Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Aqrar sahədə aparılan islahatlar regionların sosial-iqtisadi inkişafına əhəmiyyətli təsir göstərir

Aqrar sahədə aparılan islahatlar regionların sosial-iqtisadi inkişafına əhəmiyyətli təsir göstərir

26.11.2019 [09:51]

Kənd təsərrüfatının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması özünü iqtisadi göstəricilərin yüksəlməsində, fermerlərin gəlirlərinin artmasında, aqrar fəaliyyətin insanlar üçün əməktutumlu və gəlirli sahəyə çevrilməsində göstərir
Azərbaycan bu gün inkişafının yeni mərhələsini yaşayır. Məlum olduğu kimi, ölkəmizdə uğurla reallaşdırılan Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları Azərbaycanın bütün şəhər və rayonlarının simasının əsaslı şəkildə yenilənməsini təmin edib, regionların hərtərəfli inkişafını gücləndirib. Bu baxımdan, regionlarda aqrar sahənin inkişafı da xüsusi vurğulanmalıdır. Ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən kənd təsərrüfatında müşahidə olunan inkişafın əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən davamlı siyasi kurs dayanır. Bu siyasi kurs müstəqilliyimizin, təhlükəsizliyimizin, sosial-iqtisadi tərəqqinin, müasirləşmənin, sosial rifahın və iqtisadi inkişafın təminatçısına çevrilib. Aqrar sektorun müxtəlif sahələrinə dair proqramların icrası davam edir. Ölkədə məqsədyönlü islahatlar həyata keçirilir, nəticədə digər sahələr kimi, aqrar sektor da öz dinamik inkişafı ilə mövcud çağırışlara cavab verir. Ərzaq təhlükəsizliyinin təminatı istiqamətində görülən işlər 2019-cu ildə də davamlı xarakter daşıyıb. Kənd təsərrüfatının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması özünü iqtisadi göstəricilərin yüksəlməsində, fermerlərin gəlirlərinin artmasında, aqrar fəaliyyətin insanlar üçün əməktutumlu və gəlirli sahəyə çevrilməsində göstərir.
Azərbaycanda həyata keçirilən genişmiqyaslı aqrar islahatlar nəticəsində kənd təsərrüfatında artım tempi dayanıqlı xarakter alıb, dinamik inkişaf cari ildə də davam edib. 2019-cu ilin 9 ayı ərzində kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 6,27 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 faiz artıqdır. Həmin dövrdə kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 6,2 faizə çatıb.
Yanvar-sentyabr aylarında ölkədə 2,97 milyard manatlıq heyvandarlıq məhsulları (3,1 faiz çox), 3,3 milyard manatlıq isə bitkiçilik məhsulları (11 faiz çox) istehsal olunub. Bu il taxıl, pambıq, günəbaxan, şəkər çuğunduru, tütün, kartof, tərəvəz, bostan məhsulları, meyvə və giləmeyvə, üzüm, yaşıl çay yarpağı istehsalında ötən ilə nisbətən əhəmiyyətli artım qeydə alınıb. Eyni zamanda, 2019-cu ilin 9 ayında barama, diri çəkidə ət, süd, yumurta və yun istehsalında da ötən illə müqayisədə artım olub. Əgər ötən il 513,9 ton yaş barama istehsal edilmişdisə, bu il bu rəqəm 647,5 tona çatdırılıb.
Aqrar sahədə inkişaf ölkədə kənd təsərrüfatı məhsullarının ixracına da əhəmiyyətli təsir göstərib. Aqrar sektorun ixrac potensialı yüksəlib, kənd təsərrüfatı məhsullarının ölkənin valyuta gəlirlərinin formalaşmasında rolu artıb. Yanvar-sentyabr aylarında Azərbaycandan müxtəlif ölkələrə 501,5 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulları ixrac edilib. Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nisbətən dəyər ifadəsində 16,3 faiz artıb. 2019-cu ilin 9 ayı ərzində ölkədən 187,3 milyon dollarlıq tərəvəz məhsulları (ötən illə müqayisədə 0,5 faiz çox), 202,6 milyon dollarlıq meyvə (31,2 faiz çox), 86,7 milyon dollarlıq pambıq lifi (38,3 faiz çox), 22,5 milyon dollarlıq pambıq ipliyi (25,3 faiz çox) ixrac edilib.
Bu ilin ötən dövründə kənd təsərrüfatının kreditləşdirilməsi, texnika və gübrə təminatı sahəsində də işlər görülüb. Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 57 rayonda aqrar sektorda fəaliyyət göstərən 536 hüquqi və fiziki şəxsə 16,24 milyon manat məbləğində güzəştli kreditlər verilib, nəticədə 539 daimi və müvəqqəti iş yeri açılıb. Eyni zamanda, Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 81 təchizatçı vasitəsilə 1037 hüquqi və fiziki şəxsə 2448 ədəd kənd təsərrüfatı texnikası, “Aqrolizinq” ASC-nin xətti ilə isə 225 fiziki və ya hüquqi şəxsə 483 ədəd kənd təsərrüfatı texnikası güzəştli lizinq şərti ilə satılıb. Yanvar-sentyabr aylarında kənd təsərrüfatına dövlət dəstəyi tədbirləri çərçivəsində “Aqrolizinq” ASC tərəfindən səyyar satışlar həyata keçirilib, fermerlərə 111 min ton mineral gübrə, 195,2 min litr pestisid güzəştli şərtlərlə verilib.
Onu da qeyd edək ki, bu il aqrar xidmətlərin elektronlaşdırılması istiqamətində də mühüm addımlar atılıb. Kənd Təsərrüfatı Nazirliyi 2019-cu ildə əsas fəaliyyət prinsiplərini - fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə və innovasiyaların tətbiqi - özündə ehtiva edən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) layihəsini həyata keçirməyə başlayıb. EKTİS daxili və xarici sistemlər ilə inteqrasiya imkanlarını geniş əhatə edən və kənd təsərrüfatı zəncirinin qurulmasına zəmin yaradan vahid sistemdir, şəffaflıq və operativlik baxımından fermerlərin və kənd təsərrüfatı məhsullarının ilkin mərhələsindən son mərhələsinə qədər bütün biznes proseslərini əhatə edən modulların formalaşdırılmasını özündə ehtiva edir. Bu sistemin fəaliyyətə başlaması kənd təsərrüfatı ilə bağlı bütün proseslərin məntiqi əlaqəliliyini qurmağa, analizlər aparmağa, müasir texniki həlləri tətbiq etməyə, dəqiq məlumatlara əsaslanan proqnozlar verməyə imkan yaradacaq. Artıq EKTİS-də 350 mindən çox fermer qeydiyyatdan keçərək şəxsi kabinet yaradıb, aqrar fəaliyyətlərinə dair məlumatları sistemə daxil etməyə başlayıb. Noyabr ayından etibarən fermerlər EKTİS-də növbəti il üçün əkdikləri məhsulları bəyan edəcəklər. Bəyan prosesi EKTİS-in tətbiqinin ən mühüm mərhələlərindən biridir. 2020-ci ildən aqrar subsidiyalar məhz elektron sistem üzərindən, fermerlərin məlumatları əsasında veriləcək.
Kənd təsərrüfatına dövlət dəstəyinin genişləndirilməsi istiqamətində atılan ən mühüm addımlardan biri aqrar subsidiyaların verilməsi mexanizminin təkmilləşməsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması” haqqında Fərmana əsasən, kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılmasının yeni qaydaları müəyyənləşib. Fərmanın icrası ilə əlaqədar nazirlik yanında Aqrar Subsidiya Şurası yaradılıb. Şura 2020-ci ildə subsidiyaların verilməsi üçün bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarını, toxum və ting kvotalarını artıq müəyyənləşdirib. Yeni subsidiya siyasəti kənd təsərrüfatına dövlət dəstəyinin gücləndirilməsini, ixrac potensialı olan kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılmasını nəzərdə tutur. Eyni zamanda, bu qaydalar əsasında ilk dəfə rayonların ixtisaslaşması siyasəti də həyata keçirilir ki, bu da nəticə etibarilə torpaq ehtiyatlarından daha səmərəli istifadəyə imkan verəcək.
Ölkəmizdə kənd təsərrüfatının inkişafını təmin edəcək daha bir mühüm addım aqrar sığorta sisteminin tətbiqinə start verilməsi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Fərman imzalayıb. Bu Fərman yeni aqrar sığorta mexanizminin fəaliyyətə başlamasını nəzərdə tutur. Fərmanın icrası ilə əlaqədar dünyada mövcud olan aqrar sığorta modelləri araşdırılıb, mütərəqqi kənd təsərrüfatı sığortası sistemi olan ABŞ, Kanada, İspaniya, Türkiyə, İsrailin bu sahədə təcrübəsi öyrənilib. Həmin modellərin üstün və zəif cəhətləri araşdırılaraq Azərbaycan üçün dövlət-özəl tərəfdaşlığını əsas tutan model hazırlanıb. Yeni sığorta mexanizmi Azərbaycanda ilk dəfə olaraq müştərək sığorta sisteminin yaradılmasını nəzərdə tutur. Müştərək sığorta sistemi sığortaçıların birgə vəsaitləri ilə özlərini sığorta etdirməsidir. Dövlət sığorta vəsaitinin müəyyən edilən faizi həcmində sığorta edilənlərə subsidiya ayıracaq. Təkrar sığorta siyasəti və sığorta risklərinin düzgün qiymətləndirilməsi nəticəsində bu sahədə dayanıqlı və effektiv fəaliyyət təmin ediləcək. Yeni sığorta mexanizmi 2020-ci ildən etibarən işə salınacaq.
Bütövlükdə, aqrar sahənin inkişafında innovativ texnologiyaların tətbiq olunmasına ciddi diqqət yetirilir. Bununla bağlı müxtəlif səpkili tədbirlər də keçirilir. Belə tədbirlərdən biri də Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda “Aqrar sahənin inkişafında innvovativ texnologiyaların rolu” mövzusunda keçirilmiş elmi-praktiki konfransdır. Konfransda çıxış edən Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Fərman Kərimov institutda görülən işləri yüksək qiymətləndirərək, toxumçuluq problemlərinin həllindən danışıb. İlkin toxumçuluğun təşkili, fermerlər üçün keçirilən təlimlərin keyfiyyətinin artırılması xüsusi vurğulanıb. F.Kərimov elmi-tədqiqat işlərinin aparılmasında yeni prosedur qaydalarının müəyyənləşdirilməsindən, strategiyasından da ətraflı söz açıb.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai çıxışında aqrar sahədə innovativ xarakterli elmi-texniki yeniliklərin bazarın tələb və təklifinə cavab verəcək rəqabətqabiliyyətli bitkiçilik və heyvandarlıq məhsulların istehsalında, maya dəyərinin aşağı düşməsində və fermerlərin əldə olunacaq gəlirlərinin artmasında böyük rol oynayacağını diqqətə çatdırıb. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə hədəflənən Dövlət proqramları, Strateji Yol Xəritəsində təsbit olunan strateji hədəflər, “Azərbaycan-2020: Gələcəyə Baxış” inkişaf konsepsiyasının aqrar sektorun inkişafına müsbət təsir edəcəyini bildirib.
Konfransda “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin müdiri Məzahir Rzayev, aparıcı elmi işçisi Bəhlul Abbasov, böyük elmi işçi Rəhminə Zamanova və digərləri çıxış ediblər. “Moran Agro” MMC-nin direktoru Emil Elçin innovativ texnologiyaların aqrar sahənin inkişafındakı rolu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə bağlanmış əməkdaşlıq haqqında müqavilənin əhəmiyyəti, müqavilə çərçivəsində fermerlər üçün yaradılacaq açıq tarla platformasının məqsəd və vəzifələrindən danışıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 716 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30