Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında müasir təsərrüfatların yaradılması geniş vüsət alıb

Azərbaycanın regionlarında müasir təsərrüfatların yaradılması geniş vüsət alıb

15.02.2020 [10:31]

Hazırda respublikanın 33 rayonu üzrə 262 min hektar ərazidə ümumi dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatının yaradılması üzrə işlər sürətlə davam etdirilir
Azərbaycanda 2004-cü ildən etibarən Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanlarla təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla həyata keçirilməsi sayəsində yeni müsbət reallıqlar yaranıb, bölgələrin tarazlı inkişafı təmin edilib. Diqqət çəkən ən mühüm məqamlardan biri isə regionların investisiya cəlbediciliyinin yüksəlməsi fonunda ölkə üzrə iqtisadi aktivliyin artmasıdır. Son illərdə investorlar bölgələrdə dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan müasir infrastrukturdan bəhrələnərək müxtəlif sahələrə böyük həcmlərdə sərmayələr yönəldirlər. Respublika üzrə müxtəlif təyinatlı müasir təsərrüfatların yaradılmasının geniş vüsət alması buna yaxşı nümunədir.
Ölkə üzrə 33 aqropark və iri fermer təsərrüfatı birinci mərhələ üzrə fəaliyyətə başlayıb
Bölgələrdə yeni müasir təsərrüfatların fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların malik olduğu potensialdan səmərəli istifadə mexanizmlərini də üzə çıxarır. Hazırda respublikanın 33 rayonu üzrə 262 min hektar ərazidə ümumi dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatının yaradılması üzrə işlər sürətlə davam etdirilir. O cümlədən 153 min hektar ərazidə dövlət dəstəyi göstərilmiş 33 aqropark və iri fermer təsərrüfatı birinci mərhələ üzrə fəaliyyətə başlayıb. Hazırda 109 min hektar ərazidə 18 aqropark və iri fermer təsərrüfatında layihələndirmə və ya tikinti-quraşdırma işləri aparılır. Bu aqropark və iri fermer təsərrüfatlarından 16-sı 2019-cu ildə fəaliyyətə başlayıb.
Aqropark və iri fermer təsərrüfatlarına dövlət dəstəyi tədbirləri çərçivəsində 535 milyon manat, o cümlədən zəruri infrastruktur işlərinə 339 milyon manat dövlət əsaslı vəsaiti qoyulub və ümumi dəyəri 780 milyon manat olan 27 aqropark və iri fermer təsərrüfatının yaradılmasına 196 milyon manat dövlətin güzəştli kreditləri ayrılıb. Bununla yanaşı, 23 aqropark və iri fermer təsərrüfatı üzrə ümumi dəyəri 759 milyon manat olan 45 layihəyə investisiya təşviqi sənədi verilib, 25 milyon manatdan çox vəsaitə qənaət olunub.
Ölkəmizdə yeni yaradılan aqroparklardan biri - “Qlobal Aqro” MMC Kürdəmirdə fəaliyyətə başlayıb
Yeni müasir təsərrüfatların yaradılması ölkəmizin bütün bölgələrini əhatə edir. Respublikamızda yeni yaradılan aqroparklardan biri - “Qlobal Aqro” MMC Kürdəmirdə fəaliyyətə başlayıb. Aqroparkın açılış mərasimi fevralın 12-də Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.
Açılış mərasimində müəssisənin rəhbəri Ramazan Mirzəyev dövlətimizin başçısına aqroparkın fəaliyyət istiqamətləri barədə məlumat verib. Tədbirdə dövlətimizin başçısına istehsal olunacaq məhsulların nümunələri təqdim edilib. Məlumat verilib ki, “Qlobal Aqro” MMC-nin rayonun Karrar qəsəbəsi və Pirili kəndi ərazisində yerləşən aqroparkı iki min hektar sahəni əhatə edir. Ümumi dəyəri 30 milyon manat olan müəssisənin yaradılmasına 1 milyon manat güzəştli kredit verilib, 8,1 milyon manat dövlət əsaslı vəsaiti qoyulub. O cümlədən ərazidə aparılan meliorasiya işlərinə 7,9 milyon manat, elektrik və qaz təminatının hər birinə 100 min manat vəsait sərf olunub, 600 min manat vəsaitə qənaət edilib. Müəssisədə Azərbaycan, Türkiyə və Belçika şirkətlərinin istehsalı olan ən müasir avadanlıqlar quraşdırılıb. İndiyədək 60 hektar sahənin suvarılması üçün tamburlu suvarma qurğusu, 27 ədəd texnika və aqreqat alınıb. Aqroparkda 18 min tonluq saxlama anbarı və gücü saatda 10 ton olan toxum çeşidləmə - qablaşdırma sahəsi, ofis və laboratoriya binaları, texnika üçün talvar tikilib. Keçən il 942 hektarda arpa, 128 hektarda buğda, 30 hektarda bostan bitkiləri əkilib. Hələlik burada 17 nəfər işlə təmin olunub və yaxın vaxtlarda 60-dan çox iş yerinin yaradılması nəzərdə tutulur.
Azərbaycanda termal su ilə isidilən yeganə təsərrüfatın 7 hektarında müasir istixana kompleksi quraşdırılıb
Azərbaycanda termal su ilə isidilən yeganə təsərrüfat olan “Geotermal aqro” MMC-yə ayrılmış 55 hektarın 7 hektarında artıq müasir istixana kompleksi quraşdırılıb.
Bunu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.
Onun sözlərinə görə, müəssisəyə 15 milyon manat investisiya qoyulub, növbəti illərdə daha 10 milyon manat investisiya qoyulması planlaşdırılır. Hazırda kompleksdə 80 nəfər çalışır, mövsüm vaxtı isə 200 nəfər işlə təmin edilir. Kompleksdə işlər tam başa çatdıqdan sonra 500 nəfər daimi işlə təmin olunacaq.
Keçən il müəssisədə istehsal olunan 2100 ton pomidordan 1500 tonu Rusiyaya ixrac edilib.
Masallıda pilot layihə çərçivəsində 15 hektar ərazidə yeni çay plantasiyaları salınıb
Masallı rayonunda yeni çay plantasiyaları salınıb. Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində 540 min çay tingi alınıb və Masallıda 5 kəndin fermerlərinə məxsus 15 hektar ərazidə əkilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, “Çayçılığın inkişafı istiqamətində ailə təsərrüfatlarının, kiçik və orta sahibkarlığın genişləndirilməsi pilot layihəsi” çərçivəsində çay bitkisinə qulluq, zərərvericilərə qarşı mübarizə və bitki mühafizəsi tədbirləri aparmaq üçün lazım olan maşın, avadanlıq və alətlər alınaraq fermerlərin istifadəsinə verilib. Layihədən faydalanan 100-dən artıq fermerə bilik və bacarıqlarının artırılması məqsədilə təlimlər keçilib.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində həyata keçirdiyi bu layihə “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”na əsaslanır. Layihəni Aqrar Kredit və İnkişaf Agentliyi icra edir.
Yerli fermerlərin çay tinglərinə olan tələbini ödəmək məqsədilə 3 hektar ərazidə tingçilik sahəsi salınıb. Bu ildən etibarən qüvvəyə minən subsidiya qaydalarına əsasən çay bitkisi ən yüksək subsidiya məbləği verilən bitkilərdəndir. Tinglər əkildiyi ildən etibarən 7 il müddətində fermer hər hektara görə 700 manat subsidiya alacaq. Yeddi ildən sonra subsidiya məbləği builki əmsallara görə hər hektara 240 manat təşkil edəcək.
Qeyd edək ki, çayçılıq sahəsinə Masallıda son illər xüsusi diqqət yetirilir. 2013-cü ildə burada 5 hektar çay sahəsi olduğu halda, 2018-ci ildə 103 hektar sahə qeydə alınıb.
2019-cu ildə Naxçıvan Muxtar Respublikasında yaradılan 24 heyvandarlıq təsərrüfatı uğurla fəaliyyət göstərir
Muxtar respublikada kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı 2019-cu ildə də diqqətdə saxlanılıb, 24 heyvandarlıq təsərrüfatı yaradılıb, 7 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb. 19 heyvandarlıq təsərrüfatının yaradılması, 9 heyvandarlıq təsərrüfatının genişləndirilməsi işləri davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə 2019-cu ildə 9 milyon 982 min 700 manat kredit verilib. Bu da bir il öncəki göstəricidən 2 dəfə çoxdur.
Muxtar respublikada heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Süni Mayalanma Mərkəzi yaradılıb. Mərkəzdə yeni infrastruktur obyektlərinin tikintisi davam etdirilib.
2019-cu ildə heyvandarlıq təsərrüfatlarında 11210 baş inək, düyə və camış süni yolla mayalandırılıb, bu dövr ərzində mayalandırılmış inək, düyə və camışlardan 7530 baş sağlam bala alınıb. Bu il yanvarın 1-nə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 115 min 620 baş, qoyun və keçilərin sayı 704 min 57 baş olub ki, bu da bir il öncəki göstəriciləri 1,5 və 1,7 faiz üstələyib.
Zaqatalanın gülçülük plantasiyalarının məhsullarına yerli və xarici bazarlarda böyük tələbat var
Ənənəvi və ixrac potensialı yüksək sahələrdən olan gülçülüyün inkişaf etdirilməsi Zaqatala rayonunun iqtisadiyyatı üçün prioritet istiqamətlərdən biridir. 2018-ci ildə rayonun Aşağı Tala kəndində “AzRose” MMC-nin qızılgül yağı istehsalı müəssisəsinin fəaliyyətə başlaması “Qızılgüllər diyarı” kimi tanınan Zaqatalada gülçülüyün əvvəlki şöhrətinin bərpa edilməsinə öz töhfəsini verməkdədir.
Rayon icra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən bildiriblər ki, gülçülüyün inkişaf etdirilməsi məqsədilə son illər rayon ərazisində 145 hektar sahədə “Dəməşq qızılgülü” və 36 hektarda “Lavanda” gülü plantasiyaları salınıb. Hazırda rayonda, ümumilikdə, 212 hektar gül plantasiyalarına aqrotexniki qulluq tədbirləri həyata keçirilir. Bundan əlavə, ötənilki mövsümdə müəssisədə sınaq məqsədilə 0,2 hektar sahədə nanə bitkisi də əkilib.
2019-cu ildə “AzRose” MMC-nin 125 hektar barverən qızılgül plantasiyalarından 280 ton 71 kiloqram qızılgül, 36 hektar barverən lavanda plantasiyalarından isə 64 ton 800 kiloqram lavanda ləçəyi tədarük edilib. Tədarük olunan qızılgül ləçəyindən 71,5 litr qızılgül yağı və 1 ton 46 kiloqram lavanda yağı istehsal olunub. Ötən il müəssisə tərəfindən 76 litr qızılgül və 83 kiloqram lavanda yağı ABŞ, Bolqarıstan və Litvaya ixrac edilib. Bundan əlavə, 2019-cu ildə “AzRose” MMC-də istehsal olunmuş 1,5 ton gül suyu, 1 ton nanə suyu və 740 kiloqram qurudulmuş lavanda çiçəyi daxili tələbatın ödənilməsi məqsədilə qida və tibb sənayesi müəssisələri tərəfindən tədarük olunub.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 724 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30