Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Reallaşdırılan yeni layihələr sayəsində regionların suvarma suyu ilə təminatı daha da yaxşılaşıb

Reallaşdırılan yeni layihələr sayəsində regionların suvarma suyu ilə təminatı daha da yaxşılaşıb

08.02.2020 [10:41]

2019-cu ildə respublikada 80 min hektara yaxın sahədə mühüm meliorativ tədbirlər həyata keçirilib ki, bunun da 49 min hektarı pambıqçılıq rayonlarının payına düşür
Son 16 ildə Azərbaycanın hərtərəfli inkişafında Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının böyük rolu olub. Qeyd edək ki, indiyədək respublikamızda bu qəbildən olan üç Dövlət Proqramı uğurla reallaşdırılıb. Dövlət başçısının 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib və hazırda bu proqramın da icrası yüksək səviyyədə təmin edilir.
Bəhs olunan dövrdə dərin konseptual əsaslarla, bölgələrin potensialı və ənənələri nəzərə alınmaqla hazırlanan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində respublikamızda hərtərəfli inkişaf təmin edilib, bütün ölkə üzrə yeni müsbət reallıqlar yaranıb. Hazırda inkişafın, quruculuq-abadlıq işlərinin paytaxt Bakı, digər iri şəhərlərlə yanaşı, bölgələri, kənd yaşayış yerlərini də əhatə etməsi ölkənin hər bir vətəndaşında sonsuz iftixar hissi və məmnunluq yaradır. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərmanda da qeyd edildiyi kimi, Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş Dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib. Prezident İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda söylədiyi nitqində son 16 ildə ölkəmizdə regional inkişaf proqramları çərçivəsində görülən işlərdən məmnunluğunu bildirib. “Dördüncü proqram əvvəlki dövrlərdə qəbul edilmiş proqramların məntiqi davamıdır. Üç proqram çərçivəsində böyük işlər görülmüşdür. Ancaq hələ də görüləsi işlər çoxdur. Hesab edirəm ki, dördüncü proqram çərçivəsində ölkə qarşısında duran əsas infrastruktur vəzifələri icra olunacaq və beləliklə, ölkəmizin gələcək inkişafı üçün daha gözəl imkanlar yaranacaqdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Son 16 ildə bəhs olunan regional inkişaf proqramları çərçivəsində görülən genişmiqyaslı işlər sırasında bütün ölkə üzrə reallaşdırılan meliorativ layihələrin də önəmini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyev bildirib ki, meliorativ tədbirlər infrastruktur layihələri arasında önəmli yer tutur. Bəhs olunan dövrdə regionlarda əkilib-becərilən torpaqların su təminatının yaxşılaşdırılması, dövriyyəyə yeni torpaqların cəlb edilməsi, şoranlaşmanın qarşısının alınması, su itkilərinin minimuma endirilməsi istiqamətində görülən işlərin əhatə dairəsi kifayət qədər genişdir. Belə ki, 2004-cü ildən bəri ölkəmizdə 4 yeni su anbarı tikilərək istismara verilib, 10 min kilometrə qədər yeni suvarma, kollektor-drenaj şəbəkələri tikilib və yaxud bərpa edilib, ümumilikdə, 462 min hektar sahədə torpaqların su təminatı və 292 min hektar sahədə meliorativ vəziyyəti yaxşılaşdırılıb, 194 min hektar yeni suvarılan torpaqlar əkin dövriyyəsinə cəlb edilib. Əlamətdar haldır ki, Prezident İlham Əliyev regionlarda istifadəyə verilən yeni hidrotexniki qurğuların əksəriyyətinin açılışında şəxsən iştirak edib və Özünün dəyərli tövsiyələrini verib.
Meliorasiya və irriqasiya layihələrinin icrası 2019-cu ildə intensiv şəkildə davam etdirilib
Digər sahələrdə olduğu kimi, meliorasiya və irriqasiya sahəsində də yeni layihələrin icrası 2019-cu ildə də intensiv şəkildə davam etdirilib. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadənin bildirdiyinə görə, 2019-cu ilin kəskin quraq və isti keçməsinə baxmayaraq, bütün imkanlar səfərbər edilərək irriqasiya və meliorasiya sistemlərinin normal istismarı təmin edilib, mövcud su ehtiyatlarından səmərəli və qənaətlə istifadə edilməsi, suvarmada növbəliliyin tətbiq olunması və görülmüş digər tədbirlər nəticəsində regionların suvarma suyu ilə təminatı daha da yaxşılaşıb, respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1 milyon 400 min hektar sahədə orta hesabla üç dəfə suvarılıb. O cümlədən ötən ildə 100 min hektar pambıq sahəsini suvarma suyu ilə təmin etmək üçün suvarma və kollektor-drenaj şəbəkələri, hidrotexniki qurğu, nasos aqreqatları, subartezian quyuları təmir edilib və yeniləri tikilib. Nəticədə pambıq əkib-becərən fermerlər suvarma suyu sarıdan korluq çəkməyiblər.
ASC rəsmisi bildirib ki, Mingəçevir su anbarında suyun səviyyəsinin azalması ilə əlaqədar dövlət başçısının tapşırığına əsasən, 2018-ci ildən etibarən Yuxarı Şirvan kanalının baş qurğusunun sugətirici kanalının dərinləşdirilməsi işlərinə başlanılıb və görülmüş işlərin nəticəsi olaraq anbarda suyun səviyyəsinin azalmasına baxmayaraq, 2019-cu ildə kanala tələb olunan miqdarda suyun götürülməsi təmin edilib. Əgər bu işlər vaxtında yerinə yetirilməsəydi, Şirvan bölgəsi rayonlarının 130 min hektar torpaq sahəsinin su təminatında və əhalinin kommunal-məişət su təchizatında ciddi çətinliklər olardı. Suyun gətirilməsi üçün hazırda 50 ədəd maşın və torpaqqazan texnika cəlb olunmaqla işlər davam etdirilir. Görülmüş tədbirlər nəticəsində 2019-cu ildə pambıq sahələri ümumilikdə 3,1 dəfə suvarma suyu ilə təmin edilib.
Verilən məlumatda bildirilir ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən, eyni zamanda, Sabirabad, İmişli, Biləsuvar və Saatlı rayonlarında yaradılmış iri təsərrüfatlara məxsus yeni suvarılan torpaqların suvarma suyu ilə təmin olunması və meliorativ tədbirlərin aparılması işləri davam etdirilib, Salyan rayonunda yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması üçün işçi layihə hazırlanıb.
Bildirilir ki, Şəmkirçay su anbarı zonasında Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının 2-ci növbəsinin son hissəsinin tikintisi işlərinin başa çatdırılması ilə Goranboy rayonunun daha 12 min hektara yaxın torpaq sahəsi suvarma suyu ilə təmin edilib. Keçən əsrin 80-ci illərində tikintisi yarımçıq qalmış Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının Kür çayı üzərində yerləşən nasos stansiyalarının suvermə qabiliyyətinin artırılması işləri davam etdirilib. Dövlət başçısının tapşırığına əsasən, Ələt-Astara magistral avtomobil yolunun Salyan, Neftçala, Biləsuvar və Cəlilabad rayonlarından keçən hissəsində yerləşən 20 min hektar qış otlaq sahələrində meliorativ tədbirlərin layihə sənədlərinin hazırlanmasına başlanılıb.
Bütövlükdə, 2019-cu ildə respublikada 80 min hektara yaxın sahədə mühüm meliorativ tədbirlər həyata keçirilib ki, onun 28 min hektarı yeni suvarılacaq, 30 min hektarı su təminatı və 22 min hektarı meliorativ vəziyyəti yaxşılaşdırılan torpaqlardır və bunun da 49 min hektarı pambıqçılıq rayonlarının payına düşür. Prezident İlham Əliyev 2019-cu il 19 dekabr tarixində pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədəki nitqində ötən il həyata keçirilən meliorativ tədbirlərin yaxşı nəticələr verdiyinə xüsusi diqqət çəkib. “100 min hektarda suvarma tədbirləri görülmüşdür. Hamımız yaxşı bilirik ki, bu il çox quraqlıq il olmuşdur və tarixdə bu dərəcədə quraqlıq heç birimizin yadında deyil. Ancaq buna baxmayaraq, pambıq tarlalarında su təminatı təşkil edilmişdir. Əlbəttə ki, əgər dövlət investisiyalar qoymasaydı, kanallar çəkməsəydi, meliorasiya və su idarəsinə vəsait ayırmasaydı, indi pambıq ya əkilməzdi, ya da əkilib tarlalarda qalacaqdı və yanacaqdı”, - deyə dövlətimizin başçısı bildirib.
Füzuli rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətdə ardıcıl tədbirlər görülür
Ölkəmizin bütün regionlarında olduğu kimi, cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətdə ardıcıl tədbirlər görülür. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Füzuli Rayon Suvarma Sistemləri İdarəsindən bildiriblər ki, rayonun əkin sahələri 1368,8 kilometr arx və kanal, 53 nasos stansiyası vasitəsilə suvarılır. Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 2019-cu ildə suvarma kanallarının lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri işləri davam etdirilib. Bu dövrdə 342 kilometr uzunluğunda suvarma kanalı və arxlar lildən təmizlənib, 13 ədəd elektriklə işləyən nasos stansiyasında, qapalı suvarma boru şəbəkəsinin 16 kilometr hissəsində, həmçinin aqreqat və digər avadanlıqlarda cari təmir işləri aparılıb. İki aqreqatlı Örənqala-1 nasos stansiyası əsaslı təmir edilərək məhsuldarlığı artırılıb. Torpaq məcralı Arayatılı-2 arxının 0,5 kilometr hissəsi yeni beton novla əvəz olunub. Suvarma arx və kanallarının üzərində 41 ədəd hidrotexniki qurğu təmir edilərək saz vəziyyətə gətirilib.
Rayonda 2019-cu ildə 27 min 200 hektar sahədə əkilmiş kənd təsərrüfatı bitkilərinin suvarılması uğurla həyata keçirilib. 2020-ci ilin məhsulu üçün 11 min 200 hektarda əkilmiş taxıl sahələrinin suvarılması yekunlaşmaq üzrədir. Hazırda yazlıq əkinlərin suvarılması üçün hazırlıq işləri görülür. Qeyd edək ki, təsərrüfatların suvarma suyu ilə təminatının gücləndirilməsi öz növbəsində sahələrin məhsuldarlığının artmasına müsbət təsir göstərir.

(davamı növbəti sayımızda)
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 642 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30