Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarının təbii qazla təmin olunması uğurla davam etdirilir

Azərbaycanın regionlarının təbii qazla təmin olunması uğurla davam etdirilir

05.11.2019 [09:14]

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən bütövlükdə cari ildə regionlarda 61 yaşayış məntəqəsində və 31 yeni yaşayış massivində qazlaşdırma işlərinin aparılması nəzərdə tutulur
Məlum olduğu kimi, son 16 ildə ölkəmiz böyük inkişaf yolu keçib və cari ilin doqquz ayında da müxtəlif sahələrdə uğurlar əldə edilib. Təsadüfi deyil ki, oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə dövlətimizin başçısı 2019-cu ilin 9 ayının sosial-iqtisadi göstəricilərini müsbət qiymətləndirib: “İqtisadi artım təmin olunub. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir. Əlbəttə, biz istərdik ki, artım daha da yüksək olsun. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq, biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik. Yenə də qeyri-neft sənayesi sahəsində yüksək göstəricilər mövcuddur. Beləliklə, qeyri-neft sənayemiz 15 faizdən çox artıb. Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Deyə bilərəm ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər.
Bununla bərabər, bildiyiniz kimi, son illərdə kənd təsərrüfatına böyük investisiyalar qoyulmuşdur. Kənd təsərrüfatının inkişafı prioritet sahə kimi müəyyən edilmişdir. Mən, eyni zamanda, əvvəlki illərdə bir qədər təəccüblənirdim ki, nə üçün bu qədər investisiyaların müqabilində, bu qədər dəstəyin, subsidiyaların, güzəştli şərtlərlə verilmiş kreditlərin olduğu bir zamanda kənd təsərrüfatında artım 2-3 faiz idi. Ancaq hazırda bu sahədə də ciddi irəliləyiş müşahidə olunur. Beləliklə, kənd təsərrüfatı doqquz ayda 7 faizdən çox artmışdır”.
Yeri gəlmişkən, Dövlət Statistika Komitəsindən bildirilib ki, bu ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 49,4 faizi sənaye, 22,1 faizi isə tikinti sahələrinə yönəldilib. 9 ayda əsas kapitala yönəldilmiş ümumi vəsaitin 13,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, hər birində 2 faiz olmaqla informasiya və rabitə, təhsil, hər birində 0,9 faiz olmaqla əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, ticarət, nəqliyyat vasitələrinin təmiri, 0,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,6 faizi peşə, elmi və texniki fəaliyyət, hər birində 0,5 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, digər sahələrdə xidmətlərin göstərilməsi, 0,3 faiz maliyyə və sığorta fəaliyyəti, 0,2 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrinə sərf edilib.
Onu da qeyd edək edək ki, dinamik inkişaf özünü ölkənin qaz təsərrüfatında da əyani şəkildə göstərir. Son illərdə Azərbaycanda əhalinin təbii qaza olan tələbatının tam ödənilməsi, istehlakçıların qazla təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülür. Ölkə başçısının əhalinin təbii qazla təmin olunmasına böyük diqqət göstərməsi nəticəsində Azərbaycan qazlaşdırma səviyyəsinə görə dünyanın nadir ölkələrindəndir.
Yeri gəlmişkən qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir. Regionlarda əhali istehlakçılarının təbii qaza olan tələbatının tam ödənilməsi, mənzillərdə istismar müddəti başa çatmış məişət qaz sayğaclarının yenisi ilə əvəz olunması və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqlarının və boru xətlərinin yeniləri ilə əvəz edilməsi işləri uğurla davam etdirilir.
“Azəriqaz” İB bir müddət öncə bu il sentyabrın 1-nə olan məlumatı ictimaiyyətə təqdim etmişdi. Məlumata görə, bu dövrdə 209 bina üzrə 13 min 274, təkcə avqust ayında isə 54 bina üzrə 1488 mənzilə təbii qazın verilməsi təmin edilib. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən gündəlik olaraq Mənzil Tikinti Kooperativlərindən (MTK) daxil olan ərizələr araşdırılır və müvafiq rəylər verilir.
Qeyd edək ki, sentyabrın 1-dən sonra da bir sıra bölgələrdə əhali təbii qazla təmin olunub. Hazırda bu proses uğurla davam etdirilir. “Azəriqaz” İstehsalat Birliyi qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması ilə bağlı tədbirlər görməkdədir. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bütövlükdə cari ildə regionlarda 61 yaşayış məntəqəsində və 31 yeni yaşayış massivində qazlaşdırma işlərinin aparılması nəzərdə tutulur. Bunlardan 46-na təbii qaz verilib, 5-də hazırda işlər davam etdirilir, qalan məntəqə və massivlərdə qazlaşma işləri yekunlaşaraq yaxın zamanlarda təbii qazın verilməsi təmin olunacaq.
Bu ilin Dövlət Proqramına uyğun olaraq daha bir yaşayış məntəqəsi - Göyçay rayonunun Mollahacılı kəndinin qazlaşdırılması başa çatdırılıb və bu münasibətlə tədbir keçirilib. Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, “Azəriqaz”ın Göyçay Regional Qaz İstismarı İdarəsinin işçiləri, ictimaiyyət nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər. Bildirilib ki, 69 abonenti olan yaşayış məntəqəsinin qazlaşdırılması üçün ümumi uzunluğu 6074 metr olan metal borulardan istifadə olunub, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Qaz şəbəkəsinin qurulmasında bir pilləli tənzimləmə sistemi tətbiq edilib. Bu da hər bir abonentin fərdi qaz tənzimləyicisindən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına şərait yaradır. Sonra məşəl alovlandırılmaqla kəndə təbii qaz verilib.
Ağdaş rayonunun Yuxarı Ləki kəndindəki yeni yaşayış massivinə də qaz verilib. Burada isə 136 abonent “mavi yanacaq”la təmin olunub.
Həmçinin qeyd edək ki, Abşeron rayonu, Müşfiqabad Qaz Paylayıcı Stansiyasından Xırdalan şəhərinə gələn 2800 metr uzunluğunda yeraltı 530 millimetr diametrində olan polad boru kəməri uzun illər istismarda olduğundan korroziyaya uğrayaraq yararsız hala düşmüşdü. Tez-tez qaz sızmaları baş verir və bu kəmər əhalini normal təzyiqdə qazla təmin etmək üçün çətinlik yaradırdı. Artıq bu kəmər diametri 400 millimetr olan polietilen borularla əvəz olunub və işə salınıb. Bununla da, Xırdalan şəhərində 35 min abonent və sənaye obyektləri normal təzyiqdə qazla təmin olunacaq.
Lənkəran rayonunun Liman şəhərindəki yeni yaşayış massivinə də təbii qaz verilib. “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, burada 52 abonent “mavi yanacaq”dan istifadə imkanı qazanıb. Bundan başqa, Cəlilabad rayonunun Səttərxan küçəsindəki yeni massivdə də 131 abonent qazla təmin olunub.
Oktyabrın 30-da isə Şamaxı şəhərinin genişləndirilmiş hissəsinə təbii qaz verilib. “Azəriqaz” İB-dən bildirilib ki, aparılan tikinti-quraşdırma işləri başa çatdırılıb, qaz kəmərləri müvafiq qaydada istismara qəbul edilib. Layihə çərçivəsində 21 min 815 metr uzunluğunda müxtəlif diametrli qaz kəmərləri çəkilib, 2 ədəd tənzimləyici və 56 ədəd siyirtmə quraşdırılıb. Şəhərin bu hissəsində 208 yeni tikilən fərdi ev qazla təmin olunub. Həmin gün, eyni zamanda, Masallı rayonunun Xoşçobanlı kəndində də 211 fərdi evə qaz verilib.
Oktyabrın 31-də Goranboy rayonunun Qırıqlı kəndinə qaz verilib. Kənddə qazlaşdırma işlərinin aparılması üçün 10 min 866,6 metr uzunluğunda müxtəlif diametrli polad və polietilen daşıyıcı qaz xətti çəkilib, 89 ədəd fərdi yaşayış evinə sayğac quraşdırılıb.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Quba şəhərinin yaxınlığında yerləşən Dəvədabanı yaşayış massivinin qazlaşdırılması işləri isə yekunlaşmaq üzrədir. Üç min nəfərdən çox əhalisi olan massivin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 73 min metrə yaxın olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib. Hazırda, bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılır. Tikinti işləri başa çatdıqdan sonra burada 700-dən çox abonent ilk dəfə “mavi yanacaq”la təmin ediləcək.
Hazırda Quba rayonunun dağlıq ərazilərində yerləşən Təngəaltı, Afurca, Kunxırt və Qonaqkənd kəndlərində qazlaşdırma işləri başa çatmaq üzrədir. Bundan başqa, rayonun 6 kəndini yüksəktəzyiqli təbii qazla təmin etmək üçün Küpçalqışlaq kəndi ərazisində yeni qazpaylayıcı stansiyanın inşası da yekunlaşır.
Dövlət Proqramına uyğun olaraq, ilin sonuna kimi ümumilikdə 11 kənd və şəhərin yeni yaşayış massivində 2623 abonentin təbii qazla təminatı nəzərdə tutulub. Qubada yaşayış məntəqələrinin təbii qazla təminatı əhalinin rifah halının yüksəlməsi ilə yanaşı, ərazidəki meşələrin qorunması üçün də mühüm əhəmiyyətə malikdir.
Yeri gəlmişkən, paytaxtda, eləcə də “Azəriqaz” İstehsalat Birliyinin Gəncə, Ağsu və Salyan Regional Qaz İstismarı İdarələrində (RQİİ) istismar müddətini başa vurmuş mexaniki, köhnə nəsil smart-kart tipli qaz sayğaclarının yeni müasir smart-kart tipli “Itron Gallus Pay G-4 NGPP” sayğaclarla əvəzlənməsi davam edir. Təkcə Ağsu RQİİ-nin xidmət sahələrində avqustun 1-dən oktyabrın 1-dək 3149 sayğac yenisi ilə əvəzlənib. Qeyd edilən regional idarə üzrə bundan sonra ümumilikdə dəyişdirilməli sayğacların sayı 50 min 285 ədəddir.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 734 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30