Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Aqrar sektorda ixrac potensialı yüksək məhsulların istehsalı istiqamətində tədbirlər davam etdirilir

Aqrar sektorda ixrac potensialı yüksək məhsulların istehsalı istiqamətində tədbirlər davam etdirilir

14.02.2020 [09:20]

Görülən məqsədyönlü işlərin nəticəsidir ki, ölkəmizdə fındıq ixracı 33 faiz artaraq 125 milyon dollar təşkil edib
Azərbaycanda həyata keçirilən məqsədyönlü inkişaf strategiyası və islahatlar kursu ölkəmizin davamlı inkişafını təmin edib. Bu gün regionun lider ölkəsi olan Azərbaycanın inkişafını şərtləndirən əsas faktorlardan biri də respublikamızın regionlarının dinamik inkişafıdır.
Bu mənada yeni iqtisadi şəraitdə aqrar sektorun üstün inkişafına nail olmaq da mühüm əhəmiyyət kəsb edir. Kənd təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlər sırasında ixrac potensialı yüksək olan sahələrin yenidən dirçəldilməsi və inkişaf etdirilməsi xüsusi rol oynayır. Ölkəmizdə ənənəvi sahələrdən olan qərzəkli meyvəçiliyin, ən əsası fındıqçılığın, o cümlədən üzümçülüyün inkişafı ilə bağlı həyata keçirilən davamlı tədbirlər, bu sahələrə dövlət dəstəyinin gücləndirilməsi adıçəkilən sahələrə marağın artmasına səbəb olub. Bu sahələrin inkişaf etdirilməsi isə yaxın gələcəkdə həm kənd əhalisinin məşğulluğunun daha da artırılması, həm ixracın artırılması, həm də ölkəyə valyuta gətirilməsində önəmli rol oynayacaq. Bu səbəbdəndir ki, regionlarda fermerlər bu sahələrin inkişafına xüsusi maraq göstərir, qabaqcıl təcrübənin də tətbiq edilməsi ilə məhsuldarlığın artırılması istiqamətində məqsədyönlü iş aparırlar.
Təsadüfi deyil ki, “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edən Prezident İlham Əliyev bildirib ki, ölkəmizdə fındıq ixracı artıb: “Meyvəçilikdə 240 milyon dollarlıq meyvə ixrac olunub, artım 11 faiz. Amma bu meyvənin içində fındıq da var. 125 milyon dollarlıq fındıq ixrac olunub, artım 33 faiz. Nəyin hesabına? Yenə də dövlətin hesabına”.
Yeri gəlmişkən, ixrac qabiliyyəti yüksək məhsullardan sayılan fındıqçılığın inkişaf etdirilməsi məqsədilə bu ilin yaz aylarında Şəki rayonunda daha 180 hektarda yeni fındıq bağının salınması nəzərdə tutulur. Beləliklə, 2016-cı ildən sonra rayonda yeni salınan fındıq bağlarının ümumi sahəsi 2,9 min hektara çatdırılacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin fındıqçılığın daha da inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərinin icrasını təmin etmək məqsədilə təkcə ötən il rayon ərazisində 1068 hektarda yeni fındıq bağı salınıb. Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 3 min 891 hektardır. Ötən il bağlardan 3 min 297 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 217 ton artıb.
Son illər Qəbələ rayonunda da 2000 hektardan çox yeni fındıq bağları salınıb, mövcud bağların sahəsi 7069 hektara çatıb. 2019-cu ildə rayonda 8,7 min ton fındıq tədarük edilib, məhsul satışından 26 milyon manatdan çox gəlir götürülüb, fındıq tədarükünə 20 min nəfərdən çox işçi cəlb olunub. Tədarük olunan fındıq Qəbələ fındıq zavodunda emal olunaraq İtaliya, Almaniya və Rusiyaya ixrac edilib. Ümumiyyətlə, Qəbələdə fəaliyyət göstərən digər sənaye müəssisələrində istehsal olunan məhsullar dünyanın 27 ölkəsinə göndərilir.
Vurğulandığı kimi, ənənəvi sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi Qax rayonunun kənd təsərrüfatı üçün də prioritet istiqamətlərdən biri sayılır. Dövlətimizin başçısının bu sahənin daha da inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə Qax rayonunda da davamlı iş aparılır. Belə ki, son illər rayon ərazisində 3 min 283 hektarda yeni fındıq bağı salınıb. Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 10 min 111 hektardır. Bu bağların 6 min 228 hektarı barverəndir. Aqrar sahədə yeni subsidiya mexanizminin tətbiqinə başlanılması ilə əlaqədar indi fermerlər fındıq bağlarına aqrotexniki qulluq işlərinə daha çox diqqət ayırırlar. Bu da səbəbsiz deyildir. Yeni qaydalara əsasən, fermerlərə bağın hər hektarına görə 240 manat subsidiya veriləcək. Dövlət dəstəyinin göstərilməsi, eyni zamanda, bağların məhsuldarlığının artmasına da öz təsirini göstərəcək.
Qeyd edək ki, havaların əlverişli keçməsindən istifadə edən qaxlı fermerlər artıq fındıq bağlarında budama işlərinə də başlayıblar. Eyni zamanda, bağlara üzvi gübrə verilir, suvarılır. Xatırladaq ki, ötən il rayonun fındıq bağlarından 4848 ton məhsul tədarük olunub.
Dövlətimizin başçısının kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrinin, o cümlədən qərzəkli meyvəçiliyin inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər Zaqatala rayonunda da davamlı iş aparılır. Son iki ildə rayonda 44 hektarda yeni qoz bağları salınaraq, mövcud bağların sahəsi 525,5 hektara çatdırılıb. Bu bağların 449 hektarı barverəndir. Keçən il qoz bağlarından 785 ton məhsul tədarük olunub. Hər hektar bağdan orta hesabla 17,5 sentner məhsul götürülüb.
Fındıqçılığın inkişaf etdirilməsi məqsədi ilə bu il Oğuz rayonunda daha 425 hektarda yeni fındıq bağlarının salınması nəzərdə tutulur. Beləliklə, son illər rayonda yeni salınan fındıq bağlarının ümumi sahəsi 2 min hektara çatdırılacaq. Qeyd edək ki, hazırda rayonda 3695,5 hektar fındıq bağları var. Ötən il bağlardan 820 ton məhsul tədarük olunub.
Qərzəkli meyvəçiliklə yanaşı ixrac potensialı yüksək məhsullardan sayılan üzümçülüyün inkişafı istiqamətində də mühüm addımlar atılmaqdadır. Belə ki, Aqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu emal müəssisələri ilə əməkdaşlığı genişləndirir. Göygöl şərab zavodunda müəssisənin rəhbərliyi, italiyalı mütəxəssislər Alberto Fagiani, Cristian Dejakumla görüş keçirilərək Azərbaycanın qiymətli üzüm sortu olan “Mədrəsə”nin bərpası və artırılması ilə əlaqədar elmi seminar keçirilib. Göygöl şərab zavodu milli brendlərin bərpası məqsədilə “Mədrəsə” üzüm sortundan 5 hektarda bioloji təmiz üzüm bağı salmaq istəyir. Zavodun üzüm bağlarında mədrəsə üzüm sortu yetişdirilsə də, sort qarışıqları var və bioloji təmiz əkin materialına ehtiyac var. Sevindirici haldır ki, zavodda yetişdirilən mədrəsə sortu italiyalı mütəxəssislər tərəfindən İtaliyada müvafiq müəssisədə genetik analiz edilib. Müəyyən olunub ki, VİVC (Vitis- International Variety Catalogue) bazasında yerləşdirilmiş genetik kodla əldə olunan nəticə üst-üstə düşür. Bu isə “Mədrəsə” sortunun genetik təmizliyinin sübutudur.
Göygöl şərab zavodu, o cümlədən italiyalı mütəxəssislər Azərbaycanın yerli texniki üzüm sortlarının, xüsusən də “Mədrəsə”nin bioloji-genetik təmiz nümunələrinin əldə olunmasında, onların genetik və fitopatoloji baxımdan təmiz əkin materiallarının əldə olunması məqsədilə birgə əməkdaşlığın davam etdirilməsini təklif ediblər.
Qeyd edək ki, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, rəqabətqabiliyyətli milli brendlərin istehsalı və ixrac potensialının yüksəldilməsi məqsədilə yerli üzüm sortlarının müasir üsullarla artırılması və istehsalçıların keyfiyyətli əkin materialları ilə təmin edilməsi üçün yerli nadir “Mədrəsə” üzüm sortunun bərpa olunması istiqamətində Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən elmi-seleksiya işlərinə başlanılıb. Bununla əlaqədar olaraq institut əməkdaşları tərəfindən müxtəlif regionlardakı köhnə üzüm bağlarında, fermer, ailə kəndli və ev təsərrüfatlarında sortun müəyyən edilərək, gələcəkdə bioloji-genetik baxımdan təmiz əkin materialı tədarükü üçün tədqiqatlar həyata keçirilib. İlk olaraq araşdırma və tədqiqat işləri Şamaxı rayonunda həyata keçirilib. İnstitutun mütəxəssisləri tərəfindən Şamaxı rayonunda və Abşeronda yerləşən Ampeloqrafik kolleksiya bağında becərilən “Mədrəsə” üzüm sortunun tənəkləri etiketlənib və nişanlanmış tənəklərin sayı, hər tənəkdən əldə ediləcək təqribi çubuq miqdarı qeydiyyat-uçot işlərində öz əksini tapıb.
Hazırda “Mədrəsə” sortunun 10-a yaxın mənfi və müsbət variasiyası var və bunların qarışığı şəklində əkilib becərilir. Bu isə sortun “bioloji çirklənməsinə” gətirib çıxarır. Bunları nəzərə alaraq, sortun bioloji və genetik baxımdan təmiz formalarının seçilib artırılması məqsədilə bu sort institut tərəfindən yaxşılaşdırılma proqramına cəlb edilib. Xarici mütəxəssislərin diqqətinə çatdırılıb ki, institut tərəfindən Azərbaycanın 70 üzüm genotipi, o cümlədən “Mədrəsə” üzüm sortu ilkin olaraq 24 molekulyar-genetik marker və hər markerdə iki allel olmaq şərtilə identifikasiya olunub. Bu məlumatlar dünyanın üzüm genotipləri üzrə ən böyük bazası olan VİVC (Vitis- International Variety Catalogue) Vitis üzüm məlumat bazasına yerləşdirilib.
Vaxtilə üzüm və şərab istehsalına görə respublikamızda şöhrət qazanmış Samux rayonunda da bu sahəyə maraq artmaqdadır. 2003-cü ildə rayonda üzüm bağları 232 hektar olduğu halda, son 16 ildə 4,4 dəfə artaraq 1025 hektara çatıb. Hazırda rayonda 937 hektar bar verən üzüm bağları mövcuddur. Bağların 488 hektarı süfrə, 537 hektarı isə şərab üzümü sortlarından ibarətdir. 2019-cu ildə bağlardan 11625 ton üzüm yığılıb. Üzüm istehsalının 11 tonu dövlət, 3774 tonu qeyri-dövlət, 7840 tonu isə əhali təsərrüfatlarında olub. Ötən il üzüm istehsalı əvvəlki ilə nisbətən 2005 ton və ya 20,8 faiz çox artıb.
Yeri gəlmişkən, bağların qış becərilməsi gələcək yüksək məhsul üçün mühüm şərtdir və bu məqsədlə hazırda İsmayıllı rayonunun üzüm plantasiyalarında cərgə araları şumlanır, quru budama aparılır. Artıq mövcud bağların 700 hektarından çox sahəsində üzümçülükdə mühüm aqrotexniki tədbir olan quru budama işləri başa çatdırılıb. Məhsulun əsasını təşkil edən bar zoğlarının seçilib-saxlanılmasında təcrübəli üzümçülərlə yanaşı, mütəxəssis tövsiyələrindən də istifadə olunur. Rayonun üzüm plantasiyalarında quru budamanın mart ayının əvvəlinədək yekunlaşdırılması nəzərdə tutulub. Qeyd edək ki, son illər rayonda üzümçülüyün inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Hazırda 1123 hektar üzüm bağı var ki, bunun 1012,9 hektarı bar verəndir. Yenicə yola saldığımız 2019-cu ildə bağlardan 4436 ton məhsul yığılıb ki, bu da əvvəlki illə müqayisədə 312 ton çoxdur.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 659 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30