Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında meyvəçiliyin inkişafına xüsusi diqqət yetirilir

Azərbaycanın regionlarında meyvəçiliyin inkişafına xüsusi diqqət yetirilir

16.01.2019 [09:58]

Bunun nəticəsidir ki, yerli fermerlər meyvə bağlarından bol məhsul toplayırlar

(əvvəli ötən sayımızda)

Məhsul yığımının bu ilin mart ayında aparılacağını deyən fermer gələcəkdə bu sahəni daha da genişləndirməyi planlaşdırır. Belə ki, əlavə 3 hektar ərazidə də çiyələk yetişdiriləcəyini, eyni zamanda, ilboyu məhsul əldə etmək üçün çiyələk sahəsinin istixana ilə əvəzlənəcəyini bildirib.
Yeri gəlmişkən, uzun müddətdir çiyələk yetişdirməklə məşğul olan şəmkirli fermerlərin də bu sahəyə marağı ilbəil artır. Çünki, dövlət tərəfindən verilən dəstək fermerlərin daha çox gəlir götürməsinə şərait yaradır. Verilən məlumata görə, istehlakçıların ən çox maraq göstərdiyi giləmeyvələrdən biri olan çiyələk Şəmkir rayonunun əsasən Qədimqala kəndində açıq və istixana şəraitində yetişdirilir. Bir hektara təxminən 5 min ədəd şitil əkən fermerlər məhsuldarlığın yüksək olması üçün aqrotexniki qaydalara tam əməl edilməsini vacib sayırlar.
Fermer Mahir Orucov KİV-ə açıqlamasında deyib ki, istixanaların qurulmasında Gürcüstandan gətirilmiş xüsusi parçalardan istifadə olunur. Bu parçalar qış aylarında şaxtaya qarşı səmərəlidir. Bununla yanaşı, fermerlər istixananın daxilində şitillərin inkişafı üçün lazım olan 10-15 dərəcə istiliyi təmin etmək üçün qızdırıcılardan da yararlanırlar. Hazırda fermerlər ən çox Türkiyədən gətirilən çiyələk sortlarını əkirlər. Çünki, bu sortlardan ilboyu məhsul götürmək mümkündür. Yerli bazarda çiyələyin bir kiloqramı 10-15 manata satılsa da, alıcılar tərəfindən bu giləmeyvəyə yüksək tələb var. Yığılmış məhsul daha çox Şəmkir və ətraf şəhərlərin bazarlarında, eləcə də Bakıda satılır. Bəzən isə sahibkarlar öz məhsullarını xarici bazarlara da ixrac edirlər.
Qədimqala kənd icra nümayəndəsi Əsgər Əsgərov isə bildirib ki, hazırda kənddə 10 hektardan çox çiyələk yetişdirilir. İlk dəfə olaraq 5 hektarda İspaniyadan gətirilən yeni sort çiyələk əkilib. İlk yığımına mart ayında başlanılacaq həmin sortdan bu il fermerlər daha çox məhsul gözləyirlər. Əgər proqnozlar özünü doğruldarsa, çiyələk sahələri bir qədər də genişləndiriləcək.
Şabranlı fermerlər isə üzümçülük təsərrüfatlarında budama işlərinə başlayıblar. Budama işlərinə dekabr ayından start verilib. Quru budama işləri üzüm bağlarında aparılan ilk aqrotexniki qulluq sayılır və mart ayına kimi başa çatdırılmalıdır. Budaqların sulanmasından sonra aparılan budama tənəklərin qurumasına səbəb ola bilər. Rayonun Ağbaş kəndində fərdi sahibkara məxsus 135 hektara yaxın sahədə üzümün 10-dan çox sortu becərilir. İntensiv formada qulluq olunan üzümçülük təsərrüfatında şərabçılıq üçün vacib texniki üzüm sortlarına üstünlük verilib.
Aqronom Polad Quliyev bildirib ki, quru budama zamanı tənəklər gücdən düşmüş bar çubuqlarından təmizlənir. Tənəklərdə cavan və məhsuldar çubuqlar saxlanılmalıdır ki, bol üzüm əldə olunsun. Üzümçülük Şabranın kənd təsərrüfatının aparıcı sahələrindən sayılır. Rayon ərazisində üzüm bağlarının ümumi sahəsi 400 hektardan çoxdur. Şabranda daha çox ağ və qara şanı, “Ağadayı”, “Mədrəsə”, “Təbrizi” kimi yerli üzüm sortları becərilir. Rayonun Gəndov inzibati ərazi dairəsinə daxil olan kəndlərində üzümçülük daha geniş yayılıb.
Üzümçülük Cəlilabad rayonunda da ənənəvi təsərrüfat sahələrindən biridir. Aqrar bölmənin bu gəlirli sahəsini inkişaf etdirmək məqsədilə rayonda yeni üzüm bağları salınır. Belə ki, ötən il Cəlilabadda 17 min tona yaxın üzüm istehsal olunub. Hər hektardan götürülən məhsuldarlıq 127 sentner təşkil edib. Rayonda 1500 hektara yaxın üzüm sahəsi var. Bunun 360 hektarı texniki, yerdə qalan sahəsi isə süfrə üzümüdür. Ötən il 38 hektarda yeni üzüm bağları salınıb. Bu il də bu istiqamətdə işlər davam etdiriləcək. Hazırda rayonun üzüm bağlarında bol məhsulun təməli sayılan quru budama işləri aparılır. Ötən ilin dekabr ayında havaların yağmurlu keçməsi becərmə işlərinə təsir etsə də, məhsul istehsalçıları budama işlərini qısa müddətdə başa çatdırmaq üçün səylə çalışırlar.
Ölkəmizdə meyvəçiliyin inkişafı istiqamətində əldə edilən uğurlardan danışarkən onu da vurğulamaq yerinə düşər ki, ötən il ərzində sitrus bağlarından da bol məhsul yığılıb və bu proses davam etməkdədir. Belə ki, ötən aydan Astaranın sitrus bağlarında portağal yığımına başlanılıb. Rayonun sitrusçuluqla məşğul olan fermerləri və məhsul istehsalçıları bu il bol məhsul yetişdiriblər.
Astara Rayon Statistika Komitəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, ötən il rayonda 323,2 hektar sitrus bağlarından 2492,3 ton portağal yığılıb. Bu il isə portağalın əkin sahəsi 49 hektar artırılaraq 372 hektara çatdırılıb. Bağlardan 2542 ton məhsulun yığılması proqnozlaşdırılır. Rayonun sitrusçuları portağalın həm həcminə, həm də dadına görə fərqlənən “Vaşinqton” növünə üstünlük verirlər. Portağalın bir kiloqramının qiyməti 1-1,5 manat arasındadır.
Astarada kivi bağlarında da məhsul yığımına başlanılıb. Məlumat üçün bildirək ki, kivi bir çox xüsusiyyətlərinə görə sitrusçuluqda sərfəli bitki hesab olunur. Qiymətinin digər sitrus növlərinə nisbətən əlverişli olması, meyvələrin gec çürüməsi, 6 aya qədər qalması və daşınma zamanı problemin az olması bu bitkinin iqtisadi baxımdan dəyərini daha da artırır.
Onu da vurğulayaq ki, Astaranın sitrusçuluqla məşğul olan mütəxəssisləri bu sahənin inkişafı üçün türkiyəli həmkarları ilə təcrübə mübadiləsi aparırlar. Bununla əlaqədar Türkiyənin Çukurova Universitetinin Subtropik Meyvələri Araşdırma və Tədqiqat Mərkəzi ilə Astara rayonunun sitrus mütəxəssisləri arasında mütəmadi olaraq keçirilən görüşləri söyləmək olar. Ötən ilin dekabrında Astaranın sitrusçuluqla məşğul olan mütəxəssisləri Türkiyənin Adana şəhərində yerləşən Subtropik Meyvələri Araşdırma və Tədqiqat Mərkəzində və Hatay şəhərində təcrübə mübadiləsi aparmaq məqsədilə qardaş ölkədə olublar. Subtropik Meyvələri Araşdırma və Tədqiqat Mərkəzinin direktoru, professor Saadettin Baloğlu Mərkəzin tingçilik təsərrüfatında aparılan calaq işləri, tingçiliyin yaradılması mərhələləri, toxumun əkilməsi və qulluq edilməsi, sitrus bitkilərinə aqrotexniki qulluğun göstərilməsi, xəstəliklərlə qarşı mübarizə tədbirləri barədə məlumat verərək, bu sahədə astaralı həmkarlarına tövsiyələrini bildirib.
Astaralı mütəxəssislər səfər çərçivəsində tingçilik təsərrüfatının qurulması qaydalarının öyrənilməsi məqsədilə Hatay şəhərində olublar. Burada Çapağ Fidançılıq Mərkəzinin rəhbəri Atif Cabbarla görüş keçirilib. O, tingçiliyin qurulması, onlara qulluq qaydaları, hansı növ tinglərə üstünlük verilməsi ilə bağlı astaralı həmkarlarını məlumatlandırıb. Səfər zamanı toplanılan zəngin təcrübə Astara rayonunda sitrusçuluğun elmin son nailiyyətləri əsasında daha sürətlə inkişaf etdirilməsinə öz töhfəsini verəcək.
Ötən il noyabrın 10-da Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında keçirilən ikinci Çay, çəltik və sitrus festivalı da sitrusçuluğun inkişafı baxımdan əhəmiyyətlidir. Cari ildə rayonda aqrar bölmənin bütün sahələrində, o cümlədən çayçılıq, çəltikçilik və sitrusçuluqda böyük nailiyyətlər əldə olunub. İkinci ildir keçirilən Çay, çəltik və sitrus festivalı da bu sahələrin inkişafını təcəssüm etdirir. Gərgin əmək, böyük zəhmət bahasına əldə edilmiş uğurları bayram sevinci ilə qeyd edən lənkəranlıların fikrincə, bu festival təkcə aqrar sektorda deyil, həm də rayonda sosial-iqtisadi inkişaf və mədəni quruculuq sahəsində qazanılmış nailiyyətlərin nümayişi baxımından əla imkandır.
Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və AZƏRTAC-ın informasiya dəstəyi ilə keçirilən festivalda dövlət və hökumət rəsmiləri, həmçinin xarici ölkələrin respublikamızdakı səfirliklərinin nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, şəhər sakinləri, yerli və xarici turistlər iştirak ediblər.
Mərasimdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov lənkəranlıları ikinci dəfə keçirilən Çay, çəltik və sitrus festivalı münasibətilə təbrik edib və birinci festivaldan ötən müddətdə Lənkəranda bütün sahələrdə böyük nailiyyətlərin qazanıldığını bildirib. Diqqətə çatdırılıb ki, çay, çəltik və sitrus meyvələri istehsalının artırılmasına dair Prezident İlham Əliyevin Sədrliyi ilə Lənkəran şəhərində respublika müşavirəsi keçirilib və bu müşavirənin nəticəsi olaraq müvafiq Dövlət Proqramı qəbul edilib. Bütün bunlar həmin sahələrdə əsaslı dönüşün başlanğıcını qoyub.
Yeri gəlmişkən onu da qeyd edək ki, ötən ilin dekabr ayından Lənkəran rayonunun sitrus bağlarında kinkan yığımına başlanılıb. Kinkan meyvəsinin vətəni Cənub-Şərqi Çin və Hind-Çindir. Bu meyvə növü ölkəmizdə yalnız subtropik iqlimə malik cənub bölgəsində yetişdirilir. Lənkəran rayonunda sitrusçuluqla məşğul olan fermerlərin və məhsul istehsalçılarının sözlərinə görə, yay mövsümünün quraq keçməsi çox su tələb edən kinkanın məhsuldarlığına da təsirsiz ötüşməyib. Bu məhsul əsasən yerli bazara çıxarılır. Orqanizm üçün bir çox faydaları olan kinkanı “yapon apelsini”, “müdriklərin qidası” da adlandırırlar. Şərq təbabətində bu meyvədən hələ qədim zamanlardan istifadə olunub. Rayonda kinkan yığımı yaz aylarınadək davam edəcək.
Onu da bildirək ki, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran Çay Filialının seleksiya bağında irihəcmli sitrus meyvəsi - pomelo yetişdirilir. Vətəni Cənub-Şərqi Asiya olan, ölkəmizdə isə yalnız cənub bölgəsində yetişdirilən pomelo sitrus meyvəsinin çəkisi 2 kiloqrama çatır. Digər sitrus meyvələri kimi suya tələbatlı olan pomelonun tərkibi vitamin və minerallarla zəngindir.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 867 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30