Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / 2018-ci ildə 41 kənddə içməli su layihələri icra olunub

2018-ci ildə 41 kənddə içməli su layihələri icra olunub

27.12.2018 [09:41]

Bu il icra edilən layihələr çərçivəsində kəndlərdə 300 kilometrdən artıq magistral və paylayıcı su xətləri çəkilib, 14 subartezian quyusu qazılıb, əhalinin ümumi istifadəsi məqsədilə 1000-dən artıq bulaq quraşdırılıb
Öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan 2018-ci ili də uğurlarla başa vurur. Ötən illər kimi, başa vurmaqda olduğumuz il də ölkəmiz üçün quruculuq-abadlıq işlərinin görülməsi, sosial-iqtisadi inkişafla yadda qalacaq. Heç şübhəsiz, bu baxımdan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində görülən işlər, həyata keçirilən genişmiqyaslı layihələr xüsusi önəm kəsb edir. Çünki məhz sözügedən proqramlar çərçivəsində ötən 15 il ərzində regionlarda genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, həmçinin bölgələrdə istər qazlaşdırma, istər elektrik enerjisi ilə təminat, istərsə də digər kommunikasiya və xidmət sahələrinin yüksək səviyyəyə çatması istiqamətində mühüm addımlar atılıb.
Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ötən illərdə olduğu kimi, 2018-ci il ərzində də Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edib, bütün sahələrdə müsbət irəliləyiş təmin olunub. Heç şübhəsiz, əldə edilən uğurlar, iqtisadiyyatın inkişafı öz növbəsində bütün ölkə boyu infrastruktur layihələrinin icrasına əlverişli şərait yaradıb. Ümumiyyətlə, ölkəmizdə müxtəlif sahələri əhatə edən layihələrin icra olunmasından bəhs edərkən mükəmməl infrastruktur təminatının yaradılması istiqamətində görülən işləri xüsusi olaraq diqqətə çatdırmaq lazımdır. Bu istiqamətdə görülən işlər sırasında isə əhalinin içməli suya olan tələbatının ödənilməsi, regionlarda əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması mühüm yer tutur.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən (ASC) verilən məlumata görə, ötən dövrdə istehlakçılara göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilib. Eyni zamanda, Strateji Yol Xəritəsinə uyğun olaraq yeni regional sukanal idarələrinin yaradılması, iqtisadi səmərəliliyin artırılması, debitor borcların və enerji sərfiyyatının azaldılması istiqamətində tədbirlər davam etdirilib, sayğaclaşma işləri sürətləndirilib.
İstehlakçılara göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən söz düşmüşkən vurğulamaq yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2018-ci il 9 aprel tarixli Sərəncamı, eləcə də dövlət investisiya proqramı çərçivəsində 2018-ci ildə icra olunan layihələr ölkəmizin 19 rayonunun 41 yaşayış məntəqəsini əhatə edir. Bu layihələr 58 mindən çox sakinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb.
Onu da qeyd edək ki, dövlət başçısının sözügedən Sərəncamına uyğun olaraq Tovuz rayonunda həyata keçirilən layihələr uğurla icra olunub. “Azərsu” ASC-nin mətbuat xidmətindən verilən məlumata əsasən, cəbhə bölgəsində yerləşən Tovuz rayonunun 5 kəndində yeni su təchizatı infrastrukturu yaradılıb və kənd sakinlərinin keyfiyyətli suya çıxışı təmin edilib.
Bu münasibətlə Tovuz rayonunun Xatınlı kəndində keçirilən açılış mərasimində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələri barədə məlumat verib. O qeyd edib ki, Tovuz şəhəri üçün yeni su mənbəyinin yaradılması ilə yanaşı, kəndlərdə də su layihələri icra olunub. Onun sözlərinə görə, sudan əziyyət çəkən kəndlərdə icra olunan layihə mühüm hadisədir və əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasında içməli su ilə təminat mühüm yer tutur.
“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılmasını xüsusi diqqətdə saxladığını xatırladaraq bu sahədə işlərin davam etdirildiyini vurğulayıb. Bildirib ki, 2017-ci ildə 170, 2018-ci ildə isə 41 kənddə içməli su layihələri icra olunub. Bu il icra edilən layihələr çərçivəsində kəndlərdə 300 kilometrdən artıq magistral və paylayıcı su xətləri çəkilib, 14 subartezian quyusu qazılıb, əhalinin ümumi istifadəsi məqsədilə 1000-dən artıq bulaq quraşdırılıb.
Tədbirdə çıxış edən kənd sakinləri bildiriblər ki, indiyədək içməli suya olan tələbatlarını keyfiyyətsiz quyu suları və uzaq məsafələrdən daşınan artezian suları ilə ödəyirdilər. Xüsusilə yay aylarında su təminatında çətinliklər yaranırdı. Sakinlər bu sahədəki problemlərin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tovuz rayonunda həyata keçirilən layihələr rayonun Qədirli, Xatınlı, Çilovdarlı, Qaraxanlı və Əlimərdanlı kəndlərini əhatə edib. Su təchizatı layihələrinin icrasına 2018-ci ilin yayında başlanılıb. Kənd sakinlərini içməli su ilə təmin etmək üçün su mənbəyi subartezian quyuları seçilib. Layihəyə uyğun olaraq 2 subartezian quyusu qazılıb, hər birinin tutumu 600 kubmetr olan 2 mövcud su anbarı yenidən qurularaq istismara verilib. Eyni zamanda, anbar ərazisində müasir hidrofor tipli nasos stansiyası quraşdırılıb. Kəndlərdə müxtəlif diametrli borularla 42 kilometr su xətləri çəkilib və əhalinin ümumi istifadəsi üçün 184 bulaq quraşdırılıb. Artıq kəndlərə suyun verilməsinə başlanılıb. Tovuz rayonunun 5 kəndində icra olunan içməli su layihəsindən 12 mindən çox sakin faydalanıb. Su təchizatı ümumi istifadə əsasında bulaqlar vasitəsilə aparıldığından əhalidən ödəniş tələb olunmur.
Eyni zamanda, Ağdam rayonunun cəbhə bölgəsində yerləşən 2 kəndinin də içməli su problemi həll edilib. “Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2018-ci il 9 aprel tarixli Sərəncamına uyğun olaraq Ağdam rayonunda icra olunan içməli su təchizatı layihəsi yekunlaşıb. Layihə çərçivəsində rayonun Hacıturallı və Ballar kəndlərində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində kəndlərə içməli suyun verilməsi ilə bağlı açılış mərasimi keçirilib.
Kəndlərə içməli suyun verilməsi münasibətilə Ağdam rayonunun Ballar kəndində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələri barədə məlumat verib. Bildirib ki, cəbhə bölgəsində yerləşən Ağdam rayonunda içməli su ilə təminat həmişə aktual olub. Əsas su mənbələrinin işğal altında olması səbəbindən rayonun su ilə təminatında çətinliklər olurdu. Bu baxımdan sudan əziyyət çəkən kəndlərdə icra olunan layihə sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına səbəb olub.
“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyev kənd yaşayış məntəqələrinin içməli su ilə təmin edilməsini xüsusi vəzifə kimi qarşıya qoyub. Bu istiqamətdə həyata keçirilən layihələr sırasında cəbhəyanı ərazilərdə yerləşən kəndlərin içməli su təchizatının yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə çıxış edən kənd sakinləri bildiriblər ki, indiyədək içməli suya olan tələbatlarını keyfiyyətsiz quyu suları və uzaq məsafələrdən daşınan sular ilə ödəyirdilər. Sakinlər sözügedən sahədəki problemlərin həllinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün bildirək ki, Ağdam rayonunun Hacıturallı və Ballar kəndlərində su təchizatı layihələrinin icrasına 2018-ci ilin yayında başlanılıb. Kənd sakinlərini içməli su ilə təmin etmək üçün su mənbəyi subartezian quyuları seçilib. Layihəyə uyğun olaraq 2 subartezian quyusu qazılıb. Kəndlərdə müxtəlif diametrli borularla 9,4 kilometr su xətləri çəkilib və əhalinin ümumi istifadəsi üçün 48 bulaq quraşdırılıb, kəndlərə suyun verilməsinə başlanılıb. Ağdam rayonunun 2 kəndində icra olunan içməli su layihəsindən 1000-dən çox sakin faydalanıb. Su təchizatı ümumi istifadə əsasında bulaqlar vasitəsilə aparıldığından əhalidən ödəniş tələb olunmur.
Yeri gəlmişkən, “Azərsu” ASC su layihələrinin icrası istiqamətində beynəlxalq qurumlar və xarici ölkələrlə də yaxından əməkdaşlıq edir. Buna misal olaraq bildirək ki, bu yaxınlarda “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi”nin icrası və perspektiv işlər haqqında müzakirələr aparılıb.
“Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, dekabrın 11-də Səhmdar Cəmiyyətdə İslam İnkişaf Bankının Türkiyə regional mərkəzinin direktoru Saleh Celassinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov İslam İnkişaf Bankının ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində yaxından iştirak etdiyini xatırladaraq bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində iştirakını yüksək qiymətləndirib. Səhmdar Cəmiyyətin sədri “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi” çərçivəsində görülmüş işlər barədə məlumat verib. Qeyd olunub ki, layihələrin əhatə etdiyi şəhərlərdə yeni infrastrukturların yaradılması əhalinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşmasına töhfə verib.

(davamı növbəti sayımızda)
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 824 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30