/ / Azərbaycanın regionlarında fındıq istehsalının artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir
Azərbaycanın regionlarında fındıq istehsalının artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir
25.01.2019 [09:45]
Bu sahənin potensialı nəzərə alınaraq, bölgələrdə yeni fındıq bağlarının salınması prosesi uğurla davam etdirilir
Məlum olduğu kimi, ölkəmizin regionlarında aqrar sektor üzrə yüksək rəqabət qabiliyyətinə malik məhsullar yetişdirilməsi imkanları kifayət qədər genişdir. Belə ki, əlverişli coğrafi-iqlim xüsusiyyətləri, münbit torpaqlar, əmək ehtiyatları, tarixdən gələn zəngin ənənələr respublikanın bölgələrində ixracqabiliyyətli məhsul istehsalının artırılması üçün geniş perspektivlər yaradır. Azərbaycana üstünlük qazandıran həm də o amildir ki, ölkəmiz bir sıra geniş istehlak bazarları ilə əhatə olunub. Bu bazarlarda ölkəmizin bölgələrində yetişdirilən keyfiyyətli məhsulları yaxşı tanıyır və yüksək qiymətləndirirlər.
Onu da qeyd edək ki, Azərbaycanın regionlarından ixracın artırılması baxımından perspektivli sahələrdən biri də fındıqçılıqdır. Respublikanın əlverişli coğrafi-iqlim xüsusiyyətləri nəzərə alınaraq bölgələrdə bu sahənin inkişafına böyük diqqət göstərilir. Yüksək ixrac potensialına malik olan fındıqçılıq həm də gəlirgətirmə qabiliyyətinə görə olduqca effektivdir. Qeyd edilməlidir ki, regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurlu icrası bu sahənin bölgələrimizdə daha yüksək səviyyədə inkişafını təmin edib. Artıq bir sıra bölgələrdə fındıq bağları əsaslı şəkildə artırılıb, yeni bağların salınması istiqamətində işlər aparılır. Öz növbəsində regionlarda fındıq bağlarının genişləndirilməsi, aqrotexniki qulluq qaydalarının gücləndirilməsi, həmçinin fermerlərə, torpaq mülkiyyətçilərinə dəstək tədbirlərinin artırılması, satışla bağlı problemlərin aradan qaldırılması istehsalın və ixracın həcminin artmasına müsbət təsir göstərib.
Bu sahənin potensialı nəzərə alınaraq, regionlarda yeni fındıq bağlarının salınması prosesi də uğurla davam etdirilir. Mütəxəssislər bildirirlər ki, fındıq kollarının indiki məhsuldarlığını iki dəfəyədək artırmaq mümkündür. Əksər bağ sahibləri fındığın yetişdirilməsi haqqında səhv təsəvvürə malikdir. Təsərrüfatçılar kol bitkisi olduğunu düşünüb fındığın budanmasını, dərmanlanmasını həyata keçirmir və ağaclara gübrə vermirlər. Halbuki bu aqrotexniki qaydalara əməl olunarsa, fındıq kollarından 5-6 yox, 12-13 kiloqram məhsul toplamaq mümkündür.
Bu məqamda vurğulamaq yerinə düşər ki, şimal bölgəsinin rayonlarında son üç ildə 10 min hektardan çox yeni fındıq bağları salınıb. Fındıq istehsalı bu rayonların iqtisadiyyatında mühüm rol oynayır. Hazırda Xaçmaz, Quba, Qusar və Şabranda 20 min hektara yaxın fındıq bağı var. Qeyd edək ki, regiondakı fındıq bağlarının 9 min 122 hektarı Xaçmaz rayonunun payına düşür. Bu bağların 6 min hektarı barverəndir. Rayonun fındıq bağlarından ötən il 6 min 500 tondan çox məhsul əldə olunub. Xaçmaz rayonunda son 3 ildə fındıq bağlarının sahəsi iki dəfəyədək artırılaraq 9 min hektarı keçib. Təsərrüfatçılar əkin prosesini davam etdirirlər. 2018-ci ilin payız mövsümündə rayonda 700 hektara yaxın fındıq bağı salınıb. Fındıq bağlarının ümumi sahəsinin 10 min hektara çatdırılması nəzərdə tutulub. Yeni salınan bağlarda əsasən yerli sort tinglər əkilir. Bu bağlar 4-5 ildən sonra məhsul verməyə başlayacaq.
Xaçmaz respublikada fındıq bağlarının artırılması nəzərdə tutulan 12 rayondan biridir. Ölkə üzrə 40 min hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulur ki, bunun da 5 min 16 hektarı Xaçmaz rayonunun payına düşür. Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin baş mütəxəssisi Qabil Ağabalayev bildirib ki, fındıq bağlarında məhsuldarlıq ötən illərlə müqayisədə artıb. Fermerlər dövlətin onlara göstərdiyi güzəştlərdən faydalanaraq bağlara daha yaxşı qulluq edirlər. Məhsulun bol olması isə bağ sahiblərinin daha çox gəlir əldə etməsinə imkan yaradır.
Rayonun Çiləgir kəndindən olan fermer Oktay Mahmudovun sözlərinə görə, son illər fındıqçılığa maraq xeyli artıb. Təsərrüfatçılar əvvəllər yalnız şaftalı, alma, gavalı bağları salırdısa, indi daha çox fındıq bağlarına üstünlük verirlər. Fındığın yetişdirilməsi digər meyvələrlə müqayisədə az zəhmət tələb edir. “Ölkəyə valyuta gətirən bu məhsula son zamanlar tələbatın daha da artması torpaq mülkiyyətçilərini fındıq bağlarının sahəsini genişləndirməyə sövq edir. Fındığın satış qiymətinin münasib olması fermerləri həvəsləndirən amillərdəndir. Fermerlər dövlətin onlara göstərdiyi güzəştlərdən faydalanaraq bağlara daha yaxşı qulluq edirlər. Fındıq bağlarında məhsuldarlıq ötən illərə müqayisədə artıb”, - deyə O.Mahmudov qeyd edib.
Yeri gəlmişkən, Xaçmaz rayonunda 21 min 386 hektar meyvə bağı var ki, bunu da təxminən 40 faizini fındıq bağları təşkil edir.
Qusar fındıq əkininə görə şimal bölgəsində ikinci yerdədir. Bu rayonda 6 min 139 hektar fındıq bağları mövcuddur. Qusar Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, mövcud fındıq bağlarının 2 min 200 hektarı son illərdə salınıb. 100 hektar bağ intensiv üsulla becərilir. Rayondakı 3 min 324 hektar bar verən fındıq bağından təsərrüfatçılar ötən il 3 min 100 ton fındıq əldə ediblər.
Ölkəyə valyuta gətirən bu məhsula son zamanlar tələbatın daha da artması torpaq mülkiyyətçilərini fındıq bağlarının sahəsini genişləndirməyə sövq edir. Məsələn, Quba rayonunda son 3 ilə kimi cəmi 115 hektar fındıq bağı mövcud idi. Hazırda isə fındıq bağlarının ərazisi 2 min 140 hektara qədər artırılıb.
Şabran da respublikada fındıq bağlarının artırılması nəzərdə tutulan rayonlardan biridir. Burada 1000 hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulurdu. Təsərrüfatçılar 2016-cı ildən başlayaraq nəzərdə tutulan plan əsasında fındıq bağlarının sahəsini 1200 hektara çatdırıblar.
Yeri gəlmişkən, Azərbaycan Prezidentinin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər Oğuz rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Belə ki, ötən ilin yaz və payız mövsümlərində rayon ərazisində dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələrində 322 hektar yeni fındıq bağları salınaraq, mövcud bağların ümumi sahəsi 3 min 695,5 hektara çatdırılıb. Bu bağların 1 min 703 hektarı son üç ildə salınıb. Rayon İcra Hakimiyyəti aparatının şöbə müdirinin müavini Qəmzə Süleymanova bildirib ki, ötən il rayonun fındıq bağlarından 1106,3 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 203 ton artıb.
Balakən rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində işlər ötən il davam etdirilib. Belə ki, ötən ilin payız mövsümündə rayon ərazisində dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələrində 310 hektar yeni fındıq bağları salınaraq mövcud bağların sahəsi 9,9 min hektara çatdırılıb. Bu bağların 4,2 min hektarı son 3 ildə salınıb. Bu barədə KİV-ə açıqlamasında rayon İcra Hakimiyyəti aparatının şöbə müdirinin müavini Turan Dibirov məlumat verib. Qurumun rəsmisi bildirib ki, ötən il rayonun fındıq bağlarından 6 min 205 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 819 ton artıb.
Son illər Zaqatala rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində işlər sürətlənib. Belə ki, 2018-ci ilin yaz mövsümündə rayon ərazisində 352 hektar, payız aylarında isə 1001 hektar yeni fındıq bağları salınaraq, mövcud fındıq bağlarının ümumi sahəsi 19 min 504 hektara çatdırılıb. Bu bağların 10 min 571 hektarı barverəndir. Bu barədə rayon İcra Hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən məlumat verilib.
Qurumdan bildiriblər ki, ötən il Zaqatala rayonunun fındıq bağlarından 15 min 69 ton məhsul tədarük olunub. Fındıq istehsalı 2017-ci illə müqayisədə 1 min 647 ton, 2016-cı illə müqayisədə isə 6 min 159 ton artıb. Bağ sahibləri hər hektardan orta hesabla 14,2 sentnerdən çox məhsul götürüblər. 2018-ci ildə rayonun meyvə bağlarından qərzəkli meyvələr də daxil olmaqla, 37 min 205 ton məhsul toplanıb. Meyvə istehsalı əvvəlki illə müqayisədə 2 min 115 ton çox olub.
Son illər Qəbələ rayonunda da bu yöndə davamlı iş aparılır. Təkcə ötən il rayon ərazisində 600 hektarda yeni fındıq bağları salınıb. Cari ildə fındıq bağlarının sahəsinin daha 400 hektar artırılması nəzərdə tutulur. Bu barədə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib. E.Şərifov bildirib ki, hazırda rayonda 6 min 27 hektar fındıq bağları var. Bu bağların 4 min 827 hektarı barverəndir. Ötən il fındıq bağlarından 7 min 148 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 125 ton artıb.
Sonda bildirmək yerinə düşər ki, Azərbaycan dünya ölkələri içərisində fındıq ixracına görə ilk pillələrdə yer alır. Ölkəmizdə fındığın 130-dan çox sortu yetişdirilir. Bu sahədə Azərbaycanın potensialı artıq dünya ölkələrinə də məlumdur. Azərbaycanda fındıqçılığın inkişafı ilə bağlı məlumatlar dünyanın nüfuzlu KİV-lərində də yer alır. Belə ki, bu yaxınlarda İtaliyanın “Alimentando.info” qida saytında yerləşdirilən “Azərbaycan dünyada üçüncü ən böyük fındıq istehsalçısıdır” sərlövhəli yazı da buna sübutdur.
Yazıda Azərbaycanın fındıq istehsalı üzrə Birləşmiş Ştatları geridə qoyaraq Türkiyə və İtaliyadan sonra dünyada 3-cü yerə yüksəldiyi qeyd edilir. Yazıda bildirilir ki, 2017-ci ildə Azərbaycanda 18 min hektarda fındıq tingi əkilərək, fındıq bağlarının ümumi sahəsi 55 min hektara çatıb. Məqsəd bağların ümumi sahəsini 80 min hektara çatdırmaqdır.
Qeyd olunur ki, 2018-ci ilin məhsul yığımı ekspertlərə ümumi istehsal həcmini dəyərləndirməyə imkan verib. Belə ki, ötən il Azərbaycanda 70 min ton fındıq istehsal edilib ki, bu da 2017-ci ilin göstəricisindən 56 faiz (45500 ton) çoxdur. Onun böyük hissəsi xarici ölkələrə, xüsusən İtaliyaya ixrac edilib. İtaliya 2017-ci ildə Azərbaycandan 9 min ton fındıq alıb. Azərbaycan Avropa İttifaqının, eləcə də MDB-nin ümumilikdə 25-dək ölkəsinə də fındıq məhsulları ixrac edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51

