqətə çatdırılıb ki, bu dövrdə rayonda aqrar sahənin inkişafına diqqət artırılıb. Rayon üzrə 252 hektarda taxıl, 450 hektarda çəltik əkilib. Çəltik sahələrindən 16560 ton məhsul yığılıb və orta məhsuldarlıq 36,87 sentner təşkil edib. Sitrus meyvə bağlarının ümumi sahəsi 3642 hektara çatdırılıb, 197 hektar məhsuldar çay sahəsindən 483,5 ton yaşıl çay yarpağı yığılaraq çay fabriklərinə təhvil verilib. Bu il ilk dəfə olaraq Astarada uzun illik fasilədən sonra barama istehsalına başlanılıb. May ayında Qax rayonundan 52 qutu ipəkqurdu gətirilərək kümçülərə paylanılıb, 769 kiloqram barama tədarük olunaraq “Azəripək” ASC-yə təhvil verilib.
Rayon ərazisində fərdi, dövlət və fermer təsərrüfatlarında 40370 baş iri, 22000 baş xırdabuynuzlu, 1000 baş təkdırnaqlı heyvan, 200 min başdan çox ev quşları, 17500 arı ailəsi var. Doqquz ayda 2900 ton diri çəkidə ət, 20 min 360 ton süd istehsal olunub.
Bu ilin 9 ayı Masallı rayonu üçün də bir sıra nailiyyətlərlə yadda qalıb. Cari ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağındakı çıxışında bu məqamlara toxunan İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, 2018-ci ilin doqquz ayı sosial-iqtisadi inkişaf göstəricilərinə görə Masallı üçün uğurlu olub. Xüsusilə də, bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Masallıya səfəri ilə əlamətdardır. Belə ki, 18 sentyabr 2018-ci il tarixdə Prezident İlham Əliyev Masallı rayonunda səfərdə olub və bir sıra obyektlərin açılışında iştirak edib. Masallı Sənaye Məhəlləsi, “Masallı Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin çəltik emalı müəssisəsi və əsaslı şəkildə yenidən qurulan 32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Eminli-Məmmədxanlı avtomobil yolu açılaraq istifadəyə verilib.
Ölkə başçısı Masallıda olarkən Viləş çayının şəhər ərazisindən keçən hissəsində yeni salınan Park-Bulvar Kompleksində işlərin gedişi ilə tanış olub. Bildirilib ki, Masallı şəhərində abadlıq-quruculuq işlərini davam etdirmək, o cümlədən 10 küçədə əsaslı yenidənqurma işlərinin və 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 kiçik sututarında zəruri təmir-bərpa işlərinin aparılması üçün ümumilikdə 4,0 milyon manat vəsait ayrılıb. Ərazilərin təmizlənməsi, yaşıllıqların salınması və ağacların əkilməsi işlərinə start verilib, artıq 20 hektara yaxın ərazidə meşə zolağı salınıb.

(davamı növbəti sayımızda)
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 784 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30