Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda heyvandarlıq sahəsində yeni təsərrüfatçılıq modelləri tətbiq olunur

Regionlarda heyvandarlıq sahəsində yeni təsərrüfatçılıq modelləri tətbiq olunur

05.03.2020 [09:17]

Ölkəmizdə məhsuldarlığın artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, müvafiq dövlət proqramları uğurla icra olunur
Ölkəmizdə həyata keçirilən səmərəli aqrar siyasət kənd təsərrüfatının davamlı inkişafını şərtləndirib. Vurğulanmalıdır ki, kənd təsərrüfatının əsas istiqamətlərindən olan heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə heyvandarlığın inkişafına dair Dövlət Proqramının hazırlanması bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. Bununla yanaşı, “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair” Dövlət Proqramı ölkədə yeni təsərrüfatçılıq modellərini tətbiq etməklə heyvanların cins tərkibini yaxşılaşdırmaqla yanaşı, məhsuldarlığı da artırır. Müvafiq Dövlət Proqramı əsasında ötən il ölkədə heyvandarlıq sektorunda məhsuldarlığı artırmaq sahəsində xeyli irəliləyiş əldə edilib.
Regionlarda heyvanların xəstəliklərdən qorunması yönündə də mühüm tədbirlər həyata keçirilməkdədir. Məsələn, bu ilin yanvar ayının əvvəllərindən etibarən ölkə ərazisində heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndləmə işlərinə start verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, İsmayıllı rayonunda saxlanılan heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrası həyata keçirilir. Tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır. Hazırda Aqrar Xidmətlər Agentliyinin İsmayıllı Rayon Baytarlıq İdarəsi rayonda mövcud olan iribuynuzlu, təkdırnaqlı heyvanlar və donuzlar arasında qarayara, quşlar arasında nyukasl, donuzlar arasında taun əleyhinə peyvəndləmə tədbirlərini həyata keçirir. Tədbirlər yekunlaşdıqdan sonra ərazidə profilaktik dezinfeksiya işləri görülür.
2020-ci ilin epizootik tədbirləri başlayandan indiyə kimi İsmayıllı rayonunda 30 min 680 baş iribuynuzlu, 1590 baş təkdırnaqlı heyvanda və 184 baş donuzda qarayaraya, 70 min 78 baş quşda nyukasl (La-sota vaksini ilə), 197 baş donuzda taun və 2778 baş itdə quduzluq xəstəlikləri əleyhinə profilaktik peyvəndləmə tədbirləri aparılıb. Profilaktik tədbirlər çərçivəsində baytar mütəxəssisləri həm də iti yoluxucu xəstəliklər barədə sahibkarlara ətraflı məlumat verərək, təsərrüfatlarda baytarlıq-sanitariya və zoobaytarlıq qaydalarına ciddi əməl olunmasını tövsiyə edirlər.
Qeyd edək ki, İsmayıllı Rayon Baytarlıq İdarəsi rayonda mövcud olan 42 min baş iribuynuzlu, 157 min baş xırdabuynuzlu heyvan, 1600 baş təkdırnaqlı, 3200 baş it və 600 min baş quş arasında peyvəndləmə tədbirlərini bundan sonra da davam etdirəcək. Belə ki, ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptospiroz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, itlərdə quduzluq və atlarda rinopnevmoniya xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin iribuynuzlu heyvanlarda vərəmə, atlarda isə manqo xəstəliklərinə görə müayinələrin aparılması nəzərdə tutulur.
Eyni zamanda, Goranboy rayonunda saxlanılan heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirləri və diaqnostik müayinələrin icrası davam etdirilir. Tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır. Hazırda Goranboy Rayon Baytarlıq İdarəsi 19 sahə baytarlıq məntəqəsi vasitəsilə rayonda mövcud olan iribuynuzlu və təkdırnaqlı heyvanlar arasında qarayara, quşlara arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, xırdabuynuzlu heyvanlarda brusellyoz əleyhinə peyvəndləmə tədbirlərini həyata keçirir. Tədbirlər yekunlaşdıqdan sonra ərazidə profilaktik dezinfeksiya işləri görülür.
2020-ci ilin epizootik tədbirləri başlayandan indiyə kimi Goranboy rayonunda 32 min 996 baş iribuynuzlu, 1356 baş təkdırnaqlı heyvanda qarayaraya, 6000 baş quşda nyukasl (La-sota vaksini ilə), 300 baş iribuynuzlu heyvanda dabaq, 348 baş xırdabuynuzlu heyvanda brusellyoz (Rev-1 vaksini ilə) və 4185 baş sahibli itdə quduzluq xəstəlikləri əleyhinə profilaktik peyvəndləmə tədbirləri aparılıb. Profilaktik tədbirlər çərçivəsində həm də baytar mütəxəssisləri vətəndaşlara maarifləndirici məlumatlar verir, bukletlər paylayır, heyvan sahiblərinə peyvəndləmə aparılan heyvanların ətindən peyvənd vasitələrinin təlimatına uyğun istifadə olunması ilə bağlı xəbərdarlıq edirlər.
Qeyd edək ki, Agentliyin Goranboy Rayon Baytarlıq İdarəsi rayonda mövcud olan 51 min baş iribuynuzlu, 190 min baş xırdabuynuzlu heyvan, 1800 baş təkdırnaqlı, 17 min baş it və 600 min baş quş arasında peyvəndləmə tədbirlərini bundan sonra da davam etdirəcək. Belə ki, ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptospiroz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, itlərdə quduzluq və atlarda rinopnevmoniya xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin iribuynuzlu heyvanlarda vərəmə, atlarda isə manqo xəstəliklərinə görə müayinələrin aparılması nəzərdə tutulur. Aqrar Xidmətlər Agentliyi bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Bundan başqa, Aqrar Elm və İnnovasiya Mərkəzi (AEİM) tərəfindən həyata keçirilən “Alimlər fermerlərin yanında” layihəsi çərçivəsində də fermer təsərrüfatlarında maarifləndirmə tədbirləri davam etdirilir. Növbəti belə tədbir mərkəzin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun alimləri tərəfindən Siyəzən rayonunun Beşdam bələdiyyəsi ərazisindəki təsərrüfatda keçirilib. Heyvandarlıq təsərrüfatlarında mövsümi xəstəliklərə qarşı mübarizə tədbirləri, dərmanlardan düzgün istifadə, yemləndirmə rasionlarının qurulması mövzularına həsr edilmiş sahə nümayişində rayonda fəaliyyət göstərən fermerlər iştirak ediblər. Fermerlərə layihənin mahiyyəti haqqında məlumat verib və onlara təsərrüfatın rentabelli fəaliyyətinin təmin olunması istiqamətində elmi tövsiyələrdən geniş istifadə etməyi məsləhət görüblər.
Daha sonra heyvanlar arasında baş verən infeksion, invazion və yoluxmayan daxili xəstəliklər, onların yaranma səbəbləri, yayılması, heyvanların bu xəstəliklərlə yoluxması və onların qarşısının alınması barədə geniş məlumat verilib. Qeyd edilib ki, heyvandarlıq təsərrüfatlarını narahat edən invazion xəstəliklərə qarşı müalicə və profilaktika tədbirlərinin aparılma qaydaları elmi əsaslarla təşkil olunmalıdır. Təsərrüfatlarda baş verən hər hansı xəstəliyə qarşı istifadə olunan müxtəlif formalı kimyəvi preparatların (həb, paraşok, inyeksiya) işlədilməsi qaydaları ixtisaslı mütəxəssislərin iştirakı ilə həyata keçirilməlidir.
Tədbirin praktik hissəsi iribuynuzlu heyvanların saxlandığı tövlə şəraitində davam etdirilib, tövləyə baytarlıq-sanitariya baxışı keçirilərək xəstəliklərin təsərrüfatlara vurduğu iqtisadi zərər barədə fermer və sahibkarlara məlumat verilib. Qış mövsümündə yemləmə və yem rasionlarının tərtib olunması haqda tövsiyələr çatdırılıb. Fermerlərin çoxsaylı sualları cavablandırılıb və onlara institutun metodiki vəsaitləri təqdim olunub.
Qeyd edilməlidir ki, bölgələrimizdə də ötən il heyvandarlıq sahəsində mühüm irəliləyişlər əldə edilib. Məsələn, Ağsu rayonunda heyvandarlıq sahəsində məhsul istehsalı artıb. Ötən iki ayda diri çəkidə ət istehsalı 3,8 ton və ya 0,5 faiz artaraq 800 ton olub. Habelə, süd istehsalı 9,4 ton və ya 0,2 faiz artaraq 4595 tona, yumurta istehsalı isə 93 min ədəd və ya 3,7 faiz artaraq 2 milyon 597 min ədədə çatıb.
İsmayıllı rayonunda da mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Təkcə ötən il 3909 baş heyvanda süni mayalanma aparılıb, 2085 baş cins buzov alınıb. Alınan cins buzovlara görə 1507 nəfər heyvan sahibinə 176 min 200 manat subsidiya ödənilib.
Qeyd edək ki, dövlət tərəfindən hər cins buzova görə subsidiyanın verilməsi bu sahəyə marağı artırıb və son vaxtlar fərdi təsərrüfatlarda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində işlər daha sürətlə aparılır.
Keçən il Göygöl rayonunda da iribuynuzlu mal-qaranın sayı 20 min 289 başa, xırdabuynuzlu mal-qaranın sayı 139 min 688 başa çatdırılıb. Süd istehsalı 213 ton, ət istehsalı 14,8 ton, yumurta istehsalı 8 min ədəd artıb.
Heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə dəyərinin 50 faizini ödəmək şərti ilə 34 baş cins mal-qara satılıb. Beləliklə, cins mal-qaranın sayı 324 başa çatdırılıb. Eyni zamanda, 1136 baş mal-qara süni yolla mayalandırılıb, 432 baş cins bala alınıb. Rayon üzrə süni mayalanma yolu ilə alınmış buzovlara görə dövlət büdcəsinin vəsaiti hesabına 2019-cu il ərzində 42 min 900 manat subsidiya verilib.
Aparılmış profilaktiki baytarlıq tədbirləri nəticəsində 2019-cu ildə rayon ərazisində heyvanlar və quşlar arasında kütləvi yoluxucu xəstəliklər baş verməyib, epizodik vəziyyət sabitdir.
Saatlıda kənd təsərrüfatı məhsulları istehsalının daha da artırılması məqsədi ilə iki yeni istehsal və emal müəssisəsi yaradılır. 7 min hektar ərazisini əhatə edən “İD-Aqropark”ı rayonun Azadakənd, “Rom-Alpinos süd və ət məhsulları” MMC isə Sımada kəndi yaxınlığında yaradılır. “İD-Aqropark”da kənd təsərrüfatı məhsulları istehsalı və emalı ilə bağlı müxtəlif bitki növləri becəriləcək, 200 hektar sahədə meyvə bağı salınacaq, soyuducu anbar, istixana, tövlə, yem zavodu, quşçuluq fabriki tikiləcək. “Rom-Alpinos süd və ət məhsulları” MMC-nin ərazisində isə 3 yardımçı ferma, eləcə də müasir tipli fermalar tikiləcək. Hazırda təsərrüfatlara yol, su, elektrik xətləri çəkilir, körpülər salınır, kanal və drenaj şəbəkələr qurulur. “İD-Aqropark”da işlər tam başa çatandan sonra 390, “Rom-Alpinos süd və ət məhsulları” MMC-də isə 60 nəfər daimi və mövsümü işlərlə təmin olunacaq.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 667 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30