Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Son illər ərzində pambıqçılığın inkişafı ilə bağlı atılmış addımlar öz səmərəsini verməkdədir

Son illər ərzində pambıqçılığın inkişafı ilə bağlı atılmış addımlar öz səmərəsini verməkdədir

25.12.2019 [09:51]

2019-cu ildə 294 min ton pambıq yığılıb ki, bu da son illər üçün pambıq yığımı üzrə rekord göstəricidir

(əvvəli ötən sayımızda)

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə isə dekabrın əvvəlinə kimi məntəqələrə 32 min 22,64 ton “ağ qızıl” təhvil verilib. Hər hektarın məhsuldarlığı 30,7 sentner təşkil edir. Ağcabədi rayonu həm pambığın tonuna, həm də hektarın orta məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında qabaqcıllar sırasındadır. Qeyd edək ki, bu il rayonda 10 min 452,25 hektar sahədə çiyid səpini həyata keçirilib. Pambıq əkinlərinin 5152,25 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1300 hektarı “P-Aqro” MMC, 4000 hektarı isə “Azərpambıq” MMC ilə müqavilə əsasında becərilib. Əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunduğundan tarlalarda bol məhsul yetişib. Əldə olunan məhsul ötən illə müqayisədə 9720 ton və ya 43,6 faiz çoxdur. Ötən il Ağcabədili “ağ qızıl” ustaları 10 min hektarda pambıq becərib, 23 min 305 ton məhsul istehsal ediblər.
Biləsuvarda da pambıq yığımı yekunlaşmaq üzrədir. Ötən il sahələrdən 22 min 700 ton məhsul toplayan fermerlər cari ildə də yüksək məhsuldarlığa nail olmaq üçün bütün qüvvələrini səfərbər ediblər. Yığıma mütəşəkkil başlayan məhsul istehsalçıları dekabrın 3-nə kimi sahələrdən 29 min 847 ton “ağ qızıl” toplayaraq qəbul məntəqələrinə göndəriblər. Yığılan məhsulun 25 min 479 tonu maşınların köməyi ilə toplanıb.
Bu il biləsuvarlı pambıqçılar 10 min 257 hektar sahədə pambıq yetişdiriblər. Toxum səpinindən tutmuş yığım gününə kimi bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən cari ildə də sahələrdə pambıq bol olub. Məhsulu qısa müddətdə toplamaq üçün işə 2218 nəfər işçi qüvvəsi və 29 ən müasir pambıqyığan kombayn cəlb olunub. İşin yaxşı təşkili nəticəsində pambıq sahələrindən indiyə kimi 29,8 min ton məhsul yığılıb ki, bu da ötən il rayonda istehsal olunan məhsuldan 6 min 600 ton çoxdur. Hər hektarın məhsuldarlığı 29 sentnerə çatıb.
Qabaqcıl pambıqçı Fazil Musayev KİV-ə açıqlamasında deyib ki, uzun illərdir pambıq əkini ilə məşğul olur. Pambığın becərilməsində yaxşı təcrübəsi olan fermer illəri bir-birindən yüksək göstəricilərlə başa vurur. Torpaq sahibi ötən il becərdiyi 45 hektar sahənin hər hektarından 52 sentner məhsul götürüb: “Bu ilə 60 hektar sahədə pambıq becərmişəm. Müqavilə bağladığım şirkət tərəfindən lazımi texnika, toxum, gübrə və kimyəvi preparatla vaxtı-vaxtında təmin olunmuşam. Becərmə vaxtında bütün aqrotexniki tədbirləri nümunəvi həyata keçirdiyimdən bu il də məhsulum çox olub. Bu günə kimi sahədən 303 ton pambıq yığmışam. Bundan sonra daha 10 ton məhsul toplayacağıma əminəm. Ötən il dövlətimiz tərəfindən pambığın alış qiymətinin hər ton üçün 50 manat artırılması və pambıqçılara verilən əlavə güzəştlər bütün məhsul istehsalçıları kimi, mənim də işə olan marağımı artırıb. Fermerlərə göstərilən dəstəkdən yararlanaraq növbəti ildə əkin sahəsini daha da artırmaq fikrindəyəm”.
Sabirabad rayonunda da pambıq yığımı başa çatmaq üzrədir. Bu mövsüm sabirabadlı pambıqçılar 8 min 630 hektar sahədə pambıq yetişdiriblər. Səpin kampaniyasından yığıma kimi bütün aqrotexniki tədbirlər vaxtlı-vaxtında həyata keçirildiyindən sahələrdə məhsul bol olub. Dövlətin aqrar sektorun, xüsusilə pambıqçılığın inkişafına göstərdiyi dəstək sahibkarların bu ənənəvi sahəyə marağını daha da artırıb. İndi rayonda yüzlərlə fermer pambıq istehsalı ilə məşğul olur və yetişdirdikləri məhsulu son qozasınadək toplamaq üçün bütün qüvvələrini sərf edirlər. Onların gərgin əməyi sahəsində indiyədək plantasiyalardan 25 min 50 ton məhsul tədarük olunub. Yığılan məhsulun 19 min 500 tonu maşınlar vasitəsilə toplanılıb. Hər hektarın məhsuldarlığı 29,3 sentnerə çatır.
Yığım kampaniyası rayonun Moranlı, Şəhriyar, Qaratəpə və Yolçubəyli inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə daha nümunəvi təşkil olunub. Bu nümayəndəliklərdə fəaliyyət göstərən məhsul istehsalçıları becərdikləri sahələrin hər hektarından 30-35 sentner məhsul götürürlər. Qeyd edək ki, sabirabadlı pambıqçılar ötən il sahələrdən 17 min 292 ton pambıq toplayıblar.
Salyanda da pambıq yığımı sona çatır. Fermerlər yetişdirdikləri məhsulu son qozasınadək toplamaq üçün var qüvvələrini sərf edirlər. Onların gərgin əməyi nəticəsində dekabrın əvvəlinə kimi sahələrdən 15 min 709 ton məhsul toplanaraq qəbul məntəqələrinə göndərilib. Hər gün sahələrdən 35-40 ton məhsul yığılır. Bu il salyanlı pambıqçılar 4 min 788 hektar sahədə pambıq əkiblər. Şirkətlərlə müqavilə bağlayaraq məhsul yetişdirən mülkiyyətçilər göstərilən hərtərəfli kömək nəticəsində cari təsərrüfat ilində sahələrdə bol məhsul yetişdiriblər. Rayonda yığım kampaniyasına yaxşı hazırlıq görüldüyündən və işin gedişində fermerlərə güclü dəstək olduğundan indiyədək sahələrdən 15 min 709 ton məhsul yığılıb. Toplanmış pambığın 14 min 68 tonu maşınların köməyi ilə toplanılıb.
Rayonda pambıq yığımında yüksək məhsuldarlığa nail olan fermerlər çoxdur. Onlardan biri də Sarvan kənd sakini, fermer Alim Həsənovdur. Sahibkar uzun illərdir pambıq əkini ilə məşğul olur. Ötən il becərdiyi 6 hektar sahənin hər hektarından 28 sentner məhsul götürməklə 168 ton pambıq tədarük edib. “Cari ildə 10 hektar sahədə pambıq əkmişəm. Bu il də məhsulum bol olub. İndiyədək sahədən 35 ton pambıq toplamışam. Hələ sahəmdə məhsul çoxdur. Yığımın sonuna kimi daha 4 tondan çox məhsulun yığılması nəzərdə tutulur”, - deyə fermer bildirib.
Məhsul istehsalçısı onu da qeyd edib ki, son illər dövlət tərəfindən pambıqçılığın inkişafına göstərilən hərtərəfli kömək, verilən əlavə subsidiyalar digər istehsalçılar kimi, onun da bu sahəyə marağını gücləndirib. Fermer əkinçilərə göstərilən dəstəkdən yararlanaraq gələcəkdə əkin sahəsini daha da genişləndirmək niyyətindədir.
Bu məqamda bildirmək yerinə düşər ki, pambıqçılıq həm də ölkəyə valyuta gətirmək qabiliyyəti olan məhsullardan biridir. 2019-cu ilin 11 ayı ərzində ölkədən 107,4 milyon dollar həcmində mahlıc, 27,3 milyon dollar məbləğində isə pambıq ipliyi ixrac edilib. Bu göstəricilər 2015-ci ilin göstəriciləri ilə müqayisədə müvafiq olaraq 70 dəfə və 7 dəfə yüksəkdir.
Digər tərəfdən, ölkəmizdə həyata keçirilən siyasətin bir məqsədi də Azərbaycanı daha da gücləndirmək və əhalinin rifahını yüksəltməkdir. İlk olaraq qeyd edilməlidir ki, pambıqçılıq yüksək əməktutumlu sahələrdən biridir. Pambıqçılığın paralel olaraq digər sahələrin də inkişafını stimullaşdırması bu sahənin sosial əhəmiyyətini daha da artırmış olur. Yəni ölkəmizdə pambıqçılığın inkişafı zamanı həm də sosial amil diqqət mərkəzində saxlanılır. Hazırda Azərbaycanda 20 rayonda pambıq əkilir və bu rayonlarda 200 minə yaxın insan işlərə cəlb edilib. Yəni pambıqçılığın bir neçə istiqaməti var və hər istiqamət üzrə minlərlə, on minlərlə yeni iş yerləri yaradılıb. Eyni zamanda, məhsuldarlıq göstəricisinin 30 sentnerə çatdırılması hər hektar pambıq sahəsindən təxminən 1500 manata yaxın mənfəəti təmin edir.
Beləliklə, yuxarıda sadalananlardan da göründüyü kimi, atılan addımlar ölkəmizdə pambıqçılığın inkişafı istiqamətində müsbət nəticələrin əldə edilməsini şərtləndirib. Ancaq əksər ekspertlərin də vurğuladıqları kimi, bu göstərici də hələ son hədd deyildir. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müxtəlif ölkələrin qabaqcıl təcrübələri öyrənilir və pilot layihələr həyata keçirilir. Eyni zamanda, innovativ texnologiyalardan istifadənin genişləndirilməsi məqsədilə nümunəvi təsərrüfatların yaradılmasına başlanılıb. Ucar rayonunda Çin texnologiyası və Beyləqan rayonunda türk texnologiyası əsasında pambıq istehsalı üzrə pilot layihələr həyata keçirilib. Çin texnologiyası ilə hər hektardan 60 sentner, türk texnologiyası ilə isə 58 sentner xam pambıq istehsal olunub. Bununla yanaşı, 2019-cu ildə 7110 fermerin təsərrüfatında pambığın məhsuldarlığı 30 sentner/hektardan, 953 fermerin təsərrüfatında isə pambığın məhsuldarlığı 50 sentner/hektardan yüksək olub. Deməli, bu qabaqcıl təcrübənin tətbiqi ilə orta məhsuldarlıq göstəricilərini daha da yüksəltmək üçün potensial imkanlar var.
Bununla yanaşı, texnika, gübrə və pestisidlə təminat sahəsində problemlər əsasən həll olunub. Bunu nəzərə alaraq, qarşıdan gələn illər istehsal prosesində mütərəqqi texnologiyaların tətbiqinin genişləndirilməsi, yerli toxum istehsalının artırılması, emal potensialının artırılması, xüsusilə də tekstil sənayesinin inkişaf etdirilməsi haqlı olaraq dövlət dəstəyinin əsas istiqamətləri kimi hədəflənib. Heç şübhəsiz, qeyd olunan istiqamətlərdə tədbirlərin genişləndirilməsi ölkənin sənaye potensialının artırılmasında, regionların inkişafında əhəmiyyətli rol oynayacaq. Daha dəqiq desək, son illərdə məhsuldarlığa paralel olaraq, ümumi istehsal həcminin artması fonunda mahlıc və pambıq ipliyinin ixracında artım da müşahidə olunur və ümumilikdə, pambıq və iplik qeyri-neft məhsulları arasında ixrac həcminə görə 3-cü sırada qərarlaşıb. İri ixracatçı şirkətlərin sıralamasına nəzər salsaq, əksər pambıq tədarükü ilə məşğul olan şirkətlərin adı ilk onluğa daxil olub. Ən böyük ticarət tərəfdaşlarımız olan Türkiyə və Rusiyanın pambıq mahlıcına olan tələbatını nəzərə alsaq, ölkəmiz daha böyük həcmdə ixrac potensialına malikdir.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 674 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30