Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda toxum istehsalçılarına hərtərəfli dəstək göstərilir

Regionlarda toxum istehsalçılarına hərtərəfli dəstək göstərilir

12.01.2019 [10:39]

Kənd Təsərrüfatı Nazirliyində yaradılan Ekspert Şurasının qərarına əsasən toxum istehsalı ilə məşğul olan fermerlərə ümumilikdə 7 milyon 738 min 825 manat subsidiya ödənilib
Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal istiqamətlərindən biri olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyənləşdirilib. Ölkədə toxum istehsalında qarşıya qoyulan hədəflərə çatmaq üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən davamlı olaraq zəruri tədbirlər həyata keçirilir. Son illərdə reallaşdırılan təşviq, siyasi və maddi dəstək tədbirlərinin nəticəsidir ki, fermerlərdə bu sahəyə böyük maraq yaranıb və respublika üzrə toxumçuluq təsərrüfatlarının sayı əhəmiyyətli dərəcədə artıb.
Ölkə üzrə toxum və ting istehsalçılarına subsidiyaların verilməsi yekunlaşıb
Nazirlər Kabinetinin 25 iyun 2007-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi barədə Qaydalar”a əsasən, toxum və ting istehsalçılarına subsidiyanın verilməsi yekunlaşıb. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyində yaradılmış Ekspert Şurasında rayon/şəhər komissiyalarından daxil olmuş müraciətlərə baxılıb. Ekspert Şurasının qərarı ilə 229 nəfər taxıl toxumu (buğda, arpa) istehsalçısına 6 milyon 568 min 207 manat, 18 nəfər kartof toxumu istehsalçısına 694 min 277 manat, 22 nəfər yonca toxumu istehsalçısına 182 min 208 manat, 17 nəfər meyvə tingi istehsalçısına 97 min 200 manat, 8 nəfər qarğıdalı toxumu istehsalçısına 64 min manat, 8 nəfər noxud toxumu istehsalçısına 16 min manat, 5 nəfər çay tingi istehsalçısına 57 min 528 manat, 4 nəfər tərəvəz toxumu istehsalçısına 25 min 315 manat, 5 nəfər pambıq toxumu istehsalçısına 21 min 848 manat, 2 nəfər üzüm tingi istehsalçısına 12 min 240 manat, ümumilikdə 7 milyon 738 min 825 manat vəsait ödənilib.
Regionlarda toxumluq əkinlərin qeydiyyatına başlanılıb
Respublikada toxumçuluğun inkişafına yönəldilən tədbirlər çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti tərəfindən regionlarda 2018-ci ilin payızında 2019-cu ilin məhsulu üçün əkilən dənli bitkilərin (buğda, arpa) toxumluq əkin sahələrinin qeydiyyatına başlanılıb. Bunun əsas mədsədi toxumluq əkinlərin uçotunun dəqiqləşdirilməsi, aqrotexniki tədbirlərin həyata keçirilməsi üçün tövsiyələrin verilməsi, həmçinin aprobasiya aparılacaq sahələrin əvvəlcədən müəyyən edilməsidir. Regionlarda toxumluq əkin sahələrinin qeydiyyatı Regional Toxum Sertifikatlaşdırma Mərkəzlərinin (RTSM) müvafiq rayonlar üzrə baş aqronomları tərəfindən aparılır.
Toxumçuluq təsərrüfatları toxumluq əkinlərinin qeydiyyata alınması üçün RTSM-in rayonlar üzrə baş aqronomlarına 1 nömrəli bəyannamə ilə müraciət etməlidirlər. Bəyannaməyə aşağıda göstərilən sənədlər əlavə edilməlidir: Toxumçuluq fəaliyyəti ilə məşğul olmaq üçün Şəhadətnamənin surəti, əkinlərin səpin aktı, toxumluq əkin üçün istifadə edilən toxumun haradan alınmasını təsdiq edən sənədlərin surəti (alınan toxumun alqı-satqı müqaviləsi, qaimə-fakturası, əkilən toxumun istehsal olunduğu ildəki aprobasiya aktı və toxumun səpin keyfiyyətini təsdiq edən sertifikat), toxumluq əkinlərin aparıldığı torpaq sahələrinin təsərrüfat rəhbərinin mülkiyyətində, icarəsində və ya istifadəsində olmasını təsdiq edən sənədlərin surəti (çıxarış, dövlət aktı, torpağın icarə müqaviləsi və s.), rayon (şəhər) İHB-nin İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri tərəfindən verilmiş əkinlərin mövcudluğunu təsdiq edən arayış.
Regional Toxum Sertifikatlaşdırma Mərkəzlərinin rayonlar üzrə baş aqronomları tərəfindən qəbul edilmiş sənədlər 8 yanvar 2019-cu il tarixdən 30 yanvar 2019-cu il tarixədək Dövlət Xidmətinə təqdim ediləcək. Dövlət Xidməti tərəfindən ilk dəfə olaraq toxumluq və tinglik əkin sahələrinin uçotunun dəqiq və müəyyən olunan müddətdə aparılması məqsədi ilə yeni qeydiyyat kitabçaları hazırlanıb. Həmin kitabçalar Dövlət Xidməti tərəfindən möhürlənərək RTSM-in müvafiq rayonlar üzrə baş aqronomlarına verilib. Həmçinin toxumluq əkinlərin qeydiyyatının elektron qaydada aparılması istiqamətində işlərə başlanılaraq yaxın zamanlarda yekunlaşdırılacaq.
Şəki toxum emalı fabrikində ilkin test sınağı keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında” müvafiq Sərəncamın icrasını təmin etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin maliyyə dəstəyi ilə Şəki, Xaçmaz, Qobustan, Ağcabədi və Tovuz rayonlarında toxum emalı müəssisələrinin tikintisi nəzərdə tutulub.
Regionlarda tikintisi nəzərdə tutulan toxum emalı müəssisələrinin yaradılması istiqamətində işlər cədvəl üzrə davam etdirilir. Xaçmaz rayonunda toxum emalı fabrikinin tikintisində son tamamlama işləri aparılır. Bir qədər bundan əvvəl Ağcabədi rayonunda oxşar müəssisənin tikintisinə başlanıb. Şəki toxum emalı fabrikinin tikintisi isə tamamlanaraq cari məhsul mövsümündə dənli bitkilərin qəbulu üçün tam hazır vəziyyətə gətirilib. Fabrikdə xaricdə istehsal olunan müasir avadanlıqlar quraşdırılıb. Burada fermerlərin istehsal etdikləri məhsulların yüksək keyfiyyətlə təmizlənməsi, dərmanlanması və qablaşdırılması həyata keçiriləcək.
Bununla əlaqədar istismara hazır olan Şəki toxum emalı fabrikində Dövlət Toxum Fondunun əməkdaşlarının və tikinti-quraşdırma üzrə mütəxəssislərin iştirakı ilə ilkin sınaq testləri keçirilib. İstismara hazır olan fabrikin istehsal gücü saatda 5 tondur ki, bu da Şəki şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən fermerlərin istehsal etdikləri məhsulların təmizlənməsini tam təmin edəcək. Bundan əlavə, fabrikdə 300 ton həcmində qapalı anbar və 1500 ton həcmində müvafiq qurğular quraşdırılıb. Bu anbar və qurğular regionda saxlanc şəraiti olmayan sahibkarların istehsal etdikləri məhsulların təhlükəsiz və keyfiyyətli şəkildə saxlanmasına imkan yaradacaq.
Ötən il Zaqatala bölgə təcrübə stansiyasında 93,1 ton super elit və elit buğda, 24 ton arpa toxumu istehsal edilərək təsərrüfatlara verilib
Kənd Təsərrüfatı Nazirliyi Elmi-Tədqiqat Əkinçilik İnstitutunun elmi-tədqiqat müəssisəsi olan Zaqatala Bölgə Təcrübə Stansiyası uzun illərdir ki, dənli və texniki bitkilərdən seçmə yolu ilə daha keyfiyyətli sort və hibridlərin alınması, yüksək reproduksiyalı toxumların əldə edilməsi və bu sortların özəl fermer təsərrüfatlarına tövsiyə olunması istiqamətində elmi-tədqiqat işləri aparır. 1924-cü ildə Zaqatala tütün dayaq stansiyasının bazasında yaradılan müəssisə 1950-ci ildən Elmi-Tədqiqat Əkinçilik İnstitutunun tabeçiliyinə verilib. Müəssisənin direktoru Nəbi Kərimov bildirib ki, stansiyanın əsas təsərrüfat fəaliyyəti dənli taxıl bitkilərinin ilkin toxumçuluğunun təşkili, yüksək reproduksiyalı super elit və elit toxumların artırılması, eyni zamanda, yeni sortların yaradılması və toxumçuluq təsərrüfatlarına tövsiyə edilməsindən ibarətdir. Stansiya həmçinin Elmi-Tədqiqat Əkinçilik İnstitutu tərəfindən göndərilən yeni buğda və arpa sortları üzərində də elmi-tədqiqat işləri apararaq sınaqdan keçirir, gələcəkdə Şəki-Zaqatala bölgəsində rayonlaşdırılması məqsədəuyğun olan taxıl sortlarının ilkin toxumçuluğu ilə məşğul olur. Rayonlaşdırılmış qarğıdalı sortları respublikada yalnız Zaqatala Bölgə Təcrübə Stansiyasında yetişdirilir.
Stansiya direktorunun sözlərinə görə, 2018-ci ildə müəssisədə ildə 200 tonadək toxum istehsal etmək gücünə malik toxumtəmizləmə qurğusu quraşdırılıb. Bu qurğunun köməyi ilə taxıl toxumlarının təmizlənməsi, dərmanlanması və qablaşdırılması həyata keçirilir. Ötən il müəssisədə 93,1 ton super elit və elit buğda, 24 ton arpa toxumu istehsal edilərək Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında taxılçılıqla məşğul olan rayonların toxumçuluq təsərrüfatına verilib. Eyni zamanda, keçən il müəssisədə 32 ton yüksək reproduksiyalı qarğıdalı toxumu da istehsal edilib.
Zaqatala Bölgə Təcrübə Stansiyasının direktoru Nəbi Kərimov bildirib ki, hazırda müəssisədə 2 şöbə - bitki seleksiyası və toxumçuluğu, eləcə də əkinçilik və bitki diversifikasiyası şöbələri fəaliyyət göstərir. Birinci şöbədə Azərbaycanın müxtəlif aqroekoloji bölgələrində biotok və ekstremal amillərə davamlı yüksək yaşıl kütlə və dən məhsulu verən qarğıdalı sort və hibridlərinin yaradılması, qruplaşdırılması, fermer təsərrüfatlarında tətbiqi, Şəki-Zaqatala bölgəsində tezyetişən qarğıdalı sort və hibridlərinin seleksiyası istiqamətində elmi-tədqiqat işləri həyata keçirilir. Əkinçilik və bitki diversifikasiyası şöbəsində aparılan elmi-tədqiqat işləri isə Şəki-Zaqatala bölgəsinin torpaq-iqlim şəraitinə uyğun yeni məhsuldar, keyfiyyətli, xəstəlik və zərərvericilərə davamlı tütün sortlarının yaradılması sahəsini əhatə edir.
Müəssisə rəhbərinin məlumatına görə, aparılan təcrübə onu göstərir ki, Zaqatalada istehsal olunan yerli tütün sortlarının məhsuldarlığı xaricdən gətirilən sortlardan iki dəfə çoxdur. Lakin Amerika və Avropadan gətirilən tütün sortları, o cümlədən “Virciniya” növlü ətirli tütün keyfiyyətinə görə daha qiymətli hesab olunur. Belə tütünə tələbat da çoxdur. Ətirli tütünün qurudulması daha asan və əlverişlidir. Sahələrdən dərilən tütün birbaşa emal məntəqəsinə gətirilir və qurutma kameralarına qoyulur. Yerli tütün sortları isə əl əməyindən istifadə edilməklə, ipə düzülərək açıq havada qurudulur. Hazırda stansiyada yerli şəraitə uyğunlaşdırılmış məhsuldar və qiymətli tütün sortlarının yaradılması istiqamətində iş davam etdirilir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 836 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30